Məhkəmə qərarları › İş №1(006)-198/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-198/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-198/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 183.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində olan 51 saylı mənzilin pəncərəni açaraq yaşayış sahəsinə qanunsuz daxil olub oradan milli məzənnə ilə 896 manat təşkil edən 500 Avro nəbləğində pulu, milli məzənnə ilə 627,20 manat təşkil edən 350 Avro dəyərində bir ədəd “Tommy Hilfiger” markalı qol saatını, 250 manat dəyərində bir ədəd qara rəngli “G-SHOCK” markalı qol saatını, 250 manat dəyərində bir ədəd gün eynəyini, 150 manat dəyərində bir ədəd “Sony Ericson” markalı mobil telefonu, 30 və 60 manat dəyərində iki ədəd “Nokia” markalı mobil telefonu, 500 manat dəyərində “Enrico Marinelli” markalı bir ədəd qış gödəkcəsini, 200 manat dəyərində bir ədəd gödəkcəni, 100 manat dəyərində bir cüt “Togga” markalı ayaqqabını, 100 manat dəyərində bir cüt ayaqqabını, 200 manat dəyərində “Adidas” markalı idman dəstini, 100 manat dəyərində bir ədəd “Colin’s” markalı gödəkcəni, milli məzənnə ilə 125,44 manat təşkil edən 70 Avro dəyərində yaz gödəkcəsini, üzərində “BP” loqosu olan 100 manat dəyərində bir ədəd qara rəngli idman çantasını, 50 manat dəyərində bir ədəd üz qırxan aparatını və Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə Zərərçəkmiş şəxs verilmiş xüsusi tarixi və mədəni dəyəri olan “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalını gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3.888,64 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 183.1-ci maddələri üzrə ittiham irəli sürülmüşdür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq dövründə onun müdafiə hüquqları pozulmuş, onunla bağlı aparılan istintaq hərəkətlərində, o cümlədən etap olunaraq 10-13 fevral tarixlərində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində qaldığı müddətdə cinayət işinin materialları ilə tanış olunmasında vəkilin iştirakı təmin olunmamışdır. Dövlət hesabına təqdim olunan müdafiəçini o, yalnız barəsində həbs qətimkan tədbiri seçilən və bu qətimkan tədbirinin müddəti uzadılan zaman məhkəmədə görmüş, onun adı və soyadını bilməmişdir. Müstəntiq tərəfindən ona təqdim edilən sənədləri imza etməmiş, ittihamla razı olmamışdır. İbtidai istintaq dövründə müdafiə hüququ pozulduğundan işə hazırda məhkəmədə baxılmasını istəmir. Məhkəmə iclasında müdafiəçi ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğu üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 183.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Dövlət ittihamçısı vəsatətə etiraz edərək bildirdi ki, cinayət işinin materiallarına əsasən hazırki iş üzrə ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmiş, qanunvericiliyin tələbləri pozulmamış, təqsirləndirilən şəxsin müdafiə hüququ təmin olunaraq vəkilin iştirakı təmin edilmiş, müdafiəçi təqsirləndirilən şəxslə keçirilmiş bütün istintaq hərəkətlərində iştirak etmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, iş üzrə məhkəmə baxışının təyin olunmasını xahiş etdi. Cinayət işinin materiallarında olan: • “Şəxsin köçürülməsi haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə 10 gün müddətinə köçürülməlidir; • “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 183.1-ci maddələri ilə ittiham elan olunmuş, bu sənəddə “Müdafiəçi:” qrafasında “Pərviz İsgəndərov” sözlərinin qarşısında imza əks olunsa da, Təqsirləndirilən şəxs onu imzalamaqdan imtina etməsinə dair qeyd aparılmışdır; • “Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda (başlanma vaxtı saat 12:00, bitmə vaxtı saat 12:55 göstərilib) “Müdafiəçi:” qrafasında “Pərviz İsgəndərov” sözlərinin qarşısında imza əks olunsa da, Təqsirləndirilən şəxs imzası və ya bu sənədi imzalamaqdan imtina etməsinə dair qeyd yoxdur; • “Təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat vermək haqqında” xx.xx.2024-cü il tarixli protokolda (başlanma vaxtı və bitmə vaxtı göstərilməyib) “Müdafiəçi:” qrafasında “Pərviz İsgəndərov” sözlərinin qarşısında imza əks olunsa da, Təqsirləndirilən şəxs onu imzalamaqdan imtina etməsinə dair qeyd aparılmışdır; • “Təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında” xx.xx.2024-cü il tarixli protokolda (başlanma vaxtı saat 10:40 göstərilib, bitmə vaxtı göstərilməyib) “Müdafiəçi:” qrafasında “Pərviz İsgəndərov” sözlərinin qarşısında imza əks olunsa da, Təqsirləndirilən şəxs onu imzalamaqdan imtina etməsinə dair qeyd aparılmışdır. Qaldırılmış məsələ ilə bağlı məhkəmə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müvafiq sorğu göndərilərək Təqsirləndirilən şəxs Müvəqqəti saxlama yerində 10- 13 fevral tarixlərində olma müddəti ərzində yuxarıda qeyd olunan hərəktlər aparılarkən onun müdafiəçisi X1 orada olmasını müəyyən etmək üçün aidiyyəti qeydiyyat kitabından çıxarışın təqdim edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş “MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı Kitabı”ndan olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs: • xx.xx.2024-cü il tarixdə, saat 16:35-də dindirilməsi üçün kameradan çıxarılaraq MSY-nin istintaq otağına aparılmış, həmin günü də kameraya geri qaytarılmışdır (saat qeyd olunmayıb); • xx.xx.2024-cü il tarixdə kameradan çıxarılaraq MSY-nin istintaq otağına aparılmış, həmin günü də kameraya geri qaytarılmışdır (vaxt göstərilmir); • xx.xx.2024-cü il tarixdə, saat 10:00-da kameradan çıxarılaraq MSY-nin istintaq otağına aparılmış, həmin günü saat 10:20-də kameraya geri qaytarılmışdır. Bundan əlavə: • 155 saylı “Çıxarış tələbnaməsi”nin surətinə görə Təqsirləndirilən şəxs dindirmə üçün müstəntiq Orxan Məmmədov tərəfindən çağırılmış və vəkil X1 iştirakı ilə dindirmə xx.xx.2024-cü il tarixdə, saat 16:35-də başlamış, həmin günü saat 17:00-da qurtarmışdır; • 159 saylı “Çıxarış tələbnaməsi”nin surətinə görə Təqsirləndirilən şəxs müstəntiq Orxan Məmmədov tərəfindən çağırılmış və vəkil X1 iştirakı ilə onunla hərəkət xx.xx.2024-cü il tarixdə, saat 10:30-da başlamış, həmin günü saat 10:50-də qurtarmışdır; • 162 saylı “Çıxarış tələbnaməsi”nin surətinə görə Təqsirləndirilən şəxs müstəntiq Orxan Məmmədov tərəfindən çağırılmış və vəkil X1 ilə onunla hərəkət xx.xx.2024-cü il tarixdə, saat 10:00-da başlamış, həmin günü saat 10:20-da qurtarmışdır. Beləliklə müəyyən edilir ki, “Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda qeyd olunan vaxt ilə (saat 12:00 və saat 12:55) 155 saylı “Çıxarış tələbnaməsi”ndə göstərilən vaxtla (saat 16:35 və saat 17:00), “Təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında” xx.xx.2024-cü il tarixli protokolda qeyd olunan vaxt ilə (saat 10:40) 159 saylı “Çıxarış tələbnaməsi”ndə göstərilən vaxtla (saat 10:30 və saat 10:50) uyğunsuzluqlar var. Bu da ona dəlalət edir ki, qeyd olunan sənədlərdə müdafiəçi Pərviz İsgəndərovun imzası əks olunsa da, onun göstərilən vaxtlarda və tarixdə həmin hərəkətlərdə iştirak etməsi şübhə doğurur. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 6.1-ci bəndinə müvafiq olaraq tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçisi və ya digər şəxslərlə görüşmələri müvafiq kitabda qeyd olunur. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli, Q1-001-13 nömrəli Qərarı ilə təsdiq edilmiş və X4 Reyestrinə daxil olunmuş “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın 6.18-ci bəndinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin hər dəfə kameralardan çıxarılıb istintaq və görüş otaqlarına, məhkəmə iclaslarına, istintaq hərəkətləri keçirilən yerlərə aparılmaları barədə daxili intizam qaydaları ilə nəzərdə tutulmuş kitabda qeydlər aparılır. Lakin, məhkəmə təqdim edilmiş müvafiq kitabdan olan çıxarışda belə qeydlərə rast gəlinmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Həmin Məcəllənin 286.2-ci maddəsinə müvafiq olaraq cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ pozularaq onun keyfiyyətli hüquqi yardım almaq hüququ, o cümlədən onunla birgə keçirilən istintaq hərəkətlərində vəkilin real iştirakı təmin edilməmiş, məhkəməyədək icraat materialları ilə tanış etmə qaydası pozulmuşdur. Təqsirləndirilən şəxsin müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ən mühüm prosessual təminatlarından biridir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Bu Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nəzərə alınmalıdır ki, hüquqi yardım almaq və müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün tutulduğu, şübhəli şəxs qismində dindirildiyi, ona ittiham elan edildiyi və ya həbsə alındığı andan müdafiəçiyə malik olmaqla onun yardımından istifadə etmək, müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar bir-biri ilə əlaqəli şəkildə hüquqi yardım almaq və müdafiə hüququnu əmələ gətirirlər və onlardan hər hansı birinin pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, müdafiə tərəfindən verilmiş vəsatət təmin olunaraq cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Bu Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məcəllənin 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1-ci maddə) və cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2-ci maddə). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 1(006)-198/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli və Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinə müvafiq olaraq seçilmiş həbsin müddəti uzadılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159, 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 183.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlanılma müddəti 02 (iki) ay həddində uzadılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar