Məhkəmə qərarları › İş №1(006)-193/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-193/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-193/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Z.Tağıyev küçəsi, ev 42-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə, saat 22:45 radələrində ünvan 1-də tanışı Zərərçəkmiş şəxs ilə aralarında pul borcu səbəbi ilə bağlı şəxsi münasibətlərin pozulması nəticəsində başlanılmış mübahisə zamanı yumruqla sonuncunun sinə, sifət və baş nahiyələrinə vuraraq ona sol bazu oynağının və sol çiyin qurşağı nahiyəsinin sol bazu oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan şişkinlik halında hematoması və döş qəfəsinin ön səthinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, 18.03.2022-ci il tarixdə, saat təxminən 22:45 radələrində ortaq tanışları olan Şahid yaşadığı ünvan 1-də yerləşən mənzildə olan zaman Zərərçəkmiş şəxs olan faiz borcunun bir qismini qaytarması üçün zəng vurub onlara gedib pulu verməyini demişdir. Zəkiyyə isə ona özü gələcəyini bildirmişdir. Zəkiyyə gəldikdən sonra onun verdiyi pulun köhnə olmasını bəhanə gətirərək həmin əsginasın dəyişməyini bildirmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış, Zəkiyyə onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətmiş, onun atası xəstə olduğu üçün həmin ifədələr ona pis təsir etmiş və bu səbəbdən Zəkiyyənin sinə nahiyəsindən əli ilə bir dəfə vurmuş, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. 18.03.2022-ci il tarixdə, təxminən saat 22:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti, ev 46 mənzil 54-də yaşayan, ümumi tanışları Şahid yaşadığı mənzildə olarkən Sədaqətdən ona olan borcunu istəyən zaman sonuncu onun və valideynlərinin, hətta övladının ünvanına nəlayiq ifadələr işlədərək təhqir etmiş, həmçinin saçından tutub dartaraq sillə və yumruqla onun sinə, sifət və baş nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmiş, hadisənin şahidi həmin vaxt evdə olan mənzil sahibi Şahid olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, mübahisə onun hal-hazırda yaşadığı ünvan 1 ünvanında baş vermişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. 18.03.2022:ci il tarixdə axşam saatlarında Sədaqət onun yaşadığı ünvana gəlmiş və onunla söhbət əsnasında ona məlum olmuşdur ki, Sədaqətin Zəkiyyəyə bir qədər borcu var. Lakin borcun nə vaxt alındığı və nə qədər olması barədə məlumatı olmamışdır. Həmin vaxtı Sədaqət onun yanında Zəkiyyəyə zəng vurub borcunun bir qismini qaytarmaq istədiyini bildirmişdir. Zəkiyyə isə özü oraya gələcəyini demişdir. Bir qədər sonra Zəkiyyə onun evinə gəlmiş, o da onunla görüşüb tək mətbəxə keçmiş, Sədaqət və Zəkiyyə isə qonaq otağında qalmışlar. O mətbəxdə çay hazırlayan zaman qonaq otağından onların səs-küyünü eşidib dərhal ora qaçmış və Sədaqətlə Zəkiyyənin tutaşdığını görmüşdür. Onları ayırıb bir-birindən uzaq yerdə əyləşdirmişdir. Sonradan ona məlum olmuşdur ki, Sədaqətin Zəkiyyəyə olan borcunun bir qismini qaytararkən Zəkiyyə pul əsginasın köhnə olduğunu bildirmiş və onu digər təzə əsginasla dəyişdirməyini istəmiş, bu səbəbdən aralarında dava-dalaş olmuşdur. O, mətbəxdə olduğundan Sədaqətin Zəkiyyəni vurmasını görməmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Nəsimi rayon şöbəsinin 29.03.2022-ci il tarixli, 344 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – bazu oynağının və sol çiyin qurşağı nahiyəsinin sol bazu oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan şişkinlik halında hematoması və döş qəfəsinin ön səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən qərarın təsviri hissəsində göstərilən 18.03.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild İ, i.v.22-23); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.03.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild İ, i.v.20); • “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 01.10.2012-ci il təvəllüdlü bir övladı var (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar