Məhkəmə qərarları › İş №1(006)-19/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-19/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-19/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1974-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Atabəylər küçəsi, ev 13, mənzil 22də qeydiyyatda olan, hazırda ünvan 3-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin” adlanan yerdə, istintaqa adı “Rəşad” kimi məlum olan şəxsdən 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-cəmi 0,280 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlayıb daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd siqaret kağızı bükümündə cəmi çəkisi 0,280 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, taksiçilik fəaliyyəti ilə məşğul olur, Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olsa da, hazırda Bakı şəhərində yaşayır, evlidir və himayəsində iki azyaşlı övladı var, o, əvvəllər narkotik vasitə istifadəçisi olmamış, təqribən son bir ildə narkotik vasitə istfadə etməyə başlamış, əsasən də el arasında “nəşə” kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) istifadə edir. Heç bir zaman narkotik vasitə olan heroin almamış və istifadə etməmişdir. İstifadə etdiyi narkotik vasitəni adətən Bakı şəhəri ərazisində olan “Papanin’’ adlanan ərazidən müxtəlif şəxslərdən alır. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 23 ünvanının qarşısında olan zaman qara rəngli modelini dəqiq xatırlamadığı avtomaşından sayı 3 nəfərdən çox mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxslər ona Nəsimi rayon Polis İdarəsinin əməkdaşları olduqlarını demiş, polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamağı və qəbul etməyi barədə əməliyyat məlumatının olduğunu demiş və onlarla birlikdə bununla bağlı onun 20-ci Polis Bölməsinə getməli olduğunu demişlər. Həmin şəxslərdən biri onun əvvəllər də Rahib adı ilə tanıdığı polis əməkdaşı olmuşdur. Narkotik vasitəni əldə etmək üçün “Papanin” adlanan əraziyə gedərkən Rahibə məxsus avtomaşının da çox zaman orda olduğunun şahidi olmuşdur. Lakin o, polis əməkdaşları ilə razılaşmayaraq onun üzərində hər hansı bir narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra onlardan biri yerdən bir ədəd kağıza bükülünü götürərək onun narkotik vasitə olduğunu və həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. Polis əməkdaşları onun üzərinə baxış keçirilməsi məqsədilə onu 20-ci Polis Bölməsinə getməyi təklif etmiş o da etiraz etməyərək onlarla birlikdə 20-ci Polis Bölməsinə getmişdir. 20-ci Polis Bölməsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul olunmuş, axtarışa başlamazdan öncə polis əməkdaşları ondan üzərində hər hansı bir qanunla qadağan olunan əşya, maddə olub-olmaması, olduğu təqdirdə könüllü olaraq təqdim etməsini təklif etmişlər. O isə üzərində hər hansı bir narkotik vastənin və ya qeyri-qanuni bir əşyanın olmadığını bildirmiş və üzərindən heç nə çıxmamışdır. İfadəsinin sonunda onun tərəfindən hər hansı bir cinayət əməlinin törədilmədiyini, ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirərək, bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin CAQ-nun baş əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 xx xxxxxx 2020-ci il tarixdə Qurban adlı şəxsin Bakı şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitələr əldə etməsi və onun qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı almış, məlumatı yoxlamaq üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmuş, onun və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə birlikdə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə əməliyyat məlumatını yoxlamaq üçün hərəkətə keçmiş, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində “Qurban” adlı şəxsi Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 23 ünvanının qarşısında saxlayıb özlərini ona təqdim etmiş, Qurbana qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və qəbulu barədə onlarda əməliyyat məlumatının olmasını demiş və onu Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə dəvət etmiş, Qurban da edilən təklifə etiraz etməyib razılaşmış və onlarla birlikdə 20-ci Polis Bölməsinə getmiş, 20-ci Polis Bölməsinin inzibatı binasında həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, 20-ci Polis Bölməsinin inzibati binasında onun, Şahid3, Şahid1 iştirakı ilə təhqiqatçı Rasim Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında qərar qəbul olunmuş, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, narkotik vasitə və ya silah olub-olmaması barədə soruşulmuş və əgər olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret bükümünü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan qəhvəyi rəngli, spesifik iyə malik maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni bir neçə saat öncə özünün istifadə etməsi üçün Bakı şəhəri ərazisində “Papanin” adlanan ərazidə Rəşad adlı şəxsdən 20 manata aldığını və üzərində saxladığını, təqribən 1 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa üzərində hər hansı bir qanunla qadağan olunan əşyanın olmadığını bildirmiş, daha sonra onun üzərində axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunan heç bir əşya, maddə və ya predmet aşkar edilməmiş, sonda Təqsirləndirilən şəxs təqdim etdiyi və narkotik vasitə olan heroin olduğunu söylədiyi 1 ədəd gümüşü rəngli siqaret bükümü təhqiqatçı tərəfndən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərinə imzalar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı X16 tərəfindən tərtib edilmiş və həmin bölmənin CAQ-nun baş əməliyyat müvəkkili Şahid1, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin CAQnun baş əməliyyat müvəkkili Şahid2, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin CAQ-nun əməliyyat müvəkkili Şahid3 mütəxəssis qismində dəvət edilmiş X13, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təkif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əlini əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibinə salaraq bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik, maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan qəhvəyi rəngli, spesifik iyə malik maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni bir neçə saat öncə özünün istifadə etməsi üçün Bakı şəhəri ərazisində “Papanin” adlanan ərazidə Rəşad adlı şəxsdən 20 manata aldığını və üzərində saxladığını, təqribən 1 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa üzərində hər hansı bir qanunla qadağan olunan əşyanın olmadığını bildirmiş, daha sonra onun üzərində axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunan heç bir əşya, maddə və ya predmet aşkar edilməmiş, sonda Təqsirləndirilən şəxs təqdim etdiyi və narkotik vasitə olan heroin olduğunu söylədiyi 1 ədəd gümüşü rəngli siqaret bükümü təhqiqatçı tərəfndən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərinə imzalar edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Buna görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir (i/v 48-54). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3988 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən......" sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 59-62). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 0,280 qram narkotik vasitə - heroinin tədqiqatdan sonrakı qalıq qalan 0,230 qramının maddi sübut kimi tanınması qərara alınmış və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin Nöbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmışdır (i/v 1428-133). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 xx.xx.2020-ci il tarixli, 667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 121-122). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 118). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan, vəsatətin təmin edilməsindən imtina olunması haqqında qərardan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət əsassız olduğundan vəsatətin müdafiə edilməsindən Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədli tərəfindən imtina olunmuş və həmin tarixdə də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 26-27, 98-100, 102-13). İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə X4 ilə nikaha daxil olmuşdur (i/v 110). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X10 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır (i/v 111-112). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi özünü müdafiə xarakteri daşıyır, lakin onun bu əməli törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu iki gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ondan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ümumi qalıq çəkisi 0,230 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli “dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən hüquqi yardım göstərilmişdir. Məhkəmə istintaqı dövründə isə Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-148/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat və Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. X1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 0,230 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat və X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar