Məhkəmə qərarları › İş №1(006)-190/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-190/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-190/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Astara rayonu, Məçitməhəllə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Məçitməhəllə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat təxminən 12:30 radələrində Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən vətəndaşların azad girib-çıxa biləcəyi “Yaqut" qızıl alqı-satqısı mağazasında piştaxtanın üzərindən Zərərçəkmiş şəxs məxsus 1900 manat dəyərində 583 əyarlı 14.1 qram (üzərində brilinat qaşları olan) qızıl sırğa və üzük dəstini tamah niyyəti ilə qəsdən gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08.03.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində iş danışmaq məqsədi ilə M.Əcəmi metrostansiyasının yanına gəlmişdi. İşi danışdıqdan sonra piyada həmin ətrafda gəzişərkən qızıl mağazalarını görüb dayanmışdır. Maraq üçün onlardan birinə daxil olmuş və mağazada olarkən piştaxtanın üzərində qızıl komplekt üzük və sırğa görmüş, həmin komplekt qızıl xüsusi qabda olmuşdur. Həmin vaxt satıcının digər müştərilərə başının qarışmasından istifadə edib piştaxtanın üzərində olan qızıl komplekti heç kəs görmədən götürüb oranı tərk etmişdir. Təsadüfən bir taksiyə əyləşib taksi sürücüsü ilə söhbət edərkən qızılı olduğunu və onu harada sata biləcəyini soruşmüşdiir.Taksi sürücüsü də Gənclik metrostansiyasınm yanında qızıl mağazaları olduğunu qeyd etmiş və ondan həmin ünvana sürməsini xahiş etmişdir. Gənclik metrostaıısiyası yaxınlığında yerləşən qızıl mağazasına gəlmiş, içəri girərkən elə qapının ağzında bir nəfər tanımadığı oğlan olmuşdur. Ondan qızıl alıb almadıqlarını maraqlanmış və sonuncu aldıqlarını bildirmişdir. O, cibindən qızılı çıxardıb ona göstərmiş və xəstəsi olduğu üçün satdığını qeyd etmişdir. Həmin şəxs qızıla baxıb tərəzidə çəkmiş, həmin qızılın çəkisi 14 qram və 583 əyyarlı olduğunu deyib qramının 85 manat dəyəri olmasını demişdir. Hesabladıqda ümumilikdə 1.200 manat qiymət etmişdir. O, həmin şəxslə razılaşıb qızıl komplekti ona 1.200 manata satmışdır. Qızılı satdıqdan sonra müəyyən borcları olduğu üçün borclarını qaytarmışdır. Ümumilikdə 764 manat borcuna qaytarmış, qalan məbləği də öz istifadəsi üçün xərcləmişdir. Özünü təqsirli bilməsini və himayəsində iki yetkinlik yaşına çatmamış övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, o 2010-cu ildən Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Yaqut” qızıl alqı-satqısı mağazasında satıcı işləyir. 08.03.2022-ci il tarixdə özünə məxsus 14.1 qr., 583 əyyarlı üzərində briliant qaşları olan qızıl üzük və sırğa dəstinin yerində olmadığını oğurlanmasını aşkar elmişdir. Mağazada quraşdırılmış müşahidə kameralarına baxdıqda bir nəfər şəxsin müştəri qismində mağazaya gəlməsi və satıcının başının qarışıq olmasından istifadə edərək qeyd olunan qızıl dəstini oğurlaması ona məlum olmuşdur. Bundan sonra qızılın “İnstagram” sosial şəbəkəsində ''Gənclik” qızıl mağzasında satışa çıxarıldığını görmüşdü. 09.03.2022-ci il tarixdə o, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Gənclik” qızıl mağazasına gedib qızılı satışa qoyan Elbrus adlı şəxsə yaxınlaşmışdı. Ona satışa qoyduğu qızılın ona aid olmasını və oğurlandığını bildirmişdir. Lakin Elbrus həmin qızılın satılmasını qeyd etmişdir. Həmin yerdə işləyən Səbuhi adlı işçi də ona qızılı tanımadığı bir şəxsdən 1200 manata aldığını və həmin şəxsdən alarkən qızıl və briliantların alışı kitabında qeydiyyat apardığını bildirərək qızılı satan şəxsi yəni Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Bundan sonra həmin şəxsin işlədiyi mağazada videogörüntüdə olan şəxs olduğunu aşkar etmişdir. İşlərinin çoxluğu və bundan başqa həmin şəxsin yenidən mağazaya gəlməsini ehtimal etdiyi üçün həmin gün polisə məlumat verməmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməyib və oğurlanmış əşyalar geri qaytarılmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 5 ildir ki “Gənclik” metrostaıısiyası yaxınlığında yerləşən “Gənclik” qızıl mağazasında satıcı işləyir. 08.03.2022-ci il tarixdə mağazada olduğu zaman bir nəfər müştəri ona yaxınlaşaraq, üzərində briliant daşları olan 14.1 qr. çəkidə 583 əyyarlı qızıl sırğa və üzük dəstini satmaq istədiyini birldirmişdir. O, qızıl zinət əşyalarının çəkisini çəkdikdən sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini tələb etmiş sonra isə qızılı neçəyə satmaq istədiyini soruşmuşdur. Sonuncu ona həmin qızılı başqa yerdə qiymətləndirdiyini 1200 manata satmaq istədiyini bildirmişdir. O, da həmin şəxslə razılaşıb həmin qızıl zinət əşyalarını “qızıl və briliantların alışının aktı” kitabında qeydiyyata saldıqdan sonra 1200 manatı Təqsirləndirilən şəxs təqdim edib onun təqdim etdiyi üzərində briliant daşları olan qızıl sırğa və üzük dəstini ondan almışdır.Daha sonra satması üçün iş yoldaşı Elbrusa vermişdir. Həmin gün mağazada müştəri çox olduğundan, 2 nəfər xanım müştəri yaxınlaşaraq qeyd olunan qızıl zinət əşyalarını 1900 manata almışdır. Mağazada qızıl alarkən qarşı tərəfdən şəxsiyyətini təsdiq edən sənəd tələb olunur və qeydiyyat aparılr. Lakin, qızıl satılarkən buna ehtiyac olmadığı üçün qeydiyyat aparılmır. 09.03.2022-ci il tarixdə bir nəfər şəxs onlara yaxınlaşıb “Moskva Ticarət Mərkəzində” qızıl mağazasında işlədiyini və satılan qızılların ona məxsus olmasını bildirmişdir. Bundan sonra həmin şəxsə qızılı kimdən alıb həmin şəxsin şəxsiyyət vəsiqəsini təqdim etmişlər. Lakin satdıqları şəxsləri tanımadıqlarını bildirmişlər və bu barədə polis orqanlarına müraciət etməsini məsləhət görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o. 2015-ci ildən “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Gənclik” qızıl mağazasında satıcı işləyir. 08.03.2022-ci il tarixdə iş yoldaşı Səbuhi satılması üçün ona üzərində briliant qaşları olan qızıl üzük və sırğa dəsti vermişdir. O, da həmin dəsti daha tez satılması məqsədi ilə instagram internet sosial şəbəkəsində öz səhifəsində yerləşdirmişdir. Lakin 8 Mart qadınlar bayramı olduğu üçün həmin gün mağazada müştəri çox olduğundan iki nəfər xanım ona yaxınlaşıb, onlardan biri həmin dəsti maraqlanıb bəyənmişdir. Bundan sonra almaq qərarına gəlmişlər. O, da qızılı həmin xanıma 1900 manata satmışdır. Qızılı satarkən mağazada hər hansı bir sənədləşmə aparılmır. Yalnız qızılı alarkən şəxsiyyət vəsiqəsi tələb olunur və qeydiyyat aparılır. 09.03.2022-ci il tarixdə bir nəfər şəxs onlara yaxınlaşmış və instagram internet sosial şəbəkəsində qoyduğu qızıl dəstinin ona məxsus olduğunu bildirmişdir. Onlar da həmin şəxsə polis orqanlarına müraciət etməsini məsləhət göımüşlər. Sadələşdirilmiş icraat materialının 121-122-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Sadələşdirilmiş icraat materialının 54-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2022-ci il tarixli, 9/1785 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların qərarda və fotoşəkildə göstərilən 583 əyarlı 14.1 qram (üzərində brilinat qaşları olan) qızıl sırğa və üzük dəstinin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1200,0 manat müəyyən edilir.Tədqiqat obyekti tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Qızıl sırğa və üzük dəstinin üzərində olan brilliant qaşların istehsal yeri, keyfiyyəti və sair aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Sadələşdirilmiş icraat materialının 55-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Sadələşdirilmiş icraat materialının 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) ACDİÜ AR Məhkəməsinin 23.05.2005-ci il tarixli hökmü ilə AR CM-nin 181.2.1, 181.2.2 və 181.2.5 maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.02.2015-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 11 ay 02 gün vaxtından əvvəl şərti azad olunub, 18.01.2016 ildə qeydiyyatdan çıxarılmışdır; 2) Xətai Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli hökmü ilə sonuncu AR CM-nin 128 madəsi ilə 1500 manat cərimə cəzasına məhkum olunmuş, 02.07.2021-ci ildə Astara Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 480 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Sadələşdirilmiş icraat materialına əlavə edilmiş 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.9-cu maddəsinin təsiri altına düşdüyündən sonuncu Astara Rayon Məhkəməsi tərəfindən 02 iyil 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 480 saat ictimai işlər cəzasından azad edilmişdir. Sadələşdirilmiş icraat materialının 33-46-cı vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 23.05.2005-ci il tarixli hökmü ilə AR CM-nin 181.2.1, 181.2.2 və 181.2.5 maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sadələşdirilmiş icraat materialının 28 vərəqəsində olan 12 mart 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 29-cu vərəqəsində olan 12 mart 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini və himayəsində iki yetkinlik yaşına çatmamış övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, hal-hazırda Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilir və Azərbaycan Respublikasının CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilməsini və himayəsində iki yetkinlik yaşına çatmamış övladının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirni) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar