Məhkəmə qərarları › İş №1(006)-199/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-199/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-199/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mutafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq təyin olunan azadlıqdan məhrumetmə cəzası şərti müəyyən edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi döngə 4 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 30.10.2021-ci il tarixdə saat 18 radələrində qeyri-rəsmi olaraq satıcı köməkçisi kimi işlədiyi ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “All mobile” telefon mağazasında olarkən mağazada digər şəxslərin olmamasından istifadə edib vitrinin dolabından ona etibar edilməyən 1 ədəd 80 manat dəyərində “Samsung J2” markalı mobil telefonu, mağazada olan kassadan 500 manat pulu, vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 22 radələrində vitrinin dolabından ona etibar edilməyən 1 ədəd 850 manat dəyərində 256 GB yaddaş həcmli “İphone XS Max” markalı mobil telefonu, 1 ədəd 1650 manat dəyərində 128 GB yaddaş həcmli “İphone 12 Pro” markalı mobil telefonu, qutusu ilə birlikdə 1 ədəd 1750 manat dəyərində 256 GB yaddaş həcmli “İphone 12 Pro” markalı mobil telefonu, 1 ədəd 15 manat dəyərində “İphone” markalı mobil telefonlara məxsus enerji qidalandırıcısını və kassadan 700 manat nəğd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 5545 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, birinci dəfə ailəli olub boşanmış və həmin nikahdan bir azyaşlı yaşlı övladı vardır. Sonradan isə ikinci dəfə ailə həyatı qurmuşdur. Gəncə şəhəri, Məhsəti qəsəbəsi döngə 4 ünvanında yaşamışdır. Təxminən 1-2 ilə yaxındır ki, Bakı şəhərinə iş tapmaq üçün gəlmişdir. Bakı şəhərində Keşlə qəsəbəsində həyat yoldaşı ilə birlikdə kirayədə yaşamışdır. Təxminən avqust ayında internetdə “Tap.az” elanlar saytında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən “ALL mobile” telefon mağazasında satıcı axtardıqlarını görmüşdür. Orada olan nömrə ilə əlaqə saxlamışdır. Daha sonra mağazanın müdiri olan Kamran adlı şəxslə görüşüb danışmış və həmin tarixdən orada satıcı kimi fəaliyyət göstərməyə başlamışdır. Orada Kamran adlı şəxs onun müdiri kimi fəaliyyət göstərmişdir. Hər dəfəsində də mal satıldıqca bu barədə ona məlumat vermişdir. Ondan əlavə orada digər işçi Samir adlı şəxs də olmuşdur. Bəzi vaxtlarda həftə ərzində 3000-5000 manat arası alver olmuş və həmin pulları Samirə, o olmadıqda isə Kamranın özü ilə haqq-hesab etmişdir. O, əvvəldən tanıdığı uşaqlıq dostu olan İbrahimlə tez-tez görüşmüşdür. Əvvəllər İbrahim ona çox köməkliklər etmişdir. O da həmçinin İbrahimə Bakıda qaldığı müddətdə kirayə pulunun verilməsində və həmçinin müvəqqəti yaşamağı üçün evin tapılmasında köməklik etmişdir. Sonuncu dəfə 30.10.2021-ci il tarixdə saat təxminən 18 radələrində İbrahim işlədiyi mağazaya gələrək ona maddi durumunun yaxşı olmadığını və bu səbəbdən nə özünə mobil telefon nə də digər ehtiyacı olan şeylər ala bilmədiyini, həmçinin 28 may metrosu yaxınlığında kirayədə yaşadığı evinin də pis vəziyyətdə olduğunu demişdir. O da dostu İbrahimə mağazadan bir ədəd Samsung J2 markalı mobil telefonu və kassadan 500 manat pul vermişdir. Kirayədə yaşadığı evi ilə bağlı olaraq isə İbrahimə ev axtaracağını və tapdıqda xəbər edəcəyini bildirmişdir. Dostu İbrahim də ona təşəkkür edib mobil telefonu və pulu götürərək çıxıb getmişdir. Daha sonra o, saat təxminən 22 radələrində mağazadan çıxarkən 02 ədəd 128 və 256 yaddaş həcmli İphone 12 pro markalı mobil telefonları və 256 yaddaş həcmli İphone XS max markalı mobil telefonu və mağazadakı şkafın siyirtməsindən 700 manat pulu götürüb mağazanı bağlamış və 28 May metrosu istiqamətində hərəkət etməyə başlamışdır. Bu zaman o, İbrahimin qaldığı evin pis vəziyyətdə olmağını və hal-hazırda harada qaldığını fikirləşərək ona zəng etmişdir. 28 May metrosu yaxınlığında saat təxminən 23 radələrində İbrahimlə yenidən görüşmüşdür. Daha sonra taksi çağıraraq dostu İbrahimlə birlikdə onun kirayə yaşadığı ünvana tərəf yola düşmüşlər. Babək prospektində hərəkətdə olarkən İbrahim orada yerləşən “Dalğa” adlı otelin qarşısında taksini saxlamağını istəmişdir və o taksidən enmişdir. O isə taksi ilə yoluna davam edərək yaşadığı ünvana yollanmışdır. Həmin gündən sonra bir daha işə getməmişdir. Mağazadan oğurluq etməsinin səbəbi atasının səhhətinin ağır olması və əməliyyatına maddi imkanlarının olmaması olmuşdur. Belə ki, mağazadan götürdüyü pulu və mobil telelonları sataraq atasının əməliyyatına verəcəyini düşünmüşdür. Səhərisi gün yəni, 31.10.2021-ci il tarixdə saat təxminən 11 radələrində Gəncəyə yola düşmüş, saat təxminən 15 radələrində Gəncədəki evinə çatmış və atasının əməliyyatı üçün lazım olan pulu çatdırmışdır. Sonradan xəbəri olmuşdur ki, müdiri olmuş Kamran polisə şikayət etmişdir. Bundan sonra onunla əlaqə saxlayaraq səhv eldiyini, etdiyi əməldən peşmançılıq hissi çəkdiyini və götürdüyü mobil telelonları artıq Gəncədə olduğu üçün taksi ilə göndərəcəyinə söz vermişdir. Daha sonra 01.11.2021-ci il tarixdə götürdüyü 256 yaddaş həcmli İphone 12 pro markalı mobil telefonu və İphone XS markalı mobil telefonu taksi vasitəsilə Kamrana göndərmişdir. Kamran ondan digər telefonları və 1200 manat pulu tələb etdikdə o, Samsung J2 markalı mobil telefonu və 500 manat pulu dostu İbrahimə borca verdiyini, digər telefonu pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Qalan pulu isə atasının səhhəti ilə bağlı vəziyyətinin pis olduğunu, təcili əməliyyatı üçün pul lazım olduğunu və pulu da ora sərf etdiyini demişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, özü 28 May metrosu yaxınlığında yerləşən Dilarə Əliyeva küçəsi ünvanındakı “All mobile” telefon mağazasını icarə əsasında işlədir. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində “Tap az” elanlar saytına icarəyə işlətdiyi mağazaya satıcı köməkçisi axtarmağı barədə elan yerləşdirmişdir. Həmin vaxt bir nəfər şəxs elanda yerləşdirdiyi mobil nömrə ilə əlaqə saxlayaraq işləmək istəməyi barədə zəng vurduğunu və mağazanın harada yerləşdiyini və nə vaxt gələ biləcəyini bildirmişdir. Daha sonra həmin şəxs mağazaya gələrək onunla tanış olmuş və ilk əvvəl ona hələki mağazada satıcı olan Samirə kömək etməsini təklif etmişdir. Həmin vaxtdan etibarən təqribən sentyabr ayından artıq Hüseyn adlı şəxs mağazada satıcı Samirə köməklik etmişdir. 31.10.2021-ci il tarixdə saat təxminən 10 radələrində ona mağazada işləyən Samir adlı işçisi zəng edərək mağazada vitrinin dolabında olan 1 ədəd “İphone” 12 pro markalı 256 yaddaş həcmli, 1 ədəd “İphone” 12 pro markalı 128 yaddaş həcmli, 1 ədəd “İphone” XS max markalı 256 yaddaş həcmli, 1 ədəd “Samsung J2” markalı mobil telefonların və kassadan 1200 manat nəğd pulun olmadığını bildirmişdir. O da dərhal evdən çıxaraq mağazaya gəlmiş və həqiqətən də Samirin dediyi kimi həmin mobil telefonların mağazada vitrinin dolabında olmadığını və 1200 manat pulun kassada olmadığını aşkar etmişdir. Daha sonra Samir ona dünən işdə olan zaman mağazanı 25-30 dəqiqəlik tərk etdiyini, lakin həmin vaxt mağazada ona kömək edən Hüseynin qaldığını, 30 dəqiqə sonra geri qayıtdıqdan sonra mağazada hansı malların olub-olmamasına fikir vermədiyini, daha sonra isə axşam işdən 10-15 dəqiqə tez çıxdığını, mağazanın bir açarını Hüseynə mağazanı bağlamaq üçün verdiyini, səhər işə gələrkən telefonların dolabda olmadığını və kassada olan 1200 manat pulun yerində olmadığını aşkar etdiyini bildirmişdir. Samir Hüseynin həmin gün mağazaya gəlmədiyi üçün ondan şübhələndiyini bildirmişdir. Daha sonra Hüseynin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir, Hüseyn də telefonları mağazada vitrinin dolabından götürdüyünü etiraf edib guya onları müştəriyə göstərmək üçün götürməsini bildirmiş, ilkin olaraq mağazadan heç bir məbləğdə pul oğurlamadığını bildirsə də, onun təkidlərindən sonra atasının müalicəsi üçün pula ehtiyacı olduğundan mağazada kassadan 1200 manat pulu da götürdüyünü etiraf etmişdir. Sonradan Hüseynlə əlaqə saxlaya bilmədiyi üçün onun dostu kimi tanıdığı İbrahim adlı şəxslə əlaqə saxlamış və onunla görüşmüşdür. İbrahimdən Hüseynin harada olmasını soruşmuş, o isə bu barədə məlumatının olmadığını bildirmişdir. Daha sonra o başına gələn hadisə ilə bağlı təfərrüatı ilə İbrahimə danışmışdır və Hüseynin oğurluq etməsi ilə bağlı məlumatının olubolmamasını soruşmuşdur. İbrahim isə cavabında bu barədə heç bir məlumatının olmadığını bildirmişdir, lakin demişdir ki, 30.10.2021-ci il tarixdə mağazaya Hüseynin yanına gəlmiş və pulunun olmadığı üçün ondan borca pul istə mişdir. Bu zaman Hüseyn ona köməklik məqsədilə dolabdan “Samsung J2” markalı mobil telefon və 500 manat pul vermişdir. Lakin Hüseynin orada işlədiyini bildiyi üçün həmin telefonu mağazadan qanunsuz götürdüyünü bilmədiyini bildirmişdir. Həmçinin, İbrahim bildirmişdir ki, Hüseyn ona demişdir ki, ona verdiyi telefon özünə məxsusdur, pul isə guya ona verilməli olan əmək haqqısıdır. İbrahim məsələni bildikdən sonra dedi ki, istənilən vaxt telefonu qaytara bilər, amma 500 manat pulu şəxsi ehtiyaclarına xərcləyib. Daha sonra o bu barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə yaxınlaşaraq ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Həmin vaxt İbrahimin polisə təqdim etdiyi “Samsung J2” markalı mobil telefon ona geri qaytarılmışdır. Həmin tarixdə oğurluq barəsində PŞ-də müraciətini etdikdən sonra oğurluq edən Hüseyn adlı şəxs ona zəng edərək mağazadan götürdüyü 1 ədəd “İphone” 12 pro markalı 256 yaddaş həcmli və 1 ədəd “İphone” XS markalı 256 yaddaş həcmli mobil telefonları Gəncə şəhərindən taksi vasitəsilə göndərəcəyini bildirmişdir. Bu zaman ona digər “İphone” 12 pro markalı 128 yaddaş həcmli mobil telefonu və 1200 manat pulu da geri qaytarmağını tələb etdkdə ona həmin telefonu satdığını və pulu da xərclədiyini bildirmişdir. O həmin günü Hüseynin göndərdiyi mobil telefonları dövlət qeydiyyat nişanlarını və markasını xatırlamadığı taksi sürücüsündən almış və könüllü olaraq 22-ci PŞ-nin təhqiqatçısı Valeh Abdullayevə təqdim etmişdir. Mobil telefonuna həmin vaxtdan gələn çoxsaylı zənglərə görə həmin taksi sürücüsünün mobil nömrəsini itirmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus 950 manat dəyərində 1 ədəd “İphone” 12 pro markalı 256 yaddaş həcmli, 1900 manat dəyərində 1 ədəd “İphone” 12 pro markalı 128 yaddaş həcmli, 950 manat dəyərində 1 ədəd “İphone” XS max markalı 256 yaddaş həcmli, 120 manat dyərində 1 ədəd “Samsung J2” markalı mobil telefonları və 1200 manat pulu oğurlanmışdır. 1 ədəd İphone markalı mobil telefonun da elektrik qidalandırıcısı oğurlanmış, lakin, o telefonun komplekt hissəsi olduğu üçün qiymətini dəqiq deyə bilməmiş, həmçinin, İphone 12 pro markalı mobil telefon qutusu ilə birlikdə oğurlanmışdır. Qutunun qiymətini isə mobil telefonla birlikdə dəyərləndirmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanaların nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində qohumu ilə birlikdə yaşayır. Təxminən bir ildən artıqdır ki, Bakı şəhərində telefon mağazalarında satıcı vəzifəsində çalışır. 28 may metrosu yaxınlığındakı mağazada Kamran adlı tanışı icarə əsasında mağaza işlətmişdir. Həmin vaxt Kamranın ona mağazada gəlib işləməyini xahiş etmişdir. O da təxminən 4-5 aya yaxın həmin mağzada işləmişdir. Daha sonra Hüseyn adlı işçini Kamran tapıb gətirərək onunla tanış etmiş və bu gündən Hüseynin də bu mağazada ona köməklik edəcəyini bildirmişdir. Yəni, Kamranın dediyinə görə o işlə bağlı nə desə Hüseyn icra edəcəkdi. Onun icazəsi olmadan Hüseyn mağazada heç bir şeyi götürə bilməzdi. Bundan sonra o, Kamrandan Hüseyn adlı şəxsi haradan tapdığını soruşduqda Kamran ona internetdən onunla əlaqə saxlayaraq gəldiyini bildirmişdir. Hüseynlə tanış olduqdan sonra mağazada ona köməklik etməyə başlamışdır. Tez-tez Hüseynin yanına mağazaya İbrahim adlı dostu gəlmişdir. 30.10.2021-ci il tarixdə təxminən saat 17 radələrində o işlədiyi Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 220 ünvanında yerləşən “All mobile” telefon mağazasından təxminən 25-30 dəqiqəlik işi olduğu üçün çıxmışdır. Hüseynə də demişdir ki, mağazaya nəzarət etsin, müştəri gələrsə onunla əlaqə saxlasın. Hətta vitrindən və yaxud dolabdan hər hansı bir əşyanı götürüb göstərmək lazım gələrsə yenə də onunla əlaqə saxlamağını bildirmişdir. O, şəxsi işini bitirib geri qayıtdıqdan sonra saat təxminən 21:30 radələrində işi olduğu üçün iş vaxtından təxminən 15-20 dəqiqə əvvəl işdən getməli olmuşdur. Hüseynə də tapşırmışdır ki, o da hazırlaşıb 22 radələrində getsin. Onda olan mağazanın giriş qapısının açarını da ona vermişdir ki, mağazadan çıxanda bağlayıb gedər, səhər gələndə ona verər. Bundan sonra mağazadan çıxıb getmişdir. Mağazada kassada olan pulu isə yadından çıxıb özü ilə götürməmişdir. Mağazadan gedən zaman mağazada olan telefonlara, nə də ki, kassadakı pula fikir verməmişdir. Səhərisi gün yəni, 31.10.2021-ci il tarixdə işlədiyi mağazaya gəldikdə ilk öncə kassanı açaraq orada olan 1200 manat pulun olmadığını görmüş, daha sonra mağazada yerləşən ön dolabın içərisindəki 1 ədəd “İphone” 12 pro markalı 256 yaddaş həcmli, 1 ədəd “İphone” 12 pro markalı 128 yaddaş həcmli, 1 ədəd “İphone” XS max markalı 256 yaddaş həcmli, 1 ədəd “Samsung J2” markalı mobil telefonların olmadığını aşkar etmişdir. Bu zaman o ilk öncə Kamrana yığaraq bu barədə məlumat vermiş, sonra isə Hüseyndən şübhələnərək onun ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. İlk öncə telefonu açaraq işə gəldiyini bildirsə də, daha sonra isə telefona cavab verməmişdir. Daha sonra Kamrana zəng vuraraq bu barədə məlumat vermiş və Kamran özü mağazaya gələrək hadisənin şahidi olmuşdur. Bundan başqa hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri “AAF” park yaşayış kompleksi ilə üzbəüz adını bilmədiyi küçədə həyət evində kirayədə yaşayır. Bundan əvvəllər o tək Şəmkir şəhərindən Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda kirayə yaşamışdır. Gəldiyi ərəfələrdə işsiz olduğu üçün Bakıda yaşayan dostu Hüseynlə tez-tez əlaqə saxlamışdır. Hüseyn ona maddi durumu aşağı vəziyyətdə olduğu üçün köməklik etmişdir. Sonuncu dəfə 30 oktyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində Nəsimi rayonu 28 May metrosu yaxınlığında yerləşən “All mobile” telefon mağazasında işləyən dostu Hüseynin yanına gəlmişdir. Həmin vaxt ondan qalmağa yerinin olmadığını və pulunun həmçinin də telefonunun olmadığını bildirmişdir. Hüseyn ona həmin vaxt “Samsung J2” markalı mobil telefon və 500 manat pul vermişdir. Qalmağı üçün yer barədə isə sonra xəbər edəcəyini demişdir. Bundan sonra o, 500 manat pulu və mobil telefonu götürərək ona təşəkkür etmiş və daha sonra o mağazadan çıxaraq 28 May metrosu yaxınlığında parkda vaxtını keçirmişdir. Həmin gün saat təxminən 23 radələrində 28 May metrosu yaxınlığında olarkən Hüseyn ona zəng edərək harada olduğunu soruşmuş, o da 28 may metrosu yaxınlığında olduğunu demiş və onunla görüşmüşdür. Həmin vaxt Hüseyn ona qalmağa yerinin olmadığını dediyi üçün görüşdüyünü və onunla getməyini bildirmişdir. Bu zaman onlar taksiyə minərək Babək prospekti istiqamətində hərəkət etmişlər və o həmin ünvanda taksidən düşmüş və Hüseynin isə hara getməyindən məlumatı olmamışdır. Daha sonra səhərisi gün 31.10.2021-ci il tarixdə tanımadığı nömrədən ona zəng gələrək Kamran adlı şəxsin olduğunu bildirmişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs dostu Hüseynin işlədiyi telefon mağazasının müdiri imiş və Kamran bu zaman ondan Hüseynin harada olduğunu soruşmuşdur. O isə Hüseynin harada olduğunu bilmədiyini bildirmişdir. Həmin vaxt ondan nə olduğunu soruşduqda Kamran Hüseynin mağazadan dünən 02 ədəd 128 və 256 yaddaş həcmli İphone 12 pro markalı mobil telefonları və 256 yaddaş həcmli İphone XS max markalı mobil telefonu, “Samsung J2” markalı mobil telefon və 1200 manat pulu oğurlamasını bildirmişdir. Həmin vaxt o, Kamrana “Samsung J2” markalı mobil telefonu və 500 manat pulu Hüseynin ona verdiyini bildirmişdir, lakin həmin vaxt o bunların oğurluq olmasının fərqinə varmamışdır. Ondan sadəcə maddi vəziyyətinin aşağı olduğu üçün pul və telefon istəmişdir. Hüseyn də ona bu zaman bunları vermişdi. Kamran telefonun və pulun ona məxsus olmasını bildirmişdir. O isə həmin mobil telefonu Kamran ilə birlikdə polisə təqdim etmişdir və təhqiqatçı onun izahatını almışdır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 31.10.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə hadisə yeri hesab edilən ünvan 10 ünvanının qarşısına 31.10.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək foto cədvəl halında tərtib edilmiş protokola əlavə edilmişdir (i/v 5-7). İş materiallarında olan “təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” 31.10.2021-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİnin 22-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən hal şahidlərinin iştirakı ilə Şahid3 tərəfindən təqdim olunmuş “Samsung J2” markalı mobil telefon götürülmüşdür (i/v 15-18). İş materiallarında olan “təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” 02.11.2021-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİnin 22-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş 1 ədəd “İphone” 12 pro markalı və 1 ədəd “İphone” XS max markalı mobil telefonlar və 01 ədəd “İphone” 12 pro markalı mobil telefona məxsus tünd göy rəngli qutu və içərisində 01 ədəd enerji qidalandırıcısı götürülmüşdür (i/v 26-28). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 dekabr 2021-ci il tarixli, 9/9246 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd göy rəngli İphone markalı 12 Pro modelli 128 yaddaşlı mobil telefon 1750 manat, 01 ədəd ağ rəngli İphone markalı XS max model 256 GB yaddaşlı mobil telefon 850 manat, 01 ədəd Çində istehsal edilmiş qızılı rəngli Samsung markalı SM-J250F/DS modelli mobil telefon 80 manat, 01 ədəd İphone markalı mobil telefonlara məxsus enerji qidalandırıcı naqil 15 manat, İphone markalı mobil telefona məxsus 1 ədəd qutu və İphone markalı mobil telefona məxsus 1 ədəd qutunun üst hissəsi - satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparılmamışdır. Nəzəri qaydada 01 ədəd 128 yaddaşlı İphone markalı 12 Pro model mobil telefon 1650 manat müəyyən edilmişdir (i/v 75-78). İş materiallarında olan maddi sübut kimi tanınma və saxlanılması üçün sahibinə verilməsi haqqında 22.01.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan qızılı rəngli “Samsung J2” markalı mobil telefon, qutusu ilə birlikdə göy rəngli İphone markalı 12 Pro modelli 256 yaddaşlı mobil telefon, ağ rəngli İphone markalı XS max modelli 256 GB yaddaşlı mobil telefon və İphone markalı mobil telefonlara məxsus enerji qidalandırıcının maddi sübut kimi tanınması və qanuni sahibinə qaytarılması barədə qərar qəbul olunmuşdur (i/v 80-81). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mahir Əliyevdən qanuni sahibi olduğu və iş üzrə maddi sübut kimi tanınmış Çin istehsalları olan 01 ədəd **********56454 İMEİ kodlu 256 yaddaş həcmli İphone markalı 12 Pro modelli, 01 ədəd **********24448 İMEİ kodlu 256 yaddaş həcmli İphone XS max DUAS, 01 ədəd qızılı rəngli 357112/09/422061/5 İMEİ kodlu Samsung J2 markalı mobil telefonları və 01 ədəd 15 manat dəyərində “İphone” markalı mobil telefonlara məxsus enerji qidalandırıcısını məsul saxlanc üçün təhvil almışdır (i/v 84). İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v107). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-72/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 01 aprel 2022-ci il tarixli, 4(006)- 181/2022 saylı qərarı ilə həbs qətimkan tədbirinin müddəti 26 aprel 2022-ci il tarixədək uzadılmışdır (i/v 142-146, 236-238). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.03.2022-ci il tarixli tələbnamədən və 12 noyabr 2019-cu il tarixli Gəncə şəhəri Nizami rayon məhkəməsinin 1(044)-116/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərik 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 70.1 və 70.3-cü maddələri ilə tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmişdir (i/v 160-161, 164-187). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 iyul 2018-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardıtr (i/v 96). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5545 manat məbləğində ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsi cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə görə özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunan maddənin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, cinayətlərin təsnifatı baxımından az ağır cinayətlər kateqotriyasına aiddir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərik 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 70.1 və 70.3-cü maddələri ilə tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmiş və hökm 04.12.2019-cu il tarixdə qüvvəyə minmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş 02 il şərti sınaq müddəti 04.12.2021-ci tarixdə bitməsinə baxmayaraq, Təqsirləndirilən şəxs tərəfindən yeni cinayət hadisəsi ona təyin olunmuş sınaq müddəti ərzində, yəni 30.10.2021-ci il tarixədə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş sınaq müddətində qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin barəsində cəzaçəkmə müəssisəsinin növünə də müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasına baxmayaraq, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş, şəxs real olaraq azadlıqdan məhrumetmə cəzasını çəkməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan qızılı rəngli “Samsung J2” markalı mobil telefon, qutusu ilə birlikdə göy rəngli İphone markalı 12 Pro modelli 256 yaddaşlı mobil telefon, ağ rəngli İphone markalı XS max modelli 256 GB yaddaşlı mobil telefon və İphone markalı mobil telefonlara məxsus enerji qidalandırıcının qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 12 noyabr 2019cu il tarixli hökmü şərti məhkumetmə hissəsində ləğv edilsin və həmin hökmlə sonuncunun barəsində təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli 06 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan qızılı rəngli “Samsung J2” markalı mobil telefon, qutusu ilə birlikdə göy rəngli İphone markalı 12 Pro modelli 256 yaddaşlı mobil telefon, ağ rəngli İphone markalı XS max moddli 256 GB yaddaşlı mobil telefon və İphone markalı mobil telefonlara məxsus enerji qidalandırıcının qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar