Məhkəmə qərarları › İş №1(006)-195/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-195/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-195/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, avtomobil almaq istəyən tanışı Zərərçəkmiş şəxs müvəqqəti olaraq etibarnamə əsasında idarə etdiyi X1 məxsus “Toyota Prius” markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili öz avtomobili kimi təqdim edərək 05 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə görüşüb həmin avtomobili sonuncuya ilkin ödəniş olaraq 5000 manat olmaqla 20 ay müddətinə hər ay 700 manat ödəmək şərti ilə sata biləcəyini və ilkin ödənişi ödəyəcəyi təqdirdə avtomobili idarə etməsi üçün etibarnamə verəcəyini bildirməklə etibarından sui-istifadə edib aldadaraq qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs 5000 manat pulunu ilkin ödəniş adı ilə alıb verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, son 2 (iki) ildir ki, Bakı şəhərində “Bolt” və “Uber” taksi şirkətlərində gündəlik icarəyə götürdüyü avtomobillər ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin avqust ayının əvvəllərində övladının xəstə olması ilə əlaqədar ona təcili olaraq pul lazım olmuşdur. Onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olan Ədalət adlı yoldaşı ona tanışının avtomobil almaq istədiyini bildirmiş və belə tanışının olub-olmadığını soruşmuşdur. Bu zaman o, gündəlik icarə kimi 30 manat ödəyərək etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili öz avtomobili kimi təqdim edərək Ədalətin dostuna satmağa və aldığı pulu ələ keçirməyə qərar vermişdir. Gündəlik icarə haqqı ilə idarə etdiyi avtomobilin sahibini tanımamış, həmin avtomobili ona idarə etmək üçün X2 vermişdir. O, Ədalətə halhazırda idarə etdiyi avtomobili satdığını bildirmişdir. Niyyəti barədə nə Ədalətə nə də Müşviq Gözəlova heç bir məlumat verməmişdir. Bir sözlə Ədalətin adından istifadə edərək onun tanışını aldatmağı planlaşdırmışdır. Bu üsul ilə əldə etdiyi puldan heç kimə vermək fikri olmamışdır. Ədalət mobil telefonu vasitəsi ilə avtomobili almaq istəyən şəxsə zəng etmiş və hər üçü Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşmüş və yaxınlıqdakı kafeyə əyləşmişdirlər. Söhbət əsasında o, avtomobil almaq istəyən şəxsə və Ramilə avtomobilini 5000 manat ilkin ödəniş olunmaqla satmaq istədiyini bildirmişdir. Söhbət əsnasında Ramil fikirləşəcəyini bildirmiş, əlaqə nömrələrini bir-birinə verərək sağollaşmışdırlar. Həmin gün saat 20 radələrində Ramil ona zəng edərək “Toyota Prius” markalı **-CK-*** nömrəli qeydiyyat nişanlı avtomobili almaq istədiyini və ilkin ödəniş olaraq 5000 manat ödəməklə 20 ay müddətinə hər ay 700 manat ödəniş edə biləcəyini bildirmişdir. Onlar aralarında razılaşdıqdan sonra həmin gün saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 9 ünvanının yaxınlığında yerləşən “8 Noyabr” metrostansiyasının yanında görüşmüşlər. Ramil və onun yanında gələn İlqar adlı şəxs avtomobilə əyləşdikdən sonra o, Ramilin inamını qazanmaq məqsədi ilə ona avtomobili sürməsi üçün etibarnamə verəcəyini bildirərək, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin surətlərini istəmişdir. Ramil, WhatssApp messenger” vasitəsi ilə şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətlərini ona göndərmişdir. Daha sonra Ramil ona 5000 manat vermiş və avtomobili onun yaşadığı evə qədər sürməsini xahiş etmişdir. Onlar razılaşmış və o, avtomobili Ramilin yaşadığı ünvan 3 ünvana sürmüşdür. Ramil ondan avtomobilin texniki şəhadətnaməsi və etibarnaməsi barədə soruşduqda, o, şəhadətnamənin sistemdə qeydiyyatda olduğunu, etibarnaməni isə “online” şəkildə verəcəyini bildirmişdir. Ramildən 5000 manat pulu götürdükdən sonra dərhal yaşadığı ünvan 4 ünvanına qayıtmış və əldə etdiyi pulu isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Hal-hazırda aldığı puldan 800 manat geri qaytardığını, qalan məbləği isə hissə-hissə hər ay 300 manat olmaqla qaytara biləcəyini bildirir. Törətdiyi əməlini səmimi olaraq etiraf edərək peşman olmasını, borcunu qaytarmağa başladığını nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. İşdən sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün özünə “Toyota Prius” markalı avtomobil almaq istəmişdir. Bu barədə qonşusu Ədalət ilə söhbət etmiş, Ədalət ona kreditlə “Toyota Prius” markalı avtomobil satan Rəvan adlı tanışı olduğunu bildirmişdir. O, da Ədalətdən onu Rəvan ilə tanış etməsini xahiş etmiş, bununla da onlar xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən çayxanada görüşmüşlər. İlkin danışıq zamanı Rəvan “Toyota Prius” markalı avtomobilinin ilkin ödənişinin 7000 manat olduğunu bildirmiş, qiymətdə razılığa gələ bilmədikləri üçün oradan çıxıb getmiş, lakin axşam saat 20 radələrində Rəvana zəng edərək, avtomobili 5000 manat ilkin ödəniş etməklə 20 ay müddətinə hər ay 700 manat ödəməklə almaq istədiyini bildirmişdir. Şərtlər barədə razılığa gəldikdən sonra “8 Noyabr” metrostansiyasının yanında görüşmüşlər. Ondan avtomobili idarə etmək üçün etibarnamə verməsi üçün sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkillərini göndərməsini də istədiyi üçün “Whatsapp Messenger” tətbiqi vasitəsi ilə ona həmin sənədlərin şəklini göndərmişdir. Həmin gün qeyd olunan ərazidə görüşmüşlər, həmin zaman onun yanında İlqar adlı dostu da olmuşdur. Avtomobilə əyləşib 5000 manat pulu Rəvana verdikdən sonra ondan avtomobili yaşadığı ünvan 3 ünvanının qarşısında saxlamışdır. Rəvan ona avtomobilin texniki şəhadətnaməsinin qeydiyyatda olduğunu, etibarnaməni isə “online” şəkildə verəcəyini desə də, sonra onu tapa bilməmiş, axtarmağa başlamış, yaşadığı Mingəçevir şəhərinə gedərək atası ilə görüşmüş, ona məbləğin qaytarılacağını deyiləndən sonra, avtomobilin əsl sahibindən ona zəng gəlmiş və bu zaman ona məlum olmuşdur ki, avtomobilin sahibi Rəvan deyilmiş, o sadəcə avtomobili günə 25 manat ödəməklə icarəyə götürərək sürmüşdür. Avtomobilin öz sahibi avtomobilini geri tələb etmiş, o da avtomobili öz sahibinə vermişdir. Rəvan tutulduqdan sonra ona dəymiş ziyandan 500 manat, məhkəmə istintaqı zamanı isə 300 manat olmaqla, cəmi 800 manat ödəmiş, qalan məbləği isə hər ay 300 manat olmaqla ödəyəcəyini bildirsə də bu məbləğ ona kreditlə yeni avtomobil alması üçün kifayət etmir. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, qalan məbləğin hər ay hissə-hissə 300 manat ödənilməsini qəbul etmədiyini, evində xəstəsi olduğunu, onu həftədə iki dəfə həkimə aparması üçün ona avtomobil almasının zəruriliyini qeyd edərək, qalan məbləğin hər ay ***-**** manat olmaqla ödənilməsini tələb edərək, məhkəmədən onun barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Əyyub oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Ramili uşaqlıqdan tanıyır, onunla arasında heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Ramil ilə telefon vasitəsi ilə danışarkən ona avtomobil almaq istədiyini, avtomobil satan şəxslə görüşəcəyi və onun da gəlməsini xahiş etmişdir. Həmin gün 8 Noyabr metrostansiyasının yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Özünü avtomobilin sahibi kimi tanıdan Rəvanı da həmin gün orada görmüşdür. Rəvan “Toyota Prius” markalı avtomobili 5000 manat ilkin ödənişlə 20 ay müddətinə hər ay 700 manat olmaqla verə biləcəyini bildirmişdir. Sonradan aralarında razılaşdıqdan sonra “Toyota Prius” markalı **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişlər və Ramil onun iştirakı ilə 5000 manat pulu sayaraq Rəvana vermişdir. Bundan sonra Rəvan Ramilə onlayn etibarnamə verdiyini, qalan sənədləşməni isə qeyri-iş günü olduğundan 1-ci iş günü görüşüb həll edəcəyini demiş, Mingəçevir şəhərinə taksi sifariş vermiş və getmişdir. Rəvan Ramildən avtomobilin texniki baxış şəhadətnaməsini soruşduğunda ona Mingəçevirdən qayıtdıqdan sonra verəcəyini bildirmiş, lakin sonradan Ramilin zənglərinə cavab verməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarında olan 18 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müraciəti əsasında ********* saylı cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, həmin tarixdə də icraatın dayandırılması barədə qərar qəbul edilmişdir (i/v 36; 39). İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması haqqında 22 dekabr 2023-cü il tarixli protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr saat 13:00-da tutulmuş, 18:00-da Nəsimi RPİ-nin İŞ-nə gətirilmiş və cinayət işi üzrə icraat təzələnmişdir (i/v 42; 44). İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i/v 76) İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 24 dekabr 2023-cü il tarixli Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin xx.xx.2023-cü il tarixli vəsatəti rədd edilmiş və Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmiş, barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i/v 96-97; 98-99). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 102). İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır (i/v 120). İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 fevral saat 02:00-da Mingəçevir şəhərində saxlanılmış, Nəsimi RPİ-nin İŞ-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir (i/v 126). İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə tutulmuş Təqsirləndirilən şəxs “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin tələblərini pozduğu üçün barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i/v 140-141). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibində saxlanılması nəzərə alınmışdır. (i/v 145-151). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla 8 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Mingəçevir şəhər İcra və probasiya şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-195/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 18 mart 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Mingəçevir şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar