Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-190/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCdə nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1, 272.1 və 273.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs hüququ olmadan ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə orada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə təkrar qəsdən daxil olmuş, həmin kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə ələ keçirmiş, kompyuter məlumatlarının dəyişdirilməsi yolu ilə həmin kompyuter sisteminin işləməsinə qəsdən ciddi maneə törətmişdir. Belə ki, o, 08 avqust 2018-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək GPS naviqasiya sistemlərinin quraşdırılması xidməti ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-də direktor vəzifəsində işləyərkən, ona etibar edilmiş cəmiyyətin “Wialon B3” kompyuter sisteminə aid “wialon” adlı istifadəçi hesab məlumatlarını qəsdən əldə edib özündə saxlamış, daha sonra hazırda anbardar vəzifəsində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 32 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 85.132.108 250 saylı İP ünvanı vasitəsilə 12 yanvar 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək ümumilikdə 12 dəfə, eləcə də yaşadığı ünvan 3 ünvanında istifadəsində olan 185.43.191.95 saylı İP ünvan vasitəsilə isə ümumilikdə 30 dəfə "Kaspian Navtel” MMC-yə məxsus “wialon” adlı istifadəçi hesabına məsafədən qoşulma yolu ilə cəmiyyətə məxsus kompyuter sisteminin tərkib hissəsi olan 85.132.71.85 saylı İP ünvanlı serverə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozaraq orada olan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə təkrar qəsdən daxil olmuşdur. Bundan başqa, o, 08 avqust 2018-d il tarixdən 06 dekabr 2022-ci il tarixədək GPS naviqasiya sistemlərinin quraşdırılması xidməti ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-də direktor vəzifəsində işləyərkən, ona etibar edilmiş cəmiyyətin “Wialon B3” kompyuter sisteminə aid “wialon” adlı istifadəçi hesab məlumatlarını qəsdən əldə edib özündə saxlamış, daha sonra hazırda anbardar vəzifəsində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 32 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 85.132.108.250 saylı İP ünvanı vasitəsilə 7 fevral 2023-cü il tarixdə həmin ünvanda olarkən, hüququ olmadan Zərərçəkmiş şəxs MMC-nin kompyuter sisteminin tərkib hissəsi olan “Wialon B3” GPS sistemi üzərində mühafizə tədbirlərini pozmaqla “wialon” adlı istifadəçi hesabına məsafədən qoşulma yolu ilə həmin kompyuter sisteminin “xonfig.txt” adlı saxlanma faylına dəyişiklik etmiş və bu əməlləri ilə qəsdən kompyuter sisteminin işləməsinə sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər kompyuter sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırılması kimi qəbul edilən ciddi maneə törətmişdir. Bundan başqa, o, 08 avqust 2018-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək GPS naviqasiya sistemlərinin quraşdırılması xidməti ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-də direktor vəzifəsində işləyərkən, ona etibar edilmiş cəmiyyətin xidmət göstərdiyi müştərilərə məxsus sürücülər və onların avtomobillərinin qeydiyyatının aparıldığı GPS sistemi olaraq fəaliyyət göstərən “Wialon B3” kompyuter sisteminə aid 48 (qırx səkkiz) hesab və həmin hesablara dair ümumi istifadə üçün nəzərdə tutulmayan məlumat olan şifrələri özünə məxsus “iPhone XR” modelli mobil telefonunun “Settings” sazlamalarının “Passwords” bölməsində qəsdən saxlamış və 12 yanvar 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək yaşadığı ünvan 4 ünvanında olarkən həmin “iPhone XR” modelli mobil telefon vasitəsilə “mon.caspiannavtel.az” serverinə daxil olmaqla kompyuter sisteminə, kompyuter sistemindən ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ olmadan qəsdən ələ keçirilmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 271.2.1, 272.1 və 273.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə tanışı Şahid1 təklifi ilə “Kaspian Navtel" MMC-də anbardar vəzifəsində işləməyə başlamışdır. Anbardar vəzifəsində çalışdığı müddətdə naviqatorlar, GPS avadanlıqları, avtomobil monitorları kimi əşyaları qəbul edərək inventarizasiyasını və siyahılaşdırılmasını təşkil etmişdir. Bir müddət sonra Şahid1 onu direktor müavini vəzifəsinə təyin etmişdir. Bu dövrdə işlərə yardımçı olmaqla, həm də şirkətin daxili idarəçiliyi, işçilərin potensial əmək qabiliyyəti və müştəri bazası ilə yaxından tanış olmuşdur. O dövrdə şirkətdə kartoqraf kimi çalışan Şahid2 ilə münasibətləri yaxşı olmuşdur. Samiri şirkətə Şahid1 özü gətirmişdir. Onu bacarıqlı kartoqraf kimi tanımışdır. Samir həm də informasiya texnologiyaları üzrə yaxşı təsəvvürlərə malik olmuşdur. 2018-cı ildə Şahid1 digər işləri ilə bağlı vaxt azlığı yarandığı üçün şirkətin real rəhbəri Ceyhun Abdullayev onu Zərərçəkmiş şəxs MMC-nin direktoru vəzifəsinə təyin etmişdir. Direktor olduğu 4 il ərzində əsas fəaliyyəti “Ruptela” və “Teltonika” GPS nəzarət sistemlərinin mərkəzləşdirildiyi “Wialon” sistemi vasitəsilə müştərilərin naviqasiya avadanlıqlarının işlək olub-olmamasının yoxlanması olmuşdur. Bundan başqa mobil telefonuna əlaqələndirilmiş müştəri bazasından da istifadə etmişdir. Şirkətdə çalışdığı dövrdə istifadəsində olan “iPhone XR” markalı smartfon tipli mobil telefonun yaddaş bölməsində müştərilərə dair 48 hesab və hesablara dair giriş məlumatlarını saxlamışdır. Şirkətin ünvan 5 ünvanında yerləşən ofisində ümumi 4 server avadanlığı, 1 UPS mövcud olmuşdur. 2022-cı ilin noyabr ayında Şahid1 onu şirkətin fəaliyyətində geriləmələrin olması səbəbini gətirməklə işdən xaric etmişdir. İşdən çıxdıqdan sonra da şirkətə dair məlumatları özündə saxlamışdır. Belə ki, o, iş üzrə proqramlarla işləmək bacarığını itirməmək, həmçinin yeniliklərdən xəbərdar olmaq üçün “Wialon B3” sisteminə özündə olan və şirkətin işçilərinin məlumatsız olduğu “wialon” istifadəçi adı vasitəsilə mühafizə tədbirlərindən yayınaraq daxil olmuşdur. Bu əsnada şirkətin müştərilərinə məxsus hesabların da göründüyü istifadəçi hesabı bazasına “mon.caspiannavtel.az” serverindən daxil olaraq “keychain” mənbəyindən qoşularaq ümumi məlumatları ələ keçirmişdir. Orada yalnız 48 aktiv hesab olmuşdur. Digər hesablar aktiv olmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs MMC-nin kompyuter sisteminə şirkətin müştərilərindən biri olan Avis şirkətinə məxsus “Sarıkız” istifadəçi adı vasitəsilə də daxil olmuşdur. Bunun üçün “mon.caspıannavtel.az” keçidi vasitəsilə açılan giriş səhifəsinə özündə saxladığı Zərərçəkmiş şəxs MMC-nin müştərilərinə məxsus müvafiq məlumatları istifadə etməklə daxil olmuşdur. Onun daxil olmaları bir neçə ay davam etmişdir. Lakin onun şirkətə ziyan vermək niyyəti olmamışdır. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, o, hazırda Zərərçəkmiş şəxs MMC-də İT mütəxəssisi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs MMC-nin əsas fəaliyyəti GPS naviqasiya sistemləri, elektron xəritələrin hazırlanması və digər xidmətlərin göstərilməsindən ibarətdir. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 ona İT mütəxəssis kimi işləməyi təklif etmiş, o da təklifi müsbət dəyərləndirmiş və razılaşaraq işə başlamışdır. Zərərçəkmiş şəxs MMC-nin əsas fəaliyyət sferası olan GPS avadanlıqlarının satışı və texniki qulluğun göstərilməsi xidmətini Litvada yerləşən “Gurtam” şirkətinin proqram təminatı olan “Wialon” sistemi vasitəsilə həyata keçirməkdir. “Wialon” sistemi özlüyündə “Ruptela”, “Teltonika” markalı GPS avadanlıqlarında qəbul edilən məlumatların toplanaraq emal və təhlil olunmasını, yekunda isə vizuallaşdırılmasını təşkil etməkdir. Zərərçəkmiş şəxs MMC şirkətinin hesabında 2500-dən artıq GPS avadanlığı vardır. Bu cihazlar müxtəlif müştərilərin istifadəsində olsa da, həmin cihazlardan qəbul edilən məlumatlar şirkətdə saxlanılmaqla birlikdə cihazların işləkliyinə nəzarət edilməsi şirkətin öhdəliyindədir. O, dekabr ayında işə başladığı dövrdə CMS manager demək olar ki, istifadə olunmamışdır. Onun yerinə Admin interfeysdən istifadə edilmişdir. Bu da şirkətin informasiya texnologiyaları sistemində ciddi boşluqlara gətirib çıxarmışdır. Belə ki, admin interfeys çox ciddi səlahiyyətlərə malik olmaqla yanaşı, işçilərin görə bilmədiyi səlahiyyətlər verməyə də imkan yaradan parametrlərə malik olmuşdur. “Wialon” Linux Əməliyyat sistemi əsasında qurulmuşdur. O fəaliyyətə başladığı dövrdə 3 istifadəçi adı işlək olaraq qalmış, bunlar “Wialon_admin”, “Wialon” və Admin istifadəçi adları olmuşdur. Yalnız “Admin” istifadəçi adını istifadə edə bilmişdir. Belə ki, ilk iki istifadəçi adının giriş məlumatları heç kimdə olmamışdır. Yeni işə başladığından texniki imkanları tam ətraflı bilmədiyi üçün digər iki istifadəçi adını silməmişdir. İşə başladığı dövrdə rəhbərlik tərəfindən şirkətin kompyuter sisteminə tez-tez kənardan qoşulmaların olduğu, fəaliyyətdə çökmələrin və məlumat sızmalarının olduğu bildirilmişdir. Elə fəaliyyətə başladığı müddətdən qısa bir müddət sonra şirkətin balansında olan 62 ədəd Teltonika FM 4100 və 4200 model GPS avadanlıqlarının fəaliyyətinin dayandığının şahidi olmuşdur. İlk öncə bu avadanlıqların köhnə olması səbəbindən mənbə şirkətin bu avadanlıqlara xidməti dayandırdığını düşünmüşdür. Lakin sonradan araşdırma nəticəsində 62 ədəd avadanlığın “Wialon” sisteminə bağlanmasını təmin edən portlar kənardan qoşulma nəticəsində dəyişdirilməklə və zədələnməklə avadanlıqların qəsdən sıradan çıxarılmasını aşkar etmişdir. Bundan sonrakı müddətdə hər ay Zərərçəkmiş şəxs MMC-nin müştəri bazasına daxil olan şirkətlərin avtomobillərinin GPS məlumatlarının qəbul edilərək arxivlənməsini təmin edən funksiyalara kənardan müdaxilələrin olması və avtomobillərin GPS məlumatlarının sistemdən silinməsi halları ilə rastlaşmışdır. Belə kənardan daxil olma və müdaxilələr nəticəsində müştərilərinin bəzilərini itirmişlər. Son dəfə 2023-cü ilin fevral ayında şirkətin “Wialon” sistemi çökmüş, digər texniki əməkdaşlarla birlikdə bir neçə dəfə “restart” funksiyasını yoxlasalar da sistemi bərpa edə bilməmişlər. Beləcə çökmənin səbəblərini araşdırdıqda sistemin işləməsi üçün əsas olan “config” sazlanma faylının back-up faylı ilə çökmədən sonrakı faylını müqayisə etdikdə, kənar müdaxilə nəticəsində “config” faylının dəyişdirildiyinin şahidi olmuşdur. Müvafiq araşdırma nəticələrini şirkət rəhbərliyi DTX əməkdaşlarına yazılı şəkildə təqdim etmiş və araşdırma genişləndirilmişdir. Daxil olma “log”-larına nəzər yetirdikdə, demək olar ki, bütün qoşulmaların eyni İP ünvanlarından həyata keçirildiyinin şahidi olmuşlar. Həmin ünvan 85.132.108.250 saylı İP ünvanı olmuşdur. Rəhbərliklə məsləhətləşdikdən sonra müvafiq qoşulmaların və müdaxilələrin Təqsirləndirilən şəxs, Samir və Azər adlı şirkətin keçmiş işçiləri tərəfindən həyata keçirilməsi barədə ciddi şübhələrə düşmüşlər. Belə ki, Renat şirkətdən xaric edilmiş, Samir və Azər adlı şəxslər isə işlərində yol verdikləri müvafiq pozuntulara görə işdən ayrıldıqdan sonra Zərərçəkmiş şəxs MMC ilə eyni sferada fəaliyyət göstərən şirkətlərdə çalışmağa başlamışlar. Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi1 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, mülki iddianın baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-də iş yoldaşı kimi tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, rəsmi olaraq 2012-ci ildən, qeyri-rəsmi isə 2009-cu ildən 2015-ci ilədək Kaspian Navtel MMC-də İT üzrə menecer vəzifəsində işləmişdir. İşə qəbul edildiyi zaman şirkətin direktoru, yəni qanuni təmsilçisi Sənan İsmayılov olmuşdur. Qısa müddət sonra isə direktor vəzifəsinə Vüqar adlı şəxs gətirilmişdir. Artıq işdən çıxanda şirkətin direktoru məhz Vüqar adlı şəxs olmuşdur. Şirkətin işçilərindən Şahid2 və Renat Oleqoviç ilə münasibətləri olmuşdur. Samir kartoqraf, Renat isə anbardar vəzifəsində işləmişdir. Renat o, işdən çıxarıldıqdan 2-3 il sonra direktor vəzifəsinə təyin olunmuşdur. Şirkətin faktiki rəhbəri isə Şahid1 olmuşdur. Renat direktor təyin edildiyi ərəfədə şirkət ofisini dəyişmişdir. O zaman Renat şirkətin serverlərinin yenidən konfiqurasiya edilməsi üçün aylıq 200 manat dəyərində şifahi müqavilə bağlamağı təklif etmiş, onunla razılaşmışdır. Razılaşmaları əsasında fəaliyyət təxminən 1 il davam etmişdir. Lakin sonradan Renat da işdən azad olunmuşdur. Şirkətin əsas fəaliyyət sferası olan GPS avadanlıqlarının satışı və texniki qulluğun göstərilməsi xidməti “Gurtam” şirkətinin proqram təminatı olan “Wialon” sistemi vasitəsilə həyata keçirilmişdir. Həmin sistemi elə Zərərçəkmiş şəxs MMC-də öyrənmişdir. Təxminən 2023-cü ilin əvvəllərində Renat ondan Zərərçəkmiş şəxs MMC-yə inteqrasiya edilmiş “Wialon” sisteminin admin giriş səlahiyyətli istifadəçi kabinetinin giriş məlumatlarını soruşmuşdur, o da həmin zaman Renata həmin məlumatları mesaj vasitəsilə göndərmişdir. Sonradan, o, aeroportda Hindistana getmək istəyərkən saxlanılmış və Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq inzibati binasına aparılmışdır. Bundan sonra, ona saxlanılma səbəbləri izah olunmuş və Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsi barədə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-də işləyən şəxs kimi tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O hazırda ATS Group MMC-də təsisçi olmaqla həm direktor, həm də satış istiqamətinin rəhbəri kimi çalışır. O, rəsmi olaraq 2012-ci ildən 2016-cı ilədək Zərərçəkmiş şəxs MMC-də işləmiş və əsasən orada satış üzrə menecer vəzifəsində işləmişdir. Həmin vaxtdan şirkətin işçilərindən Şahid7 və Renat Oleqoviç ilə münasibətləri olmuşdur. Həmin vaxtlarda Samir kartoqraf, Renat isə anbardar vəzifəsində işləmişdir. Lakin işdən çıxdığı ərəfələrdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işləməmiş, sonradan sonuncunun işə qayıtdığını, hətta direktor vəzifəsinə təyin olunduğunu öyrənmişdir. Şirkətin faktiki rəhbəri isə Şahid1 olmuşdur. Şirkətin əsas fəaliyyət sferası olan GPS avadanlıqlarının satışı və texniki qulluğun göstərilməsi xidməti “Gurtam” şirkətinin proqram təminatı olan “Wialon” sistemi vasitəsilə həyata keçirilmişdir. Həmin sistem haqqında məlumatı Zərərçəkmiş şəxs MMC-də öyrənmişdir. Ümumiyyətlə, o, şirkətdə işlədiyi müddətdə MMC-nin böhran vəziyyəti olmuş, buna görə də, müvafiq şəxslərin istifadələrində olan planşet, telefon və ya noutbuk vasitəsilə texniki dəstək vermək üçün imkanları olmuşdur. Şirkətdən çıxdıqdan sonra Təqsirləndirilən şəxsla münasibətləri çox yaxın olmasa da, sonradan Şahid1la Təqsirləndirilən şəxs aralarında mübahisələrin olduğunu bilmişdir. O özü də Şahid1la işdən azad olunarkən mübahisələr yaşamış, hətta qeyri-rəsmi olaraq ona verilməli olan 3300 manat nağd pul əmək haqqı olaraq ona verilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-də işləyən şəxs kimi tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O hazırda Zərərçəkmiş şəxs MMC-də GPS naviqasiya avadanlıqları üzrə mütəxəssis vəzifəsində çalışır. Zərərçəkmiş şəxs MMC-nin əsas fəaliyyəti GPS naviqasiya sistemləri üzrə xidmətlərin göstərilməsi, elektron xəritələrin hazırlanması və digər xidmətlərin icrasından ibarətdir. O, 2010-cu ildə şirkətdə çalışmağa başlamışdır. Şirkətə qəbul olunanda şirkətin direktoru Sənan adlı şəxs olsa da, sonradan şirkətin direktoru Vüqar adlı şəxs, Təqsirləndirilən şəxs, Şahid1 olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin əsas fəaliyyət sferası olan GPS avadanlıqlarının satışı və texniki qulluğun göstərilməsi xidmətini Litvada yerləşən “Gurtam” şirkətinin proqram təminatı olan “Wialon” sistemi vasitəsilə həyata keçirdiyini bilmişdir. Onun əsas işi ayrı-ayrı müştərilərə məxsus nəqliyyat vasitələrinə GPS naviqasiya avadanlıqlarının quraşdırılması olmuşdur. Bundan əlavə, həmin sistem xidmət göstərdiyi avtomobillərdə quraşdırılan avadanlıqlara inteqrasiya olunduğundan müştərək fəaliyyət göstərməkdədir. Belə ki, “Wialon” sistemində meydana çıxan ən xırda nasazlıq belə avadanlıqların sərbəst fəaliyyətinə maneçilik meydana gətirmişdir. 2022-ci ilin noyabr ayından başlayaraq avtomobillərinə quraşdırılmış GPS naviqasiya avadanlıqlarına xidmət göstərdiyi müştərilərdən bəziləri ona zəng edərək avadanlıqların tez-tez texniki problemlə üzləşdiyini, proqramdan naməlum səbəblərdən çıxış etdiyini bildirmişdirlər. Dərhal məsələ ilə əlaqədar şirkətin İT mütəxəssisi Nümayəndə məlumat vermişdir. Nümayəndə isə öz növbəsində ilkin araşdırma aparıb direktor Şahid1 ümumi vəziyyəti təqdim etmişdir. Şahid1 isə Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət olunması barədə tapşırıq vermişdir. Şirkətin fəaliyyətinə 2022-ci ilin payızına qədər rəhbərlik edən Təqsirləndirilən şəxs Şahid1la səbəbini bilmədiyi formada intiriqası olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hazırda Əmanətlərin Sığortalanması Fondunun Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır. Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan bankların inzibatçısı kimi çıxış edərək iflas prosesinin idarəsini, iştirakçı bankların reyestrini tərtib etməklə onlara şəhadətnamələr verilməsini, sığorta haqlarının yığımı və onların uçotunun aparılmasını və digər fəaliyyətləri həyata keçirən qurumdur. 2019-cu ilin oktyabr ayından etibarən Əmanətlərin Sığortalanması Fondunda təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır. Fəaliyyət istiqamətləri nəqliyyat vasitələrinə nəzarətin həyata keçirilməsi, qurumdaxili tikinti və təmir, alqı-satqı əməliyyatlarının təşkili və icrasını əhatə edir. Əmanətlərin Sığortalanması Fondu olaraq 5 ildən artıq müddət Zərərçəkmiş şəxs MMC ilə GPS naviqasiya avadanlıqlarının quraşdırılması və müvafiq proqram təminatı ilə xidmətin təşkil olunması üzrə əməkdaşlıq həyata keçirmişdir. Təqribən 20-dən artıq nəqliyyat vasitəsinə Zərərçəkmiş şəxs MMC-dən alınmış GPS naviqasiya avadanlıqları quraşdırılmışdır. Həmin avadanlıqlara texniki dəstəyi də Zərərçəkmiş şəxs MMC-nin mütəxəssisləri həyata keçirməkdədirlər. İstifadələrində olan nəqliyyat vasitələrinə nəzarət isə rəhbərlik etdiyi şöbənin dispetçeri Ənvər Qasımov tərəfindən həyata keçirilir. Ənvər Qasımov 2022-ci ilin sonlarından 2023-cü ilin ortalarına qədər istifadələrində olan nəqliyyat vasitələrinin GPS məlumatlarının təminində bir neçə dəfə nasazlıqların meydana gəlməsi ilə bağlı ona məlumat vermişdir. Zərərçəkmiş şəxs MMC ilə dəqiqləşmə apardıqda bunun şirkətin kompyuter sistemində aparılan yeniləmələrlə əlaqədar olması bildirilmişdir. Bu qəbildən olan texniki nasazlıqlar təxminən bir neçə gün davam etmişdir. Lakin halhazırda Zərərçəkmiş şəxs MMC-yə və ya digər şəxslərə qarşı hər hansı şikayət və tələb yoxdur. Şahid1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini tədiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən Zərərçəkmiş şəxs MMC-yə məxsus kompyuter sisteminə qanunsuz daxil olma və həmin kompyuter sisteminə qanunsuz müdaxilə edilməsi faktlarına dair Azərbaycan Respublikası CM-nin 271.2.1 və 273.2-ci maddələri ilə cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan 23 may 2023-cü il tarixli, 25 may 2023-cü il tarixli və 30 yanvar 2024-cü il tarixli baxış protokollarından, “Dell” markalı noutbukun tədqiqatına dair arayışdan, “İphone” markalı, “XR” modelli mobil telefon qurğusunun tədqiqatına dair arayışdan, "xxxx" MMC-dən təqdim edilmiş “log” məlumatlarının təhlilinə dair arayışdan görünür ki, 1 ədəd qara rəngli “İphone XR” markalı smartfon tipli mobil telefonun seriya nömrəsinin F71YJ7MEKXK1, İMEİ nömrəsinin isə **********77651 olması müəyyən edilmişdir. Mobil telefonun sazlamalar bölməsinin parollar hissəsində Zərərçəkmiş şəxs MMC-yə məxsus serverə qoşulma keçidləri üzrə məlumatlar aşkar edilmişdir. Bununla yanaşı mobil telefonun yaddaşında Təqsirləndirilən şəxs məxsus iş üzrə əhəmiyyət kəsb etməyən şəkil, video və sair fayllar aşkar edilmişdir. Tədqiqat zamanı, mobil telefonda Zərərçəkmiş şəxs MMC-yə məxsus “Wialon B3” GPS sisteminin istifadəçilərinə aid ümumilikdə 48 (qırx səkkiz) hesab və həmin hesablara məxsus şifrələrin saxlanıldığı müəyyən edilmişdir. Habelə, hesablar arasında admin səlahiyyətli “wialon” hesabının da olduğu diqqət çəkmişdir. Qeyd edilməlidir ki, istifadəçi adı və şifrələrin mobil telefonun “Settings” sazlamalarının “Passwords” bölümündə saxlanması, bu ad və şifrə ilə artıq bir dəfə sistemə giriş edilərək, bu qeydiyyatların mobil telefonun yaddaşında saxlanılması təklifini qəbul etdikdən sonra baş verir. Bu səbəbdən yuxarıda qeyd edilən hesablara artıq bir dəfə keçid edildiyinə dair əsaslı şübhələr yaranmışdır. İstifadəçinin telefonunda “Aзик Новый İt” adı ilə qeydiyyata alınmış ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə “wialon» və “sal83vcn'' mesajlarının göndərildiyi qeydə alınmışdır. Yazışmaların təhlili zamanı, “Aзик Новый İt”-nin əvvəllər Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs MMC şirkətində çalışdığı məlum olmuşdur. Araşdırma zamanı, mobil telefonun yaddaş kitabçasında “Caмиp Kacnuaн" adlı istifadəçi ilə yazışma diqqət çəkmişdir. Belə ki, Zərərçəkmiş şəxs MMC şirkətində birgə çalışdıqları zaman rəhbərliklə aralarında baş verən münasibətlər yada salan “Caмиp Kacnuaн", Təqsirləndirilən şəxs cari ilin aprel ayında işdən öz arzusu ilə çıxması barədə yazdığı ərizənin elektron nüsxəsini göndərmişdir. Növbəti günlərdə isə o, Zərərçəkmiş şəxs MMC şirkətinin elektron poçt ünvanına daxil olduğunu və orada şirkətin informasiya sistemlərinə hücum edilməsi və bu faktın araşdırılması ilə bağlı şirkət tərəfindən DTX-ya ünvanlanan məktubun elektron nüsxəsini əldə etdiyini bildirərək, onu Təqsirləndirilən şəxsla bölüşmüşdür. Tədqiq edilən telefondakı texniki izlər və əldə olunan mövcud informasiyanın təhlilinə əsasən aşağıdakı məlumatların əməliyyat əhəmiyyəti olması qənaətinə gəlmək mümkün olmuşdur:
1. “Aзик Новый İt” (***-***-**-**) mobil telefon nömrəsindən R Qafurovun ***-***-**-** nömrəsinə “wialon" adı və “sal83vcn" şifrəsi göndərilib. 2 “Caмиp Kacnuaн" (***-***-**-**) mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsi ilə “Whatsapp" mesenceri üzərindən yazışma zamanı, birinci tərəf R Qafurova "xxxx" şirkətinin elektron poçt ünvanına daxil olduğunu və oradakı məktubları oxuduğunu bildirir.
3. R Qafurovun mobil telefonun “Settings" sazlamalarının "Passwords" bölümündə "Wialon B3” GPS sisteminin istifadəçilərinə məxsus hesab və həmin hesablara məxsus şifrələrın saxlanılması, bu telefondan sistemə daxilolmaların baş verdiyini deməyə əsas verir (i/v 11-14, 18-21, 23-24, 26-27, 34-36, 133). İş materiallarında olan 17 noyabr 2023-cü il tarixli baxış protokolundan və ona əlavədən görünür ki, 25 may 2023-cü il tarixdə götürülmüş Zərərçəkmiş şəxs MMC-yə məxsus serverin “log” keçmişinə aparılan baxış zamanı aşkar edilmişdir ki, 85.132.108.250 saylı İP ünvanı vasitəsilə ümumilikdə 12 dəfə, öz yaşadığı mənzildə istifadəsində olan 185.43.191.95 saylı İP ünvanı vasitəsilə ümumilikdə 30 dəfə “Kaspian Navtel’ MMC-yə məxsus serverə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qoşulmalar baş tutmuşdur (i/v 58-68). İş materiallarında olan əməlin tövsif edilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 271.2.1, 272.1 və 273.2-ci maddələrinə tövsif edilmişdir (i/v 77). İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1, 272.1 və 273.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (i/v 202-203). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 98-99). İş materiallarında olan “Maddi sübut kimi tanınma və cinayət işi üzrə icraatın materiallarına əlavə edilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, “İphone XR” markalı smartfon tipli mobil telefon və “Dell Latitude” markalı notbuk maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır (i/v 134-135). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdülü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 adlı iki uşağı vardır (i/v 174-175). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəməkompyuter texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/50 saylı rəyə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus “Wialon B3” GPS sisteminə aid serverə dair “LOG”ların təhlili nəticəsində Zərərçəkmiş şəxs MMC-yə məxsus “Wialon B3” GPS sisteminə aid serverə “wialon” istifadəçi adı ilə 2023-cü ilin yanvar ayından etibarən müxtəlif tarixlərdə “85.132.108.250” İP ünvan üzərindən məsafədən daxil olma icra olunmasını göstərən rəqəmsal izlər müəyyən olunmuşdur. Serverə “wialon” istifadəçi adı ilə 2023-cü ilin yanvar ayından etibarən “85.132.108.250” İP ünvan üzərindən yerinə yetirilmiş bütün daxil olmaların (Login) tarixi, saatı və hansı hesablara giriş edilməsinə dair statistik məlumatlar rəyin tədqiqi hissəsində olan (Şəkil 5)-də öz əksini tapmışdır. Tədqiq olunan “LOG”lar üzərində aparılmış axtarış və təhlil nəticəsində “wialon” istifadəçi adı ilə 2023-cü ilin yanvar ayından etibarən müxtəlif tarixlərdə “185.43.191 95” İP ünvan üzərindən məsafədən daxil olma icra olunmasını göstərən rəqəmsal izlər müəyyən olunmuşdur. Həmin daxil olmaların (Login) tarixi, saatı və hansı hesablara giriş edilməsinə dair statistik məlumatlar rəyin tədqiqi hissəsində olan (Şəkil 6)-də öz əksini tapmışdır. Tədqiq olunan Zərərçəkmiş şəxs MMC-yə məxsus “Wialon B3” GPS sisteminə aid serverdən “wialon" istifadəçi adı ilə 2023-cü İlin yanvar ayından etibarən "85.132.108.250" və "185.43.191.95" saylı İP ünvanlar vasitəsilə icra olunmuş girişlərə dair bütün rəqəmsal izlər elektron formada bır ədəd "DVD-R" tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan Zərərçəkmiş şəxs MMC-yə məxsus “Wialon B3” GPS sisteminə aid logların təhlili zamanı tədqiq hissənin 3-cü bəndində göstərilənləri və əlavə tədqiqat obyekti olaraq təqdim edilmiş serverin “Boot” menyusundan götürülmüş rəqəmsal izlərə aid fotoda olan qeydlər əsasında belə nəticəyə gəlinir ki, “wialon” istifadəçi adı ilə “85 132.108.250" İP ünvan üzərindən “config txt” faylında dəyişiklik oluna bilər. Məlumat üçün bildirilir ki, “config.txt” faylında serverin sazlanmasına dair konfiqurasiya parametrləri saxlanır. Həmin fayl üzərində hər hansı bir dəyişikliyin və ya silinmənin icra edilməsi nəticəsində serverə göndərilən sorğuların cavablandırılmaması. səhvlərin baş verməsi və ya məlumat itkisi kımı problemlərin olması və nəticədə sisteminin işləməsində ciddi maneələrin yaranmasına səbəb ola bilər (i/v 177-180). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (i/v 198). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsinə əsasən kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma əməli təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1-ci maddəsinə əsasən kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi əməli iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.2-ci maddəsinə əsasən kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi əməli üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət əməlinin obyekti kompyuter sisteminin, kompyuter məlumatlarının mühafizəsi sahəsində yaranan ictimai münasibətlər, subyekti kompyuter sisteminə daxil olmaq hüququ olmayan şəxs, predmeti isə kompyuter məlumatlarıdır. Cinayətin obyektiv cəhəti kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə daxil olmadan ifadə olunur. Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsində təsbit olunan əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Kompyuter sisteminə daxil olan şəxs daxil olmağa hüququ olmadığını, mühafizə tədbirlərini pozmaqla daxil olduğunu qabaqcadan görüb dərk edir və daxil olmağı arzu edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271-ci maddəsinin 1-ci Qeydində “kompyuter sisteminin anlayışı verilmişdir. Həmin Qeydə əsasən “kompyuter sistemi” dedikdə müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür. Azərbaycan Respuublikası tərəfindən müvafiq bəyanat və qeyd-şərtlərlə ratifikasiya edilmiş Kibercinayətkarlıq haqqında Konvensiyanın 1-ci maddəsində «kompyuter sistemi»nin anlayışı kimi müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunun nəzərdə tutulduğu qeyd edilmişdir. Həmin maddədə «kompyuter verilənləri» dedikdə faktların, məlumatların və ya anlayışların kompyuter sistemində, o cümlədən kompyuter sistemində hər hansı funksiyanın həyata keçirilməsini təmin edən proqram vasitəsilə emal üçün yararlı olan istənilən təqdim formasını nəzərdə tutulduğu qeyd edilmişdir. Təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə cinayət hesab edilən əməlin törədilmə üsulunu müəyyən etmək və istifadə edilən texniki vasitə və proqramların anlayışını aydınlaşdırmaq zəruridir. Mobil telefon – verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən texnoloji kommunikasiyta vasitəsi hesab edilən qurğudur. Qurğu – hər hansı bir işi, əməliyyatı həyata keçirmək üçün istifadə edilən mexanizm, alət, cihaz və ya vəsaitdir. Təqsirləndirilən şəxs əməlinin cinayət hesab edilməsi üçün cinayət tərkibinin bütün əlamətləri mövcud olmalıdır. Belə ki, AR CM-nin 271.1-ci maddəsinin dispoziyasına görə 1. kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan daxil olma 2. yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma cinayət hesab edilir. Həmçinin Cinayət Məcəlləsinin 272.1-ci maddəsinin dispozisiyasına görə 1. kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, 2. o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi cinayət hesab edilir. Həmçinin Cinayət Məcəlləsinin 273.2-ci maddəsinin dispozisiyasına görə kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi cinayət hesab edilir. Təqsirləndirilən şəxs istinad edilən CM-nin 271.2.1, 272.1 və 273.2-ci maddələrinin tərkibi onun tərəfindən şəxsi niyyətlə (tamah niyyəti mövcud olubolmamasından asılı olmayaraq) komyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan, yəni qanunsuz təkrar daxil olmaqla və kompyuter məlumatlarını təkrar ələ keçirməklə, həmçinin kompyuter sisteminin işləməsinə qəsdən ciddi maneə törətməklə ictimai təhlükəli əməlin törədilməsi ilə yaranmışdır. Təqsirləndirilən şəxs tərəfindən kompyuter sisteminə daxil olma o zaman könüllü hesab edilə bilər ki, şəxs özü öz hesab məlumatlarını digər şəxsin əsl niyyətini bilə-bilə, yəni onun hesabına daxil olaraq kompyuter əməliyyatlarını aparmasını əvvəlcədən bilmiş olsun və buna şəxsən özü icazə versin. Şəxsin öz könüllü razılığı olmadan onun kompyuter məlumatlarının ələ keçirilməsi və ya hər hansı maneələrin yaradılması heç vaxt qanuni daxil olma hesab edilə bilməz. Hüququ olmadan kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olma dedikdə qanuni istifadəçi olmayan, yaxud qanunvericiliklə belə hüququ qadağan edilən və ya müvafiq icazəsi olmadan daxil olması başa düşülür. Buna hüququ olmadan kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olma mühafizə tədbirlərini pozmaqla törədildikdə Cinayət Məcəlləsinin 271-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Mühafizə tədbirlərini pozmaqla daxil olma özgənin adından, yaxud parolundan, texniki qurğuların köməyindən istifadə etməklə, müdafiə sisteminin zəif yerlərinin tapılması, şəxsin aldadılması, və “sındırılması” və s.bu kimi yollarla daxil olmanı nəzərdə tutur. Həmçinin ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının ələ keçirilməsi Cinayət Məcəlləsinin 272-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Komyuter məlumatlarının ələ keçirilməsi dedikdə informasiya sahibinin və ya komyuter məlumatının sahibinin həmin informasiya üzərində təkbaşına sahiblik və sərəncam hüququnun pozulması ilə nəticələnən ictimai təhlükəli əməlin törədilməsi nəzərdə tutulur. Həmçinin ümumi istifadə üçün nəzərdə tutulmayan Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi Cinayət Məcəlləsinin 273-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Bu Məcəllənin 273.2-ci maddəsində “kompyuter sisteminin işləməsinə ciddi maneə törədilməsi” kompyuter sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır ki, kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər kompyuter sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə görə cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyi onda ifadə olunur ki, onun törədilməsi nəticəsində kompyuter verilənlərin məxfiliyi, bütövlüyü yararlılığına qarşı yönəlmiş əməllər baş vermiş, həmçinin bu sistem, şəbəkə və verilənlərdən qeyri-qanuni istifadə mümkün olmuş, şəxsi, ailə və kommersiya sirri təşkil edən məlumatların toxunulmazlıq hüququna qəsd edilmiş, həmçinin kompyuter sisteminin işləməsinə qəsdən ciddi maneə törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İV bəndinin tələblərinə görə hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 271.2.1, 272.1 və 273.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, ilk dəfə az ağır cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə cərimə növündə cəza təyin olunması, qanuni, ədalətli və əsaslıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə bağlı əlavə cəza da təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – DTX İstintaq baş idarəsində saxlanılan “İphone XR” markalı smartfon tipli mobil telefon və “Dell Latitude” markalı noutbuk dövlət nəfinə müsadirə olunmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Verilmiş mülki iddiaya münasibətdə isə məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla, üzərində qəti olaraq, 02 (iki) il müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzası saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və DTX İstintaq baş idarəsində saxlanılan “İphone XR” markalı smartfon tipli mobil telefon və “Dell Latitude” markalı noutbuk dövlət nəfinə müsadirə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elməddin Hüseynov