Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-196/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: «Sirius» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, Fərhad Ağazadə küçəsi, ev 33-də qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1,761 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 yanvar 2024-cü il tarixdə, saat 15:10 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq 20-ci polis şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən 01 ədəd HP-115 №-li, keçmiş SSRİ-də Tula silah zavodunda 1938-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Tokarev (TT) konsrtruksiyalı, hissə və mexanizmlərinin üzərində əlavə və dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı hesab edilən tapança və həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir ildir narkotik vasitə istifadə edirdi. Əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb ondan istifadə etməsi üçün narkotik alırdı. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan bir neçə gün əvvəl həmin şəxslə əlaqə saxlayıb yenə narkotik istəmiş, sonuncu da ünvan 1 ünvanın qarşısındakı ağacın dibinə sellofan torbada onun üçün narkotik qoyacağını demişdir. O da 17 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində həmin ünvana getmiş, orada olan sellofan torbanı götürüb uzaqlaşmaq istəyərkən bir neçə mülki geyimli polis əməkdaşları onu saxlamışlar. Onu polis şöbəsinə aparmaq üçün əvvəl “Mercedes-Benz” markalı avtomobilə mindirmişlər, lakin avtomobil işə düşmədiyi üçün onu “Toyota Camry” markalı avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Orada həmin sellofan torbaya baxış keçirilmiş, torbadan 03 büküm və tapança aşkar edilmişdir. O, torbada tapançanın olmasından məlumatsız olmuş, onun içərisində yalnız narkotik olduğunu düşünmüşdür. Tapançanın ona heç bir aidiyyəti yoxdur. Bunu polis əməkdaşlarına da bildirmişdir. Onun mobil telefonunun “WhatsApp” proqramında olan Baba, gözlə götürüb xəbər edirəm” və digər yazıları o yazmamış, ola bilər ki, onlar o tutulandan sonra qəsdən belə məzmunda yazılmışdır. Polis şöbəsində ona qarşı zor tətbiq olunmuşdur. Himayəsində yaşlı valideynləri və iki azyaşlı uşağı var. Ona ən yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvvəkkili Şahid3 ifadəsində göstərdi ki, 17 yanvar 2024-cü il tarixdə “Səddam” adlı şəxsin qanunsuz olaraq odlu silah və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, həmçinin ünvan 1 ünvanın yaxınlığında olacağı barədə 20-ci polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bu məlumatın yoxlanılması üçün ondan və idarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 15:10-da qeyd olunan ünvanda əvvəllər heç vaxt görünməyən bir nəfərin özünü şübhəli apardığını, həyətda olan ustalara guya köməklik etdiyini, daha sonra binanın qarşısındakı güllük ərazidən 01 ədəd sellofan torbanı götürüb oradan uzaqlaşmaq istədiyini görmüşlər. Buna görə də dərhal ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də adının Səddam olduğunu bildirdikdə sonuncunun qanunsuz olaraq odlu silah və narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. Səddam da etiraz etmədən onlarla birlikdə 20-ci polis şöbəsinə getmişdir. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də əlində olan sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılan zaman içərisində başqa bir qara rəngli sellofana bükülmüş əşya aşkar edilmiş, həmin qara rəngli sellofan açılan zaman isə içərisində 01 ədəd tapança və bu tapançaya sarılmış 03 ədəd xırda bükümlər var idi. Təqsirləndirilən şəxs bildirmişdir ki, “WhatsApp” proqramı vasitəsilə İran vətəndaşından öz istifadəsi üçün xırda bükümlərdə olan narkotiki və silaha həvəsi olduğu, onunla gələcəkdə ov edə biləcəyini düşünüb əldə etmişdir. Onu da qeyd etdi ki, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya sair zorakı hərəkət olunmamış, heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvvəkkili Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədəxx.xx.2024-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləyir. Sorğu-sual zamanı o, əlindəki sellofan torbanı içərisində silah və narkotik vasitə olduğunu, onu 3-cü mikrorayon dairəsindən bazara gedən yolun kənarından, sağ tərəfdən götürdüyünü, onları İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin şəxs sonuncu dəfə ona yazanda qeyd etmişdir ki, 10 qram “patı” və 05 qram “kakos”, həmçinin 01 ədəd dəmir qoyacaq. O, narkotik vasitələrin təsiri altında olduğu üçün buna etiraz etməmiş və həmin sellofan torbanı götürmək qərarına gəlmişdir. Şəxsi istifadəsi məqsədilə həmin narkotik vasitəni və silahı götürən zaman polis əməkdaşları onu saxlamışlar. Onun silaha həvəsi olduğunu və onunla gələcəkdə ov edə biləcəyini nəzərə alıb onu götümək istəmişdir. Daha sonra o, əlindəki sellofan torbanı, əynindəki bozumtul rəngli cins şalvarın cibindən 03 ədəd 10 qəpiyi və özünə məxsus, 070 ***-**-** GSM nömrəsi ilə istifadə olunan, **********12500/00 və **********12518/00 İMEİ kodlu “Redmi 11” markalı mobil telefonu təqdim edir. Həmin sellofan torbanın içərisindən silah və 03 büküm aşkar olunur. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.48-51); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/138 saylı rəyinə görə tədqiqata təqdim edilmiş 01 ədəd HP-115 №-li silah, keçmiş SSRİ-də Tula silah zavodunda 1938-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir (İ cild, i.v.60-64); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 09 fevral 2024-cü tarixli, 3-13-11/2-1790/2024 nömrəli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli, HP-115 №-li Tokarev (TT) konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin Güllə-Giliz” kartoketasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (İ cild, i.v.147); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/319 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,761 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,785 qram olan ağ rəngli maddənin və bir ədəd bükümdə təmiz çəkisi 1,795 qram olan açıq qəhvəyi rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 1,711 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.67-71); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 533 saylı rəyinə görə Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.157-158); • “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunda Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, o, təxminən 01 ildən artıqdır narkotik vasitələrdən istifadə edir və narkotik vasitəni əsasən İran İslam Respublikasının adını hazırda xatırlamadığı vətəndaşından almışdır. Belə ki, o, bir müddət əvvəl qeyd etdiyi İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +98 903 *** **** saylı mobil telefon nömrəsini hazırda xatırlamadığı şəkildə əldə etmiş və istifadə etdiyi 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə “WhatsApp” proqramı vasitəsi ilə həmin şəxslə əlaqə saxlayaraq ona narkotik vasitə satmasını xahiş etmişdir. Həmin şəxs də razılaşaraq bir neçə dəfə müxtəlif ünvanlara narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin qoyaraq ona istiqamət vermiş və o da həmin şəxsin göstərdiyi ünvanlara gedib narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini götürüb istifadə etmişdir. Həmin şəxsdən aldığı narkotik vasitələrin puluna isə sonuncunun ona dediyi bank kartının hesabına köçürmüşdür. O, həmin şəxslə tutulmamışdan bir neçə gün əvvəl, xatırlamadığı tarixdə danışanda ona 05 qram heroin və 10 qram metamfetamin pay verəcəyini bildimişdir. O, sonuncu dəfə 17 yanvar 2024-cü il tarixdə həmin şəxslə əlaqə saxladıqda sonuncu ünvan 1 ünvanın qarşısındakı ağacın dibinə sellofan torbada onun üçün pay olaraq 03 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyduğunu, həmçinin həmin torbaya onun üçün pay olaraq bir ədəd tapança qoyduğunu bildirmişdir. O da etiraz etmədən razılaşaraq 17 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində İran İslam Respublikasının vətəndaşının dediyi həmin ünvana gedərək sonuncunun “WhatsApp” proqramı vasitəsi ilə ona göndərdiyi fotoşəkillər əsasında həmin sellofan torbanı tapıb oradan götürmüşdür. O, sellofan torbanı götürüb oradan uzaqlaşmaq istəyərkən 03 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əmakdaşları olduqlarını bildirmiş və şübhəli olduğuna görə onu şöbəyə aparmışlar. Orada şəxsi axtarış və götürmə zamanı ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əlindəki sellofan torbanı, əynindəki şalvarın sağ yan cibindən 03 ədəd 10 qəpik dəmir pulları və əynindəki gödəkcənin sağ yan cibindən özünə məxsus 01 ədəd “Redmi 11” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan torbadan üzəri yapışqan lentlə sarılmış əlavə bir qara sellofan torba olduğu aşkar edilmiş, həmin qara rəngli sellofan torba açılan zaman içərisində 01 ədəd marka və modeli ona məlum olmayan daraqsız tapança və onun yanında birinin içərisində ağ, ikisinin içərisində isə açıq qəhvəyi rəngli maddələr olan 03 ədəd bükümlər aşkar edilmişdir. Ona qarşı hərhansı psixi və fiziki zor tətbiq edilməmişdir (İ cild, i.v.190-193); • “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. “WhatsApp” proqramında onun istifadəsində olan 070 ***-**- ** nömrə ilə +98 903 *** **** nömrə arasında zənglər, danışıqlar, səs mesajları və fotoşəkillər aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs +98 903 *** **** nömrəni istifadə edən şəxsin ona narkotik vasitə və silah göndərən İran İslam Respublikasının vətəndaşı olduğunu, həmin şəxsin nömrəsini telefonun yaddaşına qeyd etmədiyini və hazırda onun adını xatırlamadığını bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 070 ***- **-** nömrə ilə +98 903 *** **** nömrə arasında 17 yanvar 2024-cü il tarixdə, saat 02:09 dəqiqədən saat 14:11 dəqiqəyədək olan müddət ərzində “WhatsApp” proqramı vasitəsi ilə zənglər və danışıqlar olmuşdur. Həmçinin, +98 903 *** **** saylı nömrəni istifadə edən şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 14:52 dəqiqədə “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs “10 patı, 5 kola, bir dənə dəmir vardı, onu götür getdin evə mənə xəbər elə” məzmunlu 07 saniyəlik səs mesajını göndərmişdir. Daha sonra həmin şəxs yenidən saat 14:53 dəqiqədə “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs “ə qaqa sənin qadan alım, 10 patı, 5 kola, bir dənə də dəmirdi, onu götür get evə mənə xəbər elə, sənin qadan alım” məzmunlu 07 saniyəlik səs mesajı göndərmişdir. Daha sonra həmin şəxs saat 14:53 dəqiqədə “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs “ə bə setdə deyilsən axı, nə oldu sənə, hardasan?” məzmunlu 03 saniyəlik səs mesajı göndərmişdir. Daha sonra həmin şəxs saat 14:57 dəqiqədə “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs “biz azca tez ol ginən sənin qadan alım, çatdın mənə xəbər elə” məzmunlu 03 saniyəlik səs mesajını göndərmişdir. Təqsirləndirilən şəxs də saat 15:06 dəqiqədə “WhatsApp” proqramı vasitəsi ilə həmin şəxsə “Baba goturem indi” məzmunlu mənt mesajı yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs saat 15:06 dəqiqədə “WhatsApp” proqramı vasitəsi ilə həmin şəxsə “Baba gözde goturum deyecem heyetde adam var” məzmunlu mənt mesajı yazmışdır. Daha sonra həmin şəxs saat 15:08 dəqiqədə “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs 02 ədəd sual işarəsi, ardınca isə 02 ədəd fotoşəkil göndərmişdir. Həmin fotoşəkillərdən birinin üzərində istiqamətləndirici ox işarəsi, digərinin üzərində isə istiqamətləndirici dairə işarəsi vardır. Üzərində istiqamətləndirici dairə işarəsi olan fotoşəkil böyüdülərək baxılan zaman dairəyə alınmış hissədə bükülmüş vəziyyətdə sellofan torba olması müəyyən edilmişdir. Baxış zamanı Q.Səddam bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı həmin fotoşəkillər vasitəsi ilə onu istiqamətləndirmiş və o da gedib həmin yeri taparaq İran İslam Respublikası vətəndaşının ona göndərdiyi həmin sellofan torbada olan narkotik vasitəni və tapançanı oradan götürmüşdür (İ cild, i.v.100-107); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-32/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.131- 135); • “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd HP-115 №-li, keçmiş SSRİ-də Tula silah zavodunda 1938-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Tokarev (TT) konsrtruksiyalı, texniki cəhətdən saz və atəşə yaralı, yivli odlu döyüş silahı hesab edilən tapança və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,711 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (İ cild, i.v.165-177); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.141); • Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018 və xx.xx.2021-ci il təvəllüdlü iki övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə verilmiş ittihamda özünü təqsirli bilməyərək həmin silahdan məlumatsız olmasının söyləməsi ilə bağlı məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, o, götürəcəyi torbanın içərisində silahın olmasından əvvəlcədən məlumatlı olmuş, bunu ibtidai araşdırma dövründə həm ilkin, həm də sonrakı ifadələrində bir daha təsdiq etmiş, eyni zamanda polis əməkdaşları tərəfindən saxlanılan anadək (saat 15:10-dək) telefonunda “WhatsApp” proqramı ilə aparılan yazışmalar da buna birbaşa dəlalət edir. Buna görə də məhkəmə tərəfindən bu hal onun özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Əksinə olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani rəftara məruz qalmadığını, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləyir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 17 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,711 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd HP-115 №-li, keçmiş SSRİ-də Tula silah zavodunda 1938-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Tokarev (TT) konsrtruksiyalı, texniki cəhətdən saz və atəşə yaralı, yivli odlu döyüş silahı hesab edilən tapança Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, ekspertiza tədqiqatının dəyəri 65 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,711 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd HP-115 №-li, keçmiş SSRİ-də Tula silah zavodunda 1938-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Tokarev (TT) konsrtruksiyalı, texniki cəhətdən saz və atəşə yaralı, yivli odlu döyüş silahı hesab edilən tapança Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-196/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-196/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver