Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-188/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Cəlilabad rayonu, Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, «Tarixi şəxslər» redaksiyasında idarə heyətinin üzvü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat 02:00 radələrində yaşadığı ünvan 2-də arvadı Zərərçəkmiş şəxs1 ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl və ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs1 bədən nahiyəsindən vuraraq ona sol qaş nahiyəsinin qançırı və əzilmiş-cırılmış yarası, üst çənədə sağdan İ və İİ dişlərin tacının hissəvi sınması və kəmik dişlərin diş ətinə və üst dodağın selikli qişasına qansızmalar, sağ gözətrafı yumşaq toxumaların, sağ yanaq, sol gözaltı, sol bazu, sol said, sağ kürək, sol bud nahiyələrinin qançırları, həmçinin bıçaqla bədən nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs1 bel nahiyəsinin 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat 10:00 radələrində yaşadığı ünvan 2-də tanışı Zərərçəkmiş şəxs2 ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə Zərərçəkmiş şəxs2 bədən nahiyəsindən vuraraq, ona boyun nahiyəsinin sağ və sol yan səthlərinin sıyrıqları kimi, həmçinin bıçaqla bədən nahiyəsindən vuraraq, Zərərçəkmiş şəxs2 qarın nahiyəsinin sol yan səthinin daxilə nüfuz etməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) hər iki əlin kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08 mart 2022-ci il tarixdə gecə saat 02:00 radələrində yaşadığı mənzilin zalında olarkən arvadı Zərərçəkmiş şəxs1 uşağı ilə yataq otağında yatırdı. O, uşağın səsinin gəldiyini eşidib yataq otağına keçmiş, bu zaman arvadı Səidənin telefona baxdığını görmüş, Səidə onu görən kimi özünü itirmişdir. O, Səidənin telefonuna “Könlüm” adı ilə qeyd olunmuş şəxsdən mesajlar gəldiyini görmüşdür. Onlar zala keçmiş və Səidədən mesajları yazanın kim olduğunu soruşmuşdur. Səidə əvvəlcə ona qızının sinif yoldaşının anası olan Könül adlı xanımın görüşdüyü oğlan olduğunu, Könülün bu mesajları həmin oğlana yazdığını demişdir. Lakin Səidə telefonuna giriş üçün kod qoyduğundan o, telefonu açıb baxa bilməmişdir. O, Səidədən kodu açmağını, mesajları göstərməyini istəmiş, lakin Səidə müxtəlif bəhanələr gətirərək onu aldatmağa çalışmış, əvvəl mağazada işləyən Elşad adlı oğlanın ona yazdığını demişdir. Bundan sonra o, Səidəyə səhər açılanda mağazaya gedəcəklərini, həmin oğlanın nəyə görə ona mesaj yazdığını aydınlaşdıracağını demişdir. Bundan sonra Səidə ona yazanın Ənnağı usta olduğunu demişdir. Ənnağı onun qaynanasıgildə usta kimi işləmişdir. O, Səidədən telefonun kodunu açmağını nə qədər istəsə də, sonuncu açmamış, telefonunda ona göstərməyə utandığı şəkillər olduğunu bəhanə gətirmişdir. Səidə ona Ənnağını çağırmasını və sonuncunun gəlib aralarında sadəcə yazışma olduğunu, başqa heç bir şey olmadığını açıqlamasını demişdir. O, Səidəni yumruqla vurmuş, bıçaqla qorxutmaq istəyəndə isə bıçaq Səidənin buduna batmışdır. Səhər açılanda o, Səidənin anası Şahid evə çağırmış və qızının etdiyi hərəkət barədə danışmış, Esmiralda xanım da qızını danlamışdır. O, həmçinin, həmin gün evdə siqaret qutusu tapmış, Səidədən siqaret qutusunun kimə məxsus olmasını soruşanda, sonuncu siqaret qutusunun Aysel adlı tanışına məxsus olduğunu, Ayselin heç kim görməsin deyə siqareti gəlib onlarda çəkdiyini bildirmişdir. O, Səidəyə Ayselə zəng vurub çağırmasını istəmiş, Aysel onlara gəldikdə aralarında olan məsələyə onu qatmamalarını demişdir. Sonra Esmiralda xanım Ənnağını çağırmışdır. Ənnağı ilə Səidənin telefon nömrələrinin sonu da eynidir. O, Ənnağıdan “mənim arvadıma sevgi mesajları yazmağa utanmırsanmı” deyə soruşmuş, Ənnağı mesajları başqa adama yazdığını demişdir. O da əsəbləşib Ənnağının üstünə getmiş, sonuncunu yumruqla vurmuş, bıçaq götürmək istəyəndə Ənnağı əlini atıb ondan əvvəl bıçağı götürmüşdür. Bıçağı Ənnağının əlindən almaq istəyəndə bıçaq sonuncunun əlini kəsmişdir. Bundan sonra Ənnağı qaçıb getmişdir. Daha sonra törətdiyi əməldən peşman olduğunu və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə aralarındakı nikah onun razılığı ilə olmamış, Nicat onu qaçırmışdır. Onlar cəmi üç il normal, maddi sıxıntı çəkmədən yaşamışlar. Sonralar Nicat onu vurmağa və söyməyə başlamışdır. Lakin Nicatın onu vurmağı ilə bağlı daha əvvəl polisə müraciət etməmişdir. Onların bu evlilikdən iki övladı olmuşdur. Nicat onunla və uşaqları ilə heç vaxt maraqlanmamışdır. Nicatın borclu olduğu şəxslər ona və anasına dəfələrlə zəng edərək onları narahat etmişdir. O, Nicatdan ayrılmaq istəmiş, hətta bununla bağlı bir dəfə boşanmaq üçün məhkəməyə ərizə vermək istəsə də, Nicat ona mane olmuşdur. 2022-ci ilin mart ayının 8-i gecə saat 02:00 radələrində onun telefonuna mesaj gəlmiş, bu səbəbdən Nicatla aralarında münaqişə baş vermişdir. Nicat ondan telefonu alaraq mesajın kimdən gəldiyini soruşmuş və o da Könül adlı tanışından gəldiyini bildirmişdir. Könül ona "narahat olma, hər şey yaxşı olacaq" deyə mesaj yazmışdır. Nicat mesajlara baxmaq istədiyi üçün ondan telefonun kodunu açmasını istəsə də, o telefonda Köbülün mesajları olduğunu, həmin mesajları görməsini istəmədiyini demişdir. Nicat bıçaq götürüb onun üstünə gəlmiş və ona yumruq vurmuşdur. Onun iki dişi düşmüş və sonra Nicat onu təpikləməyə başlamışdır. Bundan sonra Nicat onun qabağına kağız qoymuş və həmin kağıza uşaqlardan imtina etdiyini, ərinin onu evdə başqa bir kişi ilə tutduğunu yazmasını demişdir. O, yazmayacağını deyəndə Nicat onun ayağından bıçaqla vurmuş və ona guya İlkin adlı şəxslə münasibətinin olduğunu demişdir. Daha sonra isə Ənnağının adını çəkib guya onunla görüşdüyünü demişdir. O, Nicata heç kimlə münasibətinin olmadığını və bunu dəqiqləşdirmək üçün Ənnağını çağırmasını demişdir. Ənnağı onun uşaqlıq dostudur. Ənnağının nömrəsi onda olmuş, Ənnağı sadəcə bayramlarda ona mesaj yazıb təbrik etmişdir. Ənnağı ilə onun telefon nömrələrinin sonunun eyni olması isə təsadüfdür. Səhər Nicat onun anası Şahid evə çağırmış və anası gələndən sonra sonuncudan Ənnağıya zəng edərək evə çağırmasını istəmişdir. Ənnağı onlara gələndə səhər saat 10:00 radələri olardı. Ənnağı gələndən sonra Nicatla Ənnağı arasında mübahisə baş vermiş, Ənnağı ona mesaj yazmadığını bildirdikdə Nicat Ənnağını yumruqla vurmuş, əli ilə boğazından tutub boğmuş, daha sonra isə bıçaqla əlinə xəsarət yetirmişdir. Ənnağı mübahisənin daha da gərginləşməməsi üçün qaçıb getmişdir. O isə 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra zərər çəkmiş şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin dediyi sözlərin hamısı yalandır. Onlar Səidə ilə bir həyətdə böyümüşlər və uşaq vaxtından Səidəni tanımışdır. Onun Zərərçəkmiş şəxs1 ilə sadəcə salam-sağol münasibəti olmuş, Səidənin anasıgilə usta kimi gedibgəlmişdir. O, Səidəyə mesaj yazmamışdır. Səidə ilə onun telefon nömrələrinin sonunun eyni olması təsadüfdür. 2022-ci ilin mart ayının 8-i gecə saatlarında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 evlərində hadisə baş vermiş, hadisə zamanı onun adı hallanmışdır. Səhər Səidənin uşağı ona zəng edib evlərinə çağırmış, o da əvvəl Səidənin anası Esmiralda xanımgilə getmişdir. Qapını döymüş, lakin açan olmamışdır. Sonra Esmiralda xanım ona zəng edib Səidəgildə olduğunu, ora gəlməyini demişdir. O, Səidəgilə getmiş, içəri girəndə Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görmüşdür. Aralarında mübahisə başlamışdır. O, uşaqların onlara baxdığını görüb, Nicata bloka çıxıb orada nə baş verdiyini aydınlaşdırmağı təklif etmişdir. Nicat isə onu, ailəsini və uşaqlarını təhqir etməyə, söyməyə başlamışdır. Nicat onu yumruqla böyründən vurmuş, boğazını sıxmış, sonra isə sağ əlinə bıçaq ilə xəsarət yetirmişdir. Daha sonra zərər çəkmiş şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, əvvəl qızı Səidə və onun ailəsi ilə birlikdə yaşamışdır. Sonra oradan köçmüşdür. Səidənin qızı Dəniz onunla yaşayır. Səidənin digər uşağı isə özləri ilə birlikdə yaşayır. 08 mart 2022ci il tarixdə, səhər saat 08:00-09:00 arası kürəkəni Nicat ona zəng edib Dənizlə birlikdə evlərinə çağırmışdır. Onlar da getmişlər. Mənzilin qapısının açıq olduğunu görmüşdür. İçəri girəndə hər yer qan olduğundan özünü itirmişdir. Daha sonra qızı Səidə otaqdan çıxmış, qızının dişləri sınmış, böyründən, ayağından qan axırdı. Nicat Səidənin ona xəyanət etdiyini öyrəndiyini demiş və ona bir vərəq göstərərək Səidənin özünün hər şeyi yazdığını bildirmişdir. O, Səidədən nə olduğunu soruşanda Səidə Nicatın həmin yazıları zorla yazdırdığını demişdir. Nicat çox əsəbi olmuş, söyüş söymüşdür. Nicat ona Ənnağıya zəng edib çağırmasını demiş, o da Ənnağıya zəng edərək Səidəgilə gəlməsini demişdir. Ənnağı gələn kimi Nicat Ənnağını yumruqla vurmuş, boğazını sıxmış, sonra isə əlinə bıçaq ilə xəsarət yetirmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 12.03.2022-ci il tarixli, 293 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - bel nahiyəsinin 1(bir) ədəd, sol budun 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin); sağ said nahiyəsinin kəsilmiş yarası iti kənara malik olan alətin (əşyanın); sol qaş nahiyəsinin qançırı və əzilmiş-cırılmış yarası, üst çənədə sağdan İ və İİ dişlərin tacının hissəvi sınması və həmin dişlərin diş ətinə və üst dodağın selikli qişasına qansızmalar, sağ gözətrafı yumşaq toxumaların, sağ yanaq, sol gözaltı, sol bazu, sol said, sağ kürək, sol bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 08.03.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasyiasını nəzərə alaraq, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni deşilmiş-kəsilmiş və kəsilmiş yaraların bıçağın tiyəsinin deşicikəsici və kəsici təsirindən, digər xəsarətlərin isə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür (i.v.47-49); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 12.03.2022-ci il tarixli, 294 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - qarın nahiyəsinin sol yan səthinin daxilə nüfuz etməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin); hər iki əlin kəsilmiş yaraları iti kənara malik olan alətin (əşyanın); boyun nahiyəsinin sağ və sol yan səthlərinin sıyrıqlan küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinədən bir günə qədər əvvəl əmələ gəlmişlər; qərarın təsviri hissəsində göstərilən 08.02.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq, deşilmiş-kəsilmiş və kəsilmiş yaraların bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən, digər xəsarətlərin isə insan bədəninin hissələrinin (əl, əl dırnaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür (i.v.50-52); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.03.2022-ci il tarixli, 3/322 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, üzərində hər hansı dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir (i.v.53-56); - “Maddi sübutun tanınması haqqında” 15.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v.95); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14.03.2022-ci il tarixdə verilmiş tələbnaməyə görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.57-58); - Doğum haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs 23.05.2019-cu il təvəllüdlü X2 adlı azyaşlı övladı var; - Doğum haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs 03.10.2013-cü il təvəllüdlü X3 adlı azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğunun sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün və zərər çəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən-probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-188/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-188/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver