Məhkəmə qərarları › İş №1(006)-194/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-194/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-194/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkil X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən İnzibati Binada qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq və elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində müştəri qismində gəldiyi ünvan 3 ünvanında yerləşən “Pilot” hotelin işçilər üçün nəzərdə tutulmuş paltar dəyişmə otağının qapısının açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra oraya qanunsuz daxil olaraq masanın üzərindən Zərərçəkmiş şəxs məxsus içərisində 225 manat nağd pul, 20 manat dəyərində “Versace” markalı pul qab, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kart, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid "xxxx" plastik kart, 01 ədəd 50 manat dəyərində “Opel” markalı avtomobilə aid açar olan 15 manat dəyərində əl çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 340 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə əvvəlcədən gizli olaraq taladığı X2 məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən ”Kapitalbank” ASC tərəfindən verilmiş 4169********737465 nömrəli plastik kartdan 28 oktyabr 2022-ci il tarixdə saat 23:32-də ünvan 4 ünvanında yerləşən “Grandmart” supermarketdən alış-veriş etməklə həmin kartın hesabından 65 manat 10 qəpik, vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 23:36-da 82 manat 75 qəpik, həmin gün saat 23:39-da 34 manat 40 qəpik, 29 oktyabr 2022-ci il tarixdə saat 00:16-da Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən “Bravo” hipermarketdən alış-veriş etməklə həmin kartın hesabından 20 manat və həmin gün saat 08:30 radələrində ünvan 6 ünvanında yerləşən “Neptun” supermarketdən alış-veriş etməklə həmin kartın hesabından 16 manat məbləğində pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs Leyla Əliyevaya ümumilikdə 218 manat 25 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, “Tarqovı” adlanan ərazidə dəqiq adını xatırlamadığı kafedə çoxlu spirtli içki qəbul etmiş, özünü pis hiss etdiyi üçün oteldə qalmaq qərarına gəlmişdir. Bu səbəbdən də yaxınlıqdakl “Pilot” otelə daxil olmuş və resepşnda heç kimin olmadığını görüb tualet axtarmışdır ki, biraz rahatlasın. Bu zaman giriş hissənin yanında olan otaqlardan birinin qapısı açıq olduğundan ora girmiş və orada stulun üzərində markasını dəqiq xatırlamadığı qara rəngli balaca bir çantanı görmüş, ətrafda insanların olmadığından həmin çantanı götürüb oteldən çıxmışdır. Həmin çantanın sonradan qadın çantası olduğunu bilmiş, çünki içərisində qadına aid kosmetik ləvazimatlar olmuşdur. Əgər qadın çantası olduğunu bilsəydi heç vaxt götürməzdi. Bundan sonra Fəvvarələr Meydanında yerləşən “Mcdonalds” restoranının arxasına qədər piyada hərəkət edib həmin ünvanda çantanı açmış və çantanı açan zaman içərisində 15 manat nağd pul olan kaşelok, müxtəlif banklara məxsus bank kartları və bir də sənədlər olmuşdur. Bundan sonra ünvan 7 ünvanında yerləşən “Grandmart” supermarketə daxil olub birinci dəfə 65.10 manat dəyərində qeyd etdiyi Kapitalbanka məxsus birbank kartı ilə post terminal vasitəsi ilə qida məhsulları almış, daha sonra həmin gün gecə yenidən həmin marketə daxil olub 82.75 manat dəyərində post terminal vasitəsi ilə qida məhsulları almış, bir qədər sonra yenidən həmin mağazaya daxil olub 34.40 manat dəyərində post terminal vasitəsi ilə qida məhsulları almış, bundan sonra evə getmək qərarına gəlmiş, evə gedən zaman yolda həmin gün saat 00:16 radələrində Bakı şəhəri 20 yanvar metro-stansiyası yaxınlığında yerləşən “Bravo” marketə gəlmiş, oradan həmin kart vasitəsi ilə post terminalla ümumilikdə 20 manat dəyərində alış veriş etmiş, bundan sonra həmin gün evə gedib kartdan istifadə etməmiş, səhərisi gün saat 08:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR dairəsi yaxınlığnda yerləşən Neptun marketə yaxınlaşıb həmin kartla yenidən ümumilikdə 16 manat dəyərində post terminal vasitəsi ilə alış veriş edərək özünə siqaret almış, həmin gün saat 20:00 radələrində istifadə etdiyi 1 ədəd Kapital Bank ASC-yə məxsus bank kartını və digər bank kartlarını “5 mərtəbə” adlanan ərazidə dəqiq ünvanını xatırlamadığı zibil qablarından birinə atmışdır. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində ikinci iş kimi xadimə işlədiyi ünvan 3 ünvanında yerləşən “Pilot” hotelə özünə məxsus olan Opel Astra markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş, otelin işçiləri üçün nəzərdə tutulmuş paltar dəyişmə otağına daxil olub özünə məxsus olan çantanı həmin otaqda stolun üzərinə qoyub öz işini görməyə getmiş, oteldə olanda həmin gün saat 00:00 radələrində mobil telefonunda olan “Birbank” proqramından bildiriş gələrək kartından pul vəsaitləri post terminal vasitəsi ilə ödəniş edilməklə xaric olunduğunun şahidi olmuş, belə ki, ona məxsus ********** nömrəli Kapital bank kartından post terminal vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 23:36 dəqiqədə “116GM 5 mərtəbə” yazılan ünvandan 23:32 radələrində 65,10 manat, həmin gün saat 23:36 dəqiqədə həmin ünvandan 82,75 manat, həmin gün saat 23:39 dəqiqədə eyni ünvandan 34.40 manat dəyərində post terminal vasitəsi ilə alış veriş edilməsi barədə bildiriş gəlmiş, bundan sonra çantasını qoymuş olduğu Pilot otelin paltar dəyişmə otağına getdikdə çantanın içərisindəki əşyalarla birlikdə oğurlanmasını görmüş, o dərhal ona məxsus olan “Kapital Bank ASC” yə məxsus kartından 39 manat qalan pulu digər kartına telefonunda olan proqram vasitəsi ilə göndərmiş, xx.xx.2022-ci il tarixdə 00:16 dəqiqədə isə 20 yanvar Bravo market yazılan ünvandan 20 manat dəyərində alış veriş edilməsi barədə bildiriş gəlmiş, həmin hadisədən sonra DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermiş, dəyəri 20 manat təşkil edən qara rəngli markasını dəqiq xatırlamadığı bel çantasının içərisində özünə məxsus tünd qəhvəyi rəngli “Versace markalı” 30 manat dəyərində pul kisəsi olduğunu, həmin pul kisəsinin içərisində 02 ədəd Kapitalbank ASC-yə məxsus bank kartı, 01 ədəd Leobank ASC-yə məxsus bank kartı, oğlu X4 məxsus şəxsiyyət vəsiqəsi, idarə etdiyi Opel Astra markalı **-VG-*** d.q.nişanlı avtomobilin texniki baxış şəhadətnaməsi, həmin avtomobilin 50 manat dəyərində açarı, özünə məxsus sürücülük vəsiqəsi, özünə məxsus şəxsiyyət vəsiqəsi və 225 manat nağd pul olduğunu, adlarını qeyd etdiyi əşyalar çantası oğurlanan zaman onun içərisində olmuşdur. 29 noyabr 2022-ci il tarixdə səhər saatlarında mobil telefonuna bildiriş gələrək oğurlanmış ona məxsus ********** nömrəli Kapital bank kartından 16.00 manat dəyərində ona məlum olmayan ünvandan post terminal vasitəsi ilə ödəniş olunması barədə məlumat gəlmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs şikayətçi deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerlərində göstərib oğurladığı "xxxx"a məxsus bank kartından istifadə etməklə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Neptun” supermarketdən alış-veriş etdiyini bir daha təsdiq etmişdir. (i/v 80-82). İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs üzünə qarşı dediklərini təsdiq etmişdir. i/v 146-147). İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 3 ünvanında yerləşən “Pilot” oteldir. (i/v 8-9). İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, 10 dekabr 2022-ci il tarixdə Səbail RPİ-nin müstəntiqi, polis baş leytenantı Azər Aslanlı tərəfindən cinayət işi üzrə hadisə yeri olan ünvan 9 ünvanında yerləşən “Bravo” supermatketindən olan hadisənin görüntülərini əks etdirən müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərdən çəkilmiş 01 ədəd fotoşəkilə Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə keçirilmiş baxış zamanı, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs adına olan 416973*****7465 hesab nömrəli bank kartından istifadə etməklə xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “Bravo” marketdən oğurluq etməyə gələn zaman çəkilmiş fotoşəkildə olan şəxsin özü olduğunu bildirmişdir. (i/v 69-70). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 fevral 2023-cü il tarixli 9/487 nömrəli rəyindən görünür ki, anoloji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 65,00 manat müəyyən edilir. O cümlədən 01 ədəd markası məlum olmayan bel çantası-15,00 manat, 01 ədəd tünd qəhvəyi rəngli “Versace” markalı pul kisəsi-20,00 manat, 02 ədəd “Kapital Bank ASC-yə məxsus plastik bank kartı-20,00 manat (02 ədəd x 10 manat), 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartı-10,00 manat, 01 ədəd “Opel Astra” markalı avtomobilin açarı-aydın deyil kimi müəyyən edilmişdir. (i/v 161-163). İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, "xxxx" ASC-dən alınmış iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs adına olan 416973*****7465 hesab nömrəli bank kartından 2022-ci ilin oktyabr ayının 27-dən 2022-ci ilin noyabr ayının 1-dək olan müddət ərzində aparılmış maliyyə əməliyyatları barədə cədvələ baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə 82 (səksən iki) manat, 75 (yetmiş beş) qəpik; 65 (altmış beş) manat 10 (on) qəpik; 34 (otuz dörd) manat 40 (qırx) qəpik pul məbləğində dəqiq xatırlamadığı müxtəlif mağazalardan alış-veriş zamanı xərcləmiş, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “Bravo” marketdən 20 manat məbləğində alış-veriş etdiyi zaman xərcləmiş, daha sonra isə həmin gün səhər saatlarında ünvan 8 ünvanında yerləşən “Neptun” supermarketdən 4 dəfə hər biri 4 manat olmaqla 16 manat məbləğindən alış-veriş edərək maddi ziyan vurmaqla elektron məlumat dayıcısından istifadə edərək oğurlurq etmişdir. (i/v 148). İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxs onunla barışmışdır. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. (i/v 175). İş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəis müavini İlqar Qafarov tərəfindən Səbail RPİ-nin İŞ-nin müstəntiqi Azər Aslanlıya ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq barəsində müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədilə təhvil verilmişdir (i/v 43). İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, müstəntiqin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. (i/v 73-74). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i/v 75-76). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 73-74, 177-182). İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. (i/v 107). İş materiallarında olan şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. (153-154). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 156-157). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayətin görüntülərini özündə əks etdirən 01 ədəd fotoşəkil maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i/v 192-204). Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan 20 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İlkin olaraq məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış cinayətin görüntülərini özündə əks etdirən 01 ədəd fotoşəkilin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-194/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərara əsasən 05 aprel 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış cinayətin görüntülərini özündə əks etdirən 01 ədəd fotoşəkilin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar