Məhkəmə qərarları › İş №1(006)-191/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-191/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-191/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində ünvan 2nında yerləşən mənzildə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu qəsdən vuraraq ona sağ bazu oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin sıyrıqları, sol bazu nahiyəsinin, döş qəfəsinin ön səthinin, sağ sağrı nahiyəsinin, sağ budun qançırları kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən onların 2016-cı ildə Çingiz və 2020-ci ildə Nazlı adlı övladları doğulmuşlar. 2021-ci ildə qayınatası X4 vəfat etdiyindən sonra, o, həyat yoldaşı Zərərçəkmiş şəxs və iki azyaşlı övladları ilə birlikdə qayınanası X2 yaşadığı ünvan 3 ünvanına köçmüşlər və hal-hazırda da həmin ünvanda yaşayırlar. Onlların ilk olaraq ailə münasibətləri yaxşı olsada belə, daha sonra onların münasibətləri korlanmışdır. Buna səbəb həyat yoldaşı Zərərçəkmiş şəxs onunla evdə sözlə mübahisə edib, onun həyatında başqa bir qadının olduğunu deməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində onlar evdə olan zaman o, evdən çıxaraq getmək istəmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs ondan hara getməsini xəbər almış və ondan ayrılacağını demişdir. Bu zaman onların arasında sözlə mübahisə olmuş və o, əsəblərinə hakim ola bilməyərək əli ilə həyat yoldaşı Zərərçəkmiş şəxs sifətinfən, boynundan zərbələr endirmiş, daha sonra itələdiyindən həyat yoldaşı Zərərçəkmiş şəxs evlərinin girəcəyində yerə yıxılmış və kürəyi evlərinin girəcəyindən olan ayaqqabı rəfinə dəymişdir.Onların arasınında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və həmin hadisənin şahidi kim olmamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların ilk olaraq ailə münasibətləri yaxşı olsa da, daha sonra onların münasibətləri korlanmışdır. Buna səbəb həyat yoldaşı Təqsirləndirilən şəxs həyatında başqa bir qadının olmasıdır. xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində onlar evdə olan zaman o, yenə də həyat yoldaşı Təqsirləndirilən şəxs evdən çıxaraq getdiyini görmüşdür. O, həyat yoldaşı Təqsirləndirilən şəxs hara getməsini xəbər aldıqda, Təqsirləndirilən şəxs evdən getdiyini demiş, o da Təqsirləndirilən şəxs ondan ayrılacağını bildirmişdir. Bu zaman onların arasında sözlə mübahisəli olmuş və həyat yoldaşı Təqsirləndirilən şəxs əli ilə onun boynundan vurmuş, daha sonra onu itələdiyindən o, evlərinin girəcəyində yerə yıxılmış və onun kürəyi evlərinin girəcəyində olan ayaqqabı rəfinə dəymişdir. Onların arasında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və həmin hadisənin şahidi kim olmamışdır. Hazırda onlar barışmış, ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli 226 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarətlərlər-sağ bazu oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır- şişkinlik, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin sıyrıqları, sol bazu nahiyəsinin, döş qəfəsinin ön səthinin, sağ sağrı nahiyəsinin, sağ budun qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ dəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və dəymiş zərəri tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar