Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-184/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 129-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Yasamal bazarı” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Azik” adlı şəxsdən 40 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,710 qram çəkidə narkotik vasitə heroini və 0,139 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımış, xx.xx.2020-ci il tarixdə, saat 01:00-da Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsində olarkən ölkə ərazisində tətbiq edilmiş komendant saatının tələblərini pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilmiş, özünü şübhəli apardığı üçün orada üzərində axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd dəmir qutunun içərisində həmin narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik istifadəçisidir. xx.xx.2020-ci il tarixdə “Yasamal bazarı” adlanan ərazidə “Azik” kimi tanıdığı şəxsdən 40 manata öz istifadəsi üçün bir büküm heroin və bir büküm metamfetamin alıb cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsində olarkən polis əməkdaşları ona yaxınlaşıb ölkə ərazisində tətbiq edilən hərbi vəziyyət rejiminin tələblərini pozduğu deyib onu bölməyə dəvət etmişlər. Həmin vaxtı onun üzərində aldığı heroin və metamfetamin olduğu üçün o, polislərdən qaçmağa cəhd etsə də, buna nail ola bilməmiş və bölməyə aparılmışdır. Orada videoçəkilişlə üzərində axtarış aparılmış, o da əynindəki boz rəngli cins şalvarın sol yan cibindən dəmir qutunun içərisindəki iki ədəd bükümü və boğazından asılmış bıçağı çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 şahid qismində ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsində iş yoldaşı Şahid2 ilə birlikdə xidmət apararkən bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan komendant saatında küçəyə çıxmaq üçün icazəsinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs heç bir icazəsinin olmadığını deyərək onların suallarına qeyri-səmimi cavablar verməyə başlamışdır. Onun narkotik vasitənin təsiri altında olmasından şübhələnib onu 21-ci polis bölməsinə dəvət etmişlər. Elə bu vaxt həmin şəxs qaçmaq istəsə də, onlar tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Orada bu şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra videoçəkilişlə İmran Hacidadaşın üzərində axtarış keçirilmiş, sonuncu da əynində olan boz rəngli cins şalvarın sol yan cibindən dəmir qutunun içərisindəki iki ədəd şəffaf sellofan bükümü və boğazından göy rəngli iplə asılmış qara rəngli üzlüyün içərisindəki bıçağı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildrimişdir ki, iki ədəd bükümün içərisində heroin və metamfetamindir, onları iki gün əvvəl “Yasamal bazarı” adlanan yerdən “Azik” adlı şəxsdən 40 manata öz istifadəsi üçün almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2661 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “....Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddə....” sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkiləri 0,139 qram ağ rəngli maddə metamfetamindir və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,710 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,660 qram, metamfetaminin ümumi qalıq çəkisi isə 0,109 qram, aparılmış tədqiqatın dəyəri 91,76 manat təşkil edir (İ cild, i.v.64-67); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin gün tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, daha sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.23-24, 103- 107); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X3 haqqında xx.xx.2021-ci il tarixli, 39 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.136-137); “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,660 qram heroin və 0,109 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, heroin, metamfetamin və soyuq silah hesab edilməyən, “Tramontina” yazısı olan qara rəngli üzlüyün içərisindəki bıçaq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.140-146); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla bu cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq hesab edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilmiş, həbsdə olduğu 05 ay 15 gün cəzadan çıxılaraq onun üzərində qəti 01 il 15 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə o, cəzadan 02 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2014-cü ildə cəza müddəti başa çatmışdır (İ cild, i.v.117-118, 121-131). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Lakin ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,710 qram çəkidə narkotik vasitə heroini və 0,139 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi şəxsi istehlak miqdarından artıq olsa da, psixotrop maddə olan metamfetaminin çəkisi şəxsi istehlak miqdarından artıq deyil. Göstərilən sonuncu hal onun əməlində cinayət tərkibi yaratmadığından Təqsirləndirilən şəxs verilmiş ittihamdan “0,139 qram çəkidə psixotrop maddə metamfetamin”lə bağlı müddəalar xaric edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,710 qram çəkidə narkotik vasitə heroinin əldə edib üzərində daşıyıb saxlaması faktı məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,660 qram narkotik vasitə olan heroin və 0,109 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 91,76 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan “0,139 qram çəkidə psixotrop maddə metamfetamin”lə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 129-u hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,660 qram narkotik vasitə olan heroin və 0,109 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-184/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-184/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver