Məhkəmə qərarları › İş №1(006)-194/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-194/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-194/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 16.02.2022-ci il tarixdə, saat təxminən 16 radələrində, ünvan 2 ünvanında yerləşən günəmuzd işlədiyi mətbəədə, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus çantadan 2800 manat pulu, qəsdən, tamah niyyəti ilə gizli şəkildə talayaraq maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, hadisəni törətdiyi günədək uzun müddətdir tandığı Zərərçəkmiş şəxs işlədiyi Nəsimi rayonu, H.Aslanov küçəsi 85 ünvanında yerləşən mətbəəyə gedib-gəlmiş və ona kargüzarlıq işlərində kömək edib günə 10-15 manat pul qazanmışdır. Zərərçəkmiş şəxsla dost kimi münasibəti olmuş və işsiz olduğunu bildiyi üçün zərərçəkmiş şəxs onu tez-tez yanına çağırmışdır. Həmin mətbəədə Zərərçəkmiş şəxs tək çalışdığı üçün, köməyə gəldiyi zamanlar orada ikisi olmuşdur. 16.02.2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yanına getmiş və orada təmizlik işlərinə başlamışdır. Zərərçəkmiş şəxs dəftər sifarişi qəbul etmiş və avans olaraq aldığı topa pulları onun yanında sayıb çantasına qoymuşdur. Bundan sonra maddi sıxıntıları olduğu üçün həmin pulu oğurlamaq qərarına gəlmişdir. Saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs sanitar qovşağına getdiyini görüb tez çantasından bütün pulları götürüb cibinə qoymuşdur. Sanitar qovşağından qayıtdıqdan sonra Zərərçəkmiş şəxs şübhələnməməsi üçün anasının vəziyyətinin pis olduğunu söyləyib getmək məqsədi ilə icazə almışdır. Daha sonra oradan çıxmış və yolda pulları sayan zaman 2800 manat pulun olduğunu görmüşdür. Həmin pullar ilə aptekdən anası üçün təxminən 200 manatlıq dərman, marketdən 150 manatlıq bazarlıq edib evə getmişdir. Təxminən 2-3 saat sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış, telefon danışı zamanı ona oğurluq etdiyini etiraf etmiş, anasının əməliyyatına pul lazım olduğunu bildirib 10 gün ərzində həmin pulu tam olaraq geri qaytaracağına söz vermişdir. Həmin pulları öz iradəsinə uyğun olaraq xərcləmiş və 10 gün sonra Zərərçəkmiş şəxs pulu qaytarmasını istəyəndə artıq pulun olmadığını ona bildirmişdir. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu, dəymiş zərəri işləyib hissə-hissə ödəyəcəyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildən ünvan 3 ünvanında yerləşən fərdi faəliyyət göstərən mətbəə evini işlədir. Mətbəə evində müxtəlif növ vizit kartlar, ciddi hesabat blankları və digər kargüzar məhsulları hazırlayırlar. İş yükü çox olan zamanlar köməkçi kimi uzun müddətdir tanıdığı Təqsirləndirilən şəxs kömək üçün çağırmışdır. Onun maddi sıxıntılarını bildiyi üçün, təmizlik və cildləmə işinə çağırıb günlük 10-15 manat ona pul vermişdir. 14.03.2022-ci il tarixdə 200 dəftər sifarişi götürdüyü üçün Təqsirləndirilən şəxs zəng edərək onu işə çağırmışdır. Həmin ərəfədə sifarişlə bağlı götürdüyü 2800 manat pulu iş yerində çantada saxlamış və həmin pulun orada olmasını Təqsirləndirilən şəxs görmüşdür. 16.02.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs evində problem olmasını deyərək təcili evə getmək istədiyini bildirmişdir. Saat 17:00 radələrində kağızı götürdüyü şirkətin nümayəndisi pulu almaq üçün ofisə gəlmiş və ödəniş etmək üçün çantanı açan zaman pulun orada olmadığını aşkar etmişdir. İlk əvvəl pulu qoyduğu yeri unutduğunu düşünmüş, lakin sonradan Təqsirləndirilən şəxs tez evə getməsi onda şübhə yaratdığı üçün onunla telefon əlaqəsi saxlamış və ona birbaşa hansı səbəbdən pulu çantadan götürməsini soruşmuşdur. Təqsirləndirilən şəxs pulu çantadan oğurladığını etiraf etmiş və bunu anasının xəstəliyi ilə əlaqələndirmişdir. Daha sonra Təqsirləndirilən şəxslə görüşüb danışan zaman sonuncu 10 gün ərzində həmin pulu geri qaytaracağına dair söz vermiş, lakin vədinə əməl etməmişdir. Bundan sonra, o, polisə müraciət etmiş və Təqsirləndirilən şəxs əməlini bir daha etiraf etmişdir. Sonradan onun Təqsirləndirilən şəxs yazıqlığı gəlmiş və ona yenə də pulu qaytarması üçün vaxt vermişdir, lakin sonuncu hər dəfəsində onu aldadaraq müxtəlif bəhanələr gətirmiş və pulunu qaytarmamışdır. Halhazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin məsul növbətçisi, polis leytenantı Fuad Cəbrayılov tərəfindən Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi Emin Abbasova ünvanlanmış raportdan görünür ki, 28 fevral 2022-ci il tarixdə, saat 19:30 radələrində, DİN-nin 102 xidmətinə ********* saylı oğurluq məlumatı daxil olmuş və Zərərçəkmiş şəxs zəng edərək, Nəsimi rayonu, H.Aslanov küçəsi 85 “Baku Print”-də 10-12 gün əvvəl mətbəədə iş görən Təqsirləndirilən şəxs adlı və soyadlı şəxsin onun pul kisəsindən 2800 manat pulunu oğurlaması, evinə gedən zaman hadisəni törətdiyini boynuna alması və pulu qaytaracağını desə də, qaytarmaması barədə məlumat vermişdir (i/v 5); İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təhqiqatçısı İsa Taralov tərəfindən tərtib olunmuş “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tamah niyyəti ilə gizli şəkildə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın Nəsimi rayonu, H.Aslanov küçəsi 85 ünvanında olmasını qeyd etmişdir (i/v 20-25); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 mart 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 58); Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan – 28 aprel 2022-ci il tarixdən hesablanmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-194/2022 saylı, 01.04.2022-ci il tarixli qərara əsasən 04.04.2022-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar