Məhkəmə qərarları › İş №1(006)-189/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-189/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-189/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X13, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxsin hüquqi varisi X14 iştirakları ilə xx.xx.1979-cu il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları X34, X17 və X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Tural Ağayevin vasitəsilə tanıdığı X2 qohumu X16 tərəfindən Rusiya Federasiyasından göndərilməli olan 17000 ABŞ dolları pulun adlarına göndərildikdən sonra Azərpoçtun mərkəz filialından qəbul edərək Ülvi Şiraliyevə təhvil verəcəkləri ilə bağlı yalan vəd verib etibarından sui istifadə etməklə aldadaraq 07 may 2022-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən Azərpoçtun mərkəz filialında Ülvi Şiraliyevlə görüşüb sonuncu tərəfindən verilmiş kod əsasında Rusiya Federasiyasından «Zolotoya Korona» təcili pul köçürmə sistemi vasitəsi ilə adına göndərilmiş həmin günün məzənnəsi ilə 7310 manat təşkil edən 4300 ABŞ dolları, Pünhan Hüseynovun adma göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları, Tural Ağayevin adına göndərilmiş 6970 manat təşkil edən 4100 ABŞ dolları və Nəriman Məmmədovun adma göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları pulu Azərpoçtun mərkəz filialından qəbul etdikdən sonra Ülvi Şiraliyevə təhvil verməyib ələ keçirərək ümumilikdə X18 həmin günün məzənnəsi ilə 28900 manat təşkil edən 17000 ABŞ dolları məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İştirak etdiyi məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X10 təxminən 2015-ci ildən tanıyır. 06 may 2022-ci il tarixdə, təxminən saat 17 radələrində o, tanışı Nəriman ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən «Bakı» kinoteatrının yaxınlığında olan kafelərin birində əyləşdiyi zaman istintaq zamanı adını bildiyi X5 zəng edib Rusiya Federasiyasında yaşayan dayısının Bakı şəhərinə pul göndərəcəyini, bir nəfər şəxs vasitəsilə həmin pulu götürməyin mümkün olmadığını, bunun üçün bir neçə nəfər şəxs tapmasını xahiş etmiş və adambaşına 100 manat pul veriləcəyini bildirmişdir. O da adına pul göndərilməsinə razılıq vermişdir. Həmin vaxtı Nəriman onun razılığı ilə onun şəxsiyyət vəsiqəsinin foto şəkilini çəkib «whatsapp» tətbiqi vasitəsilə Turala göndərmişdir. Bu zaman yan masada əyləşən Pünhan onların söhbətini eşitmiş və onun da adını yazmaqlarını xahiş etmişdir. Pünhana bunun müqabilində 50 manat pul veriləcəyini demişlər. O da razılaşmışdır. 07 may 2022-ci il tarixdə o, Bakı şəhəri, Səbail rayonunda yerləşən Azərpoçta getmişdir. Poçtda olarkən Tural onun telefonuna şifrənin şəklini çəkmiş, o da həmin şifrəni kassaya söyləməklə adına gələn 4.300 ABŞ dolları məbləğində pulu götürmüşdür. Sonra ona bir nəfər şəxs yaxınlaşmış və pulun onlara çatacağını bildirmişdir. Həmin şəxs Ülvi Şiraliyev olmamışdır. Bu zaman o, Nərimana yaxınlaşmış, ondan pulu istəyən şəxsin kim olduğunu soruşmuşdur. Nəriman Ülvi və Turalın yanında olmuş və elə onunla bağlı söhbət etdiklərini bildirmişdir. Sonra onlar poçtdan çölə çıxmış və polis bölməsinə gedəcəklərini demişlər. Nərimangil maşına minib getmiş və Nəriman ondan zəng gözləməsini demişdir. Sonra Nəriman ona zəng edib Nərimanov parkının qabağında olduqlarını demiş, 2-3 dəqiqə sonra yenə zəng edib pulun yiyəsinin bilinmədiyini, Əhmədlidə görüşmələrini, pulun kimə məxsus olduğunu deyəcəyini bildirmişdir. Sonra heç bir xəbər çıxmamış və pulun yiyəsini bilinmədiyi üçün hər kəs götürdüyü pulu özündə saxlamışdır. O da adına gələn 4300 ABŞ dolları məbləğində pulu özünə götürmüş və ehtiyaclarına xərcləmişdir. Həmçinin, o bildirmişdir ki, Pünhan Hüseynovun 4300 ABŞ dolları Tural Ağayevə verməsini görməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X25 ifadəsində göstərmişdir ki, X21 onun əmisi oğludur və hazırda Rusiya Federasiyasında yaşayır. Elvinin əsl adı Mühasibdir. X26 onun bibisi oğludur. X19 həmkəndlisi olduğundan uşaqlıqdan tanıyır. X27 2022-ci ilin may ayından tanışı Azadın vasitəsilə tanımışdır. Azadı da təxminən 1 ildirki, tanıyır, anket məlumatlarını bilmir. 06 may 2022-ci il tarixdə əmisi oğlu Elvin onunla əlaqə saxlayaraq Rusiya Federasiyasından «Zolotaya Korona» təcili pul köçürmə sistemi vasitəsilə Azərbaycan Respublikasına, yəni ona 17.000 (on yeddi min) ABŞ dollar pul göndərəcəyini demişdir. Elvinin xahişinə əsasən o, həmin məbləğdə pulu əmisi oğlu Elvinin ailəsinə təhvil verməli imiş. Lakin sonradan Elvin ilə onun arasında olan qarşılıqlı razılaşmaya əsasən həmin pul mənə çatmalı imiş. Belə ki, həmin pul ona məxsus olmuşdur. Lakin qeyd olunan məbləğdə pulun bir nəfər şəxsin adına göndərməyin mümkün olmadığı üçün o, dostu Tural Ağayevdən ona kömək etməsini xahiş etmişdir. Danışığa əsasən birlikdə 07 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən, metronun «Sahil» stansiyasının qarşısında görüşməli imişlər. Pul vəsaitinin çıxarılmasında limit olduğuna görə Turaldan üç nəfər tanışını da gətirməsini xahiş etmişdir. Onun xahişi ilə Tural özünün və tanışlarının, yəni Təqsirləndirilən şəxs, X17 və X6 şəxsiyyət vəsiqələrinin foto şəkillərini «vhatsapp» vasitəsilə ona göndərmişdi. O da həmin vəsiqələrin foto şəkilini əmisi oğlu Elvinə göndərmişdir ki, göndərdiyi pulu ayrı-ayrılıqda həmin şəxslərin adlarına göndərsin. Danışdıqları kimi, yəni 07 may 2022-ci il tarixdə, saat 11:30-da o, bibisi oğlu Rauf və tanışı Nurlan ilə birlikdə ünvan 3 ünvanında yerləşən Mərkəzi Azərpoçtun qarşısına getmişlər. Orada o, Turala zəng etmişdir. Tural hazırda metronun «Sahil» stansiyasının qarşısında olduğunu demişdir. Buna görə Nurlan onları Azərpoçtun qarşısında gözləmiş, Rauf ilə o, Tural və yanında gələn şəxsləri qarşılamağa "xxxx" ASC-nin «Sahil» filialının qarşısına getmişdir. Rauf ilə o, orada Tural, İlqar, Nəriman və Pünhan ilə birlikdə görüşüb, hamısı birlikdə ünvan 3 ünvanında yerləşən Mərkəzi Azərpoçta qayıdıb içəri daxil olmuşlar. Həmin ərəfədə tanışı Azad da Azərpoçta gəlmişdir. Elvin Turalın adına 4100 ABŞ dollar, İlqarın adına 4.300 ABŞ dollar, Nərimanın adına 4.300 ABŞ dollar və Pünhanın adına 4.300 ABŞ dollar olmaqla ümumilikdə 17.000 (on yeddi min) ABŞ dollar pul göndərmişdir. Lakin Elvin pulun çıxarılması üçün vacib olan şifrələri ona göndərmişdir. Birlikdə poçta daxil olduqdan sonra o, şifrələri Tural, İlqar, Nəriman və Pünhana demişdir. Həmin şəxslər hər biri Elvinin onların adlarına göndərmiş olduğu pulları kassadan qəbul edib götürmüşlər. Poçtun içərisində olan zaman həmin şəxslərdən pulu ona təqdim etmələrini xahiş etmişdir. Lakin onlar Turalın vasitəsilə gəldiklərini bildirərək pulu Turala verəcəklərini qeyd etmişilər. Beləliklə Tural, İlqar, Nəriman və Pünhan heç biri Elvinin ona göndərmiş olduğu pulu ona verməmişlər. Söhbət zamanı Tural narahat olmamağını və pulu ona verəcəklərini bildirmişdir. Poçtdan küçəyə çıxdıqda, İlqar poçtun qarşısında onun qoluna girərək polis əməkdaşı olduğunu və guya onların «qara bazar» ilə məşğul olduğunu bildirərək onları Nərimanov rayon Polis İdarəsinə aparacaqlarını bildirmişdir. Həmin vaxtı Nəriman da Turalın əyninidə olan şalvarın kəmərindən tutmuşdur. Hamısı birlikdə "xxxx" ASC istiqamətdə piyada hərəkət etmişlər. Həmin vaxtı İlqar metronun «Sahil» stansiyasının yaxınlığında yoldan keçən, dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli «Azsamand» markalı taksi avtomobili saxlatmışdır. Tural, İlqar, Nəriman və o, həmin taksi avtomobilinə əyləşmişlər. İlqar avtomobildə ön oturacaqda əyləşmişdir. Avtomobil hərəkətə başlamamış İlqar rəislə danışdığını deyərək avtomobili tərk edərək oradan uzaqlaşmışdır. O, isə Tural və Nəriman ilə birlikdə həmin taksi avtomobili ilə Nərimanov RPİ-nin qarşısına yollanmışdır. Polis İdarəsinin qarşısında avtomobili tərk etmişdir. Həmin vaxtı Nəriman Turalın həmin Polis İdarəsində izahatı alındıqdan sonra onu da Polis İdarəsinə dəvət etdəcəyini bildirmişdir. Onun fikri telefonunda qaldığı üçün Tural ilə Nərimanın Polis İdarəsinin inzibati binasına daxil olub-olmamalarını görməmişdir. O isə tək Polis İdarəsinin qarşısında təxminən 3-4 saat gözlədikdən sonra onların gəlmədiklərini görüb Turala zəng etmişdir. Turalın mobil telefonu bağlı olduğu üçün o, həmin şəxslər tərəfindən aldadıldığını başa düşmüş və 07 may 2022-ci il tarixdə, saat 17:03-də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək qeyd olunan şəxslərin ona qarşı dələduzluq etmələri barədə məlumat vermişdir. Azadın Azərpoçta gəlməsinin səbəbi onun xahişi ilə əmisi oğlu Elvinin Azadın adına 4.300 ABŞ dollar pul göndərməsi olmuşdur. Lakin həmin vaxtı ara qarışdığından Azad Azərpoçtda qeyd olunan pulu götürməmiş və sonradan pulu çıxarıb ona vermişdir. Buna görə onun Azaddan heç bir şikayət və tələbi yoxdur. O, Tural, İlqar, Nəriman və Pünhan ilə Azərpoçtun qarşısında söhbət edən zaman bibisi oğlu Rauf, tanışları Nurlan və Nəriman onlardan bir qədər kənarda dayanmışlar. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 4.900 manat ödəniş edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, X25 və X21 onun dayısı oğludur, Elvin Ülvinin əmisi oğludur və hazırda Rusiya Federasiyasında yaşayır. Elvinin əsl adı Mühasibdir. X3 tanışıdır. 07 may 2022-ci il tarixdə, təxminən saat 11 radələrində o, Ülvinin xahişi ilə, Ülvi və Nurlan Muradov ilə birlikdə ona məxsus «Priora» markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanında yerləşən Mərkəzi Azərpoçtun qarşısına getmişdirlər. Orada Ülvi istintaq zamanı adını bildiyi X29 zəng etmişdir. Tural hazırda metronun «Sahil» stansiyasının qarşısında olduğunu demişdir. Buna görə Nurlan Azərpoçtun qarşısında gözləmiş, Ülvi ilə o, Tural və yanında gələn şəxsləri qarşılamağa "xxxx" ASC-nin «Sahil» filialının qarşısına getmişlər. Ülvi ilə o istintaq zamanı adlarını bildiyi X34, Təqsirləndirilən şəxs, X17 və X15 ilə birlikdə Mərkəzi Azərpoçta qayıtmışdırlar və birlikdə içəri daxil olmuşlar. Həmin ərəfədə Ülvinin tanışı Azad da Azərpoçta gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, Ülvinin əmisi oğlu Elvin (Müxasib) Rusiya Federasiyasından Turalın adına 4.100 ABŞ dolları, İlqarın adına 4.300 ABŞ dolları, Nərimanın adına 4.300 ABŞ dolları və Pünhanın adına 4.300 ABŞ dolları olmaqla ümumilikdə 17.000 (on yeddi min) ABŞ dolları pul göndərmişdir. Lakin Elvin pulun çıxarılması üçün vacib olan şifrələri Ülviyə göndərmişdir. Poçtda Ülvi həmin şifrələri Tural, İlqar, Nəriman və Pünhana demişdir. Həmin şəxslər hər biri adlarına göndərilmiş olduğu pulları kassadan qəbul edib götürmüşlər. Poçtun içərisində olan zaman Ülvi həmin şəxslərdən pulu təqdim etmələrini xahiş etmişdir. Lakin həmin şəxslər Turalın vasitəsilə gəldiklərini bildirərək pulu Turala verəcəklərini qeyd etmişdirlər. Beləliklə Tural, İlqar, Nəriman və Pünhan heç biri Ülvinin əmisi oğlunun Ülviyə göndərmiş olduğu pulu Ülviyə verməmişlər. Söhbət zamanı Tural narahat olmamağını və pulu ona verəcəklərini bildirmişdir. Poçtdan küçəyə çıxdıqda, İlqar poçtun qarşısında Ülvinin qoluna girərək polis əməkdaşı olduğunu və «qara bazar» ilə məşğul olduqlarını bildirərək Ülvini Nərimanov rayon Polis İdarəsinə aparacaqlarını bildirmişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra Ülvi, Tural, İlqar, Nəriman və Pünhan ilə birlikdə oradan piyada bir qədər uzaqlaşmışlar. Sonradan o həmin şəxslərin hansı istiqamətə getdiklərini görməmişdir. Həmin vaxtı o orada Ülvinin tanışı olan Azad adlı şəxs və Nurlan ilə birlikdə qalmışdır. Bundan bir qədər sonra Ülvi Nurlana zəng edib Nərimanov RPİ-nin qarşısında olduğunu deyib onu və Nurlanı oraya çağırmışdır. O da Azad və Nurlan ilə birlikdə oraya gedib Ülvi ilə görüşmüşlər. Ülvi həmin vaxtı qeyd etdiyi şəxslərdən iki nəfərin Polis İdarəsində olduğunu bildirmişdir, lakin bir qədər orada gözəlidkdən sonra məlum olmuşdur ki, həmin şəxslər Polis İdarəsinin inzibati binasına daxil olmamışlar. Beləliklə həmin şəxslər Ülvinin əmisi oğlunun Rusiya Fderasiyasından Azərbaycan Respublikasına Ülvi üçün göndərdiyi ümumilikdə 17.000 ABŞ dollar pulu ələ keçirmişlər. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, Rusiya Federasiyasında yaşayan dayısı oğlu Elvin Şirəliyev 2022-ci ilin aprel ayında onun adına 4.900 ABŞ dollar pul göndərmiş və Ülviyə verməyini demişdir. O da həmin pulu kassadan götürüb tam şəkildə Ülviyə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, X25 onun tanışıdır, 2008-ci il tarixdən tanıyır. Aralarında dostluq münasibətləri vardır. 2022-ci ilin aprel və may aylarında Ülvi ondan xahiş etmişdir ki, Rusiya Federasiyasında yaşayan, adını bilmədiyi əmisi oğlu onun adına pul göndərsin, o da pulu Ülviyə versin. Aralarında olan dostluq münasibətlərinə görə o Ülvi ilə razılaşmışdır. Bunun üçün Ülvi onun şəxsiyyət vəsiqəsinin şəkilini çəkib «vhatsapp» vasitəsilə əmisi oğluna göndərmiş, bundan sonra Rusiya Fderasiyasından 2022-ci ilin aprel ayında onun adına 4300 ABŞ dollar, 2022-ci ilin may ayının əvvəlində isə onun adına 4.900 ABŞ dolllar pul göndərilmişdir. O da 2022-ci ilin aprel ayında Ülvi ilə birlikdə gedib, Mərdəkan qəsəbəsində yerləşən "xxxx" ASC-dən onun adına gələn pulu götürüb tam şəkildə Ülviyə vermişdir. 2022-ci ilin may ayının əvvəlində onun adına gələn pulu götürmək üçün X36 ilə birlikdə gedib, o, kassadan pulu götürüb tam şəkildə Ülviyə vermişdir. Lakin Ülvi bunun müqabilində ona hər-hansı bir məbləğdə pul verməmişdir. O, bunu təmənnasız olaraq Ülvi ilə aralarında olan dostluq münasibətlərinə əsasən etmişdir. 07 may 2022-ci il tarixdə, təxminən saat 11 radələrində o, Ülvinin xahişi ilə Ülvi və sonuncunun bibisi oğlu X26 ilə birlikdə Raufa məxsus «Priora» markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanında yerləşən Mərkəzi Azərpoçtun qarşısına getmişdir. Orada Ülvi istintaq zamanı adını bildiyi X29 zəng etmişdir. Tural hazırda metronun «Sahil» stansiyasının qarşısında olduğunu demişdir. Buna görə o, Azərpoçtun qarşısında gözləmişdir, Rauf ilə Ülvi Tural və yanında gələn şəxsləri qarşılamağa "xxxx" ASC-nin «Sahil» filialının qarşısına getmişdir. Bir neçə dəqiqədən sonra Ülvi və Rauf ilə birlikdə istintaq zamanı adlarını bildiyi X34, Təqsirləndirilən şəxs, X17 və X15 ilə birlikdə Mərkəzi Azərpoçta qayıtmış və birlikdə içəri daxil olmuşlar. Həmin ərəfədə Ülvinin tanışı Azad da Azərpoçta gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, Ülvinin əmisi oğlu Rusiya Federasiyasından Turalın adına 4.100 ABŞ dolları, İlqarın adına 4.300 ABŞ dolları, Nərimanın adına 4.300 ABŞ dolları və Pünhanın adına 4.300 ABŞ dolları olmaqla ümumilikdə 17.000 (on yeddi min) ABŞ dolları pul göndərmişdir. Elvin pulun çıxarılması üçün vacib olan şifrələri Ülviyə göndərmişdir. Poçtda Ülvi həmin şifrələri Tural, İlqar, Nəriman və Pünhana demişdir. Həmin şəxslər hər biri öz adlarına göndərmiş olduğu pulları kassadan qəbul edib götürmüşlər. Poçtun içərisində olan zaman Ülvi həmin şəxslərdən pulu təqdim etmələrini xahiş etmişdir. Həmin şəxslər Turalın vasitəsilə gəldiklərini bildirərək pulu Turala verəcəklərini qeyd etmişlər. Beləliklə Tural, İlqar, Nəriman və Pünhan heç biri Ülvinin əmisi oğlunun Ülviyə göndərmiş olduğu pulu Ülviyə verməmişlər. Söhbət zamanı Tural narahat olmamağını və pulu verəcəklərini bildirmişdir. Poçtdan küçəyə çıxdıqda, İlqar poçtun qarşısında Ülvinin qoluna girərək polis əməkdaşı olduğunu və «qara bazar» ilə məşğul olduqlarını bildirərək Ülvini Nərimanov rayon Polis İdarəsinə aparacaqlarını bildirmişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra Ülvi Tural, İlqar, Nəriman və Pünhan ilə birlikdə oradan piyada bir qədər uzaqlaşmış, sonradan o, həmin şəxslərin hansı istiqamətə getdiklərini görməmişdir. Həmin vaxtı o orada Azad və Rauf ilə birlikdə qalmışdır. Bundan bir qədər sonra Ülvi ona zəng edib Nərimanov RPİ-nin qarşısında olduğunu deyib oraya çağırmışdır. O da Azad və Rauf ilə birlikdə oraya gedib Ülvi ilə görüşmüşdür. Ülvi həmin vaxtı qeyd etdiyi şəxsdən iki nəfərin Polis İdarəsində olduğunu bildirmişdir, lakin onlar bir qədər orada gözəlidkdən sonra məlum olmuşdur ki, həmin şəxslər Polis İdarəsinin inzibati binasına daxil olmamışlar. Beləliklə həmin şəxslər Ülvinin əmisi oğlunun Rusiya Fderasiyasından Azərbaycan Respublikasına Ülvi üçün göndərdiyi ümumilikdə 17.000 ABŞ dollar pulu ələ keçirmişdirlər. Məhkəmə iclasında iştirak edən ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X4 İlqar Eldar oğlunun ölməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır; - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq sonuncu nömrə altında davam etdirilmiş, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, zərərçəkmiş şəxs X25 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir; - X8 16 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X9 məxsus 310 307 (üç yüz on min üç yüz yeddi) rubl 35 qəpik, hansı ki, pul vəsaitlərinin Məmmədova Nərimana köçürülməsi tarixinə (06 may 2022-ci il) 4300 (dör min üç yüz) ABŞ dolları məbləğinə bərabərdir, pul vəsaitlərini göndərəndir, həmin məbləği X1 xahiş etmişdir; - Bayjiqitov Eldiyarın 14 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X9 məxsus 310 307 (üç yüz on min üç yüz yeddi) rubl 35 qəpik, hansı ki, pul vəsaitlərinin Hüseynov Pünhana köçürülməsi tarixinə (06 may 2022-ci il) 4300 (dör min üç yüz) ABŞ dolları məbləğinə bərabərdir, pul vəsaitlərini göndərəndir, həmin məbləği X1 xahiş etmişdir; - X33 17 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X9 məxsus 298 874 (iki yüz doxsan beş min səkkiz yüz yetmiş dörd) rubl 45 qəpik, hansı ki, pul vəsaitlərinin Ağayev Turala köçürülməsi tarixinə (06 may 2022-ci il) 4100 (dör min bir yüz) ABŞ dolları məbləğinə bərabərdir, pul vəsaitlərini göndərəndir, həmin məbləği X1 xahiş etmişdir; - X39 Maqomedoviçin 16 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X9 məxsus 310 307 (üç yüz on min üç yüz yeddi) rubl 35 qəpik, hansı ki, pul vəsaitlərinin Təqsirləndirilən şəxs köçürülməsi tarixinə (06 may 2022-ci il) 4300 (dör min üç yüz) ABŞ dolları məbləğinə bərabərdir, pul vəsaitlərini göndərəndir, həmin məbləği X1 xahiş etmişdir; - X7 göndərdiyi xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, 17.000 ABŞ dollar hansı ki, təqsirləndirilən şəxslər tərəfindən oğurlanıb, həmin məbləğ bundan əvvəl X7 mülkiyyətində olub, X11, Baijigitov Eldiyar, X40 və X12 tərəfindən göndərilib, X25 17.000 ABŞ dolları həcmində pul vəsaitlərini X9 verib. Buna görə də həmin pul vəsaiti X18 məxsus olduğundan, sonuncunu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmağını xahiş etmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20 X37 01 mart 2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs meyiti Birliyin Suraxanı Rayon Şöbəsində məhkəmə-tibbi müayinə keçirilmiş və meyit dəfn olunması üçün təhvil verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarxli məktubu ilə Təqsirləndirilən şəxs yaxın qohumlarına bildiriş təqdim edilmiş, şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs qardaşı X30 qardaşının xx.xx.2024-cü ildə öldüyünü bildirmiş, ərizə verərək Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X30 ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən proses iştirakşılarının ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-ci və 44.2.1-1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə, bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 106-1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istədiyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin, habelə hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu özünün hüquqi varis qismində tanınmasını tələb edə bilər. Onun ərizəsinə cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 119.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və məhkəmə istintaqının gedişində öldüyündən ona cəza təyin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 44, 344-347, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar