Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-184/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1957-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, məhkumluğu olmayan, Xaçmaz rayonu, Krasnı-Xutor kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs övladı, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə məhkəmədən azadlığa buraxılmasına köməklik göstərəcəyinə dair yalan vəd verərək əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə 2023-cii ilin iyun ayının ortalarında Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 40 ünvanında - Bakı dəmir yolu vağzalının inzibati ərazisində yerləşən “X10” adlı kafedə sonuncudan 15000 (on beş min) manat pulu alaraq verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid Tafdıq qızı onun uzaq qohumudur. Mehribanı isə əvvəllər tanımamışdır, 2023-cü ilin iyun ayında qohumu Şahid bir neçə dəfə ona zəng edib görüşmək istədiyini bildirmiş, ondan rayondan gəlməsini xahiş etdiyi üçün onlar görüşmüşdürlər. Həmin gün Mehriban da sonradan həmin yerə gəlmiş və onlar birlikdə 28 may metrostansiyasının yanında yerləşən «X10» adlı kafedə oturub çay içmişdirlər. Həmin zaman Rahilə öz qardaşı oğlu ilə Mehribanın qızının külli miqdarda narkotik vasitə ilə həbs olunduqlarını, əllərində 15000 manat pullarının olduğunu bildirib, ondan kömək etməsini xahiş etmişlər. Pul ona maya olaraq alver edib qazanc əldə etməsi, həbs olunan şəxslərin yanına gedib-gəlməsi üçün verilmişdir. Rahilə məbləğin 15000 manat olduğunu bildirsə də sonradan o, onlardan uzaqlaşdıqdan sonra dəsmalın içində 5000 manat olduğunu görmüş, Rahilədən soruşanda ona uşağın maşınını satdıqlarını, qalan 10000 manatı sonra verəcəklərini demişdir. O, pulu Rahilədən alsa da pulun Mehribana məxsus olduğunu sonradan bilmişdir. Aldığı 5000 manatdan ümumilikdə 3000 manat olmaqla Rahiləyə geri qaytarmışdır. Onların uşaqlarının həbsdən azad edilməsi ilə bağlı məhkəmə və yaxud başqa orqana müraciət etməmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, onun qızı X5 2022-ci ilin sentyabr ayında külli miqdarda narkotik vasitə daşımaqda təqsirli bilinmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid ilə tanış olmuşdur. Rahilə ona məsələni həll edə biləcək uzun müddət yüksək vəzifələrdə işləmiş uzaq qohumunun olduğunu bildirmişdir. O, Rahilədən həmin şəxslə onu tanış etməsini xahiş etmiş, 2023-cü ilin iyun ayında 28 may metrostansiyasının qarışısında C.Cabbarlı heykəlinin yanında o, Mehriban və Abbas görüşüb birlikdə «X10» adlı kafedə çay içmişlər, söhbət zamanı Təqsirləndirilən şəxs ona qızının işini həll edə biləcəyini və bunun müqabilində 20.000 manat pul lazım olduğunu bildirmişdir. O isə qeyd edilən məbləğin onda olmadığını, 15000 manat pul verə biləcəyini bildirmiş və onlar məbləğ barədə razılaşdıqdan sonra dəsmala bükülmüş 15000 manat pulu Rahilənin yanında Abbasa vermiş, Abbas da pulu götürüb, yanında onunla birlikdə gələn kişi ilə çıxıb getmişdir. Abbasdan pulu saymasını xahiş etsə də Abbas ona inandığını bildirərək pulu saymamış, yaxın vaxtda işi həll edəcəyini, qızı Simuzəri məhkəmədən azadlığa buraxdıracağına dair söz vermişdir. Sonra Abbasla əlaqə saxladığında Abbas dəfələrlə ona məsələni həll edəcəyini bildirmişdir. Aradan müəyyən vaxt keçsə də Abbas ona kömək etməmiş, bu səbəbdən də o, Rahiləyə öz narazılığını bildirərək, pulun geri qaytarılmasını tələb etmişdir. Bundan sonra Rahilə Abbasdan hüquq mühafizə orqanlarına şikayət etmiş, onu da çağırıb izahatı alındıqdan sonra məlum olmuşdur ki, Rahilə pulun müəyyən hissəsini almış, ona isə bu barədə bildirməmişdir. O, Abbasa pulu onun al-ver etməsi üçün deyil, qızını həbsdən azad etməsinə kömək etməsi müqabilində vermişdir. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, mülki iddiadan imtina edir, bununla bağlı ərizəni təqdim edərək məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Tafdıq qızı ifadəsində göstərmişdir ki, Abbas onun qohumudur. Onun qardaşı oğlu X6 2022-ci ilin sentyabr ayında külli miqdarda narkotik vasitə daşımaqda təqsirli bilinib barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesində Ələmdar ilə birlikdə tutulmuş X2 anası Zərərçəkmiş şəxs ilə tanış olmuş, Mehribanla uşaqların işlərini necə həll edəcəkləri barədə söhət edən zaman Mehriban ona müəyyən qədər pulunun olduğunu, işi düzəldə biləcək adam axtardığını bildirdiyində onun bu işi həll edə biləcək əvvəllər yüksək vəzifələrdə işləyən uzaq qohumunun olduğunu bildirmiş, Mehriban isə onu Abbasla tanış etməsini xahiş etmişdir. Bu məqsədlə Abbasla əlaqə saxlamış və 28 may metrostansiyasının qarışısındakı C.Cabbarlı heykəlinin yanında görüşmüş və uşaqların həbsdən azad edilməsi barədə söhbət etmişlər. Abbas Mehribana qızının işini həll edə biləcəyini bildirərək ondan 20.000 manat pul istəmiş, Mehriban isə o qədər pulunun olmadığını, 15000 manat pul verə biləcəyini bildirmişdir. Aralarında razılığa gəldikdən sonra Mehriban Abbasa hələ onunla görüşməmişdən əvvəl yanında saydığı dəsmala bükülmüş 15000 manat məbləğində pulu vermiş, Abbas pulu götürüb getmişdir. Təxminən 7-8 ay sonra Abbasın onu aldadaraq pulu ələ keçirdiyini anladıqda öz narazılığını bildirmiş və pulun geri qaytarılmasını tələb etmişdir. Lakin Abbas hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan yayınmış, ona görə də, məcbur qalıb hüquq mühafizə orqanına müraciət etmişdir. Pulu Abbasa uşaqların həbsdən azad edilməsi məsələsini həll etməsinə kömək etməsi üçün vermişdi. Onun al-ver edərək qazanc əldə etməsi üçün verilməmişdir, bu barədə ümumiyyətlə aralarında söhbət olmamışdır. İş materiallarında olan 18 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi Amin Piriyev tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında ********* saylı cinayət işi başlanmış, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərarla xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş, araşdırma aparılması üçün DYNPİ-nin İstintaq və Təhqiqat bölməsinə göndərilmişdir (i/v 2; 14; 23- 24). İş materiallarında olan 18 dekabr 2023-cü il tarixli, “şəxsin cinayət törətməkdə şübhəli olduğuna görə tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir ( i/v 84; 131-132). İş materiallarında olan “Üzləşdirmə Dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs üzünə qarşı dediklərini təsdiq etmişdir (i/v 104-105). İş materiallarında olan “şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 142-143). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam ödənilmiş, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, mülki iddiadan imtina edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Krasnı-Xutor kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Xaçmaz şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan onun xeyrinə 15.000 manat məbləğində pul vəsaiti və 135 manat məbləğində dövlət rüsumunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişatında Təqsirləndirilən şəxs qohumları tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi zərər tam ödənildiyindən, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti olmadığından bununla bağlı ərizə təqdim etmiş və mülki iddiadan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə mülki iddiaya münasibət bildirərək qeyd edir ki, məhkəmə baxışı gedişində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənildiyindən və zərəçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən mülki iddiaya xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddia üzrə icraata xitam verildiyi halda ödənilmiş dövlət rüsumuna da qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Eyni Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəməyə təqdim edilmiş mülki iddiaya əlavə olunmuş ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş mülki iddia ilə bağlı 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, iddiaçı iddiadan imtian etmiş və cavabdeh tərəfindən iddia könüllü təmin edildiyindən, həmçinin iddiaçının məhkəmədə çəkdiyi xərclərin verilməsi barədə belə bir xahişi olmadığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-184/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Krasnı-Xutor kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya xitam verilsin. Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumu onun özünə aid edilisin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-184/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-184/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver