Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-19/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Xanlar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, A.Hacıyev küçəsi 43-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1,190 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2023-cü il tarixdə saat 22:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan paltosunun cibindəki plastik qutunun içərisindən 08 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,043 qram, 0,041 qram, 0,038 qram, 0,237 qram, 0,270 qram, 0,266 qram, 0,250 qram olmaqla ümumi təmiz çəkisi 1,190 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu “Kubinka” adlanan ərazidə axşam saatlarında saxlamışlar. Onu saxlayan polis əməkdaşlarının içərisində Şahid2 olsa da, digər polis əməkdaşı Şahid1 orada olmamışdır. Polis əməkdaşları onu saxlayan zaman yanında bir nəfər şəxs də olmuş, lakin polis əməkdaşları həmin şəxsi tutmamışlar. O saxlanıldığı zaman bir qram miqdarında psixotrop maddəni yerə atsa da, polis əməkdaşları həmin psixotrop maddəni götürüb özlərində saxlamışlar və onu bölməyə aparmışlar. O, polis bölməsinə getmək istəmədiyinə görə yerə yıxılmış və həmin vaxt onu saxlayan “balaca boylu” şəxs ayağını onun əlinin üstünə qoyduğundan əlində xəsarət yaranmışdır. Qeyd olunan vaxt rayona getdiyindən psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır, yəni, onun psixotrop maddəni satmaq niyyəti olmamışdır. Polis əməkdaşları onu döymüşlər, bu səbəbdən böyrəklərində möhkəm ağrılar olmuşdur. Həmçinin polis əməkdaşları onun paltosunun cibinə bükümləri qoymuşlar, daha sonra çəkiliş zamanı həmin bükümləri gətirib qarşısına yerləşdirmişlər. Polis əməkdaşları ona “vəkilin yanında heç nə demirsən, səni yoxsa “sroka” göndərərik” demişlər. Çəkiliş zamanı o ilk dəfə həmin bükümlərin ona məxsus olmadığını bildirsə də, sonradan çəkilişi polis əməkdaşları dayandırmış və ona qarşı nalayiq ifadələr işlədərək ona məxsus olmayan bükümlərin çəkiliş zamanı ona məxsusluğu barədə ifadə verməsini tələb etmişlər. Bundan sonra ona edilmiş təzyiqlər nəticəsində polis əməkdaşlarının tələb etdiyi formada izahat vermişdir. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, məhkəmədən onun əməlinin Cinayət Məcəlləsinin 234-cü maddəsinin birinci hissəsinə tövsif edilməsini və həmin maddə ilə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 18 yanvar 2023-cü il tarixdə “Lamiyə” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması və daha sonra satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o və digər polis əməkdaşının iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 18 yanvar 2023-cü il tarixdə axşam saatlarında o digər polis əməkdaşı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsinə gəlmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini gördükdən sonra sonuncuya yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni daşıması ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bidirdikdən sonra sonuncunu Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparmışlar. X12 Dünyamalıyevanın üzərinə baxış keçirilərkən əynindəki paltonun sol yan cibində saxladığı 01 ədəd plastik qutunun içərisindən 08 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin maddə barədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs psixotrop maddəni «Sovetski» kimi tanınan yerdə tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 18 yanvar 2023-cü il tarixdə “Lamiyə” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o və digər polis əməkdaşının iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 18 yanvar 2023-cü il tarixdə axşam saatlarında o digər polis əməkdaşı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsinə gəlmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini gördükdən sonra sonuncuya yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitənin daşıması ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində vəkil dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynindəki paltonun sol yan cibində saxladığı 01 ədəd plastik qutunun içərisindən 08 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin maddə aşkar olunduqdan sonra təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ehtimal edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Nəsimi rayon Polis İdarəsinin və bölmələrinin qadın şübhəli və ya təqsirləndirilən şəxslərinin üzərinə baxış keçirilməsi ilə əlaqədar tədbirlərində mütəmadi iştirak etdiyindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar prosesi ətraflı xatırlamasa da, sonuncunun psixotrop maddə metamfetaminlə əlaqədar saxlanıldığını və polislərin ona təzyiq etməsi barədə hər hansı şikayət etmədiyini xatırlayır. Bundan əlavə, qeyd olunan baxış zamanı orada vəkilin iştirak etməsini də xatırlamır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin təhqiqatçısı, polis mayoru Nizami Hüseynov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki paltosunun sol yan cibindən 01 ədəd plastik qutunu çıxarıb, qapağını açaraq içərisindəki 04 ədəd sellofan və 04 ədəd kağız bükümləri, həmçinin paltosunun sağ cibindən 02 ədəd “Samsung” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltosunun boynuna, qollarına və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Onun geyindiyi uzunqol idman köynəyinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Onun geyindiyi idman şalvarının ciblərinə və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş və o, ayaqqabılarını, corablarını çıxarıb silkələmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd sellofan və 04 ədəd kağız bükümlər barədə məlumat verməsi bildirilmişdir. O, 04 ədəd sellofan və 04 ədəd kağız bükümlərin içərisində olan maddənin “şüşə” olduğunu, öz şəxsi tələbatı üçün həmin nakotik vasitəni xx.xx.2023-cü il tarixində saat 23 radələrində “Sovetski” adlı yerdə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 160 manata şəxsi tələbatı üçün aldığını bildirmişdir. 02 ədəd “Samsung” markalı mobil telefonların özünün olduğunu və istifadə etdiyini demişdir. Bundan sonra iştirakçılara həmin şəffaf sellofana bükülmüş, içərisində şəffaf rəngli, kristal halda olan maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra şəffaf sellofanda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PBnin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən PB-yə gətrilən zaman və PB-də olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşıları tərəfində PB-yə gətrilən zaman və PBdə olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Protokol tərtib olunması üçün video çəkiliş müvəqqəti olaraq dayandırılmışdır. Tərtib olunmuş protokol iştirakçılara və şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs ucadan oxunmuş, “tərtib olunmuş protokola dair hər hansı bir şikayət və ya vəsatətiniz varmı” sualına iştirakçılar və saxlanılan şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və vəsatət olmadığını bildirmişlər. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 52-54). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixli, şəxsi axtarış və götürmə haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 6/333 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... X1 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 04 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,045 qr, 0,043 qr, 0,041 qr, 0,038 qr, 04 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,237 qr, 0,270 qr, 0,266 qr, 0,250 qr ümumi çəkisi, 1,190 qram olam maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir (i/v 61-64). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 20 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 88-90). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 91). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanıma barədə” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 ədəd bükümdə qalıq çəkisi 1,030 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin məsul saxlanışına təhvil verilmişdir (i/v 98-99). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 26 aprel 2023-cü il tarixli, 2437 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimuluyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 127-128). İş materiallarına əlavə olunmuş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 25-26). İş materiallarına əlavə edilmiş Nəsimi rayon prokurorluğunun müstəntiqi X7 tərəfindən tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsində baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə baxış iclası zamanı ifadəsində saxlanıldığı zaman Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq döyüldüyünü bildirməsi barədə həmin məhkəmədən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılmış və toplanmış 485-c-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyi, diskə baxış keçirilməsi barədə protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələri təzyiq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİnin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən ona təzyiq edildiyini və döyüldüyünü bildirməsi əsasında Nəsimi rayon məhkəməsinin müraciəti əsasında Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində toplanmış 485-c-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPMnin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan iki yetkinlik yaşına çatmayan uşağı onun qohumlarının himayəsinə verilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 55 (əlli beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 08 ədəd bükümdə təmiz çəkisi 1,190 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,030 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-331/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərara əsasən 04 iyul 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs himayəsində olan iki yetkinlik yaşına çatmayan uşağı – xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 onun qohumlarının himayəsinə verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 08 ədəd bükümdə təmiz çəkisi 1,190 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,030 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-19/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-19/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver