Məhkəmə qərarları › İş №1(006)-187/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-187/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-187/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Ağdam rayonu, Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 2-ci Qarabağ Müharibəsi iştirakçısı, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, H.Əliyev prospekti, Qaçqın şəhərciyi, bina 4, mənzil 14-də yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtiadi araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayitə edilən qərəzli xuliqanlıq hərkətləri etməsinə görə təqsirləndirilir. Belə ki, o, 10 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində tanışı Zərərçəkmiş şəxs ilə ’‘Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən kafedə olarkən Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə nəticəsində həmin gün saat 18:00 radələrində birlikdə kafedən çıxıb piyada ictimai yer hesab edilən ünvan 1 ünvanın qarşısına çatdıqda digər şəxslərin olmasına əhəmiyyət verməyib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan sonuncuya zor tətbiq edib kəllə və yumruq zərbələri ilə sifət nahiyəsindən vuraraq ona sağ gözaltı almacıq nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yeıirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhərində yaşasa da hazırda "xxxx" MMC-də növbətçi matros təhsili aldığı üçün Bakı şəhərində əmisinin evində yaşayır. Zərərçəkmiş şəxs təxminən 1 aydan çoxdur ki, tanıyır. 10 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində dərsdən çıxdıqdan sonra Zaur və digər tanışı Şahid ilə birlikdə «Əcəmi» metrostansiyasının yaxınlığındakı kafelərin birinə gəlib orada oturub pivə içməyə başladılar. Orada hərəmizə təxminən 8-10 0,5 litrlik bakalda pivə içmişlər və orada olarkən söyüş üstündə Zaurla aralarında mübahisə yarandı. Lakin kafedə heç bir dava-dalaş olmamışdır. Onlar üçü də hesabı ödəyib «Mcdonalds» adlı restoranın yanına gəlmişlər və orada avtomobillər dayanan yerdə Zaurla yenə aralarında söz-söhbət yaranmış və hər ikimiz içkili olduğu üçün əlbəyaxa olub dalaşmağa başlamışlar. Dalaşma zamanı o, Zaurun sifətindən kəllə, sonra bir neçə yumruq zərbəsi vurmuş, həmin vaxt Zaur bir əli ilə sifətini tutmuş, bir əli ilə isə özünü müdafiə edən zaman həmin əli onun köynəyinə ilişmiş və köynəyi cırılmışdır. Orada olarkən Ruzigar və tanımadığı digər şəxslər onları aralamağa çalışmış və həmin vaxt Ruzigarın köynəyinin düyməsi qopduğu üçün sonuncu kənara çəkilmişdir. Tanımadığı şəxslər onu Zaurdan ayırdıqda o, Ruzigarın yanına gəlmiş və onunla birlikdə Ruzigarın yaşadığı evin yanına getmişlər. Orada Ruzigar ona evdən köynək vermiş və o, köynəyi dəyişib mübahisə olan yerə qayıtmış və orada Zaurla söhbət edərək barışmış, sonra birlikdə oradan çıxıb getmişlər. Zaurla aralarında olan mübahisə anlaşılmazlıq üstündə olmuş, onunla elə mübahisədən bir neçə dəqiqə sonra barışmışlar. Hadisə vaxtı Zərərçəkmiş şəxs onu vurmamış, sadəcə Zaura vurduğu yumruqlar onun sifətinə dəyən zaman barmağı zədələnmişdir. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuşdur, lakin onların kim olmasını bilmir. Hadisə vaxtı Şahid onları aralamağa çalışmış, nə onu, nə də ki Zauru vurmamışdır. Hadisə Nəsimi rayonu «Əcəmi» metrostansiyası yaxınlığında olan «Mcdonalds» adlı restoranın yaxınlığında küçədə baş vermiş və təxminən 5-10 dəqiqə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini, hazırda onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza (cərimə cəzası) təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Biləsuvar şəhərində qeydiyyatda olsa da hazırda "xxxx" MMC-də növbətçi matros təhsili aldığı üçün Bakı şəhəri, H.Aslanovda ünvanı dəqiq bilmədiyi yerdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs təxminən 1 aydan çoxdur ki, tanıyır. 10 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində dərsdən çıxdıqdan sonra Nəcməddin və digər tanışı Şahid ilə birlikdə «Əcəmi» metrostansiyasının yaxınlığındakı kafelərin birinə gəlib orada oturub pivə içməyə başlamışlar. Orada hərəsinə təxminən 8-10 0,5 litrlik bakalda pivə içmişlər və orada olarkən Nəcməddin söyüş söydükdə ona iradını bildirmiş və bunun üstündə Nəcməddinlə aralarında mübahisə yaranmışdır. Lakin kafedə heç bir dava-dalaş olmamışdır. Onlar üçü də hesabı ödəyib «Mcdonalds» adlı restoranın yanına gəlmiş və orada avtomobillər dayanan yerdə Nəcməddin yenə onunla mübahisə etməyə başlamışdır. Orada Nəcməddin onu avtomobillərin yanına aparmış və söhbət edən zaman qəfildən yumruqlarla onun sifətinə vurmağa başlamış, həmin vaxt o özünü müdafiə etmək üçün əl-qol atsa da Nəcməddini vura bilməmişdir. Nəcməddin həmin vaxt onun ünvanına söyüşlər söymüş və yumruqlarla sifət nahiyəsinə zərbələr endirmişdir. Orada olarkən Ruzigar və tanımadığı digər şəxslər onları aralamağa çalışmışdır. Mübahisə vaxtı Nəcməddin onu yumruqlarla vuran zaman o sifətini tutub bir əli ilə Nəcməddinin yumruqlarını tutmağa çalışmış və həmin vaxt əli Nəcməddinin köynəyini ilişib köynəyini cırmışdır. Orada Ruzigar və tanımadığı şəxslər Nəcməddini ondan ayırdıqdan sonra o, orada dayanmışdır. Təxminən bir müddət sonra Nəcməddin onun yanına gəlmiş və onlar söhbət edib barışmışlar, sonra birlikdə oradan çıxıb getmişlər. Nəcməddinlə aralarında olan mübahisə anlaşılmazlıq üstündə olmuş, onunla elə mübahisədən bir neçə dəqiqə sonra barışmışlar. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuş, lakin onların kim olmasını bilmir. Hadisə vaxtı Şahid onları aralamağa çalışmış, nə onu, nə də ki Nəcməddini vurmamışdır. Hadisə Nəsimi rayonu «Əcəmi» mctrostansiyası yaxınlığında olan «Mcdonalds» adlı restoranın yaxınlığında küçədə baş vermiş və təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı Nəcməddini vurmağa imkan tapmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Salyan şəhərində qeydiyyatda olsa da hazırda "xxxx" MMC-də növbətçi matros təhsili aldığı üçün Bakı şəhərində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 1 aydan çoxdur ki, tanıyır. Onlarla birlikdə təhsil alır. 10 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində dərsdən çıxdıqdan sonra Zaur və Nəcməddinlə birlikdə «Əcəmi» metrostansiyasının yaxınlığındakı kafelərin birinə gəlmişlər və orada oturmuşlar, həmin vaxt mən sərinləndirici spirtsiz içki içmiş, Zaur və Nəcməddin isə pivə içməyə başlamışlar. Orada onlar hərəsinə təxminən 8-10 0,5 litrlik bakalda pivə içmişlər və orada olarkən söyüş üstündə Zaurla Nəcməddin arasında mübahisə yaranmışdır. Lakin kafedə heç bir dava-dalaş olmamışdır. Üçü də hesabı ödəyib «Mcdonalds» adlı restoranın yanına gəlmiş və orada avtomobillər dayanan yerdə Zaurla Nəcməddinin arasında yenə söyüş üstündə söz-söhbət yaranmış və hər ikisi içkili olduğu üçün əlbəyaxa olub dalaşmağa başlamışlar. Dalaşma zamanı Zaur Nəcməddinin, Nəcməddin isə Zaurun ünvanına söyüşlər söymüş və bir-birlərini yumruqlarla vurmuşlar. O isə orada olan tanımadığı digər şəxslərlə Nəcməddin və Zauru aralamağa çalışmışdır. Mübahisə zamanı Zaur Nəcməddinin köynəyini də cırmışdır. Orada mən Nəcməddini aralamağa çalışan zaman köynəyimin düyməsi qopmuş və o kənara çəkilmiş, onlar isə dalaşmağa davam etmişlər. Orada tanımadığı şəxslər birtəhər Zaur və Nəcməddini ayırmış və o, Nəcməddini kənara çəkmişdir. Orada Nəcməddinin köynəyi cırıldığı üçün o, Nəcməddini yaşadığı evin yanına aparmış və evdən köynək gətirib Nəcməddinə vermiş, Nəcməddin bundan sonra çıxıb getmişdir. Təxminən 2 saat sonra eşitmişdir ki, Nəcməddin və Zaur barışmışlar. Hadisə vaxtı Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs onu vurmamış, o da onları vurmamışdır. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuş, lakin onların kim olmasını bilmir. Hadisə Nəsimi rayonu «Əcəmi» mctrostansiyası yaxınlığında olan «Mcdonalds» adlı restoranın yaxınlığında küçədə baş vermiş və təxminən 5-10 dəqiqə davam etmişdir. Cinayət işinin 26-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Tutmanın əvvəli 17 avqust 2023-cü il tarixdə, saat 17:10dan hesablanmışdır. Cinayət işinin 57-58-ci vərəqində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Sübhan Zeynalovun 19 avqust 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 59-60-cı vərəqlərində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçildiyindən dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 71-72-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Hüquqi Şəxsinin 15 sentyabr 2023-cü il tarixli, 1197 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ gözaltıalmacıq nahiyyəsinin qançırı qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin 92-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, videogörüntüdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Memar Əcəmi» metrostansiyası yaxınlığında avtomobillərin arasında 2 nəfər şəxs üz-üzə duraraq söhbət edir, onlardan birinin əynində göy rəngli şalvar, ağ rəngli köynək, birinin əynində isə qara rəngli şalvar və qara rəngli köynək var, hər iki şəxsin bir-birinə qarşı göstərdiyi jestlərdən onların mübahisə etməsi müşahidə olunur, həmin vaxt ətrafda kənar şəxslər toplaşması, qara rəngli geyimdə olan şəxslə ağ köynəkdə olan şəxsin bir qədər aralıya çəkilməsi, orada insanların arasında qara geyimdə olan şəxsin qəfildən ağ köynəkdə olan şəxsin sifətinə kəllə vurması, daha sonra ardıcıl olaraq bir neçə dəfə yumruqla vurması, həmin vaxt ətrafda olan şəxslərin onlara yaxınlaşıb onları aralaması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qara rəngli geyimdə olan şəxsin özünün, ağ rəngli köynəkdə olan şəxsin isə Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Cinayət işinin 101-107-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisəni özündə əks etdirən vieogörüntüləri olan bir ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materialına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası CPM-in 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (17-19 avqust 2023-cü il) 02 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış, xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən görüntülərin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini (Mingəçevir şəhəri, H.Əliyev prospekti, Qaçqın şəhərciyi, bina 4, mənzil 14) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar