Məhkəmə qərarları › İş №1(006)-2/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-2/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-2/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2də həbs qətimkan tədbiri seçilmiş və 12 iyun 2020-ci il tarixdə vəfat edən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər – xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 iyul 2008-ci il tarixdə gecə saat 02 radələrində, ünvan 3 ünvanda yerləşən “Koral" barının qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, əsaslı səbəb olmadan X4 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, ətrafa toplaşan insanların gözü qarşısında qəsdən silah qismində istifadə etdiyi tikinti-təmir işlərində istifadə edilən bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurub ona döş qəfəsinin sağ yarısının böyük və kiçik əzələlərinin tam kəsilməsi ilə müşayiət olunan kəsilmiş deşilmiş yarası, sol çənəaltı, sol burun və sol qaş nahiyələrinin kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsartələri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixdə ölməsini və onun hüquqi varisini müəyyən etmək mümkün olmamasını bildirərək Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün istintaq zamanı verdiyi etirafı ifadəsi ilə yanaşı, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, 13 yanvar 2010-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Elşən adlı oğlanla tanışdır və onunla yaxın münasibəti vardır. Elşən əvvəllər S.Vurğun adına bağda kişilər üçün olan ayaqyolunda gözətçi işləyirmiş. 2008-ci ildə iyul ayının 07-dən 08-nə keçən gecə saat 04 radələrində Elşənlə birlikdə S.Vurğun bağında olan oturacaqların birində oturub söhbət edərkən onun mobil telefonuna zəng gəlmiş, telefona baxdıqda Emil adlı oğlana məxsus olan ***-***-**-** nömrənin olduğunu görmüşdür. Elşən onun yanında olduğu üçün o, telefona cavab verməmişdir. Bundan təxminən bir neçə dəqiqə sonra Emil yenidən ona zəng etmiş, lakin o, yenə də cavab verməmişdir. Bunun ardınca yenidən zəng gəldikdə, Elşən telefonu ondan götürmüş və Emilə bir daha bu nömrəyə zəng etməməsini demişdir. Bundan sonra onlar mübahisə edib bir-birilərini təhqir etmiş və Elşən telefona adboy vermişdir. Bundan təxminən 2-3 dəqiqə sonra Emil yenidən zəng etmiş və telefona yenə də Elşən cavab vermişdir. Elşən telefonla danışdıqdan sonra ona bildirmişdir ki, həmin oğlan onu tapıb vuracağı ilə hədələmişdir. Elşən ondan zəng edən oğlanın kim olduğunu soruşmuş və o, cavabında Elşənə həmin oğlanın adının Emil olduğunu demişdir. Elşənin əsəbi halda olduğunu görüb ona gəzmək təklifini etmiş və onlar birlikdə şəhərin küçələrini gəzişməyə başlamışlar. Səhər saat 06 radələrində Elşən, onu 28 May metrostansiyasının arxasında avtobusa əyləşdirib yaşadığı evə yola salmışdır. 2008-ci il iyul ayının 08-dən 09-na keçən gecə saat 01 radələrində o, Elşənin işlədiyi ayaqyoluna getmiş və onlar birlikdə şəhərin küçələrini gəzməyə başlamışlar. Saat 02 radələrində onlar Bül-bül prospektində yerləşən «Koral» barının qarşısına gəlmişlər. Həmin vaxtı o, barın qarşısında dəmirin üstündə, Elşən isə ondan 5-6 metr kənarda dizi üstə çöməlmiş vəziyyətdə oturmuşdur. Təxminən 10 dəqiqədən sonra Emil qəflətən gələrək təpiklə Elşənin sifətindən vurmuş, zərbədən Elşən yerə yıxılmış və dərhal ayağa qalxmışdır. Bu vaxtı Emil, cibindən bıçaq çıxarmış və bıçaqla Elşənin sol sifət və boğaz nahiyəsini kəsmişdir. Elşən də cibindən ülgüc çıxardaraq Emilin sol bilək nahiyəsini kəsmişdir. Bundan sonra, Emil, bıçağı Elşənin sağ döş nahiyəsinə vurmuş və Nizami kinoteatrı istiqamətində qaçıb getmişdir. Həmin vaxtı o, hadisədən bərk qorxmuş, özünü itirmiş, şok vəziyyətində olmuş və nə edəcəyini bilməmişdir. Həmin vaxtı Elşən qan içərisində oradan uzaqlaşmış və o, da oradan çıxıb evə getmişdir. Cinayət işinin 1-ci cild 170-171-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsin psixi vəziyyətini müəyyən etmək üçün təkrar stasionar məhkəmə - psixiatrik ekspertizası təyin edilmişdir. Cinayət işinin 1-ci cild 177-179-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2009cu il tarixli 224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin (hərəkətinin) faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əmələ anlaqlı hesab edilməlidir. Hal-hazırki müayinənin təhlili göstərir ki, cinayət törətdikdən sonra istintaqın gedişində uzun müddət azadlıqdan məhrumedilmə şəraitində keçirdiyi gərginlik nəticəsində onda olan psixopatonbənzər davranış pozuntuları dekompensasiya halına keçmişdirş Bununla əlaqədar yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür və ona qarşı ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi zəruridir. Cinayət işinin 1-ci cild 211-218-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2010-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasinonarlarında məcburi müalicə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında daimi müşahidə altında məcburi müalicəyə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cinayət işinin 1-ci cild 229-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının xx.xx.2010-cu il tarixli, 2407 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən X1 məcburi müalicəyə qəbul olunmuş, məcburi müalicəsi davam etdirilir. Cinayət işinin 1-ci cild 235-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının xx.xx.2011-ci il tarixli, 335 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən X1 məcburi müalicəyə qəbul olunmuş, xəstədə xroniki ruhi xəstəlik müəyyən olunduğundan müalicəsi davam etdirilir. Cinayət işinin 1-ci cild 237-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının xx.xx.2011-ci il tarixli, 2539 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən X1 məcburi müalicəyə qəbul olunmuş, xəstədə xroniki ruhi xəstəlik müəyyən olunduğundan müalicəsi davam etdirilir. Cinayət işinin 1-ci cild 240-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2012-ci il tarixli, 660 saylı məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən təqdimat təmin edilmiş, xəstə Təqsirləndirilən şəxs müalicəsi uzaldılmış və halhazırda müalicəsi davam etdirilir. Cinayət işinin 1-ci cild 247-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2013-cu il tarixli, 1515 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı əsasında X7 stasionarında məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmişdir. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsini yaşayış yeri üzrə keçməsi üçün xx.xx.2012-ci il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin Yasamal rayonu 3 saylı Şəhər poliklinikasına yazılmışdır. Cinayət işinin 1-ci cild 29-30-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Canlı şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2008-ci il tarixli 647 nömrəli rəyindən görünür ki, E.B.Mirzəyevdə - döş qəfəsinin sağ yarısının böyük və kiçik əzələlərinin tam kəsilməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, sol çənəaltı, sol burun və sol qaş nahiyələrinin kəsilmiş yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər-iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri zərərçəkmişin xəstəxanaya müraciət etdiyi müddətdən bir qədər əvvəl olmaqla, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2008-ci İ tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə ittiham aktı xx.xx.2009-cu il tarixdə tərtib edilməklə xx.xx.2009-cu il tarixdə təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən, Təqsirləndirilən şəxs, xx.xx.2008-ci il tarixdə gecə saat 02 radələrində, ünvan 4 ünvanda yerləşən “Koral” barının qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, əsaslı səbəb olmadan X4 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, ətrafa toplaşan insanların gözü qarşısında qəsdən silah qismində istifadə etdiyi tikinti-təmir işlərində istifadə edilən bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurub ona döş qəfəsinin sağ yarısının böyük və kiçik əzələlərinin tam kəsilməsi ilə müşayiət olunan kəsilmiş deşilmiş yarası, sol çənəaltı, sol buruq və sol qaş nahiyələrinin kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsartələri yetirməklə xuliqanlıq etmişdir. xx.xx.2009-cu il tarixdə cinayət işi məhkəmə baxışına təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə baxışının gedişində müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş təkrar stasionar məhkəmə-psıxiatrik ekspertizasının xx.xx.2009-cu il tarixli 224 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi dövrdə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab olunur. Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin istintaqın gedişində məlum olur ki, onda olan “Şizofreniya paranoid forma” psixi xəstəliyinin kəskinləşməsi ilə əlaqədar psixiatriya xəstəxanalarında müalicə olunub. Bu səbəbdən komissiya belə qərara gəlmişdir ki, halhazırda Təqsirləndirilən şəxs qeyd edilən “Şizofreniya paranoid forma” psixi xəstəliyinin kəskinləşməsi nəticəsində o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, onun ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunması qərara alınmış, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilmiş və cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs sağalanadək dayandırılmışdır. xx.xx.2013-cü il tarixdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı 1515 saylı məktubla bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 12 mart 2012-ci il tarixi qərarı ilə Təqsirləndirilən şəxs X7 stasionarında məcburi müalicəsi dəyişdirilmiş, o, məcburi ambulatoriya müşahidəsi və psixiatriya müalicəsinə keçirildiyi üçün xx.xx.2012-ci il tarixdə evə yaşayış yeri üzrə RƏXD müşahidəsinə yazılmış, həmçinin göstərilən məsələ ilə bağlı Yasamal Rayon 3 saylı Şəhər Poliklinikasına müraciət edilməsi xahiş edilmişdir. xx.xx.2017-ci il tarixdə 3 saylı Şəhər Poliklinikası məhkəməyə ünvanladığı 485 saylı məktubla bildirmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən məcburi ambulator müalicəyə və psixiatr müşahidəsinə götürülmüş, onun psixiatra sonuncu müraciəti xx.xx.2016-cı il tarixdə olmuş, son bir il ərzində həkim-psixiatra müraciət etmədiyi üçün 28-ci Polis Bölməsinə bu barədə məlumat verilmiş və həmin PB-nin cavab məktubu ilə Təqsirləndirilən şəxs Yasamal rayonu, M.Seyidov küçəsi, ev 37, mənzil 11 ünvanında yaşamadığı bildirilmişdir. Həmçinin məktubda bildirilmişdir ki, 1 saylı Ruhi-Əsəb Xəstəxanasından alınmış məlumata görə xəstə xx.xx.2017-ci il tarixdən X9 Ambulator müalicə şöbəsində müalicə alır. xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 3366 saylı məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X7 Stasionarında məcburi müalicə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs X7 Stasionarında məcburi müalicəsi dəyişdirilmiş, sonuncu məcburi ambulator müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün xx.xx.2019-cu il tarixdə evə yazılmış və müalicəsinin davam etdirilməsi üçün müvafiq sənədlər 3 saylı Şəhər Poliklinikasının həkim-psixiatr kabinetinə göndərilmişdir. 3 saylı Şəhər Poliklinikasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2000-ci ildən RƏXD-in qeydiyyatındadır. D-Z “Şizofreniya paranoid forma”. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilən arayış əsasında № 22 MKİS-İ, xx.xx.2017-ci il Təqsirləndirilən şəxs M.Seyıdov küçəsi ev 37, 11 saylı mənzilin satılması ilə əlaqədar həmin ünvanda yaşamır və bu səbəbdən adı çəkilən vətəndaş barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilərək barəsində X7 statsionarında məcburi müalicə təyin edilmişdir. Göründüyü kimi iş üzrə icraatın dayandırılması tarixindən uzun müddət keçmişdir. Hazırda cinayət işi üzrə icraatın dayandırılması üçün əsas olmuş halların aradan qalxıb-qalxmamasını məhkəmə istintaqı aparılmaqla müəyyən etmək və müvafiq qərar qəbul etmək məqsədilə icraatın təzələnməsi zəruridir. Göstərilənləri nəzərə alaraq vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə qərarı çıxarılaraq məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Cinayət işinin işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx.xx.2023cü il tarixli 3-13-51-4/2-5863 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə 70965 saylı axtarış işi açılmış və sonuncunun xx.xx.2020-ci il tarixdə (suda boğulma və qeyri ölümcül suya batma) diaqnozu ilə ölmüş və Sumqayıt RQŞ-i tərəfindən Təqsirləndirilən şəxs adına Azİİ №107481 nömrəli 24.07.202ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ailə üzvlərinə ünvanlanmış bildirişdən görünür ki, məhkəməyə daxil olmuş və məhkəmənin elektron sistemindən şıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cinayət işinin növbəti məhkəmə baxışı 21 iyun 2023-cü il tarixə, saat 10:30-a təyin olunmuşdur. Təyin olunmuş məhkəmə iclasında Təqsirləndirilən şəxs yaxın qohumlarından (ata, ana, bacı, qardaş,həyat yoldaşı) biri onun hüquqi varisi qismində tanınmalıdır. Göstərilən tarixdə təyin olunmuş məhkəmə iclasında yaxın qohumlarından birinin iştirak etməsi xahiş edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Müdafiəçi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ölmüşdür və onun hüquqi varisini müəyyən etmək mümkün olmamışdır. Ona görə də Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, Müdafiəçi ərizəsini və cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə vəfat etmiş, məhkəmə tərəfindən onun ailə üzvülərinə hüquqi varis qismində tanınmaları ilə əlaqədar bildiriş göndərilsə də, Təqsirləndirilən şəxs hüquqi varisinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət daxil olmamış, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə razılıq ərizəsi təqdim edilərək Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və madi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan cinayət işi üzrə icraata isə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz“ Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 75 saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar