Məhkəmə qərarları › İş №1(006)-194/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-194/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-194/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Astara rayonu Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ortaixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Təngərüd kəndində qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi 91, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyun 2024-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Dövlət Neft Sənaye Universitetinin qarşısına gəlib kənar şəxslərin onu görmədiyi şəraitdə həmin ünvanın qarşısındakı velosiped dayanacağında trosla kilidlənmiş vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 350 manat dəyərində “Sport time” markalı velosipedin tros kilidini özündə olan istintaqla müəyyən edilməyən alətlə kəsdikdən sonra qeyd olunan velosipedi və 6 manat dəyərində tros kilidi gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 356 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyul 2024-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Dövlət Neft Sənaye Universitetinin qarşısına gəlib kənar şəxslərin onu görmədiyi şəraitdə həmin ünvanın qarşısındakı velosiped dayanacağında trosla kilidlənmiş vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 290 manat dəyərində “Vista” markalı velosipedin tros kilidini özündə olan istintaqla müəyyən edilməyən alətlə kəsdikdən sonra qeyd olunan velosipedi və velosipedin üzərində olan 60 manat dəyərində termo çantanı gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Dövlət Neft Sənaye Universitetinin qarşısına gəlib kənar şəxslərin onu görmədiyi şəraitdə həmin ünvanın qarşısındakı velosiped dayanacağında trosla kilidlənmiş vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 310 manat dəyərində “Mercedes” markalı velosipedin tros kilidini özündə olan istintaqla müəyyən edilməyən alətlə kəsdikdən sonra qeyd olunan velosipedi, velosipedin üzərində olan 20 manat dəyərində termo çantanı və 20 manat dəyərində telefon tutacağını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası və qardaşı ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Maddi vəziyyətləri yaxşı olmadığı üçün evin kirayə pulunu verə bilməmişdir. Buna görə o, oğurluq edərək pul əldə etmək fikrinə düşmüşdür. 2024-cü ilin iyun ayında ünvan 2 ünvanının qarşısı ilə hərəkət edərkən orada velosiped dayanacağı olduğunu və bir neçə velosipedin orada saxlanıldığını görmüşdür. Bundan sonra onda həmin velosipedləri oğurlamaq niyyəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində o, ünvan 2 ünvanında yerləşən ADNSU-nun qarşısına gəlmişdir. O, həmin velosiped dayancağına yaxınlaşaraq oradakı velosipedlərə baxmış və velosipedlərin yerdə olan dəmirə bağlandığını görmüşdür. Həmin zaman üzərinə “Sport time” yazılmış velosipedə yaxınlaşaraq üzərində olan dəmir kəsici alətlə velosipedin qıfılını qırmış və velosipedi oradan götürüb çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə o, Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət olunmuş və törətdiyi əməli səmimi etiraf edərək velosipedi polis əməkdaşlarına könüllü təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yenidən ünvan 2 ünvanında yerləşən ADNSU-nun qarşısına gəlmiş, üzərinə “Vista” yazılmış velosipedə yaxınlaşaraq onu heç kimin görmədiyindən əmin olduqdan sonra eyni üsuldan istifadə etməklə velosipedin qıfılını qırmış və velosipedi oradan götürüb çıxıb getmişdir. Həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, yenidən ADNSU-nun qarşısındakı velosiped dayanacağına gəlmişdir. Orada üzərinə “Mercedes” yazılmış velosipedi eyni üsulla kilidini sındırmaqla götürərək oradan getmişdir. Bir neçə gün sonra həmin velosipedi tanımadığım şəxsə Lalafo.az saytına elan yerləşdirməklə 80 manata satmışdır. Daha sonra Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və törətdiyi əməli səmimi etiraf etmişdir. “Vista” markalı velosipedi həmin zaman könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hazırda Bakı Slayvan Universitetinin Filologiya fakültəsinin 3-cü kurs tələbəsidir. O, gündəlik xərclərini ödəmək üçün velosiped alaraq “Wolt” tətbiqi proqramı vasitəsi ilə kuryer kimi işləmək qərarına gəlmişdir. Bunun üçün o, 27 aprel 2024-cü il tarixdə “Umico” marketdən 290 manat ödəyərək “Vista” markalı yaşıl rəngli velosiped almışdır. Velosipedi aldıqdan sonra “Wolt” tətbiqi proqramından qeydiyyatdan keçərək kuryer kimi işləməyə başlamışdır. Həmçinin, o, “Wolt” şirkətindən 60 manata sifarişin çatdırılması üçün termo çanta almışdır. 01 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində sifarişi çatdırıb “Sahil” metrostansıyası tərəfə doğru hərəkət etmişdir. O, ADNSU-ya yaxınlaşan zaman velosipedinin arxa tərəfində nasazlıq olduğunu aşkar etmiş və velosipedi dayandıraraq ADNSU-nun 2-ci korpusunun qarşısında yerləşən velosiped dayancağında saxlayaraq orada olan dəmirə bağlamışdır. Sonra o, oradan evə getmişdir. O, hər dəfə universitetə imtahana gedən zaman 4-5 gün aralıqla velosipedə gəlib baxmışdır. Sonuncu dəfə o, 27 iyun 2024-cü il tarixdə saat 12 radələrində gedib velosipedinə baxmış və yerində olduğunu görmüşdür. Sonra o, 03 iyul 2024-cü il tarixdə imtahanlarını bitirərək yaşadığı Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsinə getmişdir. 13 iyul 2024-cü il tarixdə o, yenidən Bakı şəhərinə gəlmişdir. 14 iyul 2024-cü il tarixdə o, velosipedinə baxmaq üçün yenidən qeyd etdiyi yerə getmiş və velosioedinin orada olmadığını aşkar etmişdir. Velosipedinin oğurlanmasından şübhələnərək DİN-nin 102 xidməti zəng mərkəzinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Ona ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Dövlət Neft və Sənayesi Universitetinin Neftmexanika fakültəsinin 4-cü kurs tələbəsidir. O, gündəlik xərclərini ödəmək üçün velosiped alaraq “Bolt” tətbiqi proqramı vasitəsi ilə kuryer kimi işləmək qərarına gəlmişdir. Bunun üçün o, 22 may 2024-cü il tarixdə “Umico” marketdən 310 manat ödəyərək “Mercedes” markalı göy rəngli velosiped və mobil telefonu saxlamaq üçün 20 manata mobil telefon tutacağı almışdır. Velosipedi aldıqdan sonra “Bolt" tətbiqi proqramından qeydiyyatdan keçərək kuryer kimi işləməyə başlamışdır. Həmçinin, o, tanışından 20 manata sifarişin çatdırılması üçün termo çanta almışdır. O, həmişə bir qayda olaraq yaşadığı mənzil uzaq olduğu üçün işlərini bitirdikdən sonra velosipedini ADNSU-nun 2-ci korpusunun qarşısında yerləşən velosiped dayancağında saxlayaraq avtobus vasitəsi ilə yaşadığı mənzilə getmişdir. 29 iyun 2024-cü il tarixdə saat 13:00 radələrində işini bitirdikdən sonra velosipedi dayandıraraq ADNSU-nun 2-ci korpusunun qarşısında yerləşən velosiped dayancağında orada olan dəmirə qıfıllayaraq bağlamışdır. Sonra o, oradan evə getmişdir. O, velospedi saxladıqdan sonra yerində olub-olmamasını yoxlamamışdır. 16 iyul 2024-cü il tarixdə o, velosipedinə baxmaq üçün yenidən qeyd etdiyi yerə getmiş və velosipedinin orada olmadığını aşkar etmişdir. Velosipedinin oğurlanmasından şübhələnərək DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Ona ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alır. 2024-cü ilin aprel ayında “Velo pro" mağazasından özünə 350 (üç yüz əlli) manat dəyəri olan ağ rəngli, “Sport time” markalı velosipedi almışdır. Həmin velosipedlə dərslərdən əlavə vaxtlarda “Bolt" mobil tətbiqi vasitəsilə kuryerlik fəaliyyəti ilə məşğul olmuşdur. Yaşadığı yer uzaqda yerləşdiyindən velosipedi özü ilə evə apara bilməmişdir. Bu səbəbdən də o, velosipedini mütəmadi olaraq ünvan 1 ünvanında yerləşən ADNSU universitetinin 2-ci korpusunun qarşısında yerləşən velosiped dayanacağına velosiped kilidi vasitəsi ilə bağlamışdır. Həmin velosipedi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində qeyd etdiyi ünvanda yerləşən velosiped dayanacağına bağlayıb hazırda yaşadığı ünvan 3 ünvanındakı evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:30-da həmin ünvana gəldikdə velosipedinin yerində olmadığını aşkar etmişdir. Bir müddət özü velosipedi axtarmağa başlamışdır. Velosipedini tapa bilməyib oğurlandığından tam əmin olduqdan sonra hadisə barəsində DİN-nin 102 ZMX-nə və Nəsimi RPİ-nin 22-ci PŞ-nə müraciət etmişdir. Ona məxsus 01 ədəd 350 manat dəyərində ağ rəngli “Sport time" markalı velosipedinin və 01 ədəd 6 manat dəyərində velosiped kilidinin oğurlanması nəticəsində ümumilikdə 356 (üç yüz əlli altı) manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin iyul ayında özünə velosiped almaq qərarına gəlmişdir. Bu məqsədlə “Lalafo.az” internet saytında velosiped satışı ilə əlaqədar elanlara mütəmadi baxmışdır. xx.xx.2024-cü il tarixdə həmin internet saytında göy rəngli, üzərində “Mercedes" yazısı həkk olunmuş velosipedin 80 manata satışa qoyulduğunu görmüşdür. Həmin elanda yerləşdirilmiş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladıqda özünü təqdim etməyən, adını bilmədiyi bir nəfər şəxs həqiqətən də velosipedi satmaq istədiyini, velosipedin şəxsən özünə məxsus olduğunu bildirmişdir. O, həmin şəxsə velosipedi 50 manata almaq istədiyini bildirmiş, lakin həmin şəxs ona maksimum 65 manatadək endirim edə biləcəyini bildirmişdir. Onlar qiymətdə razılaşmadıqları üçün o, həmin velosipedi almamışdır. xx.xx.2024-cü il tarixdə həmin şəxs ona zəng edərək velosipedi 50 manata sata biləcəyini bildirmiş və bu zaman o, həmin şəxslə razılaşmışdır. Həmin şəxs ona velosipedi Bakı şəhəri, Nəsimi rayonu “28 May” metro stansiyasının qarşısından gəlib götürə biləcəyini bildirmişdir. O isə həmin şəxsə oraya gələ bilmədiyini bildirmiş və velosipedi taksi vasitəsilə göndərməsini xahiş etmişdir. Həmin şəxsin ona göndərmiş olduğu “Kapital bank”a aid 4169-7388-7403-3792 nömrəli bank kartına 50 (əlli) manat pulu göndərmiş və həmin şəxs qeyd olunan velosipedi taksi vasitəsilə hazırda yaşadığı ünvan 4 ünvanının qarşısına göndərmişdir. Bundan sonra, o, həmin velosipedi təmir etdirmək məqsədilə ustaya təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onunla əlaqə saxlayaraq onu həmin velosipedlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət etmişlər. O, oraya getdikdə məlum olmuşdur ki, velosipedi ona satan şəxs Təqsirləndirilən şəxsdur və həmin velosipedi oğurladıqdan sonra ona satmışdır. Bu səbəbdən də o, velosipedi könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.65- 66); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.94-96); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.90-91); - “Materialın cinayət işinə əlavə edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Nəsimi RPİ-nin 22-ci PŞ-dən daxil olmuş HK-1/1269 nömrəli material icraatda olan ********* nömrəli cinayət işinə əlavə edilmişdir (i.v.111); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.141-145); - “Cinayət işinin təzələməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v.147-148); - “Cinayət işi üzrə icraatın dayandırılmaı haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (i.v.152-153); - “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (i.v.158); - “Cinayət işinin təzələməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v.159-160); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.183-184); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.185-186); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “ADNSU" üniversitetinin qarşısındakı velosiped dayanacağıdır. Baxış zamanı hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir (i.v.118-120); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “ADNSU” üniversitetinin qarşısındakı velosiped dayanacağıdır. Baxış zamanı hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir (i.v.18-20); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “‘ADNSU” üniversitetinin qarşısındakı velosiped dayanacağıdır. Baxış zamanı hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir (i.v.9-11); - “Əşyanın könüllü təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd “Vista" markalı velosipedi könüllü olaraq təhqiqat orqanına təqdim etmişdir (i.v.24); - “Əşyanın könüllü təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd “Sport time” markalı velosipedi könüllü olaraq təhqiqat orqanına təqdim etmişdir (i.v.125); - “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid Təqsirləndirilən şəxs tərəfindən ona satılmış 01 ədəd göy rəngli üzərində “Mercedes” yazısı həkk olunmuş 26-lıq velosipedi təhvil verdiyindən həmin velosiped sonuncudan götürülmüşdür (i.v.29); - “Əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd üzərində “Mercedes" yazısı həkk olunmuş velosiped və 01 ədəd “Vista” markalı velosipedə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 özünə məxsus olan 01 ədəd "Vista” markalı velosipedi, Zərərçəkmiş şəxs2 isə özünə məxsus olan 01 ədəd üzərində “Mercedes” yazısı həkk olunmuş velosipedi xüsusi əlamətlərindən tanımışdır (i.v.44); - “Əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd “Sport time” markalı velosipedə Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs3 özünə məxsus olan 01 ədəd “Sport time” markalı velosipedi xüsusi əlamətlərindən tanımışdır (i.v.138); - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış və ifadəsinin yerində yoxlanılması zamanı o, ünvan 1 ünvanında yerləşən velosiped dayanacağından xx.xx.2024-cü il tarixdə saat 01 radələrində “Sport time" markalı velosipedi, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində üzərində “Mercedes" yazısı həkk olunmuş velosipedi, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində isə "Vista” markalı velosipedi gizli talamaqla oğurladığı yerləri göstərmişdir (i.v.177-179); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/7650 nömrəli rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş velosipedlərin istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ümumi nəzəri hesablama yolu ilə təxminən 670 manat müəyyən edilir. Həmin velosipedlərin ayrıayrılıqda adları və qiymətləri aşağıdakı kimidir:

1. 01 ədəd uSport time HZ-900” markalı, 29 ölçülü, ağ rəngli dağ velosipedi - 260 manat;

2. 01 ədəd “Mercedes-Benz Classic bike” markalı, 29 ölçülü, göy rəngli dağ velosipedi -140 manat;

3. 01 ədəd “Vista 29ZF660-40” markalı, 26 ölçülü, yaşıl rəngli velosiped - 270 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50,00 manat təşkil edir (i.v.200-204); - “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd ağ rəngli “Sport time 29” markalı, 01 ədəd göy rəngli markası olmayan üzərində “Mercedes Benz” yazısı həkk olunmuş və 01 ədəd yaşıl-qara rəngli “Vista” markalı velosipedlər iş üzrə maddi sübut kimi tanınmış və istintaq zamanı hər biri müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.156). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərər çəkmiş şəxslərə dəymiş zərəri tam ödəməsini və onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərə dəymiş zərəri tam ödəməsini və onlarla barışıq əldə etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 04 gün tutulma müddəti 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ağ rəngli “Sport time 29” markalı, 01 ədəd göy rəngli markası olmayan üzərində “Mercedes Benz” yazısı həkk olunmuş və 01 ədəd yaşıl-qara rəngli “Vista” markalı velosipedlərin hər biri müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci olaraq 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 04 gün tutulma müddəti 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ağ rəngli Sport time 29” markalı, 01 ədəd göy rəngli markası olmayan üzərində “Mercedes Benz” yazısı həkk olunmuş və 01 ədəd yaşıl-qara rəngli “Vista” markalı velosipedlərin hər biri müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar