Məhkəmə qərarları › İş №1(006)-195/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-195/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-195/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, İ/B, ev 01-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, “xxxxx” MTK, blok 1, mənzil 10-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2016-cı ildə Karazin adına Xarkov Milli Universitetini bitirmiş Zərərçəkmiş şəxs ali təhsil alması haqqında 16 seriyalı, 242408 nömrəli bakalavr diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyini bildirərək aralarındakı razılaşmaya əsasən bu məsələni 2018-ci ilin sonuna kimi 9.000 manata həll edəcəyinə dair yalan vəd verib onu aldadaraq Zərərçəkmiş şəxs 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında 6.000 manat, xx xxxxxxx 2018-ci il tarixdə Xırdalan şəhərində 1.000 manat, xx.xx.2019-cu il tarixdə Səbail rayonu, Parlament prospektində yerləşən Azərbaycan Respublikası Milli Məclisi yaxınlığında 1.800 manat və xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 200 manat olmaqla vahid niyyətlə ümumilikdə 9.000 manat məbləğində pulu alıb ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci ilin ortalarında Şahid3 ilə tanış olduqdan sonra sonuncuya məxsus avtomobili kirayə götürüb taksi fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda Şahid3 bildirmişdir ki, xarici ölkələrdə təhsil almış şəxslərin diplomlarını Azərbaycanda təsdiq etdirə bilər. Sentyabr ayının əvvələrində ona Hüseyn adlı şəxs zəng edərək telefon nömrəsini Teyyubdan götürdüyünü və onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Hüseyn ona demişdir ki, Karazin adına Xarkov Milli Universitetini bitirib, aldığı diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirmək istəyir. O da ona diplomu təsdiq etdirə biləcəyinə dair yalan vəd verərək ondan bu məqsədlə hissə-hissə 9.000 manat pul almış, aldığı pulu isə xəstə olan anasının müalicəsi və digər ehtiyacları üçün xərcləmişdir. Hazırda aldğı puldan 6.000 manatı qaytarmış, qalanını da qısa müddət ərzində tam şəkildə qaytaracaqdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2016-cı ildə Ukraynanın Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib Bakıya qayıdıb ixtisası üzrə iş axtarmağa başlamış, lakin diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadığı üçün bununla əlaqədar bəzi problemlər yaranmışdır. 2018-ci ilin iyul ayının sonlarında tanışı Pərvin ona Teyyub adlı şəxsin nömrəsini verərək bildirmişdir ki, sonuncunun onun diplomunu təsdiq etdirə biləcək Sevinc adlı bir tanışı var. X6 həmin qadının nömrəsini alaraq ona vermişdir. O da iki gün sonra Sevincə zəng edərək məsələsini ona danışmış, Sevinc də Təhsil Nazirliyində işlədiyini və ona kömək edə biləcəyini deyərək bir neçə gündən sonra görüşə biləcəyini demişdir. 2018-ci ilin sentyabr ayının əvvəlində onlar “Mərkəzi Neftçilər” xəstəxanısının yaxınlığında görüşmüş, bu zaman Sevinc özünü bir daha Təhsil Naziriliyində işləyən yüksək vəzifəli şəxsin köməkçisi olaraq təqdim etmiş, diplom təsdiqi ilə məşğul olduğunu və bu məsələnin onun işlədiyi şöbənin səlahiyyətinə aid olduğunu bildirmişdir. O da özü ilə gətirdiyi diplomu və digər sənədləri ona göstərmiş, sonuncu sənədlərə baxdıqdan sonra ona kömək edə biləcəyini, lakin bu məsələnin həll olunması üçün 10.000 manat pul lazım olduğunu demişdir. O isə 9.000 manat pul verə biləcəyini bildirdikdən sonra Sevinc tərəddüd etmiş, lakin sonda onunla razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən o, ilk öncə 6.000 manat, daha sonra isə 3.000 manatı pul verməli idi. 2018-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs ilə Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında görüşmüş və diplomu təsdiq etdirməsi üçün ona 6.000 manat pul və sənədləri vermişdir. Sevinc pulu aldıqdan sonra 3 ay ərzində işi həll edəcəyini bildirmişdir. Lakin 2018-ci ilin sentyabr ayının sonları Sevinc ona zəng edərək diplomu daha tez təsdiqlətmək imkanı olduğunu bildirmiş və bunun müqabilində ondan 1.200 manat pul istəmişdir. O da xx xxxxxxx 2018-ci il tarixdə qohumu Şahid2 ilə birlikdə Xırdalan şəhərində Sevinclə görüşüb yalnız 1.000 manat gətirə bildiyini deyərək həmin pulu ona vermiş, sonuncu isə bu işi yaxın vaxtda düzəldəcəyini bildirmişdir. İki gün sonra Sevincə zəng edib işin nə yerdə olduğunu soruşanda, Sevinc ona pulun hamısının verilmədiyi üçün işin ləngidiyini və təcili olaraq daha 2.000 manat pulun gətirməsini istəmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Sevinclə Səbail rayonu, Parlament prospektində yerləşən Milli Məclisin yaxınlığında görüşərək ona 1.800 manat pul vermiş, sonuncu da 200 manat pulun əskik olduğunu bildirəndə, o, bu məbləği sonra verəcəyini demişdir. Bundan sonra imtahan verib-verməyəcəyi barədə soruşduqda, Sevinc ona ilin sonunda diplomun imtahansız təsdiq olunacağını demişdir. xx xxxx 2019cu il tarixdə Sevinc ona zəng edib qalan 200 manatı da istəmiş, o da onunla Nəsimi rayonu ərazisində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşüb həmin pulu ona vermişdir. Bundan sonra mütəmadi olaraq Sevincə zəng edib məsələ barədə maraqlansa da, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmiş, bir müddət sonra isə ona işin düzəlmədiyini və yaxın vaxtlarda pulu qaytaracağını bildirmişdir. Bir neçə dəfə Sevincdən pulunu geri tələb etsə də, sonuncu qısa müddət ərzində pulu qaytaracağına vəd vermiş, lakin pulu qaytarmamışdır. Hazırda ona dəymiş zərərin yalnız 6.000 manatı ödənilmiş, qalan məbləğ qaytarılmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: - “Axtarışda olan şəxsin yaxalanması barədə” protokol, “Qətimkan tədbirinin seçilməsi haqında” və “Şübhəli şəxsin X4 azad edilməsi haqqında” qərarlardan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, daha sonra müstəntiq tərəfindən xx.xx.2020-ci il il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin tarixdə saxlanıldığı X4 dərhal azad olunmuşdur (İ cild, i.v.105, 126-127,129-130); - “Maddi sübut kimi tanıma haqqında” xx xxx 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş, onun Təqsirləndirilən şəxs ilə aralarında aparılan telefon danışıqlarına dair məlumatları əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (İ cild, i.v.155-156); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2019cu il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(İ cild, i.v.19). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi ilə bağlı gördüyü tədbirləri Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, “xxxxx” MTK, blok 1, 10 saylı mənzili hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Abşeron rayonunun və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar