Məhkəmə qərarları › İş №1(006)-19/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-19/2022

06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-19/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı “SM-G985F/DS” modelli mobil telefonu ələ keçirmək barədə aralarında planlı şəkildə vəzifə bölgüsü apardıqdan sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb sonuncuya məxsus 1650 manat dəyərində “Samsung” markalı, “SM-G985F/DS” modelli mobil telefonu təcili olaraq 1400 manata satmaqda köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq inandırmış və 09.12.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Neptun" supermarketin qarşısında görüş təyin edib həmin gün saat 16:55-də qeyd olunan ünvanın qarşısında Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs ilə görüşüb Şahid1 Zərərçəkmiş şəxs mobil telefonların satışı ilə məşğul olan etibarlı şəxs kimi təqdim etdikdən sonra əvvəlcədən planlaşdırdıqları şəkildə Şahid1 yaxınlıqda olan müştəriyə satıb pulunu gətirəcəyi adı ilə qeyd olunan mobil telefonu Zərərçəkmiş şəxs götürüb ələ keçirərək hadisə yerindən uzaqlaşdıqdan sonra o, həmin gün Şahid1 ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Təzə Bazarın qarşısında görüşüb mobil telefonu sonuncudan götürərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən telefon mağazasına 1400 manat nağd pula satıb əldə etdiyi pulun 500 manatını Şahid1, qalan 900 manatını özünə götürməklə Zərərçəkmiş şəxs 1650 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.12.2020-ci il tarixdə Vasif adlı şəxs ona zəng edib “Samsung” markalı telefonunu satacağını və pul lazım olduğunu bildirmiş və o, Vasifə Azər adlı tanışının olduğunu deyib məsələni həll edəcəyini bildirmişdir. Sonra o, Azərə, yəni Şahid1 zəng edərək tanışı Vasif adlı şəxsin telefon satmasını demiş və Sarxana demişdir ki, onlara yaxınlaşanda özünü Azər kimi təqdim etsin. 09.12.2020-ci il tarixdə saat 17:00-da Nəsimi rayonu, Milli Bankın yaxınlığında olan “Neptun” marketin yanına Vasiflə gəlmişlər. Ondan qabaq o, Azərin, yəni Sarxanın ***-***- **-** nömrəsinə zəng vurub məsələni danışmışdır. Vasif telefonunu 1400 manata satırdı. O da əlavə qazanc kimi 1420 manata satacaqdı. Üçü görüşdükdə Sarxan telefonun kreditdə olub-olmamasını soruşmuş və tanışına satacağını bildirmişdir. Vasif telefonu Sarxana verəndə o, Vasifi əmin etmişdir ki, narahat olmasın, tanıdığı adamdır. Bundan sonra Sarxan getmiş və onlar da onun arxasınca getmişlər. Sonra Sarxan telefonu satmış, ona da 500 manat pul vermişdir. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral-mart aylarından tanıyır. Belə ki, o, həmin vaxt elan vasitəsilə “Xiomi Note 8” markalı mobil telefonunu satan zaman Ağasəlimlə tanış olub, həmin telefonu Ağasəlimə 300 manata satmışdır. Ağasəlim ondan telefonu alan zaman telefon alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra onun Ağasəlimlə münasibəti yaranmışdır. O, 09.12.2020-ci il tarixdə özünə “World Telekom” mağazasından 1500 manata “Samsung S 20 Plus” markalı telefon almışdır. Lakin həmin gün evində xəstə olduğundan, yəni azyaşlı qızının səhhətində problemlər olduğundan dərhal ona pul lazım idi. Buna görə də aldığı telefonu satmaq qərarına gəlmişdir. O, Ağasəlimə zəng edib telefonunu satmaq istədiyini bildirmişdir. Ağasəlim problemsiz telefonu sata biləcəyini demiş və o, Milli Bankın arxasında “Neptun” marketin yanında Ağasəlimlə görüşmüşdür. Görüşdükləri zaman Ağasəlim ona bir nəfər tanışının olduğunu və telefonu o istədiyi qiymətə, yəni 1420 manata alacağını demişdir. O da Ağasəlimlə razılaşmışdır. Bundan sonra Ağasəlim onun yanında telefonu guya almaq istəyən Azər adlı şəxsə zəng etmiş və onu “Neptun” marketin yanında gözlədiyini demişdir. Ağasəlimin zəngindən 5 dəqiqə sonra həmin Azər adlı şəxs təxminən saat 17 radələrində onlara yaxınlaşmışdır. Telefonunun kreditdə olub-olmamasını dəqiqləşdirmiş və yaxına gedib telefonu digər adama 1420 manata satıb pulunu alıb geri qayıdacağını bildirmişdir. Danışıq zamanı o, Ağasəlimə telefonu həmin şəxsə versə, telefona kimin cavabdeh olacağını demiş, Ağasəlim isə ona narahat olmamağı, Azəri yaxşı tanıdığını bildirmişdir. O, bundan sonra əlimdə olan sellofan torbanın içindən qara rəngli qutuda olan “Samsung S 20 Plus” markalı telefonu sənədləri, qulaqcığı və adaptoru ilə birlikdə Azər adlı şəxsə vermişdir. Azər ondan telefonu alıb “28 Mall” ticarət mərkəzinə tərəf yollanmışdır. O isə Azərə inanmadığından Ağasəlimə Azərin arxasınca getmələrini demiş, onlar Azərin arxasınca getməyə başlamışlar. Ağasəlim onunla bərabər getsə də, onu yayındırırdı ki, Azərin arxası ilə getməsinlər. Buna görə də Ağasəlim asta yerişlə hərəkət edirdi. Azər isə sürətini artırırdı. O, Azərin arxasınca getmək istəsə də, Ağasəlim ona ayıb olduğunu və köşkdən Bizon alıb içmələrini, Azərin onsuz da onların yanına gələcəyini demişdir. Ağasəlim beləliklə onu saxlatdırmış və o, Azərin hara getdiyini görməmişdir. Bundan sonra, Azəri təxminən bir saat “Neptun” marketin yanında gözləmişdir. Lakin Azər gəlməmişdir. Ağasəlim Azərin ***-***-**-** saylı mobil nömrəsinə zəng etsə də, həmin nömrədən operator “bu nömrə daxil olan zəngləri qəbul etmir” sözlərini demişdir. Bundan sonra o, Ağasəlimin telefonuna baxıb nə vaxt Azərə zəng etdiyini dəqiqləşdirmişdir. Lakin qeyd olunan ***-***-**-** saylı mobil nömrəyə Ağasəlim cəmi bir dəfə onun yanında zəng etmişdi. Bundan əvvəl hansı nömrə ilə Azərə zəng edib danışmasını Ağasəlim ona deməmiş, yəni Azərin mobil nömrəsini ondan gizlətmişdir. O da artıq dəqiq başa düşmüşdür ki, Ağasəlim onu aldatmışdır. Ağasəlim Azərdən sadəcə olaraq istifadə etmiş və Azərin vasitəsilə onun telefonunu ələ keçirmişdir. Buna görə də o, Ağasəlimə bir gün vaxt verib telefonunu bir günə gətirməsə polisə şikayət edəcəyini demişdir. Ağasəlim onun pulunu və telefonunu gətirmədiyindən o da 10.12.2020-ci il tarixdə polisə şikayət etmişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 20.12.2020-ci il tarixdə özünə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 26 ünvanında yerləşən telefon mağazasından bir ədəd qara rəngli qutuda təzə vəziyyətdə “Samsung S 20 Plus” markalı mobil telefonu və həmin telefona aid qulaqcıq və adaptoru sənədləri ilə birllikdə 1600 manata almışdır. Həmin telefonu alandan sonra özünə məxsus mobil nömrə ilə işlətmişdir. 20.01.2021-ci il tarixdə ona Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməkdaşı zəng edərək həmin aldığı telefonun cinayət yolu ilə əldə olunaraq telefon mağazasına satıldığını və telefonu təqdim etməyini bildirmişdir. O isə polis əməkdaşına telefonun cinayət yolu ilə əldə olunmasından xəbərinin olmadığını və telefonu təzə vəziyyətdə 1600 manata aldığını demişdir. O, telefonu alanda telefon təzə vəziyyətdə qutunun içində olmuşdur. Sonra telefonu aparıb təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09.12.2020-ci il tarixdə saat təxminən 15-16 radəsində Ağasəlim ona zəng edərək bir tanışının təzə vəziyyətdə “Samsung S 20 Plus” markalı mobil telefon satdığını demişdir. Həmçinin Ağasəlim ona yaxınlaşanda özünü Azər kimi təqdim etməsini, sonra isə telefonu satıb qayıdacağını bildirməsini demişdir. Ağasəlim isə həmin telefonu satan şəxsin başını qatacaqdı. O da telefonu götürəndən sonra Ağasəlim ilə görüşüb telefonu Ağasəlimə verəcək, Ağasəlim də özü telefonu satıb ona həmin telefonun pulundan verəcəkdi. Onun da pula ehtiyacı olduğundan Ağasəlimin təklifi ilə razılaşmışdır. Bundan sonra 09.12.2020ci il tarixdə saat 16 radəsində Ağasəlim ona zəng edib Nəsimi rayonu Milli Bankın yaxınlığında olan “Neptun” marketin yanına gəlməyini bildirmişdir. O da həmin yerə getmişdir. Ağasəlimin yanında sonradan adını Vasif kimi bildiyi 25-30 yaşlı kişi var idi. O, Vasifin əlində olan “Samsung S 20 Plus” markalı mobil telefona, həmin telefona aid olan qulaqcığa və adaptora baxmışdır. Həmin əşyalar qara rəngli qutunun içində idi, həmin qutu da sellofanın içində idi. O, telefonun Ağasəlimin sözü ilə kreditdə olub-olmamasını soruşmuş, Vasif də telefonun kreditdə olmadığını demişdir. Bundan sonra o, telefonu sənədləri, adaptoru, qulaqcığı ilə birlikdə qara rəngli qutuya qoyulmuş vəziyyətdə götürmüş, telefonu satıb qayıdacağını deyib aralanmış və gözdən itmişdir. O, telefonu satmağa getmirdi. Ağasəlim özü ona Vasifin başını qatacağını demişdi. O isə aradan çıxandan bir neçə saat sonra Ağasəlimlə görüşəcək, Ağasəlim də telefonu satacaqdı. Telefonu əldə etdikdən bir neçə saat sonra Ağasəlimlə zəngləşib Təzə bazar deyilən yerin yanında görüşmüşlər. O, telefonu Ağasəlimə vermiş, Ağasəlim Neftçilər metrosu yaxınlığında telefonu satandan sonra ona 500 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Qara-Qarayev prospekti 26 ünvanda yerləşən telefon mağazasının müdiri işləyir, işlədiyi telefon mağazasında telefonlar və telefon aksesuarları satılır. 20.12.2020-ci il tarixdə işlədiyi mağazaya Şahid3 ona bir ədəd qara rəngli qutuda təzə vəziyyətdə “Samsunq S 20 plus” markalı mobil telefonu və həmin telefona aid qulaqcıq və adaptoru və sənədləri ilə birlikdə 1550 manata satmış, o da həmin telefonu həmin günü, yəni 20.12.2020-ci il tarixdə 1600 manata satmış, onlar telefonu satan zaman qeydiyyat aparmadıqlarından telefonun kimə satmağı barədə heç bir məlumat verə bilməmişdir. Vasif də telefonu ona satan zaman bildirmişdir ki, telefonu başqa bir şəxsdən 1400 manata almışdır. Onun Vasifdən aldığı telefonun cinayət yolu ilə əldə olunmasından xəbəri və şübhəsi olmamış, çünki telefon təzə vəziyyətdə olmuş, telefonun üzərində heç bir mobil nömrə işlənməmiş, Vasifdən də telefonu zəmanət talonu ilə 1550 manata almışdır. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, hal-hazırda Nizami rayonu, Qara- Qarayev prospekti 74 ünvanda yerləşən telefon mağazasının müdiri işləyir, işlədiyi telefon mağazasında telefonlar və telefon aksesuarları satılır. 09.12.2020-ci il tarixdə işlədiyi mağazaya Təqsirləndirilən şəxs tək olaraq gəlmiş, həmin zaman Ağsəlimin əlində təzə vəziyyətdə “Samsung S 20” plus markalı, 355-362-113-924-984 və 355-363-113-924-982 İMEİ kodlu mobil telefonu və həmin telefona aid qulaqcıq, adaptor və sənədləri ilə birlikdə qara rəngli qutu olmuş, Ağasəlim həmin telefonu ona göstərib, telefonun özünün olmasını, təcili pul lazım olduğundan satmaq istədiyini bildirmişdir. O da Ağasəlimi təxminən iki ildir ki, tanımış, Ağasəlimin özünün də telefon mağazasında satıcı və kuryer işləməsini bilmişdir. Ağasəlimlə aralarında olan razılığa əsasən o, həmin qeyd olunan mobil telefonu, sənədləri, qulaqcığı, adaptoru ilə birlikdə Ağasəlimdən 1400 manata almış, Ağasəlim telefonu satan zaman öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, o da Ağasəlimin şəxsiyyət vəsiqəsinin ksero surətini çıxarıb mağazada saxlamış, həmin aldığı telefonu isə səhv etmədiyinə görə 20.12.2020-ci il tarixdə Qara Qarayev metrosu yaxınlığında yerləşən digər telefon mağazasının müdiri işləyən Şahid2 1550 manata satmış, bildiyinə görə həmin telefonu da Miryusif başqa bir şəxsə satmışdır. Onun Təqsirləndirilən şəxs aldığı telefonun cinayət yolu ilə əldə olunmasından xəbəri və şübhəsi olmamış, çünki telefon təzə vəziyyətdə olmuş, telefonun üzərində heç bir mobil nömrə işlənməmişdir. İş materiallarında olan: - Bakı şəhər BPİ-nin Nəsimi RPİ-nin 22-ci PŞ-nin 16.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin MSY-yə təqdim edilmişdir (İ cild, i.v.129) - “Qətimkan tədbirinin seçilməsi haqqında” 17.02.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.203-205); - “Maddi sübut kimi tanımaq haqqında” 20.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung S 20 plus” markalı, 355-362-113-924-984 və 355-363-113-924-982 İMEİ kodlu, nömrəsi və konturu olmayan, üzərində bir ədəd “Samsung” markalı adaptor, “Samsung” markalı qulaqcığı və sənədləri olan mobil telefon maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (İ cild, i.v.123); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2021-ci il tarixli, 9/279 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-G985F/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə (qutu, qulaqcıq, adaptoru və sənədləri ilə birlikdə) istifadə olunmasını nəzərə alınmaqla, hazırkı orta bazar qiyməti təxminən 1250,00 manat, “Samsung” markalı, “SM-G985F/DS” modelli mobil telefonun təzə vəziyyətdə 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 1650,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.127-128); - ünvan 8 ünvanda yerləşən “Neptun” supermarketin müşahidə kamerasında quraşdırılmış 09.12.2020-ci il tarixli kamerasından çəkilmiş 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, 09.12.2020-ci il tarixdə saat 17 radəsində Təqsirləndirilən şəxs Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 102 ünvanda yerləşən “Neptun” supermarketin qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yaxınlaşıb görüşdükdən sonra Zərərçəkmiş şəxs əlində olan ağ rəngli sellofan torbanın içindən qara rəngli qutunu götürüb iti sürətlə insanlar hərəkət edən isitqamətə hərəkət edir, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs başını qataraq Şahid1 arxası ilə getməyə maneə yaradaraq asta yerişlə hərəkət etdiyindən Şahid1 hadisə yerindən uzaqlaşaraq gözdən itir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.66). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarışı elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 22.12.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22.12.2021-ci il tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və saxlanılması üçün Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. - Bakı İstintaq Təcridxanasının 24.12.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22.12.2021-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. - Kapital Bank ASC tərəfindən verilmiş 24.12.2021-ci il tarixli, 14388 saylı, İD 26817379, terminal K0114011 saylı mədaxil qəbzinə əsasən Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə dövlət büdcəsinə dəyən ziyanın 25% məbləğində 412 manat və 1 manat xidmət haqqı olmaqla, cəmi 413 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, sübut növü kimi tanınmış 01 ədəd “Samsung” markalı, “SM-G985F/DS modelli mobil telefon aparatının aksesuarları ilə birlikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut – 01 ədəd “Samsung” markalı, “SM-G985F/DS modelli mobil telefon aparatının aksesuarları ilə birlikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar