Məhkəmə qərarları › İş №1(006)-188/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-188/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-188/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,461 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 sentyabr 2024-cü il tarixdə saat 18:20-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,461 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 09 sentyabr 2024-cü il tarixdə saat 17:00-18:00 radələrində evdə olarkən Şamxal adlı sahə müvəkkili onu evin həyətinə çağırmış, o, həyətə çıxdıqda sahə müvəkkili onunla işi olduğunu demişdır. İlk əvvəl anası həyətə çıxmış, sahə müvəkkili ona oğlunu da götürüb şöbəyə onun otağına gəlməsini tapşırmışdır. O, əynini geyinmiş, ağzına da ülgüc qoyub anası ilə birlikdə 22-ci Polis Şöbəsinə getmişdir. Yaşadığı evin həyətində velosiped olmuş, sahə müvəkkili ona velosipedin oğurluq olduğunu bildirmiş, o isə həmin velosipedin ona hədiyyə verildiyini bildirmişdir. Daha sonra sahə müvəkkili ona anası ilə işi olduğunu, anasının orada qalmasını, onun isə evə getməsini bildirmişdir. O da evə gedən zaman yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 151 ünvanının yaxınlığında mülki formada bir nəfər polis əməkdaşı arxadan ona yaxınlaşmış, o, həmin şəxsə müqavimət göstərən zaman başqa bir polis əməkdaşı da gəlmiş, o, həmin şəxslərlə dalaşmağa başlamış, daha sonra yaşadığı ərazinin əməliyyat müvəkkili gəlmiş və ona sakit olmağı, narahat olmamağı demiş və avtomobilə oturmasını bildirmişdir. Bundan sonra o, avtomobilə əyləşmiş, polis əməkdaşları avtomobildə onu bir kiloqram narkotik vasitəni saxlaması ilə bağlı ittiham edəcəklərini bildirərək 22-ci polis şöbəsinə aparmışlar. O da heç bir günahı olmadığı halda tutulacağından qorxduğu üçün şöbənin qarşısında avtomobildən düşdükdən sonra ağzında saxladığı ülgücü çıxardaraq boynunu, barmaqlarını və qarnını kəsmişdir. Polis əməkdaşları təcili tibbi yardım çağırmış, lakin təcili tibbi yardım gec gəldiyi üçün onu özləri avtomobilə mindirərək X10 aparmış və orada ona ilkin tibbi yardım göstərilərək qarnına tikiş qoyulmuşdur. Ondan sonra polis əməkdaşları onu yenidən polis şöbəsinə aparmış, orada onun qarnındakı tikişləri sökməklə hədələmiş, başından vuraraq ona fiziki təzyiq göstərmiş və ondan CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair sənədlərə qol çəkməsini tələb etmiş, əks halda onu külli miqdarda narkotik vasitə ilə “yükləyəcəkləri” ilə hədələmişlər. O da fiziki təzyiqlərə dözməyərək məcbur olub təqdim olunan sənədlərə qol çəkmişdir. Halbuki, onun üzərində psixotrop maddə olmamış, üzərindən çıxan psixotrop maddəni və bir manat pulu cibinə qoyub şəxsi axtarış zamanı təqdim etməsi üçün ona polis əməkdaşları vermişlər. Həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman o, polis şöbəsindən, sahə müvəkkilinin yanından qayıdırmış və üzərində psixotrop maddə ilə şöbəyə getməsi ağlabatan deyil. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Nicat” adlı şəxsin Nəsimi rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması və daşıması ilə bağlı polis şöbəsinə məlumat daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması ilə bağlı onun və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Nicat adlı şəxsin xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 olması müəyyən edilirmişdir. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında ünvan 2 ünvanına yollanmışlar. xx.xx.2024-cü il tarixdə saat 18:20-də ünvan 2 ünvanının qarşısında olarkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, onun Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının polis şöbəsinə daxil olduğunu bildirməklə onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs ülgüc çıxararaq özünün boğaz, qarın və əl nahiyəsini kəsərək özünə xəsarət yetirmişdir. O və Şahid2 özünə xəsarət yetirməməsi üçün Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını alaraq ülgücü onun əlindən almaqla, Təqsirləndirilən şəxs təcili olaraq tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırmışlar. Xəstəxanada Təqsirləndirilən şəxs həkim yardımı göstərildikdən sonra o Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilərək raportla rəhbərliyə müraciət olunmuşdur. Raportla bağlı araşdırmanın aparılması X5a həvalə olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman o, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzəri tam yoxlanıldıqda şalvarının sol yan cibindən 01 ədəd 01 manatlıq pul əskinası aşkar edilərək masanın üzərinə qoyulmuş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu ondan soruşulduqda o, 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, “Kubinka” adlanan ərazidən tanımadığı “Rasim” adlı şəxsdən 10 (on) manat pulun müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla gəzdirdiyini, eyni zamanda narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra 01 ədəd büküm zərfə qoyularaq zərfin ağzı möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış, 01 ədəd 01 manatlıq pul əskinası sübut əhəmiyyəti kəsb etmədiyinə görə qaytarılmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilən və polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.29-31); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.97-98); - “Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, Müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v.119-120); - “Başqa yerə getməmək haqqında qətimkan tədbiri seçmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.121-122); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayınması səbəbindən barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.143-144, 146); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zəruri istintaq hərəkətləri keçirilməsi zərurəti yarandığından cinayət işi üzrə icraat təzələnmişdir (i.v.148); - 12.12.2024-cü il tarixli “Şəxsin könüllü gəlməsi haqqında” protokoldan və “Qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri nəzərə alınmışdır (i.v.152-154); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.59-62); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4521 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,461 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (i.v.82-86); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6158 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qevdiyyata alınması məsləhət görülür (i.v.128-129); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 xx.xx.2024-cü il tarixli, 35 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin kəslimiş yaraları, qarın nahiyəsinin, sol əlin İİ və İİİ barmaqlarının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X13 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağalmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ülgücün təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilmələri istisna edilmir (i.v.158-160); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,461 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,411 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.179-185); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 68.1 və 66.5-ci maddələrinə əsasən 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.126-127); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb masanın üstünə qoyur, həmin bükümü Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6158 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,411 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat olmaqla, ümumi 28 saata görə cəmi 208 (iki yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,411 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 208 (iki yüz səkkiz) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar