Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-187/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 76-da qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə çəkilməmiş qalan 02 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,676 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 14:30-da ünvan 1 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən “patı” kimi tanıdığı psixotrop maddəni 30 manata şəxsi istifadəsi üçün almış, lakin həmin günü saat 14:30 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. Orada o, əynindəki şalvarın cibindən həmin maddəni çıxarıb təqdim etmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməliyyat müvvəkkili Şahid ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə “Mehman” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında ondan və bölmənin inspektoru X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar həmin günü saat 14:30 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, məsələ barədə məlumat verib onu 21-ci polis bölməsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək onun içərisində metamfetamin olduğunu, onu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5102 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs Əliheydər oğlu(imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,676 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,626 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.54-57); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 7127 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.119-120); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.23, 84-85, 87-90); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,626 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (İ cild, i.v.115-116); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayış və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.101-112). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi analoji cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 07 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,626 qram psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 478, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,626 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-187/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-187/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver