Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-185/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi, Qobustan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda tərkibində psixotrop maddə MDMA-nın təsiredici maddəsinin miqdarı 0,2 qram olan 01 ədəd həbi əldə edib, özündə saxlamaqla daşımış, 03 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda üzərinə baxış keçirilən zaman üzərindəki pul qabının içərisindən tərkibində psixotrop maddə MDMA-nın təsiredici maddəsinin miqdarı 0,2 qram təşkil edən 01 ədəd həmin göy rəngli həb aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,323 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 20 iyun 2024-cü il tarixdə saat 18:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 9 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,323 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, eləcə də, hal-hazırda da istifadə etmir, həmçinin, siqaret də çəkmir. 20 iyun 2024-cü il tarixdə saat 18 radələrində işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 9 ünvanındakı “Rahat” marketin yanında yerləşən dönərxanadan çıxıb idarə etdiyi avtomobilinə yaxınlaşarkən 4 nəfər mülki geyimli şəxslər qolundan yapışaraq onu “Nissan” markalı avtomobilə soxmuşlar. Avtomobilə əyləşdikdən sonra həmin mülki geyimli şəxslər ona bildirmişlər ki, 20-ci PŞ-nin polis əməkdaşlarıdır, həmçinin, o, onların içərisindən birinin son 1 həftə ərzində tanıdığı PŞ-nin əməliyyat müvəkkili Vüqar adlı şəxs olduğunu da bilmişdir. Bundan sonra onu Nəsimi RPİ-nin 20-ci PŞ-yə aparmışlar. O, bildirmişdir ki, icazə versinlər ailə üzvləri ilə əlaqə saxlasın, lakin ona bildirmişlər ki, çəkiliş olsun və bundan sonra ailə üzvlərinə məlumat veriləcək. PŞ-də olan zaman polis əməkdaşları ona bildirmişlər ki, rəhbərliyin göstərişi var ki, onu tutsunlar və içərisində metamfetamin olan 01 ədəd bükümü qabağına qoyaraq ya xoşluqla, ya da zorla boynuna götürməsini tələb etmişlər. O da yeni nişanlandığı üçün ona zor tətbiq olunmağını istəmədiyi üçün, eləcə də, həmin 01 ədəd bükümlə onun tutulmayacağını bildirdikləri üçün əlacsız qalıb həmin 01 ədəd bükümün ona məxsus olduğunu boynuna almışdır. Bundan sonra 20-ci PŞ-yə vəkil X7 dəvət olunmuşdur. Vəkilin iştirakı ilə videoçəkliş ilə ssenariyə uyğun şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, yuxarıda qeyd etdiyi 01 ədəd içərisində adını metamfetamin dedikləri bükümü və özünə məxsus olan içərisində mobil nömrə olmayan “iPhone 14 Pro Max” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, eləcə də, mobil telefonu da qablaşdırılmışdır. Həmçinin, həmin zərflərin üzəri, eləcə də, şəxsi axtarışla bağlı tərtib edilmiş protokol onun, vəkil Qeybulla Cavadov və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin ona məxsus deyil, o, həmin bükümü birinci dəfə 20-ci PŞ-də görmüş və polis əməkdaşları həmin bükümü ona vermişlər. Həmçinin onu 2 nəfər deyil, 4 nəfər polis əməkdaşı saxlamışdır. Onun barəsində daha əvvəl 2023-cü ilin noyabr ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxta pullarla bağlı araşdırma aparılmış və həmin araşdırma zamanı onun üzərindən bir ədəd psixotrop tərkibli həb aşkar olunmuşdur. Lakin saxta pullarla bağlı heç bir sübut olmadığından həmin iş bağlanmış, psixotrop tərkibli həblə bağlı məsələ açıq qaldığına görə isə onu ikinci dəfə 2024-cü ilin iyun ayında saxlayaraq CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini boynuna götürməyə məcbur etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq olmasa da, işlətdiyi obyekti bağlayacaqları ilə hədələmişlər, həmçinin tutulmayacağını bildirdikləri üçün o, polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Daha sonra isə polis əməkdaşlarının hərəkətlərindən hər hansı bir orqana şikayət etməmişdir. Bundan əlavə, BMCMİ-də 2023-cü ilin noyabr ayında istintaqı aparılan cinayət işi ilə bağlı bildirmişdir ki, o, özünü və ailəsini dolandırmaq məqsədi ilə ünvan 5 ünvanda yerləşən "Öz ət” adlı restoranda kassir işləyir. Həmin restoranı icarə əsasında işlədir. 03 noyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində obyektə təxminən 20 nəfər şəxs daxil olaraq birbaşa onun oturduğu otağa keçmişlər. Ona məlum olmuşdur ki, həmin şəxslər DTX əməkdaşlarıdır. Orada onu sorğu-sual etmişlər. Bundan sonra onlar onun üzərinə və obyektə baxış keçirmişlər. Həmin vaxt obyektdə müştəri olmasa da işçiləri orada olmuşlar. Belə ki, orada iki nəfər dönərçi və iki nəfər ofisiant olmuşdur. Bu vaxt DTX əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədləri, habelə obyektə aid olan sənədlərin harada olmasını soruşmuşlar və o, bütün sənədlərin, o cümlədən də ozünə aid olan şəxsiyyət vəsiqəsinin kassa aparatı yerləşən masanın üstündə olduğunu deyib özü onlara bütün sənədləri təqdim etmişdir. Belə ki, icarə müqavilələrini onlara vermiş və özünə aid olan sənədlər pul qabında olduğu üçün həmin pul qabını onlara təqdim etmişdir. Pul qabı açıldıqda orada şəxsiyyət vəsiqəsi, nağd pul, anasına məxsus olan pensiya kartı, sürücülük vəsiqəsi, etibarnamə və bir çox dükana aid olan vizit kartları aşkar edilmişdir. Pul qabının iç tərəfində olan kiçik cibini açan zaman oradan bir ədəd “Lirika” adlı həb aşkar edilmişdir. Bundan əlavə kassa aparatının yanında bir ədəd göy rəngdə həb pul qabının üstündə olmuşdur. Ondan həmin həbləri haradan əldə etməyi barədə sorğu etmişlər və o, onlara bildirmişdir ki, “Lirika” adlı həb ona məxsusdur və həmin həbi ona Nərimanov rayonunda yerləşən dəqiq ünvanı və rəsmi adını xatırlamadığı nevroloji təyinatlı xəstəxanada 2023-cü ilin fevral-mart aylarında müalicə həkimi yazmışdır. Belə ki, o, eyni gündə həm atasını, həm də əmisini itirdiyi üçün psixoloji stress keçirmiş və yuxusuzluqdan əziyyət çəkdiyinə görə həkim reseptlə məhz həmin dərmanı yazmışdır. O da həmin resept əsasında xəstəxana ilə üzbəüz yerləşən aptekə müraciət edərək həkimin göstərişinə əsasən oradan 02 ədəd konvalyutda hər birində 14 ədəd olmaqla həmin dərman həblərindən almışdır. Lakin həkim ona həmin həblərdən çox istifadə etməyi məsləhət bilmədiyinə görə onlardan yalnız bir həb qəbul etmiş, bir həb isə pul qabında qalmış, digər həblər avtomobilində olmuş, avtomobili isə satdığı üçün həmin həblər avtomobilin içində qalmışdır. Digər göy rəngli həbi isə o, elə hadisə baş verən gün obyekti artıq tərk edib getmiş müştərilərin əyləşdiyi masanın yanında yerləşən ağacın dıbindən tapmışdır. Həmin həbin nə olduğunu və hansı təyinatla istifadə edildiyini bilmir. Həmin həb sellofan torbacıqda olmuşdur. Düşünmüşdür ki, lazımlı dərman həbi ola bilər, ona görə də götürüb kassanın yanına qoymuşdur. Başqa niyyəti olmamışdır. El arasında “lirika” adlanan həbləri o, aptekdən müalicə məqsədi ilə almış, müalicə dövründə istifadə etmişdir. Kiməsə verməmişdir. Digər həbin isə qanunsuz maddələrə aid olmasını bilməmişdir. Daha sonra ona qarşı irəli sürülən ittiham üzrə təqsirli olmadığını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə saat 18:00-da Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti əraziləri olan Nəsimi rayonu, C.Səlimov küçəsi 9 saylı ünvanda yerləşən «Rahat» marketin qarşısında bir nəfər şəxsin səntələyərək getdiyini görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və sorğusual etdikdə həmin şəxs narkotik vasitənin təsiri altında olduğunu bildirdiyi üçün həmin şəxsi dəvət edib 20-ci polis şöbəsinə gətirmişlər. Həmin vaxt həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis şöbəsində olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X10ə həvalə olunmuşdur. X10 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd «iPhone» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 20 iyun 2024-cü il tarixdə saat 11 radələrində «Papanin» adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin şöbə müdiri, həkim narkoloq X5 bildirmişdir ki, şəxsin narkomaniya xəstəliyindən əzab çəkibçəkmədiyini müəyyən etmək üçün bir çox faktor araşdırılır və sonda komission qaydada nəticəyə gəlinir. Hər bir narkotik vasitənin və psixotrop maddənin sonuncu istifadədən sonra bədəndə aşkarlanma müddəti vardır. Bu müddət isə şəxsin yaşından, orqanizmin fərdi xüsusiyyətlərindən, metabolizmasından asılı olaraq 2 gündən 7 günə qədər dəyişir. Psixotrop maddə qəbul edildikdən sonra son istifadədən 7 gün keçərsə, ondan sonra sidikdə həmin maddənin qalması mümkün deyildir. Lakin bu, o demək deyil ki, şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Belə ki, sidik analizi ilə sadəcə narkotik vasitə və ya psixotrop maddənin qəbul edilib-edilməmə faktını müəyyən etmək olur. Şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkməməsi isə yalnız ekspert rəyi ilə bir sıra faktorların araşdırılması nəticəsində müəyyən olunur və həmin rəyin yalan olma ehtimalı yoxdur. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və hərdən sonuncunun işlətdiyi, ünvan 7 ünvanında yerləşən “Öz ət” adlı restorana gedərək orada yemək yeyir. 2024-cü ilin iyun ayında həmin restoranda terrasda oturub çay içmiş, Fariz isə həmin vaxt digər masada xanımlarla əyləşmişdir. Bir qədər sonra sonra Fariz ayağa qalxaraq xanımları yola salıb gələcəyini bildirmiş, qayıdan zaman isə mülki geyimdə olan şəxslər maşından düşüb Farizə yaxınlaşmış və onu maşına mindirib aparmışlar. Sonradan Fariz ona bildirmişdir ki, onu aparan şəxslər polis əməkdaşları olmuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild l, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild l, i.v.18-19); - “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild l, i.v.81) - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-317/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı “qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəlli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild l, i.v.102-109); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmin şalvarın sol yan cibindən 01 ədəd «iPhone» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (cild l, i.v.43-45); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “iPhone 14 Pro Max” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild l, i.v.114); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözlər olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild l, i.v.56-60); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4310 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild l, i.v.71-72); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (cild l, i.v.118-119); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild l, i.v.121); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7260 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild l, i.v.165- 166); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərfllər üçün №6 dairəvi möhür əksi olan bir ədəd zərfdə bir ədəd göy rəngli həbin tərkibindəki MDMA-nin təsir maddəsinin miqdarı 0,2 qram olduqu müəyyən edildi. Üzərində “P-300” göstəricisi olan bir ədəd kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,3 qram olduğu müəyyən edildi. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respubikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxildir. MDMA 2005-ci il tarixli Azərbaycan Respubikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), Preqabalin “Güclü təsir edən maddələrin siyahısı”na (1 nömrəli əlavə) daxildir. Bir ədəd ağ rəngli həbin tərkibində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr aşkar edilmədi. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (i.v.169-174); - “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin miqdarı 0,2 qram olduğu müəyyən edilən 01 ədəd həbdən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan ½ hissəsi maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild l, i.v.184-185); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild l, i.v.205); - “Cinayət işi üzrə icraatın təzələnməsi və işin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild l, i.v.208); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilib ibtidai istintaqının davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir (cild l, i.v. 210); - “Üzləşdirmə aparmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (cild l, i.v.218-219); - “Üzləşdirmə aparmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (cild l, i.v.245-246); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild l, i.v.253-254); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat həmin tarixdə təzələnmişdir (cild l, i.v.262-263); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild l, i.v.266-267); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 20 iyun 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,323 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı psixotrop maddə metamfetaminin 0,273 qram qalığı saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən 03 noyabr 2023-cü il tarixdə aşkar olunaraq götürülmüş tərkibində MDMA-nın təsir maddəsinin miqdarı 0,2 qram olan 01 ədəd göy rəngli həbin ekspertiza tədqiqatından sonrakı ½ qalığının 10 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır (cild l, i.v.280-289); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir (cild l, i.v.291-292); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild l, i.v.183); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Narkoloji Mərkəzi” X19 tərəfindən 01 iyul 2024-cü il tarixində tərtib edilmiş 5720 saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı ondan götürülmüş sidik nümunəsinin ekspress test üsulu ilə yolanılması nəticəsində onun sidiyində AMP (-), THC (-), TML (-), MTD (-), MOP (-) aşkar edilməmişdir. Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefonu, sağ yan cibindən isə bir ədəd bükümü çıxararaq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin başqa hər hansı bir aşkar edilmir. Həmin bükümün içərisindəki maddənin nə olması, haradan və nə məqsədlə əldə etməsi ilə bağlı verilən suallara cavab olaraq həmin bükümün içərisindəki maddənin psixotrop maddə “metamfetamin” olduğunu, həmin gün səhər saatlarında şəxsi istifadəsi üçün Papanin adlanan ərazidən tanımadığı şəxsdən 25 manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını, təxminən 7-8 aydır ki, psixotrop maddə qəbul etdiyini bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə, həmçinin müdafiə tərəfinin təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddə istifadəçisi olmamasını bildirməsi və bunun sübutu kimi 01 iyul 2024-cü il tarixində “Bakı Şəhər Narkoloji Mərkəzi” X16 müayinədən keçdikdən sonra tərtib olunmuş aktı təqdim etməsi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında ekspert qismində dindirilən həkim narkoloq X5 təqdim olunan aktda müayinə olunan şəxsin sidiyində narkotik vasitə və ya psixotrop maddənin aşkar olunmaması məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, həmin müayinə sadəcə narkotik vasitə və ya psixotrop maddənin qəbul edilib-edilməmə faktını müəyyən edir. Hər bir narkotik vasitənin və psixotrop maddənin sonuncu istifadədən sonra bədəndə aşkarlanma müddəti vardır. Bu müddət isə şəxsin yaşından, orqanizmin fərdi xüsusiyyətlərindən, metabolizmasından asılı olaraq 2 gündən 7 günə qədər dəyişir. Psixotrop maddə qəbul edildikdən sonra son istifadədən 7 gün keçərsə, ondan sonra sidikdə həmin maddənin qalması mümkün deyildir. Lakin bu, o demək deyil ki, şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkməməsi isə yalnız ekspert rəyi ilə bir sıra faktorların araşdırılması nəticəsində müəyyən olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 21 iyun 2024-cü il tarixli rəyindən 9 gün keçdikdən sonra, yəni 01 iyul 2024-cü il tarixində aparılmış müayinənin nəticəsində müayinə olunan şəxsin sidiyində narkotik vasitə və ya psixotrop maddənin aşkar olunmaması şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsini təsdiq edən narkoloji rəyi şübhə altına almır. Həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X3 ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan şahidin ifadəsi şəxsə qarşı irəli sürülən ittiham üzrə hər hansı bir faktı təkzib etməməklə yanaşı, şəxsin ittiham aktında qeyd olunduğu kimi 2024-cü ilin iyun ayında Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 9 ünvanında saxlanılması faktını bir daha təsdiq edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda tərkibində psixotrop maddə MDMA-nın təsiredici maddəsinin miqdarı 0,2 qram olan 01 ədəd həbi və xx.xx.2024-cü il tarixdə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq üzərində daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətmişdir. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilənədək ev dustaqlığında olduğu 01 (bir) ay 21 (iyirmi bir) gün, ümumilikdə 01 (bir) ay 23 (iyirmi üç) gün müddət 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin Ambulator X2 Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 4310 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 0,273 qram psixotrop maddə metamfetamin və BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılan psixotrop maddə MDMA-nın təsir maddəsinin miqdarı 0,2 qram olan 01 ədəd göy rəngli həbin ekspertiza tədqiqatından sonrakl ½ qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci olaraq 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı 01 ədəd, "xxxx" MMC və Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirak etdiyi məhkəmə iclasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı qəbul edilməmişdən əvvəl keçirildiyindən onun sərf etdiyi hər saata görə 6 manat əmək haqqı verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 08 (səkkiz) saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 01 (bir) ay 21 (iyirmi bir) gün, ümumilikdə 01 (bir) ay 23 (iyirmi üç) gün müddət 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, həmin müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 0,273 qram psixotrop maddə metamfetamin və BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılan psixotrop maddə MDMA-nın təsir maddəsinin miqdarı 0,2 qram olan 01 ədəd göy rəngli həbin ekspertiza tədqiqatından sonrakl ½ qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı 01 ədəd, "xxxx" MMC və Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-185/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-185/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver