Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-197/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Xüsusi ittihamçı: X1 Barəsində xüsusi ittiham “azsiyaset.com” saytının baş redaktoru qaydasında şikayət verilmiş X3, şəxslər: “pravda.az” saytının baş redaktoru X2 iştirakları ilə “baku.ws”, “azsiyaset.com” və “pravda.az” onlayn media subyektlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 “baku.ws”, “azsiyaset.com” və “pravda.az” onlayn media subyektlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 12 fevral 2022-ci ildə onun foto şəkili ilə müşaiyət olunan “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir” sərhövhəli geniş xəbər yazmaqla barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini törətməkdə ittiham etməklə ona böhtan atmış, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymışlar. Bu xəbər dərhal “baku.ws”ə istinad edilməklə və edilməməklə 30-dan çox xəbər saytında da dərc olunmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “azsiyaset.com” saytının baş redaktoru X7 və “pravda.az” saytının baş redaktoru X6 şikayətdə göstərilənlərlə razılaşmayaraq bildirdilər ki, onların hərbərlik etdikləri xəbər portalları X4 barəsində olan məqaləni yayımlayarkən ona istinad olunan mənbəni göstərmişlər. Şikayətin icraata götürülməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə “baku.ws” informasiya saytının hüquqi ünvanına müvafiq bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan prosesin davam etdirilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə xüsusi ittiham qaydasında verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. Şikayətin məzmunundan və qanunvericiliyin təhlilindən görünür ki, “baku.ws”, “azsiyaset.com” və “pravda.az” saytları onlayn media media subyektləridir. Xüsusi ittiham qaydasında verilmiş şikayət də konkret olaraq hər-hansı bir fiziki şəxsə qarşı deyil, qeyd olunan media subyektlərinə qarşı verilib. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız 16 yaşına çatmış fiziki şəxslər ola bilərlər. Bununla belə cinayət qanunvericiliyi hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin görülməsini də nəzərdə tutub. Lakin Cinayət Məcəlləsinin 99-4.5-cü maddəsinə müvafiq olaraq hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-1, 192-2, 193-1, 194, 200-1, 200-2, 214–220, 233, 242- 244-1, 259-261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323-326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayətdə göstərilən, hüquqi şəxs kimi qəbul edilə bilinən media subyektlərinin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmur. Bir sözlə, həmin təsisatlar hazırki iş üzrə cinayətin subyektləri ola bilməzlər. Bu hal da öz növbəsində cinayətin tərkib əlamətinin mövcud olmaması deməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 320.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “baku.ws”, “azsiyaset.com” və “pravda.az” onlayn media subyektlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-197/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-197/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver