Məhkəmə qərarları › İş №1(006)-195/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-195/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-195/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Xüsusi ittihamçı: X13 Xüsusi ittihamçının nümayəndəsi: Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X14 Barəsində xüsusi ittiham X3 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 1DDGK6U), evli, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 127-də qeydiyyatda olan, "xxxx" MMC-nin baş direktoru X7 və xx.xx.1971-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 0UMREVE), evli, Bakı şəhəri, Nərimanov rayonu, X30 küçəsi, ev 118, mənzil 75-də qeydiyyatda olan, "xxxx" milli xəbər portalının baş redaktoru X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X13 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Pərviz Şahbaz oğlu və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, "xxxx" internet saytında xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində dərc edilmiş məqalələrdə ona böhtan atılmış, yəni yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatlar yayılmış, onun şəxsiyyəti, şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmış və yalan olduğu bilindiyi halda, qəsdən az ağır, ağır və xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edildiyindən barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi "xxxx" MMC-nin direktoru X7 və "xxxx" milli xəbər portalının baş redaktoru Pərviz Cəbrayılın Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib məsuliyyətə cəlb olunmasını xahiş edir. Belə ki, 26 dekabr 2022-ci il tarixdə "xxxx" internet saytında “Saleh Məmmədovun biznesmen müşaviri: Milyonluq mülklər, şirkətlər necə əldə edilib?” adlı məqalə dərc edilərək həmin məqalədə göstərilir ki, “Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir vaxtda X20 Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun özünün və oğlunun böyük şirkətləri üzə çıxıb. "xxxx" saytının araşdırmasına görə uzun illərdir yol infrastrukturu ilə bağlı mühüm dövlət vəzifələrində çalışan Şahin İbadov bu dövr ərzində özünə və ailəsinə böyük biznes imkanları qurmağı da bacarıb. Əvvəla qeyd edək ki, Ş.İbadov Şəki və Oğuz yol tikinti istismarı idarəsinin rəisi, Bakı 4 saylı idarənin rəisi, “Azəravtoyol Təchizat İdarəsi”nin rəisi, “Azəravtoyol” sədrin məsləhətçisi vəzifəsində çalışıb və hazırda isə AAYDA sədrinin müşaviridir. Ş.İbadov həm də "xxxx" QSC-nin faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusudur. QSC-nin qanuni təmsilçisi isə X9r. AAYDA sədrinin müşavirinin "xxxx" MMC-si də var. Bu şirkətin 100 faizlik səhmləri oğlu Namiq İbadzadəyə məxsusdur. İlin əvvəlində bu şirkətin də qanuni təmsilçisi X12 olub. T.Məhərrəmov AAYDA sədrinin müşavirinin yaxın qohumudur, Azərbaycan İqtisad Universitetinin tələbəsi olub və burada da 2019-cu ildə magistr dərəcəsi alıb. AAYDA sədrinin müşavirinin oğlu hazırda "xxxx" MMC-nin qanuni təmsilçisidir. Apardığımız araşdırmaya görə 2019-cu ildə MMC yarananda, şirkətin qanuni təmsilçisi X15 olub. "xxxx" MMC-nin tərkibində X31 küçəsi, 46B saylı ünvanda “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır. "xxxx" MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur. - QARABAĞDAKİ MAXİNASİYALAR - Ş.İbadov həmçinin BTK QSC və digər (yaxın qohumların adına qeydiyyatdan keçmiş) şirkətlər vasitəsi ilə 2 milyon manatdan yuxarı şəxsi avtomobil parkını (15 yaxın bahalı avtomobil) iri texnikalar üçün nəzərdə tutulmuş sürtkü yağları ilə barter edib. Sonradan vəzifəsindən sui-istifadə edərək Qarabağda çalışan şirkətlərə və AAYDA-nın digər müəssisələrinə satıb. Ş.İbadov bundan başqa 2003-cü ildə yaradılan və sonradan müflis elan edilən tikinti şirkəti “Azərinşaat”a məxsus 100 ədədə yaxın yol tikinti texnikasını qeyri-qanuni yolla əldə edərək Qarabadağda çalışan yol tikinti şirkətlərinə müqaviləsiz və yuxarı qiymətlə icarəyə verib. O, bu yolla əldə etdiyi vəsait hesabına BTK QSC-nin adına Ağ Şəhərdəki “Knightsbridge” Yaşayış Kompleksində bir mərtəbə (1.000 m2 yaşayış sahəsi) alıb. Əmlakın dəyəri 3.000.0000 manatdır.” 28 dekabr 2022-ci il tarixli “Biznesmen məmur” BTK-da qanunsuz tikintiləri necə aparır? - İcarə haqları da vergidən yayındırılır...” adlı məqalədə göstərilir ki, “X20 Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun rəhbərlik etdiyi "xxxx" QSC-də ciddi korrupsiya halları ortaya çıxıb. Etibarlı mənbədən "xxxx" saytına verilən məlumata görə Ş.İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililər də mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikdirilib. Bu azmış kimi sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldilir. Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cüzidir və realıqdan fərqlənir. Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır. Mənbənin verdiyi məlumata görə bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb. Mənbə qeyd edir ki, bu ilin sentyabr ayından başlayaraq FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz əsaslı tikinti işləri davam etdirilib. xx.xx.2002-ci ildə yaradılan, nizamnamə kapitalı 205.092 manat olan, Nərimanov rayonu, Dərnəgül S/Zonası, 507-ci küçə, ev 2096-da qeydiyyatda olan "xxxx" QSC-nin hər hansı bir veb-saytı, ünvanı və əlaqə nömrəsi ictimaiyyətə təqdim edilməyib. Bu səbəbdən BTK ilə əlaqə saxlamaq mümkün olmasa da, məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Üzərindən bir neçə gün keçməsinə baxmayarq hələ də sorğulara cavab verən olmayıb. Qeyd edək ki, Şahin İbadov fəaliyyəti ilə bağlı bir neçə gün öncə saytımızda başqa bir yazı dərc edilmişdi.’’ 09 yanvar 2023-cü il tarixli “Biznesmen məmur”un şirkəti ilə bağlı araşdırma başlayıb - Qurumlar isə rəsmi mövqe bildirmir” adlı məqalədə göstərilir ki: “Azərbaycan X20 Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun rəhbərlik etdiyi "xxxx" QSC ilə bağlı araşdırma aparılır. "xxxx" saytının əldə etdiyi məlumata görə araşdırma “Biznesmen məmur BTK-da qanunsuz tikintiləri necə aparır? - İcarə haqları da vergidən yayındırılır...”(LİNK) və “Saleh Məmmədovun biznesmen müşaviri: Milyonluq mülklər, şirkətlər necə əldə edilib?” (LİNK) başlığı ilə dərc olunan yazılardan sonra başlayıb. Amma nədənsə müvafiq dövlət qurumları "xxxx" QSC-də baş verən hadisələrlə bağlı rəsmi açıqlama vermək istəmirlər. Yazılanlarla bağlı QSC-nin özü də rəsmi mövqeyini bildirməyib. Şahin İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililərin mövcudluğu ilə bağlı Fövqəladə Hallar Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlasaq da, bu barədə nədənsə hələ rəsmi mövqe bildirilməyib. Görünür sözügedən qurumlar ya açıqlama verməkdə maraqlı deyil, ya da tələsmirlər. Nərimanov rayon İcra Hakimiyyətinə 27 dekabr tarixində rəsmi mailto:mail@narimanov-ih.gov.azElektron ünvan 1 ünvanına göndərdiyimiz sorğuya isə belə cavab verilib: “Salam. Zəhmət olmasa bu linkdən müraciət edin: http://narimanovih.gov.az/feedback.html”. Qeyd edək ki, iddialara görə "xxxx" QSC-nin ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikdirilib. Bu azmış kimi sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldirilir. Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyriqanunidir, rəsmi bəyan olunan hissəsi çox cüzidir və realıqdan fərqlənir. Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır. Məlumata görə bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb. Məlumat verən mənbə qeyd edir ki, bu ilin sentyabr ayından başlayaraq, FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz əsaslı tikinti işləri davam etdirilib. xx.xx.2002-ci ildə yaradılan, nizamnamə kapitalı 205.092 manat olan Nərimanov rayonu, Dərnəgül S/Zonası, 507-ci küçə, ev 2096-da qeydiyyatda olan "xxxx" QSC-nin hər hansı bir veb-saytı, ünvanı və əlaqə nömrəsi ictimaiyyətə təqdim edilməyib. ” 12 yanvar 2023-cü il tarixli “Saleh Məmmədov “biznesmen” müşavirini vəzifəsindən azad etdi” adlı məqalədə göstərilir ki: “Azərbaycan X20 Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “biznesmen” müşavirini vəzifəsindən azad edib. "xxxx" saytının əldə etdiyi məlumata görə Saleh Məmmədovun müvafiq əmri ilə Şahin İbadov AAYDA sədrinin müşaviri vəzifəsindən kənarlaşdırılıb. Ehtimal edilir ki, Saleh Məmmədovun müşavirini işdən çıxartması "xxxx" saytında Şahin İbadovun rəhbərlik etdiyi "xxxx" QSC-də ciddi korrupsiya hallarına yol verməsi ilə bağlı məlumatların dərc edilməsindən sonra baş verib. X26 başqa problemlərinin də olduğu deyilir. Şahib İbadovun vəzifəsindən azad edilməsi ilə bağlı dörd gün əvvəl AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, bizə bu barədə məlumat verəcəyini desə də, nədənsə sonradan zənglərimizə cavab vermədi. Eyni zamanda Şahin İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililərin mövcudluğu ilə bağlı müvafiq qurumlara ünvanladığımız sorğular da cavabsız qalıb. Qeyd edək ki, "xxxx" QSC-də qeyri-qanuni tikililər mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikdirilib. Bu azmış kimi sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldilir. Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cüzidir və realıqdan fərqlənir. Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır. Mənbənin verdiyi məlumata görə bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb. Mənbə qeyd edir ki, bu ilin sentyabr ayından başlayaraq FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz əsaslı tikinti işləri davam etdirilib.” 10 fevral 2023-cü il tarixli “Şahin İbadovun qanunsuz tikintilərilə bağlı araşdırma başladı - Biznesmen dövlət qurumlarına əngəl olmağa çalışır” adlı məqalədə göstərilir ki: "xxxx" QSC-nin ərazisində qeyri-qanuni tikililərlə bağlı araşdırma aparılır. "xxxx" saytının əldə etdiyi məlumata görə araşdırmalarda müvafiq dövlət qurumları, o cümlədən Nərimanov rayon İcra Hakimiyyəti də iştirak edir. Əldə etdiyimiz məlumata görə "xxxx" QSC-nin rəhbəri Şahin İbadov qeyri-rəsmi yollarla yoxlamalara əngəl olmağa çalışır. QSCnin ərazisində qeyri-qanuni tikililər mövcud tikinti normalarına zidd qurulub və Şahin İbadovun “öz qanunları” ilə tikildiyi heç kəsə sirr deyil. “Biznesmen-məmur” isə bütün əlaqələrini işə salaraq “öz qanunları” ilə tikdirdiyi obyektləri rəsmiləşdirməyə çalışır. Qeyd edək ki, "xxxx" QSC ərazi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tabedir. RİH başçısının nümayəndəsi Mirzə Mirzəyev "xxxx" saytının sorğusu əsasında "xxxx" QSC-nin ərazisinə baxış keçirdiklərini bildirib. O, nəticələrlə bağlı hələlik heç bir söz deyə bilməyəcəyini qeyd edib. Nərimanov rayon icra başçısının müavini İlqar Mirzəyev isə sorğumuza cavab olaraq bildirib ki, elektron müraciətə baxılaraq məsələni araşdırılacaq və qanunverciliyin tələblərinə uyğun tədbirlər görüləcək. Araşdırmanın nəticələri barəsində müvafiq məlumat veriləcək. Qeyd edək ki, "xxxx" saytında "xxxx" QSC qeyri-qanuni fəaliyyətilə bağlı məlumat dərc edildikdən sonra Şahin İbadov Azərbaycan X20 Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri vəzifəsindən azad olunub. Xatırladaq ki, "xxxx" QSC-də qeyri-qanuni tikililər mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarları tikilib. Bu azmış kimi sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldilir. Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cüzidir və realıqdan fərqlənir. Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır. Mənbənin verdiyi məlumata görə bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb. Mənbə qeyd edir ki, ötən ilin sentyabr ayından başlayaraq FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz tikinti işləri davam etdirilib.” 21 fevral 2023-cü il tarixli “Şahin İbadovun QSC-si ilə bağlı müəmma: İH-nin də aşkarladığı nöqsanlar niyə aradan qaldırılmır” adlı məqalədə göstərilir ki: “Azərbaycan X20 Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri Şahin İbadova məxsus "xxxx" QSC-nin ərazisində qeyri-qanuni tikililərin olması ilə bağlı "xxxx" saytının yazdıqları təsdiqini tapıb. Belə ki, "xxxx" saytının bir müddət əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanladığı rəsmi sorğu cavablandırılıb. İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Mirzə Mirzəyevin adından redaksiyamıza daxil olan rəsmi cavabda deyilir: “Nərimanov Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-14/1-1-4-071/2023 nömrəli məktuba tərəfimizdən baxılıb. Bildiririk ki, məktubda qeyd olunmuş ərazi 1 nömrəli Sahə inzibati ərazi dairəsində yerləşir. Dərnəgül-2096-cı məhəllə ünvanında yerləşən "xxxx" QSC-yə tərəfimizdən baxış keçirilib. 2022-ci ilin mart ayında "xxxx" QSC-nin ərazisində dəmir konstruksiyadan ibarət anbarın inşa edilməsi prosesi tərəfimizdən aşkar edilib və bu barədə aidiyyəti qurumlara məlumat verilib”. Xatırladaq ki, "xxxx" saytının dərc etdiyi məqalədə də "xxxx" QSC-də qeyri-qanuni tikililərin mövcudluğundan bəhs edilmişdi. Bildirilirdi ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı ilə razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikilib. Nərimanov Rayon İcra Hakimiyyətindən verilən rəsmi cavab da yazdıqlarımızı təsdiqləyir. Amma maraqlıdır ki, ərazidə qeyri-qanuni tikililərin salınması prosesi bir ilə yaxındır başlasa da, hələ də aidiyyəti qurumlar bununla bağlı heç bir tədbir görməyib. Məsələ ilə bağlı 27 dekabr 2022ci ildə FHN-nin yanında Azərbaycan Tikintidə Təhlükəsizliyə X11 rəsmi “Elektron ünvan 2” elektron ünvanına sorğu ünvanlasaq da, rəsmi cavab verilməyib. Bundan əlavə, 07 yanvar tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələ ilə bağlı açıqlama istəsək də, rəsmi elektron ünvanlarına məktub ünvanlamaq tövsiyyə edildi. Elə həmin tarixdə Komitənin “Elektron ünvan 3” elektron ünvanına sorğu ünvanlasaq da hələ də cavab verilməyib. Rəsmi qurumların bu susqunluğu ciddi suallar doğurur və bizi araşdırmalarımızı daha da dərinləşdirməyə sövq edir. Qeyd edək ki, haqqında bəhs etdiyimiz ərazi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində bağlanan 182 saylı müqavilə ilə QSC-yə icarəyə verilib. Araşdırmalarımız bu icarə müqaviləsi ilə bağlı da maraqlı məqamları ortaya çıxarıb. İstər icarə müqaviləsinin tələblərinə əməl olunması, istər əlavə ərazilərin zəbt olunması ilə bağlı suallar var. Hazırda bu istiqamətdə də araşdırmalarımız davam edir. Qeyd edək ki, "xxxx" saytında "xxxx" QSC qeyri-qanuni fəaliyyətilə bağlı məlumat dərc edildikdən sonra Şahin İbadov Azərbaycan X20 Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri vəzifəsindən azad olunub”. "xxxx" saytında dərc edilmiş məqalələrdən göründüyü kimi o, həm korrupsiya halları ilə, həm dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurmaqla, həm dövlət büdcəsinə ödənilməli olan vergiləri ödəməkdən yayınmaqla və s. ağır və xüsusilə ağır cinayətləri törətməkdə ittiham olunmuşdur. Halbuki, bu halların heç biri mövcud deyil və adıçəkilən sayt vasitəsilə barəsində uzun müddətdir ki, davamlı olaraq qarayaxma kompaniyası aparılmaqdadır. O, yuxarıda göstərilən cinayət əməllərinin törədilməsi ilə bağlı bugünədək heç bir hüquq-mühafizə orqanına və ya məhkəməyə dəvət edilməmiş, barəsində heç bir ibtidai və ya məhkəmə istintaqı aparılmamışdır. Lakin ona məlum olmayan səbəbdən sayt rəhbərliyi ona qarşı qərəzli mövqe tutmaqda davam etmiş, öz böhtanlarını davam etməkdə israrlı olmuşlar. Məqalələrin dərc edildiyi "xxxx" internet saytı müstəqil hüquqi şəxs deyil və öz səhifələrində saytın "xxxx" MMC adlı hüquqi şəxsə bağlı olduğu (VÖEN: **********) göstərilməkdədir. Göstərilən hüquqi şəxs isə ünvan 8 ünvanda qeydiyyatdadır. Məhz bu səbəbdən də xüsusi ittiham qaydasında şikayət baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Bundan əlavə, bütün məqalələrin sonunda jurnalist kimi “Əhməd” adı göstərilsə də, nə jurnalistin kimliyi, nə də məqalələrin mövzusunun hansı mənbədən olması göstərilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilməzdən öncə məqalələrdə imza atan “Əhməd” adlı jurnalistin kimliyi barədə, eləcə də göstərilən məqalələrin hazırlanması zamanı istifadə olunan mənbə barədə məlumat verilməsi barədə xx.xx.2023cü il tarixdə müvafiq olaraq həm "xxxx" milli xəbər portalının baş redaktoru Pərviz Cəbrayıla, həm də "xxxx" MMC-nin direktoru Sevinc Rəhimovaya müraciətlər göndərilmişdir. "xxxx" saytının baş redaktoru Pərviz Cəbrayılın adından bildirilmişdir ki, qeyd edilən tarixlərdə dərc edilmiş yazılara görə məsuliyyəti redaksiya daşıyır və məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin media subyekti və jurnalist tərəfindən açıqlanmasına yol verilmir. Göstərilən cavab məktubu ilə jurnalistin kimliyi açıqlanmadığına və məsuliyyəti redaksiyanın daşıdığı bildirildiyinə görə xüsusi ittihamçı həm baş redaktora, həm də hüquqi şəxsin direktoruna qarşı xüsusi ittiham qaydasında şikayət vermək və onların cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməkdə haqlıdır. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC-nin direktoru X7 və "xxxx" Milli Xəbər Portalının baş redaktoru Pərviz Cəbrayılın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək hər birinin üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X21 və onun nümayəndəsi Müdafiəçi şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 bildirdi ki, onun baş redaktoru olduğu "xxxx" saytında X21 barəsində dərc edilmiş yazılara görə məsuliyyəti redaksiya daşıyır, məsələyə dair onun da mövqeyini dərc etməyə hazırdılar. Hesab edir ki, dərc olunmuş məqalələrə görə redaksiya cinayət məsuliyyəti daşıya bilməz. Şikayətin icraata qəbul edilməsindən imtina olumasını xahiş edir. Məhkəmə iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və X7 vəkili X22 şikayətə etiraz təqdim edərək bildirdi ki, şikayət tamamilə əsassız olduğuna və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığına görə onun icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən şikayətin məzmunu qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şikayətdə barələrində xüsusi ittiham qaydasında şikayət olunan şəxslər haqqında Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş məlumatlar (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi) tam qeyd edilməmişdir. X4 şikayətində "xxxx" saytında xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində dərc edilmiş məqalələrdə ona böhtan atıldığını bildirmişdir. Şikayətçi həmin məqalələrin mətnini tam şəkildə şikayətə əlavə etsə də, sözügedən məqalələrdəki hansı fikirləri “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan” hesab etdiyini qeyd etməmişdir. Həmin məqalələrdə ümumiyyətlə X18 qarşı hər hansı böhtandan söhbət getmir, o, ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilmir. Məqalələrdə Ş.İbadovun və oğlunun adına şirkətlərin olması qeyd edilmiş və məmurun bizneslə məşğul olmasının qanunvericliklə ziddiyyət təşkil etməsi konteksində araşdırmalar aparılmışdır. Xüsusi ittiham qaydasında şikayətçi isə mediada dərc edilən və təkzib edilməyən faktlara, həmçinin araşdırma nəticəsində ortaya çıxarılan xüsusatların yer aldığı məqalələrdə konkret nəyi böhtan hesab etdiyini qeyd etməmişdir. Eyni zamanda qanunvericiliyin tələblərinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında kütləvi informasiya vasitəsinin məlumatları cinayət işinin başlanması üçün əsasdır. Azərbaycan Respublikasının Baş prokuroru da dəfələrlə çıxışlarında və kollegiya iclaslarında cinayətkarlığa qarşı mübarizədə medianın rolunu önə çəkərək mediada dərc edilən hər bir məlumatın prokurorluq orqanı tərəfindən diqqətdə saxlanıldığını və müvafiq qaydada araşdırılaraq cinayət işləri başlanıldığını qeyd etmişdir. "xxxx" saytında dərc edilən məqalələrdə X21 barəsində ağır və ya xüsusilə ağır cinayətdə ittihamlar olsaydı, prokurorluq orqanı onun barəsində araşdırma başlamalı idi. Bundan başqa, "xxxx" saytı məqalələrin hazırlanması zamanı qeyri-dəqiqliyə yol verilməməsi üçün məlumatların əldə edilməsi məqsədilə müxtəlif dövlət orqanlarına sorğularla müraciət etmiş, elektron hökumət portalında yer alan açıq məlumatlardan istifadə etmiş, obyektivliyin təmini məqsədilə məqalələrdə adıçəkilən tərəfə də suallar ünvanlayaraq dəqiqləşdirmə aparmış, qarşı tərəfin mövqeyini dərc etmək üçün onlara müraciət etmiş və bununla da qərəzsizliyini ortaya qoymuşdur. Bütün bu xüsusatlar xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu təsdiq edir. Qeyd olunanları nəzərə alaraq X13 X16 və X5 qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina ediməsi barədə qərar çıxarılmasını xahiş etdi. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş digər şəxs X16 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan prosesin davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X8 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X13 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. İlkin olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 19-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 147-ci maddəsi şəxsin yalnız ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasına görə cinayət məsuliyyətini nəzərdə tutur və onun subyekti də yalnız fiziki şəxs ola bilər. Eyni zamanda cinayət qanunu hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirləri də nəzərdə tutmuş və Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsinə müvafiq olaraq həmin tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167-169, 169-1, 170-171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214-220, 233, 234, 237, 240, 242- 244-1, 259-261, 271-284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323-326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ona qarşı böhtan xarakertli məlumatların məhz "xxxx" saytında dərc edilməklə yayımlandığını və buna görə həm bu saytın baş redaktoru X3, həm də saytın təsisçisi "xxxx" MMC-nin direktoru X7 məsuliyyətə cəlb edilməsini xahiş edir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən redaksiya – veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmədir. Həmin Qanunun 13.4-cü maddəsinə görə bu Qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olubolmamasına görə məsuliyyət daşımır. Qeyd olunan Qanunun 77.2.-ci maddəsinə əsasən mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır: həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa; həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa; həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müəssisə, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə. Qanunvericilikdən belə aydın olur ki, redaksiya fərd kimi bir fiziki şəxs deyil, vebsaytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmədir. Ona görə də məhkəmə hesab edir ki, X8 "xxxx" saytının redaksiyasının rəhbərliyinə məsul şəxs kimi həmin saytda dərc olunan yazılara görə cinayət məsuliyyəti daşıya bilən subyekt kimi çıxış edə bilməz. Hazırki şikayətdə göstərilən yazıların müəllifinin bilavasitə onun olmasına dair isə tutarlı sübutlar təqdim edilməmişdir. Eyni zamanda, belə dəlillər "xxxx" MMC-nin direktoru X16 barəsində də mövcud deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 320.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X8 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X13 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar