Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-195/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X1 X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, ev 13, mənzil 06-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, ev 13, mənzil 10-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs1 03 sentyabr 2020-ci il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 Tabriz oğlu ilə bir qrup şəxs halında ictimai yer hesab edilən ünvan 1 ünvanda tanışı Zərərçəkmiş şəxs ilə mağazadan spirtli içki alınması ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunun ünvanına Təqsirləndirilən şəxs2lə birlikdə uca səslə nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafeyinə toxunan, yəni ictimai qaydanı kobud suratdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edib əlində olan silah qismində istifadə etdiyi şüşə butulkanı sonuncunun baş nahiyəsindən bir dəfə vuraraq ona alın nahiyəsinin qançır-şişkinliyi, alın və sağ almacıq nahiyələrinin səthi kəsilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs2 yerdən götürdüyü taxta parçasından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus “dönər evi”nin şüşəsini sındırıb zədələyərək sonuncuya 300 manat dəyərində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişlər. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi sübuta yetirilmir. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun yaşadığı ünvan 1 ünvanda olan “Qardaşlar” dönər evini Zərərçəkmiş şəxs işlədir. 03.09.2020-ci il tarixdə, saat 23 radələrində qonşusu Təqsirləndirilən şəxs2lə birlikdə həmin obyektin yaxınlığında dayanıb pivə içmişlər. Daha sonra Qardaşxan da onlara qoşulmuşdur. Bu vaxt içdikləri pivə qurtardığından Tehran Qardaşxana demişdir ki, “sən də bu pivədən içmisən, indi sən get yaxınlıqda olan marketdən bizə pivə al”. Qardaşxan da işçisini pivə almaq üçün göndərmiş, işçi də geri qayıdıb onlara üç butulka pivə gətirmişdir. Tehran da beş deyil, üç butulka pivə aldırdığı üçün Qardaşxana irad tutmağa başlamışdır. Buna görə onlar arasında sözlə mübahisə yaranmış, o da onları aralamışdır. Bu vaxtı o, Qardaşxanı qəsdən vurmamış, butulka ilə ona xəsarət yetirməmişdir. Ola bilsin ki, həmin an pivə içdiyi üçün onun əlindəki butulka onları aralayarkən təsadüfən Qardaşxana dəymişdir. Hadisə vaxtı ətrafda heç kim olmamış, onlar ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməmişlər. Müstəntiq tərəfindən onun adından yazılmış ifadələrin məzmununa tam diqqət yetirmədən qol çəkmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 03.09.2020-ci il tarixdə, saat 23 radələrində qonşusu Təqsirləndirilən şəxs1la birgə yaşadığı ünvan 1 ünvanın həyətində, “Qardaşlar” dönər evinin yaxınlığında dayanıb pivə içmişlər. Bir müddət sonra həmin obyekti işlədən Zərərçəkmiş şəxs də onlara yaxınlaşıb birgə pivə içmişdir. Pivələri qurtardıqdan sonra o, Qardaşxana demişdir ki, onların pivəsindən içdiyi üçün indi də o, onlara pivə alsın. Qardaşxan da işçisni pivə almağa göndərmişdir. İşçi geri qayıdanda o, görmüşdür ki, sonuncu üç butulka pivə alıb. O da beş butulka əvəzinə, üç butulka pivə aldırdığı üçün Qardaşxana öz iradını bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmış, Rafiq də onları aralamış, orada başqa heç kim olmamışdır. Daha sonra o, ayaqqabısını dəyişmək üçün evə qalxmış və geriyə qayıdıb həyətdə olan taxta parçasını götürüb Qardaşxanın işlətdiyi obyektin şüşəsini sındırmışdır. Rafiqin Qardaşxanın butulka ilə vurub ona xəsarət yetirməsini görməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, üç ildir ki, ünvan 1 ünvanda yerləşən “Qardaşlar“ dönər evini işlədir. 03.09.2020-ci il tarixdə, saat 23 radələrində işlətdiyi obyekti bağlayıb evə getmək istəyərkən yolun kənarında dayanıb pivə içən Tehran və Rafiqə qoşulmuşdur. İçdikləri pivə qutardıqdan sonra Tehran ona marketdən gedib onlara pivə almağı söyləmişdir. O da işçisini pivə almağa göndərmiş, işçi də üç butulka alıb gələndə Tehran ona irad bildirməyə başlamışdır. Buna görə aralarında mübahisə düşmüş, lakin Rafiq onları aralamışdır. Bundan sonra Tehran harasa getmiş və geri qayıdaraq əlindəki taxta parçası ilə onun obyektinin şüşəsini sındırıb ona 300 manat zərər yetirmişdir. Mübahisə zamanı Rafiqin onu qəsdlə butulka ilə vurmasını görməmiş, onda xəsarətin neçə yaranmasını dəqiq olaraq bilmir. Müstəntiq tərəfindən komyuterlə yazılmış onun ifadəsində qeyd olunanlar doğru deyil, o, belə məzmunda ifadə verməmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını hələ hadisədən sonra olan ilk günlərdə təhqiqat və istintaq orqanına bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən “Qardaşlar” dönər evində kuryer işləyir. 03.09.2020-ci il tarixdə, saat 23 radələrində obyektin yerləşdiyi küçənin başında işıqforun yanında başqa bir şəxslə söhbət edərkən uzaqdan görmüşdür ki, müdiri Qardaşxanla kimsə mübahisə edir. Həmin yerə yaxınlaşanda onlar artıq aralanmışlar. Buna görə də o, sifarişi çatdırmaq üçün oradan çıxıb getmişdir. Kimin kimə necə xəsarət yetirməsini görməmiş, hadisə barədə sonradan məlumat almışdır. Müstəntiq tərəfindən onun adından yazılmış ifadəni oxumadan qol çəkmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 17.09.2020-ci il tarixli, 696 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – alın nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın təsirindən, alın və almacıq nahiyələrinin səthi kəsilmiş yaraları isə iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən 03.09.2020-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni alın nahiyəsinin qançır şişkinliyi sınmamış şüşə qabla (butulkayla) endirilmiş zərbənin, alın sağ almacıq nahiyələrinin səthi kəsilmiş yaraları isə şüşə qırıntılarının təsirindən əmələ gələ bilərdilər (İ cild, i.v.13-14); 20.11.2020-ci il tarixli “Zərər çəkmiş şəxsin dindirilməsi” protokoluna əsasən Zərərçəkmiş şəxs izahatında bildirir ki, təxminən 3 ildir ki, Nəsimi rayonu, Puşkin küçəsi, 13 saylı ünvanda yerləşən “Qardaşlar” dönər evini işlədir. 03.09.2020-ci il tarixdə, saat 23 radələrində işlədiyi dönər evini bağlayıb evə getmək istəyərkən yolun kənarında dayanıb pivə içən, yaxınlıqda yaşayan Tehran adlı şəxs ondan pivə almasını istəmişdir. O, ona iradını bildirib pivə ala bilməyəciyini demişdir. Bu zaman Tehran və yanında olan Rafiq onunla sözlü mübahisəyə başlamış və bundan sonra kənarda olan şəxslər onları ayırmışlar. Tam olaraq aralaşandan sonra Rafiq əlində olan pivə butulkası ilə onun alnından vurmuşdur. O alnından xəsarət aldı və yenidən kənardakı şəxslər onları ayırdılar. Təxminən 5 dəqiqədən sonra Tehranla Rafiq əllərinə taxta parçası alıb işlətdiyi dönər evinin şüşələrini sındırmağa başladılar. Protokolda həmin izahatın qeyd olunduğu vərəq imzasızdır (İ cild, i.v.46-48); “Sübutların qiymətləndirilməsi haqqında” 16.01.2021-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsində vurulmuş maddi ziyanın məbləğinin 5.000 manatdan yuxarı olması nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs2 barəsində həmin maddə üzrə ittiham elan edilməmişdir (İ cild, i.v.131-137); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 noyabr və 02 dekabr 2020-ci il tarixli arayışlarına müvafiq olaraq Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, Təqsirləndirilən şəxs2 isə Səbail Rayon Məhkəməsinin 12.12.2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3.000 misli miqdarında cərimə edilmiş, 08.04.2003-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzasl 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 08.04.2004-cü ildə cəzasının sonu ilə azad olunmuşdur (İ cild , i.v.35-37). Hüquqi məsələlər: Məhkəmə toplanılmış sübutlara məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv baxmaqla onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tabriz oğlunun hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir (138.1-ci maddə); Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (138.2ci maddə); Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə). Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 221.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün əsas ibtidai istintaq dövründə zərər çəkmiş şəxsin və Şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi olmuşdur. İş materiallarında olan, məhkəmədə tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsini əks etdirən və həmin səhifəsi imzalanmayan 20.11.2020-ci il tarixli “Zərər çəkmiş şəxsin dindirilməsi protokolu”nda göstərilənlərlə bağlı məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı belə məzmunda ifadə verməmiş, onun ifadəsi təhrif edilmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs1 onu qəsdlə butulka ilə vurmasını görməmiş, onda xəsarətin neçə yaranmasını dəqiq olaraq bilmir, məhkəmədə hadisəni olduğu kimi söyləyir. Göründüyü kimi, dövlət ittihamçısının sübut kimi istinad etdiyi bu dəlil qanunvericiliyin tələblərinə zidd olaraq əldə edilmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin dindirilməsi bu Məcəllənin 227-230-cu maddələrində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılır. Həmin Məcəllənin 230.1-ci maddəsinə görə şahidin dindirilməsi haqqında protokol tərtib edilir. Bu Məcəllənin 230.6-cı maddəsinə uyğun olaraq dindirmə protokolu müstəntiq və şahid tərəfindən onun axırında, habelə şahid tərəfindən əlavə olaraq onun hər səhifəsində imzalanır. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd olunan Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Bu Məcəllənin 125.3-cü maddəsinə uyğun olaraq bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda məhkəmədə dindirilən ittiham tərəfinin şahidi Şahid da vurğulamışdır ki, o hadisə baş verən vaxtı küçənin başında işıqforun yanında başqa bir şəxslə söhbət edərkən uzaqdan müdiri Qardaşxanın kiminləsə mübahisə etdiyini görüb onların yanına yaxınlaşmış və bu zaman həmin şəxslər artıq aralanmışlar. Bundan sonra o, sifarişi çatdırmaq üçün oradan çıxıb getmiş və kimin kimə necə xəsarət yetirməsini görməmişdir. Müstəntiq tərəfindən onun adından yazılmış ifadəni oxumadan qol çəkmişdir. Bununla da məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallarla, əsasən də Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən butulka ilə vurması faktı öz təsdiqini tapmır. Hadisənin baş vermə anı ilə bağlı görüntü və ya digər hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməyib. İşdə olan məhkəmə-tibbi ekspert rəyindən isə Zərərçəkmiş şəxs bədən səthində əmələ gəlmiş, dərəcəsi təyin olunmayan xəsarətlərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 bilavasitə qəsdindən irəli gələrək, yaxud hadisələrin axarı zəminində yaranmasını dəqiq olaraq müəyyən etmək mümkün deyil. “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin (birbaşa) məhz ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərini göstərməklə bu cinayətin xüsusi ilə qərəzli forması kimi müəyyənləşdirilmiş 221.3-cü maddə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyi də zəruri hesab edərək vurğulamışdır ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mətnində əksini tapmış “silah qismində istifadə edilən əşyalar” anlayışının açıqlanması da vacibdir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümum qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. İttiham tərəfi təqsirləndirilən şəxslərin əməlini xuliqanlıq əməli kimi təqdim etsə də, sonuncuların öz davranışı ilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsinin, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”nın və kobud surətdə pozulmasının, özlərini ətrafdakılara qarşı qoymasının nədən ibarət olmasını və ya da nədə ifadə olunduğu barədə tutarlı sübutlarını, o cümlədən ictimai qaydanın pozulmasının şahidi olmuş digər şəxsləri müəyyən edib məhkəməyə təqdim etməmiş, zərər çəkmiş şəxsin və hadisəni guya bilavasitə görən tək bir şahidin istintaq orqanı tərəfindən rəsmiləşdirilmiş ifadəsi isə elə məhkəmə istintaqında həmin şəxslərin özləri tərəfindən təkzib olunaraq belə məzmunda ifadə vermədikləri müəyyən olunmuşdur. Baş vermiş hadisənin axarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə birgə pivə içdikdən sonra sonuncunun söz verdiyi miqdarda onlara pivə almadığı üçün Tehranla aralarında söz-söhbət yaranmış, daha sonra onları Təqsirləndirilən şəxs1 ayırmışdır. Göründüyü kimi, mübahisəyə səbəb zərər çəkən şəxsin əməllərini təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilməsi olmuşdur. Eyni zamanda həmin vaxtı Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş şəxsə pivə butulkası ilə qəsdlə xəsarətin yetirilməsi faktını da məhkəmədə müəyyən etmək mümkün olmadı. Həmçinin, ilkin mübahisədən sonra təqsirləndirilən şəxslərin hərəkətləri daha da irəli gedərək ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, əhalinin dincliyini ciddi şəkildə pozan, davranış qaydalarına laqeydlik göstərən hərəkətlərə çevrilmir. Onların etdiyi hərəkətlərin məqsədi başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, özünü digərlərinin fövqündə qoyaraq ictimai qaydaya qarşı çıxmağa cəhd etmək və ya gücünü nümayiş etdirmək olmur. Təqsirləndirilən şəxs2 tərəfindən dönər evinin şüşələrinin sındırılmasında isə istintaq orqanı tərəfindən cinayət tərkibinin əlamətləri müəyyən edilmir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyətilə sağlamlığa zərər vurma əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmalı, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əməlin xuliqanlıq niyyətilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Qanunvericiliyin tələblərindən irəli gələrək məlum olur ki, xuliqanlıq əməlinin mahiyyətini uzun müddət ictimai asayişin pozulması, cəmiyyətdə formalaşmış davranış qaydalarını əhəmiyyətli dərəcədə saymazlıq ifadə edən, bir qrup şəxslərin mənafelərinə toxunan hərəkətlər təşkil edir. Beləliklə, məhkəmədə təqsirləndirilən şəxslərin hərəkətlərində xuliqanlıq əməlinin tərkibinin yaranması üçün zəruri olan və yuxarıda qeyd olunan əlamətlərin mövcudluğu müəyyən edilmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.05.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); Məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.4-cü maddə); Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1ci maddə); Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onlara bəraət verilməli, hər birinin barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilmələri nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 izah edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 isə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-195/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-195/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver