Məhkəmə qərarları › İş №1(006)-185/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-185/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-185/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7, onun müdafiəçisi «Pro Bono» Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1968-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Saraclı kəndində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gürcüstan Respublikası, Bolnisi rayonu, Saraclı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə olan odlu silah və onun döyüş sursatını əldə edərək üzərində gəzdirmişdir. Belə ki, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronları əldə edib, özündə saxlamaqla daşımış və 14 yanvar 2022-ci il tarixdə saat 16:50-də ünvan 1 ünvanın qarşısında əlində olan çantasında gəzdirərkən Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şaxlanılaraq Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman təqdim etdiyi qara rəngli çantanın içərisindən texniki cəhətdən saz vəziyyətdə, atəşə yararlı, hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş zavod üsulu ilə Rusiya dövlətində İjeks maşınqayırma zavodunda istehsal olunmuş, 5,45 mm kalibrli AK- 74M modelli, Kalaşnikov konstruksiyalı, yivli, odlu silahı, 01 ədəd texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı və 04 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan istifadə etmək üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatları olan 11 ədəd ştat patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X7 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 14.01.2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 3 ünvanda olarkən 2 nəfər şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etmiş və sonra isə onun ad soyadını soruşmuşlar. O da polislərə ad və soyadını dedikdən sonra ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, bundan sonra o qaçmağa cəhd göstərən zaman polis əməkdaşları onu saxlamışlar. Bundan sonra o özünə məxsus olan üzərində oturduğu qara rəngli çantanın içərisində Kalaşnikov tipli avtomat, ona dair 1 ədəd patron darağı və 11 ədəd patronların olduğunu bildirmişdir. Sonra həmin polis əməkdaşları ondan silahı alıb onu öz avtomobillərinə otuzdurub Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları üzərində video çəkilişdən istifadə edilərək axtarış aparacaqlarını bildirmişlər. O da buna etiraz etməmiş və axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Axtarış zamanı onun əlində qara rəngli çantanın içərisində olan Kalaşnikov tipli avtomat, ona dair 1 ədəd patron darağı və 11 ədəd patronlardan başqa heç nə aşkar edilməmişdir. Polis əməkdaşları həmin silahı hardan tapdığını soruşanda onlara cavab olaraq həmin silahı Binəqədi rayonu, Xutor qəsəbəsində məişət tullantılarının yanından tapdığını bildirmişdir. Onun fikri gələcəkdə həmin silahı satmaq olmuşdur. Lakin əvvəllər silaha həvəsi olduğundan qanunsuz silah saxlamağa görə məhkum edildiyi üçün tutulacağından ehtiyat etdiyinə görə silahın yerini dəyişmək məqsədi ilə yanında gəzdirmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını və etiraf etməsini, səhhətində problemlərinin olduğunu bildirərək, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Nəsimi rayonu ərazisində yaşayan Aftandil adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıma və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunaraq 19-cu PŞ-nin digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 14 yanvar 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 1 ünvana gələrək orada olan qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıma və gəzdirməsi və istifadəsində şübhəli olan Aftandil adlı şəxsə yaxınlaşmışlar. Həmin şəxsin X7 olduğu dəqiqləşdikdən sonra, həmin şəxs qaçmağa cəhd göstərsə də onlar tərəfindən yaxalanmış və cəhdi baş tutmamışdır. Sonra ondan əlindəki qara rəngli çantanın içərisində nə olduğunu və küçədə oturaraq kimi gözlədiyini soruşduqda o çantada şəxsi əşyalarının olduğunu və adam gözlədiyini bildirmişdir. Sonra ona qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıma və gəzdirməsi barədə məlumat olduğunu bildirdikdə əlindəki qara rəngli çantasının içərisində silah olduğunu bildirmişdir. Həmin vaxt onlar videoçəkilişlə qara rəngli çantaya baxış keçirən zaman orada həqiqətən də 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd daraq və 08 ədəd 5,45x39 mm kalibrli patronların olduğunu aşkar etmişlər və bu zaman Aptandil Chobanovun üzərində ola biləcək digər qanunsuz əşyaları yoxlamaq məqsədi ilə onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə saxlanılan şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra, həmçinin dəvət edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə Aptandil Chobanovun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Aptandil Chobanova təhqiqatçı Elşad Vəliyev tərəfindən üzərində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, üzərində heç bir qanunsuz əşyanın olmadığını ancaq əlində olan qara rəngli çantada avtomat tipli odlu silah olmağını bildirmişdir. Könüllü şəkildə həmin qara rəngli çantanı masanın üzərinə qoymuşdur. Həmin çantaya baxış keçirilən zaman məlum olmuşdur ki, çantada 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd daraq və 08 ədəd 5,45x39 mm kalibrli patronlar vardır. Bundan sonra, Aptandil Chobanovdan aşkar olunmaqla götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd daraq çantaya, 08 ədəd 5,45x39 mm kalibrli patronlar isə zərfə qoyulmaqla qablaşdırılıb möhürlənmiş və ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 19-cu PŞnin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmiş və bu barədə tərtib olunmuş protokola əlavə olunmuş 01 ədəd DVD diskə baxış zamanı görünür ki, 14.01.2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 1 ünvanda Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları X5 yaxınlaşır və ondan üzərində gəzdirdiyi çantanın içərisində qanunla qadağan olunmuş əşya olub-olmamasını soruşur, həmin zaman o qaçmağa cəhd göstərsə də, polis əməkdaşları tərəfindən qarşısı alınır və baxış zamanı həmin çantanın içərisindən odlu silah və patronları aşkar olunaraq götürülür. (i/v 9) İş materiallarında olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, 14.01.2022-ci il tarixdə Nəsimi RPİ-in 20-ci PB-də şübhəli şəxs X4 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, həmin şəxs üzərində qara rəngli çantada olan silah patron və patron darağından başqa hər hansı bir qanunsuz əşya olmadığını bildirir. Sonra isə X4 üzərində axtarış aparılır, əynində olan paltarlara baxılarkən hər hansı bir qanunsuz əşya aşkar edilməyir. X2 aşkar edilmiş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində İjevsk maşınqayırma zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu döyüş silahını, 11 ədəd patronlardan 04 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olummu 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı olan darağı haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə X1 rayonu Xutor qəsəbəsi ünvanından məişət tullantılarının olduğu verdən tapdığını və əvəllərdə məhkumluğu olduğu üçün üzərində gəzdirsə tutulacağından qorxaraq onu basdırıb sonradan satmaq niyyətinin olduğunu bildirir. (i/v 61-66) Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 15 yanvar 2022-ci il tarixli, 22/47R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd №-si silinmiş silah, 5x45 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində İjevsk maşınqayırma zavodunda istehsal olunmuş, AK-74M modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 11 ədəd patronlardan 04 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlər müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. (i/v 73- 76) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən DİN-nin Nəsimi RPİnin 19-cu PŞ-nin rəisi Rəşad Əhmədzadəyə ünvanlanan 21.01.2022-ci il tarixli, 011-734- 1222 saylı məktubdan görünür ki, 01 ədəd 5,45 mm kalibrli, №-si silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i/v 133). İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanımaq haqqında 16.01.2022-ci il tarixli qərardan görünür ki, X4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində İjevsk maşınqayırma zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı texniti cəhətdən saz və atəş üçün yararlı yivli odlu döyüş silahını, 11 ədəd patronlardan 04 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı olan darağın maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra 1 ədəd silah, patron darağı və qalıq qalan 08 ədəd patronun məsul saxlanc üçün Nəsimi RPİ-nin NH-yə verilməsi qərara alınmışdır. (i/v 113-114) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.01.2022-ci il tarixli tələbnamədən və Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 1(011)-253/2019 saylı hökmündən görünür ki, X7 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Xətai rayon məhkəməsinin 19 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i/v 117-120, 124-131) İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında 14.01.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X7 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 38) İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16.01.2022-ci il tarixli, 4(006)-24/2022 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs X4 barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. (i/v 108- 112) Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Xətai Rayon Məhkəməsinin hökmü ilə 650 manat cərimə cəzasına məhkum edilmişdir, lakin İcra və Probasiya şöbəsi tərəfindən həmin cəzadan azad olunmağı ilə bağlı qeydiyyat aparılmayıb və məlumat verilməyərək müvafiq tədbirlər görülməmişdir. “8 Noyabr Zəfər günü” münasibətilə elan edilmiş amnistiya aktının 2.11-ci hissəsinə uyğun olaraq məhkəmə hökmü ilə ona təyin olunmuş 650 manat cərimə cəzasından azad olunmalıdır. Qeyd olunanları nəzərə alaraq onun barəsində əvvəlki cinayət işinə görə çıxarılmış hökm üzrə 5 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməklə 650 manat cərimə cəzasından azad olunmağını xahiş edir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Probasiya İdarəsinin 05 may 2022-ci il tarixli 21-1-3-6268 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 1(011)-253/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə və 650 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 650 manat cərimə cəzasına məhkum edilməsi hissəsində Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 1(011)-253/2019 saylı hökmü Bakı şəhəri Probasiya İdarəsinə daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. X4 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 228.1ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 1(011)-253/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə və 650 manat cərimə cəzasına cəzasına məhkum edilmişdir. Bununla əlaqədar Aptandil Çhobanov məhkəməyə ərizə təqdim edərək “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarın 2.11-ci hissəsinə görə Bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərdən başqa, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər cəzalardan azad edilir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla): Həmin Qərarın 23.1–23.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar bu Qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X4 əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məclləsinin yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs X4 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə təqsirləndirilən şəxs X4 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X5 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, məhkum X4 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə o, Xətai Rayon Məhkəməsinin 19 iyul 2019cu il tarixli, 1(011)-253/2019 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 650 manat cərimə cəzasından azad edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X4 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində İjevsk maşınqayırma zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu döyüş silahı, 11 ədəd patronlardan 04 ədədi zovod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı olan darağ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs X4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2022-ci il tarixli, 1(006)- 185/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 04.04.2022ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Pro Bono” Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X5 göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X7 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablansın. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 1(011)-253/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə və 650 manat cərimə cəzasına cəzasına məhkum edilmiş X7 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə ödənilməmiş 650 manat cərimə cəzasından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində İjevsk maşınqayırma zavodunda istehsal olunmuş, AK- 74 modelli, Kalşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu döyüş silahı, 11 ədəd patronlardan 04 ədədi zovod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı olan darağ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar