Məhkəmə qərarları › İş №1(006)-184/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-184/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-184/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 Müdafiəçi: “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (mülki iddiaçı): Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh): iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs., O.Şabanov küç., ev 44/3-də qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində mühafizəsini etdiyi Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı binanın qarşısında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açarını həmin binanın qarşısında olan mühafizə köşkündən götürərək onun mühərriki işə salıb talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirməklə qaçırmış, təxminən 15-17 dəqiqə müddətində həmin avtomobili ətraf ərazilərdə idarə edib onu qaçırdığı yerə qaytarmaq istəyən zaman saat 00:57-də idarəetməni qəflətən itirməsi səbəbindən avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 134 saylı ünvanda yerləşən Azərbaycan Dillər Universitetinin tədris korpusunun qarşısındakı səkinin kənarında quraşdırılmış, Bakı Nəqliyyat Agentliyinə məxsus tumbalara vuraraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 14.660 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx xxxxxxxx 2019-cu il tarixdən inzibati binası “Sədərək” ticarət mərkəzində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də mühafizəçi kimi işə qəbul edilmiş, 2019-cu ilin noyabr ayının sonlarından Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən 18 saylı yaşayış binasını mühafizə etmişdir. Zərərçəkmiş şəxs qiyabi olaraq tanımışdır. “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin binada yaşayan Şahid4 məxsus olduğunu bilmiş, bu avtomobili Zərərçəkmiş şəxs tərəfindən idarə olunmasını görməmişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Natiq Məmmədov həmin avtomobil ilə gəlib onu binanın qarşısında saxlamışdır. Həmin gün saat 22 radələrində digər sakin Ramin Quliyev idarə etdiyi “Lexus” markalı avtomobili binanın qarşısında saxlamaq istəmiş, lakin orada sıxlıq olduğu üçün avtomobilin açarlarını mühafizə köşkünə qoyub mənzilinə qalxmışdır. Təxminən 02 saat sonra o, binanın qarşısında olan avtomobilləri növbə ilə park edib sıxlaşdırmaq qərarına gəlmişdir. “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandığı yerdən sürüb park etmək istəyən zaman arxadan başqa bir maşın onun idarə etdiyi avtomobilə tərəf gəlmişdir. Bu zaman o, məcbur olub əks hərəkət etməmək üçün R.Behbudov küçəsinə çıxıb oradan yenidən həmin binaya gəlib avtomobili park etmək qərarına gəlmiş, lakin Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 134 saylı ünvanda yerləşən Azərbaycan Dillər Universitetinin inzibati-tədris korpusunun yanından avtomobili döndərmək istəyərkən avtomobilin sükanı qəflətən kilidlənmişdir. Həmin vaxt o, idarəetməni itirdiyi üçün avtomobil universitetin inzibati-tədris korpusunun qarşısında olan tumbalara dəymişdir. Daha sonra o, hadisə yerindən aralaşıb hadisə barədə məlumat vermək üçün mühafizəsini həyata keçirdiyi gəlmiş, Natiq Məmmədovun yaşadığı mənzilin qapısını döysə də, qapını heç kim açmamışdir. Daha sonra aşağı düşüb hadisə yerinə qayıtmış və bir qədər sonra ora polis əməkdaşları gəlmişdir. O, avtomobili qaçırmaq və ya sürmək məqsədi ilə deyil, yalnız üzərinə düşən vəzifələrin icrası ilə əlaqədar olaraq həmin avtomobili park etmək istəmişdir. Hadisə nəticəsində avtomobilə vurulmuş zərərin məbləği ilə razı deyil. Bununla belə zərər çəkmiş şəxsə 5.000 manat məbləğində pul ödəmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil dayısı oğlu Şahid4 məxsus olmuş, sonradan o, həmin avtomobili Sabirdən alsa da, müəyyən səbəblərdən avtomobili tam olaraq adına rəsmiləşdirə bilməmişdir. X8 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 28də yaşayır və o da tez-tez dayısıgilə gəlir, bəzən də onlarda qalır. xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində o, işdən çıxıb həmin avtomobil ilə X8un yaşadığı evə gəlmiş, avtomobili binanın qarşısında həmişəki yerində normal park etdikdən sonra açarı mühafizə köşkünə qoyub mənzilə qalxmışdır. Açarı orada qoymaqda məqsədi isə onu etibarnamə üzrə idarəetmə hüququ olan digər şəxslərin zərurətlə əlaqədar istifadə edə bilməsi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində dayısı oğlu Şahid3 ona zəng etsə də, yatdığı üçün zəngə cavab verə bilməmiş, lakin səhər ona zəng vuranda məlum olmuşdur ki, avtomobil Azərbaycan Dillər Universitetinin inzibati-tədris korpusunun yanında yolun kənarında pilləkənlərə çırpılmış və bu hadisəni binanın mühafizəçisi Təqsirləndirilən şəxs törətmişdir. Bundan sonra o, Mirmövsümlə görüşüb söhbət etmiş, söhbət zamanı Mirmövsüm ona hadisəni törətdiyini etiraf etmiş, avtomobili park etmək üçün sürüb getdiyini, yol bir tərəfli olduğu üçün xeyli məsafə qət etdiyini, qəflətən avtomobilin sükanının bağlanması səbəbindən idarəetməni itirdiyini və avtomobilin qəzaya uğradığını demişdir. Qeyd edir ki, o Mirmövsümə avtomobili park etmək üçün açar verməmiş, ondan bunu da xahiş etməmişdir. Çünki, buna ehtiyac yox idi. Hadisə nəticəsində ona 14.660 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona 5.000 manat ödənilmiş, təqsirləndirilən şəxsdən şikayətçi olmasa da, qalan zərərlə verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 00:30 radələrində marketdən çıxıb evə gələn zaman onun yaşadığı binada mühafizəçi işləyən Təqsirləndirilən şəxs qonşusu Şahid4 məxsus “BMW” markalı, **-SN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında görmüşdür. Həmin avtomobili eyni zamanda Sabirin atası Natiq Məmmədov da idarə edir. Mirmövsüm avtomobili saxlayıb ondan avtomobilə əyləşməyini və yolu göstərməyini xahiş etmiş, o da ona yolu şifahi olaraq izah etmişdir. Mirmövsüm ona şifahi izahla yolu yadında saxlaya bilməyəcəyini və əyani olaraq ondan yolu göstərməyi xahiş etmişdir. Mirmövsümün təkidini görüb o, buna etiraz etməmiş və avtomobilə əyləşib yolu göstərmək qərarına gəlmişdir. Avtomobilə əyləşməzdən öncə onun Mirmövsümə məxsus olmadığını bildiyi üçün ondan avtomobilin kimin verdiyini soruşmuş, Mirmövsüm də avtomobilə əyləşməyini, heç bir problemin olmadığını, avtomobili döndərib qayıdıb yerində park edəcəyini bildirmişdir. Bundan sonra o, Mirmövsümlə birlikdə avtomobillə Azadlıq prospekti ilə hərəkət edib “28 Mall” ticarət və əyləncə mərkəzinin yanından üzü Azərbaycan Respublikası Mərkəzi Bankı istiqamətində getmiş, Mərkəzi Bankın yanından sağa dönüb Rəşid Behbudov küçəsinə çıxmışdır. Həmin vaxtı Mirmövsüm avtomobili sürətlə idarə edirdi. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən Azərbaycan Dillər Universitetinin inzibatitədris korpusuna çatmağa az qalmış o, Mirmövsümdən qarşıdan sağa dönməli olduğunu bildirmiş, Mirmövsüm də avtomobili sağa döndərmək istəyən zaman avtomobil səkinin kənarında olan tumbalara dəymişdir. Mirmövsüm ona avtomobilin sükanının kilidləndiyini və bu səbəbdən də idarəetməni itirdiyini demişdir. Daha sonra o, Mirmövsümlə birlikdə avtomobildən düşmüş, Mirmövsüm həmin vaxt avtomobil sahibinə məlumat vermək üçün getmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, “BMW” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil bibisi oğlu Zərərçəkmiş şəxs istifadəsindədir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 02-03 radələrində evdə yatdığı zaman onun mobil telefonuna zəng gəlmiş, telefonda onunla danışan polis əməkdaşı ondan “BMW” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olub-olmamasını soruşmuş, o da onun bibisi oğlu Zərərçəkmiş şəxs məxsus olduğunu deyəndə polis əməkdaşı həmin avtomobilin Azərbaycan Dillər Universitetinin inzibati-tədris korpusunun qarşısında olan pilləkənlərə dəydiyini söyləmişdir. Bundan sonra o, Eminə zəng edib məlumat vermək istəsə də, Emin telefona cavab verməmişdir. Buna görə də o, dərhal evdən çıxıb hadisə yerinə gəlmişdir. Mirmövsüm ona elə hadisə yerində törətdiyi əməli etiraf etmiş, avtomobili park etmək üçün sürdüyünü və avtomobilin sükanının qəflətən kilidlənməsi nəticəsində qəzanın baş verdiyini bildirmişdir. O da ona avtomobilin dayandığı yerlə qəzanın baş verdiyi yer arasında xeyli məsafənin olduğunu və buna görə yalan danışmamağı demişdir. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı binada mühafizəçi işləyir. Həmin binada ondan başqa X5 və Təqsirləndirilən şəxs da mühafizəçi işləmişlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00-da o, növbəni Təqsirləndirilən şəxs təhvil vermişdir. Ertəsi günü növbəni təhvil almaq üçün gəldikdə o, Mirmövsümün mühafizə köşkündə olmadığını görmüş və bu barədə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə əlaqə saxlamışdır. Daha sonra öyrənmişdir ki, Mirmövsüm həmin binanın qarşısında saxlanılan “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib hadisə törətmişdir. Növbəni Mirmövsümə təhvil verən zaman həmin avtomobil binanın qarşısında həmişəki yerində saxlanılmış, onu park etməyə zərurət olmamışdır. İş materiallarında olan: - MB 001562 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 528i” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid4dur, həmin avtomobili idarə etmək, onun üzərində sərəncam vermək və s. səlahiyyətlər etibarnamə əsasında xx.xx.2020-ci ilə qədər Zərərçəkmiş şəxs verilib (cild İ, i.v.27-28); - “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokol və kompakt diskdəki görüntülərə əsasən xx xxxxxx 2020-ci il tarixdə, saat 00:57-də “BMW 528i” markalı avtomobili idarə edən şəxs idarəetməni itirmiş, bunun nəticəsində avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 134 saylı ünvanda yerləşən Azərbaycan Dillər Universitetinin inzibati korpusunun yanında olan pilləkənlərə və tumbalara dəymişdir (İ cild, i.v.76, 90-91, disk); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxxx 2020-ci il tarixli, 5100 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxxxxxx” MMC servis mərkəzinin xx.xx.2020-ci il tarixli, 01/178 N-li nöqsan aktı məlumatlarına əsasən 2015-ci il buraxılışlı “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.660,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (İ cild, i.v.117-119); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissəsindən daxil olmuş TŞ3-018 və TŞ3-127 nömrəli videomüşahidə kameralarından götürülmüş, cinayət hadisəsinin baş vermə anının qeydə alındığı videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış, avtomobil saxlanılması üçün zərər çəkmiş şəxsə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.178-195); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.39); - “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü bir övladı var (İİ cild); - Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia və iddia həcminin azaldılmasına dair ərizələrə əsasən Təqsirləndirilən şəxs onun xeyrinə 9.660 manat pulun tutulması xahiş olunur (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qanunsuz ələ keçirməyə (qaçırmaya) görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi ilə bağlı gördüyü tədbirləri, habelə himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 9.660 manat pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 44/3 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “BMW 528İ” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 9.660 (doqquz min altı yüz altmış) manat pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar