Məhkəmə qərarları › İş №1(006)-193/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-193/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-193/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürsounun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Masallı rayonu, Qodman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Qəriblər ərazi dairəsi, Qəriblər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13:00 radələrində ünvan 2 ünvanın qarşısında Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 01 bükümdə təmiz çəkisi 0,951 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “2-ci Alatava” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən istifadə etmək üçün 60 manata “Kakos” kimi tanınan narkotik vasitə olan heroin almışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi 7 saylı ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq narkotiv vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət etmişlər, o, da polis əməkdaşları ilə razılaşaraq Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə gəlmişlər. Polis şöbəsində onu xidməti otağa salmışlar, sonra ona hüquq və vəzifələri izah olunmuş, ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin edilmişdir. Bir müddət sonra o, vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmış, bu zaman o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, o, narkotik vasitəni şəxsi istifadəsi üçün “2-ci Alatava” deyilən yerdə tanımadığı şəxsdən 60 manata aldığını bildirmişdir. Bundan başqa üzərindən qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bir büküm narkotik maddə zərfə qoyularaq qablaşdırılmış və o, zərfi imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, sonuncu dəfə narkotik vasitəni bir ay bundan əvvəl istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, “Ruslan” adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlayır və daşıyır. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə saat 13 radələrində əldə etdikləri məlumat əsasında ünvan 4 ünvanın qarşısında olarkən “Ruslan” adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib “Ruslan” adlı şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etmişlər.Orada olarkən «Ruslan» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gəlmişdir. Polis Şöbəsinə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması X6ə həvalə olunmuşdur. X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə məlumat verilməsi bildirildikdə, sonuncu təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini 2- ci Alatava deyilən ərazidə tanımadığı şəxsdən 60 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞnin əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan 29 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 89-92-ci vərəqələrində olan 31 yanvar 2023-cü il tarixli Nəsimi RPİ-nin İŞ-nın baş müstəntiqi O.Əkbərovun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 56-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 6/544 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası DİN Zərflər üçün №187» dairəvi möhür əksi olan və «.. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddə...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,951 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heronin təmiz çəkisi- 0,951 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq 0,901 qramdır. Cinayət işinin 57-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 115-120-ci vərəqələrində olan 14 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,901 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 fevral 2023-cü il tarixli 798 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 mart 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: Tərtər Hərbi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 dekabr 2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 14:30-da qeydə alınmışdır. Nəsimi RPİ-nin 19-cu PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini 29 yanvar 2023-cü il tarixdə “2-ci Alatava” deyilən ərazidən adını xatırlamadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zidd əşya aşkar edilmir. Cinayət işinə əlavə edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, narkotik maddə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin miqdarını (0,951 qram), əvvəllər də məhkum olunmasını və cəzalandırılmasına baxmayaraq islah olunmamasını, barəsində dəfələrlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) ilə və 206, 535-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsini həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində sonuncu dəfə bir ay bundan əvvəl narkotik vasitə istifadə etməsini etiraf etməsini, azadlıqda qalacağı təqdirdə yenidən eyni tərkibli cinayət əməlinin törətməsi ehtimallarının çox olmasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2023-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 10 may 2023-cü il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 13 fevral 2023-cü il tarixli 798 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,901 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İ.H.Hüseynova məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,901 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar