Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-184/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxsin X4 hüquqi varisi: Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Zərər çəkmiş şəxsin “Əkrəm Həsənov və partnyorları” Vəkil Bürosunun nümayəndəsi: vəkili Nümayəndə Müdafiəçi: Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Naftalan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 23, mənzil 12-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 08, mənzil 16-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 saylı tam orta məktəbə direktor müavini və daha sonra Abşeron rayonunda yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 14 sentyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 Xırdalan şəhərində yerləşən “Fresko” marketin qarşısından taksi sürücüsü vasitəsilə göndərdiyi 2.000 manat, 18 sentyabr 2018ci il tarixdə 3.000 manat, 17 noyabr 2018-ci il tarixdə 2.000 manat, 23 noyabr 2018-ci il tarixdə 3.000 manat pulu Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Koala” parkda, 10 dekabr 2018-ci il tarixdə Nəsimi rayonu, metronun “28 May” stansiyasının qarşısında Zərərçəkmiş şəxs1 4.000 manat, 14 dekabr 2018-ci il tarixdə Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin Nərimanov filialının qarşısında 5.000 manat, 21 dekabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 Xırdalan şəhərində yerləşən “Fresko” marketin qarşısından taksi sürücüsü vasitəsilə göndərdiyi 3.000 manat, 27 dekabr 2018-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “Koala” parkda 3.000 manat, 07 yanvar 2019-cu il tarixdə metronun “28 May” stansiyasının qarşısında Zərərçəkmiş şəxs1 15.000 manat, 05 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Xırdalan şəhərində yerləşən “Fresko” marketin qarşısından taksi sürücüsü vasitəsilə göndərdiyi 3.000 manat pulu Nəsimi rayonu ərazisində yerləşən “Koala” parkda alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar təşkil edən 43.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, eyni məqsədilə Zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun tanışı: - Nəcməddin adlı şəxsi X1 stansiyasına sürücü işinə düzəldəcəyinə dair yalan vəd verib bu adla 2020-ci ilin aprel-may aylarında, tarixi istintaqa məlum olmayan gündə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çayxanada Zərərçəkmiş şəxs2 3.500 manat; - Afət adlı şəxsi X1 stansiyasına xadimə işinə düzəldəcəyinə dair yalan vəd verib bu adla 2020-ci ilin aprel-may aylarında, tarixi istintaqa məlum olmayan gündə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında Zərərçəkmiş şəxs2 3.500 manat; - Fatma adlı şəxsi X1 stansiyasında xadimə işinə düzəldəcəyinə dair yalan vəd verib bu adla 2020-ci ilin iyun ayının tarixi istintaqa məlum olmayan günündə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında Zərərçəkmiş şəxs2 3.500 manat; - Habil Yəhyayevi X1 stansiyasına sürücü işinə düzəldəcəyinə dair yalan vəd verib bu adla 2020-ci ilin iyul ayında, tarixi istintaqa məlum olmayan gündə Bakı şəhəri, Nəsimi rayonu, “Yaşıl bazar”ın yaxınlığında yerləşən çayxanada Zərərçəkmiş şəxs2 7.000 manat və vahid niyyətlə əhatə olunan qəsdlə H.Yəhyayevin onun göstərişi ilə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən köşkə qoyduğu 200 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 7.200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ilə Naftalan şəhərində həkim işləyən Şahid1 vasitəsilə tanış olmuşdur. Şahid1 ona bildirmişdir ki, Abşeron rayonunda orta məktəbdə müəllimə işləyən Zərərçəkmiş şəxs1 həmin rayonda yerləşən 9 saylı tam orta məktəbdə direktor müavini təyin olunmaq istəyir və buna görə ona köməklik etmək lazımdır. Şahid1 Zərərçəkmiş şəxs1 barəsində ona danışanda onlar birlikdə onu aldadıb pullunu almaq qərarına gəlmişlər. O, həmin işə təyin olunmaq üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. Ruslan Zərərçəkmiş şəxs1 ilə danışdıqdan sonra Kəmalənin nömrəsini ona vermiş, o, Kəmalə ilə danışan zaman həmin iş üçün 5.000 manat pul lazım olduğunu bir daha özünə bildirmiş, sonuncu da bununla razılaşmış və bu məbləği tapıb verəcəyini söyləmişdir. 2018-ci ilin təxminən sentyabr ayında Kəmalə ona zəng vuraraq 2.000 manat pulu hazırladığını bildirmiş, o da həmin pulu göndərəcəyi taksi sürücüsünə verməyini söyləmişdir. Kəmalə həmin taksinin Abşeron rayonunda yerləşən “Fresko” marketin yanına gəlməyini xahiş etmişdir. Taksi sürücüsü Abşeron rayonuna gedərək “Fresko” marketin qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşərək 2.000 manat pulu alıb Nəsimi rayon ərazisində yerləşən “Koala” parkda ona vermişdir. Bir neçə gün sonra o, Kəmaləyə zəng edərək qalan 3.000 manat pulu istəmişdir. Kəmalə həmin pulu da hazırladığını bildirdikdən sonra o, yenə pulu götürmək üçün taksi göndərmiş, taksi sürücüsü Abşeron rayonuna gedərək “Fresko” marketin qabağında Kəmalə ilə görüşərək 3.000 manat pulu alıb “Koala” parkda ona vermişdir. O, ümumilikdə 5.000 manat pulu Kəmalədən alsa da, verdiyi vədə əməl etməmişdir. Bunda sonra Ruslan ona bildirmişdir ki, Kəmaləni birdəfəlik orta məktəbə direktoru təyin etsinlər. O isə bunun üçün 50.000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 məlumat verdikdən sonra sonuncu həmin məbləği hissə-hissə verə biləcəyini söyləmişdir. Onlar razılığa gəldiklərinə görə də 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 ona zəng edərək 2.000 manat pul hazırladığını bildirmişdir. O, Abşeron rayonuna taksi göndərmiş və həmin taksi sürücüsü “Fresko” marketin qarşısında Kəmalədən 2.000 manat pulu götürərək “Koala” parkda ona vermişdir. 2018-ci ilin noyabr ayında Kəmalənin göndərdiyi 3.000 pulu yenidən eyni qaydada ilə qəbul etmişdir. Bu müddət ərzində o, mütəmadi olaraq Kəmalə ilə telefon vasitəsilə əlaqə saxlayıb qalan pulu da verməsini istəmişdir. 2018-ci ilin dekabr ayında Kəmalə 4.000 manat pul topladığını bildirmişdir. O, Kəmalə ilə metronun “28 May” stansiyasının qarşısında görüşərək həmin 4.000 manat pulu sonuncudan almış və işin düzəlməsi üçün digər pulları da toplayıb verməsini bildirmişdir. 2018-ci ilin dekabr ayında o, Kəmaləyə yenidən zəng edib pul istəmiş, sonuncu bankdan pul götürmək istədiyini bildirmişdir. Buna görə də onlar birlikdə Nərimanov rayonu, “Gənclik” deyilən ərazidə yerləşən "xxxx" ASC-nin qarşısında görüşmüşlər. Həmin vaxtı Zərərçəkmiş şəxs1 ora bacısı ilə gəlmiş və bacısının adına həmin bankdan pul götürərək bankın qarşısında ona 5.000 manat pul vermişdir. O, Kəmaləyə işin həll olunması üçün qalan məbləğin də lazım olduğunu bildirmişdir. 2018-ci ilin dekabr ayının sonlarında Kəmalənin göndərdiyi ayrıayrılıqda 3.000 manat, ümumilikdə 6.000 manat məbləğində pulu Koala parkda taksi sürücüsündən qəbul etmişdir. Bir müddət sonra o, Kəmalədən 50.000 manat pulun yerdə qalanını istəmiş və Kəmalə evini satdığını bildirmişdir. Onlar 2019-cu ilin yanvar ayında Kəmalə və anası ilə metronun “28 May” stansiyasının qarşısında görüşmüş və Kəmalədən 15.000 manat pul almışdır. Daha sonra o, Kəmaləyə qalan 10.000 manat pulu da verdikdən sonra direktor təyin olunacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 2019-cu ilin fevral ayında yalnız 3.000 manat pul verəcəyini bildirmişdir. O isə qalan pulu verə bilməsə işinin alınmayacağını və verdiyi pulların da geri verilməyəcəyini demişdir. Fevral ayında Kəmalədən 3.000 manatı almaq üçün onunla danışıb taksi göndərmiş, o, həmin məbləği “Koala” parkda taksi sürücüsündən almışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 aldadıldığını bilmiş və pulunu geri istəməyə başlamışdır. O isə Kəmaləni aldadaraq aldığı pulları öz şəxsi ehtiyaclarına və borclarına xərcləmiş, buna görə pulu geri qaytara bilməmişdir. O, Kəmaləni inandırmaq və ondan pul almaq üçün Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxslərin adını çəkmişdir. O, Zərərçəkmiş şəxs1 ümumilikdə 43.000 manat pul almış, həmin pulu 15.700 manatını Şahid1 vermişdir. Belə ki, Şahid1 bu işdə maddi marağı var idi və Ruslan bilirdi ki, o, Zərərçəkmiş şəxs1 aldadır. Ruslana demişdir ki, Kəmalədən aldığı puldan ona da verəcək. Buna görə də Ruslan ona pul verməsi üçün Kəmaləni inandırmağa çalışmış və bunun qarşılığında o, 43.000 manat puldan 15.700 manatı Ruslana vermişdir. Onu da qeyd edir ki, Ruslana ilkin olaraq 15.000 manatı Naftalan şəhərində “Ay Ulduz” restoranında vermiş, 500 manatı Naftalan şəhərində Hafiz adlı şəxsin işlətdiyi mağazaya qoymuş və Ruslan da sonra bu pulu oradan götürmüş, 200 manatı isə X2 vasitəsilə ona göndərmişdir. Bunları o ibtidai araşdırma zamanı da bildirmiş, hətta Ruslan ilə üzləşdirmə zamanı da söyləmiş, lakin nədənsə sonradan müstəntiq tərəfindən onun adları göstərdiyi şəxslər dindirilməmiş, ifadəsi isə sonda təhrif olunmuşdur. Ruslan da bəlli olan səbəblərə görə məsuliyyətdən kənarda qalmışdır. Eyni zamanda müstəntiq ona bildirmişdir ki, Ruslan öz payına düşən hissəni hər ay Kəmaləyə 1.000 manat ödəyəcək, bu barədə razılıq əldə olunub. Zərərçəkmiş şəxs2 isə bir neçə ildir ki, tanıyırdı, onunla münasibətləri həmişə yaxşı olmuşdur. 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2la görüşərkən sonuncuya ayrı-ayrı şəxsləri X1 stansiyasında işə düzəldə biləcəyini bildirdikdən sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb Nəcməddin adlı şəxsin X1 stansiyasında sürücü işləmək istədiyini və bu işdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O da heç bir problem olmadığını demiş və bu iş üçün 7.000 manat pul lazım olduğunu bildirmişdir. Sonradan Vahid ona zəng vurub Nəcməddin adlı şəxsin razılaşdığını demişdir. O da pulu düzəldib görüşməyi təklif etmişdir. Bir neçə gün sonra Vahidlə Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında çayxanada görüşmüş, orada Vahid ona Nəcməddin adlı şəxsin X1 stansiyasına sürücü işinə qəbul edilməsi üçün 3.500 manat pul vermişdir. O da pulu götürmüş və Vahidə bir ay ərzində işin hazır olacağını demişdir. Sonradan isə Vahiddən aldığı pulu öz ehtiyaclarına xərcləməyə başlamışdır. Həmin ərəfələrdə Vahid onunla yenə də əlaqə saxlayaraq Afət adlı qohumunun iş axtardığını demişdir. O da 3.500 manat müqabilində Afət adlı qadını X1 stansiyasında xadiməçi işinə qəbul etdirə biləcəyini söyləmişdir. Bir neçə gün sonra o, Vahidlə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin yanında görüşmüş, orada Vahid ona 3.500 manat pulu vermiş və o, Vahidə bir ay ərzində işin hazır olacağını bildirmişdir. Həmin ərəfələrdə o, Vahiddən Nəcməddin adlı şəxsin işinin düzəlməsi üçün əlavə olaraq 200 manat da pul almışdır. Bu məsələdən sonra Vahid onunla yenə də əlaqə saxlayıb qohumu Fatma adlı qadının da X1 stansiyasında işə qəbul olunmaq istədiyini demişdir. Vahid Fatma adlı qadınla danışdığını və bir neçə gün sonra onunla əlaqə saxlayacağını demişdir. Bir neçə gün sonra o, Vahidlə Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən çayxanada görüşmüş və orada Vahid ona 3.500 manat pulu vermişdir. O da həmin pulu götürüb Vahidə bir ay ərzində işin hazır olacağını bildirmişdir. Təxminən bir ay sonra Vahid onunla əlaqə saxladıqda və işlərlə maraqlandıqda o, Vahidə işlərin düzəlməsi ilə bağlı ona borc pulun lazım olduğunu demiş və ondan borca 3.500 manat pul istəmişdir. Vahid ona 3.500 manat borc vermiş və ona uzağı bir aya işlərin hazır olacağını demişdir. 2020-ci ilin iyun ayında Vahid ona zəng edərək bir nəfər Habil adlı tanışının olduğunu və iş axtardığını bildirmiş, həmin şəxsin X1 stansiyasında işə qəbul olunmağında köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O da Habil adlı şəxsi sürücü işinə düzəldə biləcəyini demişdir. Bu məsələdən sonra Vahidlə danışıb bunun üçün lazım olan sənədləri də bildirmişdir. 2020-ci ilin iyul ayında Vahid və Habil adlı şəxslə Bakı şəhəri Nəsimi rayonu ərazisində “Yaşıl bazar” kimi deyilən yerdəki çayxanada görüşmüşlər. Orada o, Habil və Vahidə X1 stansiyasında sürücü işinə qəbul olunmaq üçün 7.500 manat pulun lazım olduğunu demişdir. Orada belə razılaşmışlar ki, Habil ona 7.200 manat pul verəcək. Bundan sonra ona vermək üçün Habil Vahidə etibar etdiyini bildirib sonuncuya 7.000 manat pul və sənədləri vermişdir. Vahid də 7.000 manat pul ilə sənədləri ona vermişdir. O, Vahidə yalandan işin bir aya hazır olacağını demişdir. Pulu aldıqdan bir neçə gün sonra Habil ilə əlaqə saxlamış və 200 manat pulu çatdırmasını istəmişdir. Habil də həmin pulu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən, onun dediyi köşkə qoymuş və o, həmin pulu oradan götürmüşdür. Bundan sonra isə Vahid hər dəfə ona zəng vurduqda, o, zənglərə cavab verməməklə və ya cavab verib hər dəfə bir bəhanə gətirməklə vaxtı uzatmağa başlamışdır. Onun heç kimi işə düzəltmək kimi fikri olmamış, sadəcə olaraq Vahidi aldadıb pulları ələ keçirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, xx.xx.2016-cı ildə Naftalan şəhərindəki “Sehirli Naftalan” adlı sanatoriyaya müalicəyə getmiş, orada həkim olan Şahid1 ilə tanış olmuş, onunla münasibəti yaranmışdır. Növbəti illər də səhhəti ilə əlaqədar Naftalana gedirdi, orada istirahət vaxtlarında məktəbdə direktor müavini olmaq üçün imtahana hazırlaşırdı. 19 oktyabr 2018-ci il tarixdə Təhsil Nazirliyi orta məktəblərə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə əmr imzalamışdır. Lakin direktor olmaq üçün təcrübə toplamaq məqsədi ilə qərara gəlmişdir ki, ilkin olaraq imtahana hazırlaşdığı vaxt direktor müavini işləsin. Həmin vaxtı işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 saylı tam orta məktəbdə direktor müavini vəzifəsi vakant idi. Ruslanı tanıdığı üçün də bu fikrini ona demişdir. Ruslan da ona tanışı Təqsirləndirilən şəxs haqqında məlumat vermiş, onun “böyük” adamlara işlədiyini, pul müqabilində heç kimin edə bilmədiyi işləri görə biləcəyini bildirmiş, sonuncunun “adamı”nın isə nazirlərin qapısını “təpik”lə açan “kürd Samir ləqəbli şəxsin olğunu söyləmişdir. O da anası ilə məsləhətləşib bu məsələyə razılığını bildirmişdir. Ruslan da Mübarizlə danışıb işin həlli üçün ona məbləği söyləmiş, o da pulun müəyyən hissəsini öncədən istənilməsinə təəccüblənmiş, qorxduğu və tanımadığı şəxsə etibar edə bilməyəcəyini bildirmişdir. Ruslan isə əminliklə “qorxma, tap ver, mən varam, onu çoxdan tanıyıram, Naftalanda çox adamı “pojarnı”ya, məktəbə düzəldib, imtahandan keçirib, oğlum Orxanın işini düzəldib, etməsə belə özüm sənin pulunu alıb qaytaracam, burda onun evi, torpağı var” deməklə onu razı salmışdır. Beləliklə, Ruslan onu Mübarizlə tanış etmiş və sonuncu da ondan direktor müavini vəzifəsi üçün 5.000 manat pul istəmişdir. xx.xx.2018-ci il tarixdə Şahid1 ona zəng edərək bildirmişdir ki, Mübariz pulu ondan götürmək üçün avtomobil göndərəcək və ilkin olaraq ondan 2.000 manat pul alacaq. Həmin vaxtı Şahid1 ona Mübarizin göndərdiyi avtomobilin markasını və s. bildirmiş və ondan avtomobilin hara gəlməli olduğunu soruşmuş, o da Xırdalan şəhərində yerləşən “Fresko” marketin qarşısına gəlməyini istəmişdir. Həmin vaxt Ruslan ona pulun arxasınca gələn şəxsin telefon nömrəsini də vermişdir. Ruslanın dediyi kimi o, qeyd edilən yerdə görüşərək 2.000 manat pulu avtomobilin sürücüsünə vermişdir. Bundan sonra yenidən Ruslan 3.000 manat pul lazım olduğunu bildirmiş və o, həmin vaxtı pul vermək istəmədiyini bildirdikdə, sonuncu onu əmin edib demişdir ki, “pulu ver, oktyabr ayının 01-i əmrin veriləcək, qorxma mən cavabdehəm”. Bundan sonra Ruslan onun nömrəsini Mübarizə vermişdir. Mübariz ona zəng edərək onu bildirmişdir ki, “narahat olma biz belə işləri çox görmüşük”. O, Mübarizin sözünə inanaraq xx.xx.2018-ci il tarixdə yenidən Xırdalan şəhərində yerləşən “Fresko” marketin qarşısında Mübarizin göndərdiyi Səbuhi adlı taksi sürücüsünə 3.000 manat pul vermişdir. Bundan sonra Mübariz imtahan üçün ondan əlavə olaraq 5.000 manat pul istəmişdir. O, pulu vermək istəməmiş, lakin Ruslan bildirmişdir ki, “narahat olma, heç olmasa pulun yarısını ver, həmin pul kürd Samirə çatmalıdır”. O da 2.000 manat pul düzəltmiş və xx.xx.2018-ci il tarixdə Mübarizin göndərdiyi “Opel” markalı taksi sürücüsünə onu Xırdalan şəhərində yerləşən “Fresko” marketin qarşısında vermişdir. Bir müddət sonra Mübariz zəng edərək pulun qalan hissəsini istəmiş, o da xx.xx.2018-ci il tarixdə həmin marketin qarşısına 3.000 manat pulu onun göndərdiyi taksi sürücüsünə vermişdir. Bütün bunlardan sonra Mübariz zəng edərək bildirmişdir ki, o, artıq imtahanlardan keçmiş və həmin adam ona deyir ki, birdəfəlik direktor olmaq işini də həll etsinlər və bunun üçün 15.000 manat pul lazımdır. O da bu vəsaitin onda olmadığını, həmin pulu dekabr ayının sonuna qədər evini satdıqdan sonra verə biləcəyini bildirmişdir. Lakin Mübariz əl çəkməmiş və bildirmişdir ki, gecikdirmək olmaz, hissə-hissə pulu tapıb versin, sonra evi satar. Mübarizə imtahandan keçməyinin və ya direktor müavini təyinatının rəsmi təsdiq olunmasını tələb etdikdə, sonuncu bildirmişdir ki, əgər imtahandan keçməsə, ona 100.000 manat pul veriləcək. Mübariz onu inandırmış və xx.xx.2018-ci tarixdə bildirmişdir ki, birinci gün mütləq pul çatdırılmalıdır və bundan sonra müvafiq vəzifəli şəxslə görüşəcək. xx.xx.2018-ci il tarixdə o, çətinliklə 4.000 manat hazırlayaraq metronun “28 May” stansiyasının qarşısında şəxsən Mübariz ilə görüşərək ona vermişdir. Bundan sonra Mübariz pulun qalan hissəsini sərt şəkildə tələb edərək təhdid etməyə başlamışdır. Belə ki, Mübariz bildirmişdir ki, əgər pulları çatdırmasa digər verdiyi pullar da geri qaytarılmayacaq. O, pulu olmadığını bildirdikdə, Mübariz təklif etmişdir ki, bankdan kredit götürsün. O, Mübarizə adına kredit olduğunu və bankın ona kredit vermədiyini bildirdikdə, Mübariz Gənclik” adlanan yerdə yerləşən "xxxx" ASC-də tanışının olduğunu, bacısının adına kredit götürməkdə köməklik edə biləcəyini demişdir. O, xx.xx.2018-ci il tarixdə bacısı Şahid8 ilə birlikdə həmin banka getmiş və orada Mübariz tanımadığı bir şəxslə onları qarşılamışdır. Həmin bankda bacısı Simanın adına 4.800 manat kredit rəsmiləşdirilmiş və o, bu pulu və əlavə 200 manat, cəmi 5.000 manatı orada Mübarizə vermişdir. Beləliklə, son istənilən 15.000 manatdan 9.000 manat pulu verməsinə baxmayaraq, Mübariz pulun qalan hissəsini də tələb etməkdə davam etmiş və bildirmişdir ki, onun telefon nömrəsini verəcək həmin adama ki, görsün onunla necə nəlayiq ifadələrlə danışacaq. Bundan sonra o, verdiyi pulları itirməmək üçün Mübarizin dediklərinə əməl etməyə başlamışdır. xx.xx.2018-ci il tarixdə Mübariz zəng edərək nə qədər pul düzəltdiyi soruşmuş və o, 3.000 manat topladığını bildirmişdir. Mübariz də ağ rəngli “Lada” markalı taksi sürücüsü ilə onu əlaqələndirmiş və o, həmin sürücü ilə Xırdalan şəhərində yerləşən “Fresko” marketin yanında görüşərək 3.000 manat pulu ona vermişdir. xx.xx.2018-ci il tarixdə Mübariz qalan 3.000 manat pulu ondan istəmiş və taksi göndərərək həmin pulu sürücüyə verməyini bildirmiş, o da “Fresko” marketin qarşısında pulu vermişdir. Bundan sonra o, aldığı pulları geri qaytarmaq üçün evini dəyərindən aşağı, yəni 53.000 manata sataraq, borc alaraq və kredit götürərək Mübarizə verdiyi pulların bir qismini sahiblərinə qaytarmışdır. Mübariz evin satıldığını bilmiş və ondan yenidən 15.000 manat pul istəmişdir. O da satdığı evin pulundan 15.000 manat götürərək xx.xx.2019-cu il tarixdə metronun “28 May” stansiyasının qarşısında Mübariz ilə görüşərək ona vermişdir. Bütün bunlardan sonra Təhsil Nazirliyindən onun şəxsi səhifəsinə məlumat gəlmişdir ki, imtahanın müsahibə mərhələsindən keçməmişdir. O, bunu Mübarizə bildirdikdə, sonuncu müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, gələn məlumat yalandır, onu onlar müsabiqədən keçirmişlər. Bundan sonra Mübariz ona zəng edərək bildirmişdir ki, diplomunu, şəxsiyyət vəsiqəsini və 3.000 manat pul gətirsin, Təhsil Nazirliyinə gedir və orada onu gözləyirlər. O, Mübarizə bildirmişdir ki, bugünə qədər verdiyi pulları kimə vermişdir ki, indi Təhsil Nazirliyinə pulu aparacağını deyir. Mübariz də bildirmişdir ki, orada bir nəfərə verilməlidir və onu orada gözləyirlər. Mübarizə bütün sənədlərinin Təhsil Nazirliyinin portalında olduğunu bildirmiş, lakin Mübariz bildirmişdir ki, indi ona zəng olunub təcili gözləyirlər, pul çatmalıdır, əks halda əvvəl dediyi kimi bütün verdiyi pullar batacaq. O, daha geriyə yol olmadığını düşünüb xx.xx.2019-cu il tarixdə 3.000 manat pulu və sənədləri Xırdalan şəhərində yerləşən “Fresko” marketin qarşısında Mübarizin göndərdiyi taksi sürücüsünə vermişdir. Bunula da Mübariz ondan ümumilikdə 43.000 manat pul almışdır. Onu da qeyd edir ki, Mübarizin pul istəməsini hər dəfə Ruslana zəng vurub deyəndə, sonuncu ona qorxmamağı və pulu verməyi demişdir. Eyni zamanda məsələ barədə Ruslan ilə yazışmaları, o cümlədən səs yazıları olmuş, Ruslan təkidlə ondan Mübarizə verilmiş pulun 15.000 manatını tələb etməməyi istəmiş və guya bu pulun onun imtahandan keçməsi üçün xərcləndiyini demişdir. Hətta Ruslan öz bacısı ilə onun yaşadığı evə gələrək məsələnin böyüdülməməsini və yoluna qoyulmasını xahiş etmişdir. Göstərdiyi butün bu halları ibtidai araşdırma zamanı da bildirmiş, lakin bu məsələ ciddi araşdırılmamışdır. Məhkəmə istintaqında Şahid1 iş üzrə ətraflı ifadə verməkdən yayınaraq sadəcə olaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, Zərərçəkmiş şəxs1 2016-cı ildən tanıyır, onu Naftalanda işlədiyi sanatoriyada müalicə etmiş, bundan sonra yaxın münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs da onun yerlisidir, sonuncunu geniş əlaqələrə malik olan şəxs kimi tanımış, hətta Mübariz onun oğlunun cinayət işinə kömək etmişdir. Kəmalə də bunu bilib işlədiyi məktəbdə direktor müavini olmaq üçün imtahandan keçməsinə Mübariz vasitəsilə köməklik etməyi xahiş etmiş, israrla ondan Mübarizin telefon nömrəsini almışdır. Bundan sonrakı mərhələlərdə Kəmalənin nə vaxt və harada Mübarizə hansı məbləğdə pul verdiyi bilməmiş, Mübariz də ona 15.700 manat pul verməmişdir. Bununla belə Şahid1 ona verilmiş sualları da tam cavablandırmamış, Zərərçəkmiş şəxs1 hər dəfə Təqsirləndirilən şəxs pul verməmişdən əvvəl ona zəng edib məlumat verməsinə dair məsələyə aydınlıq gətirməsindən yayınmış, onunla Zərərçəkmiş şəxs1 arasında olan telefon yazışmalarında Mübarizə verilmiş 43.000 manat puldan 15.000 manatın çıxılmasını, 28.000 manatın isə geri qaytarılacağını, əks halda onun da 15.000 manata görə tutulacağının nə səbəbə deməsinə hər-hansı əsaslı və tutarlı dəlil gətirməmişdir. Məhkəmə istintaqında Şahid8 ifadəsində göstərdi ki, bacısı Zərərçəkmiş şəxs1 Ruslan adlı şəxs vasitəsilə Təqsirləndirilən şəxsla tanış olması, Mübarizə hissə-hissə ümumilikdə 43.000 manat pulun verilməsi barədə Kəmalə evdə danışarkən məlumatı olmuş və hətta həmin puldan 5.000 manat pulu onunla birlikdə Mübarizə vermişdir. Təqsirləndirilən şəxs Kəmalədən işlə bağlı pul tələb etdikdə sonuncu pulların bir qismini ondan almışdır. O, topladığı 11.000 manat pulu Mübarizə vermək üçün Kəmaləyə verməyi ilə barabər Mübariz yenidən pul tələb etmişdir. Buna görə də xx.xx.2018-ci il tarixdə “Gənclik” deyilən ərazidə yerləşən "xxxx" ASC-dən onun adına 4.800 manat pul götürərək üzərinə 200 manat da əlavə edib ümumilikdə 5.000 manat pulu Mübarizə vermişlər. Kəmalə 2018-ci ilin sentyabr ayından 2019-cu ilin fevral ayına qədər müxtəlif vaxtlarda hissə-hissə Mübarizə ümumilikdə 43.000 manat pul vermişdir. Kəmalə rəsmi qaydada analarının adına olan, lakin pulunu özü ödəyərək aldığı evi 53.000 manata sataraq borclarını ödəmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vahid Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən X1 stansiyasında sürücü işləmişdir. Vahid Təqsirləndirilən şəxs təxminən 02 ildir ki, tanıyırdı. Mübarizlə tanış olarkən sonuncu özünü “iş düzüb-qoşan” şəxs kimi göstərmiş və ona bu barədə kömək lazım olduqda müraciət etməyi bildirmişdir. 2019-cu ilin sonlarında Vahid Mübarizə qohum-əqrabasından və tanışlarından bir neçə şəxsin iş axtardığını demişdir. Mübariz də bu işdə ona köməklik edəcəyini bildirmişdir. Vahid qonşuları Nəcməddinin iş axtardığını Mübarizə bildirmiş, sonuncu da həmin şəxsi X1 stansiyasında sürücü kimi 7.000 manat müqabilində işə qəbul edilməsində köməklik edə biləcəyini söyləmişdir. Həmçinin qohumları Afəti də 3.500 manat müqabilində X1 stansiyasında xadiməçi kimi işə qəbul edilməsində köməklik edə biləcəyini söyləmişdir. Vahid Nəcməddin və Afətin razılıq verdiklərini Mübarizə bildirdikdən sonra sonuncu ona həmin şəxslərdən pulları alıb çatdırmağını demişdir. Vahid Nəcməddin və Afətdən hər birinə görə 3.500 manat pulu alıb Mübarizə vermişdir. Bir müddət sonra Mübariz Vahidə zəng vurub Nəcməddinin işi üçün əlavə 200 manat pul lazım olduğunu demiş, o da bu barədə Nəcməddinə bildirmiş, sonuncu da sonradan qaytarmaq şərti ilə onun əvəzinə həmin pulu verməyini xahiş etdiyi üçün Vahid özü 200 manat pulu Mübarizə vermişdir. Vahid qohumları Fatmanın da X1 stansiyasında xadiməçi kimi işə qəbul edilməsi üçün sonuncudan aldığı 3.500 manat pulu Mübarizə vermişdir. Bundan sonra Vahid Mübarizlə dəfələrlə mobil telefon vasitəsilə danışıqlar aparmış, Mübariz hər dəfə yaxın vaxt ərzində işin düzələcəyini demişdir. Təxminən 01 ay sonra Mübariz Vahidə zəng vurub həmin işləri düzəltmək üçün bəzi şəxslərə borcu qaldığını, imkanı varsa ona borc kimi maddi köməklik etməyini bildirmişdir. Vahid də etiraz etməmiş və ona 3.500 manat pul vermişdir. Vahid tanışı Habilin də X1 stansiyasında sürücü kimi işə qəbul edilməsi üçün Mübarizə 7.200 manat pul vermişdir. Sonradan isə Mübariz təxminən 5-6 ay Vahidə hər dəfə müxtəlif bəhanələr deməklə vaxtı uzatmış, adlarını çəkdiyi şəxslərin işlərini düzəltməmişdir. Vahid həmin şəxslərin pulunu məcbur olub kredit götürməklə özü qaytarmışdır. Hadisə ilə bağlı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə bildirdi ki, məhkəmə ifadə vermiş şəxslərin izahatları, habelə cinayət işinin materialları belə nəticəyə gəlməyə əsas verir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti Təqsirləndirilən şəxs tərəfindən Şahid1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törədilib. Buna dəlalət edən halların olmasına, o cümlədən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əvvəlcə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə də ittihamın elan edilməsinə baxmayaraq, nədənsə sonradan bundan imtina edilib. Göründüyü kimi, ibtidai istintaq tam, obyektiv və hərtərəfli aparılmamış, Təqsirləndirilən şəxsla birlikdə cinayət əməlinin iştirakçısı olan Şahid1 cinayət məsuliyyətinə cəlb edilməmişdir. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirdi ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilərkən özünü həmin ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə onu Naftalan şəhərində həkim işləyən Şahid1 tanış etmişdir. O, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti törətdiyini, lakin həmin cinayəti tək deyil, Şahid1lə birlikdə əvvəlcədən planlaşdırılmış halda etdiyini, nə Ruslanın, nə də ki, onun Zərərçəkmiş şəxs1 real olaraq məktəbə direktor müavini və ya direktor vəzifəsinə düzəltmək niyyətlərinin olmadığını, bu istiqamətdə heç bir addım atmadıqlarını, kiminləsə danışıqlar aparmadıqlarını, Zərərçəkmiş şəxs1 ilkin olaraq direktor müavini kimi işə düzəlmək üçün 5.000 manat, sonradan direktor vəzifəsinə təyin edilməsi üçün 50.000 manat pulun lazım olması ilə bağlı məbləği Şahid1lə birlikdə düşünüb müəyyən etdiklərini, 2018-ci ilin təxminən sentyabr ayından 2019-cu ilin fevral ayınadək olan müddətdə Zərərçəkmiş şəxs1 məxsus, ələ keçirdikləri 43.000 manat pulun 15.700 manatını Şahid1 verdiyini, qalan məbləği isə öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Eləcə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2016-cı ildə Naftalan şəhərindəki “Sehirli Naftalan” müalicəvi sanatoriyasına müalicəyə getmişdir. Həkim Şahid1 elə orada tanımışdır. İstirahət vaxtlarında imtahana hazırlaşdığı üçün Şahid1 bu barədə məlumatlı olmuşdur. Bakı şəhərinə gəldikdə Şahid1 tez-tez əlaqə saxlayıb səhhəti ilə, eləcə də imtahana hazırlıqla maraqlanmış, o çətinlikləri nəzərə alıb imtahandan geri çəkildiyini bildirdikdə Şahid1 ona Mübariz adlı tanışının olduğunu, yüksək vəzifəli şəxslərlə işlədiyini, pul müqabilində heç kimin edə bilmədiyi işləri edə biləcəyini bildirmiş, direktor müavini vəzifəsi üçün imtahandan keçirilməklə əlaqədar pulun verilməsi ilə bağlı danışıqları Şahid1lə etmiş, Şahid1 o müddətdə Mübarizlə danışdığını bildirmiş, imtahanla bağlı hər şeyi Mübarizdən məlumat alıb ona demişdir. Həmin müddətdə o, Təqsirləndirilən şəxsla nə telefonla, nə də ki üzbəüz danışmamış, hətta sonuncunun nömrəsi belə onda olmamışdır. Daha sonra Ruslan Mübarizlə onu tanış etmişdir. O, Şahid1 pulun müəyyən hissəsini öncədən verməyə qorxduğunu, tanımadığı adama etibar edə bilməyəcəyini bildirdikdə, Ruslan ona əminliklə “qorxma, tap ver, mən varam, onu çoxdan tanıyıram, Naftalanda çox adamı “pojarnı”ya, məktəbə düzəldib, imtahandan keçirib, oğlum Orxanın işini düzəldib, etməsə belə özüm sənin pulunu alıb qaytaracam, burda onun evi, torpağı var” deməklə razı salmışdır. Danışıqlar artıq başa çatdıqdan sonra pulu çatdırmaq üçün Təqsirləndirilən şəxsla telefon danışıqları da başlamış, əvvəl danışığa uyğun olaraq könüllü olaraq pulları vermiş, daha sonra Mübariz pulları tələb edərək təhdidlə almışdır. Bu barədə Ruslan deyəndə sonuncu bildirmişdir ki, pul çatacaq adam (“kürd Samir”) çox sərt adamdır və pulu əvvəlcədən tələb edir, çalışsınlar tapıb versinlər. Buna görə də tələb olunan pullardan xx.xx.2018-ci il tarixdə 2.000 manat, xx.xx.2018-ci il tarixdə 3.000 manat, xx.xx.2018-ci il tarixdə 2.000 manat, xx.xx.2018-ci il tarixdə 3.000 manat, xx.xx.2018-ci il tarixdə 4.000 manat, xx.xx.2018-ci il tarixdə 5.000 manat, xx.xx.2018-ci il tarixdə 3.000 manat, xx.xx.2018-ci il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə isə 3.000 manat olmaqla, ümumilikdə 43.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 ifadəsində onu da bildirmişdir ki, 19 oktyabr 2018-ci il tarixdə Təhsil Nazirliyi orta məktəblərə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə əmr imzalamışdır. Lakin direktor olmaq üçün təcrübə toplamaq məqsədi ilə qərara gəlmişdir ki, ilkin olaraq imtahana hazırlaşdığı vaxtı direktor müavini işləsin. Həmin vaxt işlədiyi məktəbdə direktor müavini vakant yeri olmuşdur. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulu istədikdə sonuncu ona zəng edib bu barədə bildirdikdə Mübarizə inandığından narahat olmamasını, pulu verməsini dediyini, zərər çəkmiş şəxsə qarşı edilmiş cinayət əməli nəticəsində əldə edilən vəsaitdən ona hər hansı məbləğdə pulun verilmədiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldatdığından xəbəri olmadığını bildirsə də, Təqsirləndirilən şəxs Şahid1 üzünə qarşı bir daha cinayət əməlini onunla birlikdə törətdiyini, zərər çəkmiş şəxslə danışıqları Şahid1 apardığını, Şahid1 zərər çəkmiş şəxsin telefon nömrəsini ona verdikdən sonra ona zəng etdiyini, cinayət nəticəsində əldə etdiyi puldan Şahid1 15.700 manat pul verdiyini bildirmiş, bunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 da təsdiq etmişdir. Eləcə də, cinayət işinin ibtidai istintaqı dövründə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 Zərərçəkmiş şəxs1 haqqında ilkin olaraq ona danışdıqda, onlar sonuncunu aldatmağa birgə qərar vermişlər, alınan 43.000 manat puldan 15.700 manat pulu Ruslana vermişdir. xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs Şahid1 onun Zərərçəkmiş şəxs1 aldatdığını bildiyini, buna görə də Zərərçəkmiş şəxs1 ona pul vermək üçün inandırmağa çalışdığını, bunun qarşılığında 43.000 manat puldan 15.700 manatını Şahid1 verdiyini, hətta ilkin olaraq Şahid1 ona Kəmalə haqqında danışanda, sonuncunu aldatmağa birlikdə qərar verdiklərini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxsla Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs sonuncunun üzünə qarşı onların bu cinayəti birlikdə törətdiklərini, yəni Zərərçəkmiş şəxs1 birlikdə aldatmağa qərar verdiklərini, Şahid1 Zərərçəkmiş şəxs1 inandıraraq pulların ona verilməsinə nail olduqlarını, həmin puldan 15.700 manatını təxminən 01 il əvvəl Naftalan şəhərində yerləşən “Ay Ulduz” restoranında şəxsən Şahid1 verdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə iki dəfə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində də cinayəti Şahid1lə birlikdə törətməsinə dair yuxarıda qeyd olunan məzmunlu ifadə vermişdir. Belə olan halda, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri vardır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsini və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Müdafiə tərəfi verilmiş vəsatətlərə etiraz etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Eyni zamanda həmin Məcəllənin 318.2-1-ci maddəsinə görə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddəti də daxildir. Beləliklə, məhkəmə verilmiş vəsatətləri məhkəmə isntintaqında tədqiq edilmiş dəlillər və cinayət işinin materialları ilə birgə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin, zərurət aradan qalxdığı üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri Cinayət-Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159, 175 və 318-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-184/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-184/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver