Məhkəmə qərarları › İş №1(006)-197/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-197/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-197/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-83/2024 saylı hökmü ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,311 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. 26 dekabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:00-da Nəsimi rayonu, Ə.Quliyev küçəsi 97 saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki 01 (bir) ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,311 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə edir və istifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən almış və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında “Kubinka” kimi tanınan ərazidə tanımadığı şəxsdən el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamini 20 manata, eləcə də el arasında “kakos” adlanan narkotik vasitə heroini 20 manat olmaqla ümumilikdə 40 manat verərək iki büküm şəxsi istifadəsi üçün almışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 5 ünvanın qarşısında olduğu zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib ona polis olduqlarını bildirdikdən sonra onu Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə dəvət etmişlər. 22ci Polis Şöbəsinin inzibatı binasına xidməti otaqlardan birində olarkən o, könüllü olaraq müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, müdafiəçinin iştirakı ilə üzərinə baxış və axtarış keçirilməsinə icazə vermişdir. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Ondan müdafiəçisinin iştirakı ilə üstündə paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən içərisində 2 (iki) ədəd büküm olan 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra o, masaya yaxınlaşaraq təqdim etdiyi 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki qırmızı rəngli kağıza bükülmüş 1 (bir) ədəd bükümdə el arasında “şüşə” adlanan psixotrop maddə metamfetamin və sellofana bükülmüş 1 (bir) ədəd bükümdə el arasında “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirərək təhqiqata təqdim etmişdir. Daha sonra həmin maddələr boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertiza tədqiqatına göndərilmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 26 dekabr 2023cü il tarixdə o, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Nəsimi rayonu ərazisində “Taleh” adlı şəxsin narkotik vasitə əldə etməsi və saxlaması barədə məlumat əldə etmişlər. Həmin məlumat üzrə qeyd olunan “Taleh” adlı şəxsin ifşa edilməsindən ötrü şöbə rəhbərliyinə müraciət etmişlər. Ondan və Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş və xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanın qarşısına gəlmişlər. Saat 17:00-da “Taleh” adlı şəxs kimi bildikləri şəxsi gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bildirirək sonuncunu Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə dəvət etmişlər, o, buna etiraz etməmişdir. Həmin şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirildikdən sonra Nəsimi RPİ-nin 22-ci Polis Şobəsinin gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış, həmin şəxsin Təqsirləndirilən şəxs olması təsdiq olunmuşdur. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə rəhbərliyə raportla məruzə etmişlər və həmin raportun icrası Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsnın təhqiqatçısı polis baş leytenantı Pərviz Həsənova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqıqatçının xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkilin və onun öz istəyi ilə şəxsi axtarışda vəkil iştirak etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, ilkin olaraq əynindəki şalvarının sağ yan cibindən içərisində 2 (iki) ədəd büküm olan 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarmış, həmin bükümlərdə qırmızı rəngli kağıza bükülmüş 1 (bir) ədəd bükümdə el içində “şüşə” adlanan psixotrop maddə metamfetamin və sellofana bükülmüş 1 (bir) ədəd digər bükümdə el içində “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu və xx.xx.2023-cü il tarixdə günorta radələrində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçun hər bir bükümü 20 manata aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.25-26); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.94-95); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.96); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki qırmızı rəngli kağıza bükülmüş 1 (bir) ədəd bükümdə el arasında “şüşə” adlanan psixotrop maddə metamfetaminə və sellofana bükülmüş 1 (bir) ədəd bükümdə el arasında “kakos” adlanan narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.47-52); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6559 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 190” dairəvi möhür əski, “şübhəli şəxs: Həsənov Taleh (imza) yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,134 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi - 0,311 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (i.v.58-61); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 25 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.110-111); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,311 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,261 qram psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v.129-134); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 3200 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 04 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyi üçün müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır (i.v.101-102); - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-83/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixindən 20 yanvar 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmiş, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilmiş, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmışdır. - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan şalvarın sağ yan cibindən içərisində 2 (iki) ədəd bükümü, yəni 1 (bir) ədədi şəffaf sellofana bükülmüş bükülünü və digər 1 (bir) ədədi qırmızı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Yasamal rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Əhmədov X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-83/2024 saylı saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-83/2024 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-nin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-83/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək və xx.xx.2024cü il saat 01:10-dan, xx.xx.2024-cü il saat 14:20-yədək olan 04 (dörd) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun hazırda Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-83/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 25 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,261 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-83/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs hazırda Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-83/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi hissəində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,261 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar