Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-197/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Saray qəsəbəsində istintaqa məlum olmayan tanışı «Nihad» adlı şəxsin vasitəsi ilə «Balaəmi» adlı şəxslə 2000 manat pul müqabilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid məlumatları özündə əks etdirən hüquq verən “MN seriyalı 0068984” nömrəli hərbi quluqçunun saxta şəxsi vəsiqəsini və üzərində “xxxx” ASC-yə aid olan əmək haqqını özündə əks etdirən saxta ödəniş kartı üzrə çıxarışı istifadə etmək məqsədilə əldə edərək həmin sənədlərin saxta olduqlarını bildiyi halda sənədləri ünvan 3 saylı ünvanda yerləşən «xxxx» ASC-nin Əcəmi filialına təqdim edib bankdan 019CASA191490007 saylı nömrəli kredit müqavilə əsasında 5.000 manat məbləğində pul götürməklə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında rəhmətlik atası mədəsindən əməliyyat olunmalı imiş, bunun üçün də pul lazım olmuşdur. Nahid adlı tanışını təxminən 4-5 ildir ki, tanıyır. Nahid Abşeron rayonu Saray qəsəbəsində yaşayır, Nahidlə görüşüb hal-əhval tutan zaman ona demişdir ki, atasının əməliyyatı üçün təxminən 3000 manat borc pul lazımdır. Belə olan halda Nahid ona demişdir ki, 3000 manat ona təşkil edə bilər. O, Nahiddən 3000 manat ona haradan tapacağını dedikdə, bildirmişdir ki, Balaəmi adlı Sumqayıt şəhərində yaşayan tanışı vardır. Balaəmi adlı şəxs Müdafiə Nazirliyində xidmət etməyinə dair saxta vəsiqə hazırlaya bilər, vəsiqənin təxminən 1 gün ərzində hazırlayır və o, həmin vəsiqə ilə istənilən bankdan kredit götürə bilər. Nahid ona demişdir ki, bunun üçün də Balaəmi adlı şəxsə 2000 manat pul verməlidir. Nahidin təklifi onda maraq doğurduğuna görə o, Nahidə demişdir ki, Balaəmi ilə görüşsünlər. Elə həmin günü, yəni xx xxx 2020-ci il tarixdə saat 20 radələrində Nahidlə birlikdə Sumqayıt şəhərinə gəlib «Dejunru» deyilən yerdə Balaəmi adlı şəxslə görüşmüşlər. Balaəmi adlı şəxslə görüşən zaman Nahid Balaəmiyə onu təqdim edərək tanışı olduğunu bildirib qeyd etmişdir ki, ona 3000 manat pul lazımdır. Belə olan halda Balaəmi demişdir ki, ona sabaha Müdafiə Nazirliyində işləməyinə dair saxta vəsiqə düzəldib verəcək, bundan əlavə də guya o, Müdafiə Nazirliyində işlədiyinə görə «xxxx» ASC-yə məxsus plastik kartdan əmək haqqı almağına dair saxta ödəniş cədvəli düzəldəcək. O, həmin saxta sənədlər əsasında Bakı şəhər Nəsimi rayonu ərazisində «Memar Əcəmi» metro stansiyasının yaxınlığında yerləşən «xxxx» ASC-nin filialından pul götürəcək, Balaəmi həmçinin qeyd etmişdir ki, bunun üçün o, ona 2000 manat pul verməlidir. Orada yekun söhbətləri olmuşdur ki, o, qeyd etdiyi bankdan 5000 manat pul götürüb, onun 2000 manatını Balaəmiyə verəcək, digər 3000 manat isə ona qalacaq, o, da düşünmüşdür ki, həmin pulu atasının əməliyyatına verər, sonra isə krediti hissə-hissə banka ödəyər. Ona görə də o, gətirdiyi özünə məxsus sənəd üçün şəklini cibindən çıxararaq Balaəmi adlı şəxsə vermiş, bundan sonra ayrılaraq yaşadıqları evə getmişlər. Səhərisi günü, yəni xx xxx 2019-cu il tarixdə saat 10-11 radərində Nahidlə o, Saray qəsəbəsində görüşmüşlər, bir qədər keçmiş Balaəmi idarə etdiyi avtomobili ilə həmin yerə gələrək onları götürmüş və birlikdə «xxxx» ASC-nin Memar Əcəmi filialının qarşısına gəlmişlər. Balaəmi avtomobili saxladıqdan sonra ona 1 ədəd vəsiqə və A4 vərəqlərində «xxxx» ASC-yə məxsus kart çıxarışlarını təqdim edib bildirmişdir ki, vəsiqə Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində hansısa vəzifədə işləməyinə dair saxta xidməti vəsiqədir. A4 vərəqlərində təqdim etdiyi isə işlədiyi yerə dair «xxxx» ASC-yə məxsus saxta kart çıxarışlarıdır. O, saxta vəsiqəyə baxdıqda görmüşdür ki, həqiqətən də baş leytenant rütbəsində hərbi formada şəkli vəsiqədə əks olunub. Balaəmi həmçinin bildirmişdir ki, pulu aldıqdan sonra saxta vəsiqənin əslini və çıxarışları onun özünə qaytaracaq. Bundan sonra o, avtomobildən düşərək saxta sənədlərlə birlikdə həmin banka daxil olub kredit mütəxəssisinə yaxınlaşıb kredit götürmək istədiyini bildirmişdir. Kredit mütəxəssisi saxta vəsiqəni və kartdan saxta çıxarışları ondan alaraq baxmış və onların surətlərini çıxarmış, daha sonra kredit müqaviləsi bağlanmış, o, kredit müqaviləsinə dair bütün sənədlərə özü şəxsən imza etmişdir. Kredit ona 19 faizlə 18 ay müddətinə verilmiş və o, banka ayda 331 manat pul ödəməli olmuşdur. Bundan sonra kassadan 50 manat xidmət haqqını çıxmaqla ona nəğd 4950 manat pul verilmiş və ona kredit verən mütəxəssis ona təqdim etdiyi sənədlərin saxta olmağından şübhələnməmiş və bilməmişdir. Pulu aldıqdan sonra o, bankdan bayıra çıxmış, bayırda Balaəmi və Nahid onu gözləmişlər. O, 1950 manat Balaəmiyə pul vermiş, bundan əlavə Müdafiə Nazirliyində işləməyinə dair saxta vəsiqəni və A4 vərəqlərində əks olunmuş saxta kart çıxarışlarını Balaəminin özünə qaytarmışdır. Lakin Balaəminin ona verdiyi 1950 manatdan Nahidə pul verib-verməməsini bilməmişdir. Bundan sonra avtomobilə əyləşərək yaşadığı Saray qəsəbəsinə qayıtmışdır. Sonrakı günlərdə o, pulu atasının əməliyyatı üçün xərcləmiş, lakin 2019-cu ilin oktyabrında atası xəstəlikdən vəfat etmişdir. Kredit götürdükdən sonra banka təxminən 700-900 manat ödəniş etsə də sonradan imkanı olmadığına görə ödəniş edə bilməmişdir. Bundan sonra Abşeron rayonu Saray qəsəbəsi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu Nəsimi RPt-nin 19-cu PŞ-nə gətirmişlər. Etdiyi əməldən peşman olduğunu, banka olan borcun bir qismini ödədiyini və ödəməkdə də davam etdiyini bildirmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2018-ci ildən «xxxx» ASC-nin 19 nömrəli Memar Əcəmi filialında istehlak kreditləri üzrə mütəxəssis işləyir. Onun işi istehlak kreditləri üzrə müştərilərin sifarişini qəbul etmək və şərtlərə, həmçinin qaydalara uyğun olaraq kredit ayırmaqdan ibarətdir. xx xxx 2019-cu il tarixdə təxminən 11 radələrində Təqsirləndirilən şəxs işlədiyi bankın filialına daxil olub özünü Müdafə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti kimi təqdim etmiş və 5000 manat kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxs əlində olan hərbi qulluqçu olmağına dair vəsiqəsini və «xxxx»a aid olan əmək haqqı çıxarışlarım təqdim etmişdir. O, sənədlərə baxdıqdan sonra xidməti vəsiqənin surətini və bank hesabının əslini götürmüşdür. Daha sonra da sənədlərə diqqət yetirdikdən sonra heç nədən şübhələnməmişdir. Daha sonra Təqsirləndirilən şəxs harada işləməsi, krediti nə məqsədlə götürməsi barədə sual etdikdə ona adekvat cavab vermişdir. O, sonuncuya izah etmişdir ki, kredit ona 18 ay müddətinə veriləcək və o, banka ayda 331 manat pul ödəməlidir. Bundan sonra onun adına olan kredit sənədlərini düzəldərək icra olunması üçün arxa ofis şöbəsinə göndərmiş və həmin şöbədə sənədləşmə davam etdikdən sonra həmin günü Təqsirləndirilən şəxs bank tərəfindən 5000 manat kredit verilmişdir. Hazırki vaxta qədər Təqsirləndirilən şəxs ümumilikdə təxminən 510 manata yaxın ödəniş etmişdir. Cinayət işinin 1-ci cild 144-145-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 171-172-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 14-15-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 1-ci cild 239-242-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 4/33 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli 019CASA191490007 saylı «Kredit müqaviləsi»nin 1-ci vərəqinin üz tərəfinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində «Borcalan» qrafasında olan imza: xx.xx.2019-cu il tarixli 019CASA191490007 saylı kredit müqaviləsinə əlavə olan «Ödəniş cədvəli»nin aşağı hissəsində «Borcalan» qrafasında olan imza: xx.xx.2019-cu il tarixli CHWL**********19 saylı «Kassa məxaric orderi»nin aşağı hissəsində «Alanın imzası» qrafasında olan imza -Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 1-ci cild 240-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 132 (bir yüz otuz iki) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cild 249-cu vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, “xxxx” ASC-dən götürülmüş Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlərin kserosurəti, kredit müqaviləsinin əsli, ödəniş kartına dair çıxarışın əsli, kassa mədaxil orderinin əsli, kassa məxaric orderinin əsli, ödəniş cədvəlinin surəti iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “xxxx” ASC-dən götürülmüş Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlərin kserosurəti, kredit müqaviləsinin əsli, ödəniş kartına dair çıxarışın əsli, kassa mədaxil orderinin əsli, kassa məxaric orderinin əsli, ödəniş cədvəlinin surəti cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 132 (bir yüz otuz iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Maddi sübutlar “xxxx” ASC-dən götürülmüş Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlərin kserosurəti, kredit müqaviləsinin əsli, ödəniş kartına dair çıxarışın əsli, kassa mədaxil orderinin əsli, kassa məxaric orderinin əsli, ödəniş cədvəlinin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 132 (bir yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-197/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-197/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver