Məhkəmə qərarları › İş №1(006)-187/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-187/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-187/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-327/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15-30 radələrində Nəsimi rayonu, Bala-Baba Məcidov küçəsi 75 ünvanında tanışı Şahid2 5 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan “heroin” əldə edərək üstündə saxlamış, sonra narkotik vasitəni Nəsimi rayonu, Bala-Baba Məcidov küçəsi 82 ünvanına kimi qanunsuz olaraq daşımış, həmin gün saat 15-40 radələrində Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində saxlanılaraq, polis idarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisində 0,193 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə məhkəməyədək istintaq dövründə özünü təqsirli bilsədə məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə spirtli içki qəbul etdiyindən piyan olmuş, onun heçnə yadına gəlmir, sənədləri hansı şəkildə imzaladığı yadında deyil, məhkəmə iclasında barəsində həbs qətimkan tədbiri seçilərkən təqsirli olmamasını hansı səbəbdən söyləməməsini bilmir, CD diskində olan görüntülərlə bağlı heçnə yadında deyil, sonradan isə protokolları və sair sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yuxarıda göstərilənlərlə bağlı heç bir orqana şikayət etməmişdir. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskindəki olan video görüntülərlə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid3ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz saxlanılması və daşıması ilə məşqul olması barədə əməliyyat məlumatı əldə edərək, Bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid4 iştirakı ilə əməliyyat qrupu təşkil etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15.40 radələrində Nəsimi rayon, B.B.Məcidov küçəsi 85 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Nəsimi RPİ-nə gətirmişlər. Polis idarəsində vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni saxlanılmazdan 10 dəqiqə öncə Nəsimi rayonu, B.B.Məcidov küçəsi 75 ünvanında tanışı Şahid2 5 manata şəxsi istifadəsi üçün aldığını etiraf eldikdən dərhal sonra Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru X3 həmin məlumatı əldə edərək Şahid2 yaxaladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik əməliyyat müvəkkili Şahid4 ondan əvvəl şahid qismində dindirilmiş Şahid3ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisində və spesifik iyə malik olan narkotik maddə aşkar edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərəkbildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisində və spesifik iyə malik olan narkotik maddə aşkar edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki,o,ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020ci il tarixdə saat 15 radələrində Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan yerdə tanımadığı, 35-40 yaşlarında olan, qarayanız, arıq bədən qurluşlu və saçları ağlı-qaralı bir kişidən 10 manata narkotik vasitə olan heroini almışdır. Həmin tarixdə saat 15.30 radələrində yaşadığı Nəsimi rayonu, Bala-Baba Məcidov küçəsi 75 ünvanının qarşısına gələrkən Sənan adlı tanışı ilə rastlaşmışdır. Sonuncu yıxıldığı üçün qolunda ağrıların olduğunu və ağrıları azaltmaq üçün narkotik maddə istədiyini, lakin cəmi 5 manatının olduğunu ona demişdir. Oda az öncə 10 manata almış olduğu narkotik maddənin yarısını Təqsirləndirilən şəxs 5 manata satmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20:30-da yaşadığı ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nə aparılmışdır. Polis idarəsində onun üstündən satmaq üçün əldə etdiyi həmin narkotik maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 22-23-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 109-113-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 183-186-cı vərəqələrində olan NəsimiRayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 201-202-ci vərəqələrində olan NəsimiRayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 58-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4021 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” əl yazıları, imza, və AR DİN “Arayışlar üçün №186” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,193 qram kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi – 0,193 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,143 qram. Cinayət işinin 59-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 149-cu vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 145-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxx 2020-ci il tarixli, 1062 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 156-158-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Yasamal Rayon Məhkəməsinin 07 aprel sentyabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş, xx xxx 2003-cü il tarixdə Aministiya qərarına əsasən cəzadan azad olunmuş; 2) Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixlihökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş, xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; 3) Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)- 327/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3 maddəsi ilə tətbiq edilməklə qəti olaraq 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 237-ci vərəqəsində olan Şirvan şəhəri icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məlumatından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-327/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin hökm xx xxxxxx 2019-cu il tarixdə şöbəyə daxil olmuş, lakin Təqsirləndirilən şəxs hökm üzrə cəzasını çəkməmişdir. Cinayət işinin materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxxxx 2020-ci il tarixdə saat 18:10-dan 19:40dək qeydə alınmışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin baş təhqiqatçısı İlkin Nəbizadə özünü təqdim edir, bundan sonra həmin bölmənin əməliyyat müvəkkilləri Şahid3, Şahid1 və Şahid4, mütəxəssis qismində dəvət edilmiş Həsənli hasil Nəsir oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir və o, özünü təqdim edir. Təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində hər hansı bir daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşur, əgər varsa təqdim olunmasını təklif edir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisində və spesifik iyə malik olan “Kakos” adlanan maddəni aşkar çıxarıb masanın üzərinə qoyur. Həmin 1 ədəd büküm açılır və içərisində qəhvəyi rəngli bitkinin narkotik maddə hesab olunan heroinə oxşar olması video görüntü zamanı qeydə alınır. Həmin əşyanın nədən ibarət olması barədə təhqiqatçı Təqsirləndirilən şəxs soruşduqda, sonuncu həmin maddənin narkotik maddə heroin olmasını və həmin gün həmin narkotik vasitəni Kubinka adlanan ərazidə Şahid2 adlı şəxsdən 5 manata aldığını bildirir. Cinayət işinin 256-cı vərəqəsində olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, sonuncu məhkəməyə müraciət edərək iclasda iştirak etməyən şahidlər Şahid1və Şahid2 iştirakları olmadan məhkəmə istintaqını bitirilməsini və barəsində olan cinayət işinin yekunlaşdırılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X8 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X9 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlaması cinayətini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan və şəxsi axtarış zamanı çəkilmiş və CD diskində olan görüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq törətdiyi əməli etiraf etmiş, məhkəməyədək istintaq dövrundə sənədləri imzalamış və ona istinad edilən əməli tam etiraf etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyibu ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin68.1.3-cü maddəsinə əsasəncinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən istintaqa yardım etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasənTəqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-327/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 04 (dörd) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 04 (dörd) ay 12 (on iki) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxxx 2020-ci il tarixli, 1062 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,143 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109 (bir yüz doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349,351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-327/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 04 (günü) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 04 (dörd) ay 12 (on iki) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,143 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar