Məhkəmə qərarları › İş №1(006)-198/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-198/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-198/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəmkir rayon məhkəməsinin 28.10.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli rayonu, Telişli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edərək sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “X5 Kompleksin”də mənzil almağına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 05 iyul 2019-cu il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında yerləşən “İmperial" kafesində 2300 (iki min üç yüz) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 15.06.2019-cu il tarixdə saat 12 radələrində “20 Yanvar" metrostansiyanın qarşısında təsadüfən Şahid1la görüşmüşdür. Görüş əsnasında o, sonuncuya Yasamal rayonu ərazisində yerləşən “X5 Kompleksin”dən güzəştli şərtlə ev ala bildiyini, əgər maraqlanan olarsa, həmin şəxsə ev ala biləcəyini bildirmişdir. Bundan sonra, Şahid1 ona maraqlanan şəxslər olacağı təqdirdə, bu barədə ona bildirəcəyini demiş, bundan sonra onlar sağollaşaraq ayrılmışlar. Təxminən 2 gün sonra Şahid1 ona zəng edərək Güləmirzə adlı tanışının olduğunu və Yasamal rayonu ərazisində yerləşən “X5 Kompleksin”dəki mənzillərdən ev almaq istədiyini ona bildirmişdir. 17.06.2019-cu il tarixdə saat 15 radələrində Şahid1 ilə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 49 ünvanda yerləşən “İmperial" kafesində görüşmüşlər. Bir qədər sonra sonuncunun tanışı olan Zərərçəkmiş şəxs həmin yerə gəlmişdir. Görüş əsnasında sonuncu ona “X5 Kompleksin”dəki mənzillərdən ev almaq istədiyini, lakin tanış tapa bilmədiyini bildirmişdir. O da söhbət zamanı bu işlərlə məşğul olduğunu və Zərərçəkmiş şəxs ev ala biləcəyinə dair vəd vermişdir. Daha sonra 19.06.2019-cu il tarixdə saat 11 radələrində o, sonuncu ilə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 49 ünvanda yerləşən “İmperial" kafesində bir daha görüşmüşlər. Görüş zamanı o, Zərərçəkmiş şəxs “X5 Kompleksin”dəki mənzillərdən ev almaq üçün şərtlərin ona uyğun olduğunu və sonuncuya ev ala biləcəyini bir daha bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs bir daha fikirləşib ona bu barədə məlumat verəcəyini demişdir. 05.07.2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs, oğlu Şahid2 və Şahid1 ilə birlikdə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 49 ünvanda yerləşən "İmperial" kafesində görüşmüşlər. Görüş zamanı, o, Zərərçəkmiş şəxs "X5 Kompleksin”dəki mənzillərdən ev almaqda köməklik göstərməsi üçün 3000 manat pul lazım olduğunu, sonuncu isə o qədər pulunun olmadığını və ona 2300 manat verə biləcəyini, sonda isə evi aldıqdan sonra 200 manat verəcəyini bildirmişdir. O, da sonuncu ilə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs 2300 manat pulu sayaraq ona vermişdir. Bundan sonra o, da pulu sayıb cibinə qoymuş və daha sonra sonuncunun ona verdiyi pulun əvəzində qeyd olunan vədini yerin yetirməyə çalışmış, lakin lazımi adam tapa bilmədiyindən işi görə bilməmiş, pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan sonradan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə olaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Şahid1 hadisənin baş verdiyi tarixdən təxminən 7 il əvvəl tanımışdır. Belə ki, sonuncunun dəqiq olaraq nə işlərlə məşğul olmasını bilməsə də, onunla münasibətləri olmuşdur. O, kirayədə yaşadığı üçün 2019-cu il tarixində Yasamal rayonu ərazisində yerləşən sosial evlərdən birini almaq istəmişdir. Həmin ərəfədə o, Nəsimi rayonu “20 Yanvar” metrostansiyanın qarşısında təsadüfən Şahid1la görüşmüşdür. Görüş əsnasında Şahid1 ondan harada yaşadığını soruşmuş, o da kirayədə yaşadığını və sosial evlərdən faydalanmaq istədiyini bildirmişdir. Şahid1 isə Sabit adlı tanışının olduğunu, “sosial evlər”dən mənzil almaqda ona köməklik edə biləcəyini, bu işləri yaxşı bildiyini bildirmişdir. Bundan sonra Şahid1 ona sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs istifadəsində olan nömrələri vermiş və sonuncunun istifadəsində olan mobil nömrələrlə əlaqə saxlamışdır. Daha sonra o, Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs ona vəzifədə işləyən tanışlarının olduğunu, sosial evlərdən rahat şəkildə ala biləcəyini və bu işdə ona köməklik göstərərək “sosial evlər”dən birini onun üçün alacağını bildirmişdir. Həmçinin Şahid1 da söhbət zamanı Təqsirləndirilən şəxs bu işləri çox yaxşı bildiyini, həqiqətən də sonuncunun bu işi görə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan məslənin həlli üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. O, isə o qədər pulunun olmadığını, 2500 manat düzəldə biləcəyini sonuncuya bildirmiş və onlar razılaşmışlar. 05.07.2019-cu il tarixdə saat təxminən 12 radələrində o, oğlu Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 49 ünvanda yerləşən “İmperial" kafesində görüşmüşlər. Görüş zamanı bir daha Təqsirləndirilən şəxs ona narahat olmamağını, təxminən 1 ay müddətində ona “sosial evlər”dəki mənzillərdən birini alacağını bildirmişdir. Bundan sonra o, sonuncuya inanaraq 2300 manat pulu Təqsirləndirilən şəxs vermiş, işin tamamında isə 200 manat əlavə olaraq verəcəyini demişdir. Təqsirləndirilən şəxs isə 2300 manat pulu sayaraq cibinə qoymuş və daha sonra sağollaşmışlar. Həmin hadisədən təxminən 3 ay keçmiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyək onu aldatmış və o, “sosial evlər”dəki mənzillərdən ev ala bilməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs pulunu geri istəmiş, sonuncu isə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. O, da bu vəziyyəti görüb Şahid1 zəng etmiş və Təqsirləndirilən şəxs onu aldatdığını bildirmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs ilə danışacağını və sonuncuya pulu qaytarmasını bildirəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun telefonlarına cavab vermədiyi üçün polisə şikayət etmişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və onun barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən göstərilən halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 fevral 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK- 1/108 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i/v 14-15). İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 05 may 2020-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Əli İmanovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 fevral 2020-ci il tarixli qərarı Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən ləğv edilmişdir (i/v 19-20). İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 16 may 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK- 1/108 saylı material üzrə cinayət işinin baılanması rədd edilmişdir (i/v 23-24). İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 28 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Əli İmanovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 16 may 2020-ci il tarixli qərarı Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini tərəfindən ləğv edilmişdir (i/v 30-31). İş materiallarında olan “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 yanvar 2021-ci il tarixli, “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 yanvar 2021-ci il tarixli, “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 17 yanvar 2021-ci il tarixli qərarlardan və “Axtarışda olan şəxsin tutulması barədə” 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, 01 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, iş üzrə icraat dayandırılmış və 17 yanvar 2021-ci il tarixdə sonuncu Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə təhvil verilmiş və 17 yanvar 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i/v 57, 60, 62, 64). İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli qərardan və “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətdən 19 yanvar 2021-ci il tarixdə Nəsimi rayon prokuroru imtina etmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 97-99, 100- 101). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli arayışdan, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmündən və Şəmkir rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 31.10.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən 100 (yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin 23.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və sonuncu dəfə Şəmkir rayon məhkəməsinin 28.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 110-111, 113-119, 120-127). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 22 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam həcmdə ödənildiyindən onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materilları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-198/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 13 fevral 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar