Məhkəmə qərarları › İş №1(006)-20/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-20/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-20/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1969-cu ildə Ermənistan, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2019-cu il tarixdə saat 00:45 radələrində ictmai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən «Baku City» restoranın qarşısında əvvəlcədən tanımadığı, həmin restorana müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncunun bir dəqiqə əvvəl restoranın qarşısında tanışı ilə sözlə mübahisə etdiyi üçün restorana buraxılmayacağını irad bildirib, Zərərçəkmiş şəxs yumruğu ilə fiziki zor tətbiq edib öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyəti fövqündə qoyub, oradakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmaqla alın nahiyəsinin tüklü hissəsinin sıyrılmış yarası, sağ saidin, çənənin yumşaq toxumalarının əzilmələri kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 1999-cu il tarixdən DİN-nin Baş Mühafizə İdarəsində polis nəfəri kimi işə daxil olmuş və 2019-cu ilin iyul ayında həmin işdən təqaüdə çıxmışdır. O, Mühafizə İdarəsində polis nəfəri kimi işləyəndə axırıncı iş yeri Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən «Baku City» restoranı olmuşdur. Belə ki, sözü gedən Mühafizə İdarəsinin göstərişi əsasında o, «Baku City» restoranında gecə naryadında xidmət etmişdir. Onun ailə vəziyyəti çətin olduğundan o, təqaüdə çıxdıqdan sonra «Baku City» restoranında qalaraq 2019-cu ilin avqust ayından etibarən qeyri rəsmi olaraq mülki mühafizəçi kimi işləmişdir. «Baku City» restoranın müdürü soyadın dəqiq bilmədiyi Kamal adlı şəxs olmuşdur. Restoranda iş axşam saat 21:00 radələrindən başlamış və səhər saat 06:00 radələrində iş bitmişdir. Onun işi restoranda giriş qapısında dayanıb gələn müştərilərin üzərini yoxlamaqdan ibarət olmuşdur. Yəni müştərilərin üzərlərində qeyri qanuni «bıçaq, silah və s.» olub-olmamasını yoxlamışdır. Ondan başqa həmin restoranda müqavilə əsasında 2 nəfər mühafizə polis nəfərləri Şahid2 və Şahid3 işləmişlər. xx.xx.2019-cu il tarixdə saat 21:00 radələrində o, «Baku City» restoranına gələrək, xidmətə başlamışdır. Həmin günü restoranın içərisində demək olar ki, müştəri çox olmuş, hamı oturub sifariş verir, yeyib-içir, müsiqiyə qulaq asır və istirahət etmişlər. Saat təxminən 00:45 radələrində o, «Baku City» restoranının giriş qapısında olan zaman müştəri qismində olan bir neçə nəfər şəxsin restoranın daxilində sözlə mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq sakitləşdirmək məqsədi ilə onları restoranın qarşısına çıxartmışdır. Lakin onlar restorandan bayıra çıxdıqdan sonra sakitləşməyərək bir-biriləri ilə sözlə mübahisəni davam etdirmişlər. Bir qədər sonra onlar qayıdıb içəri keçərkən o, sonradan adını Elmar olaraq öyrəndiyi şəxsə içkili olmasını bildirib restorana daxil olmamasını xahiş etmişdir. Bu zaman Elmar onu təhqir etmiş və kəllə ilə baş nahiyəsindən onu vurmuş, lakin Elmarın öz başı qanamışdır. Bu zaman orada olan mühafizə polis nəfərlərindən biri zəng edərək mühafizə polislərini çağırmış və polis əməkdaşları hadisə yerinə gələrək həmin şəxsi avtomobilə əyləşdirib aparmışlar. Bundan sonra onları da Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər və o, orada baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Hadisə xx.xx.2019-cu il tarixdə saat təxminən 00:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən «Baku City» restoranın qarşısında baş vermişdir. Ümumilikdə hadisə təxminən 15-20 dəqiqə davam etsə də, sırf onunla Elmar arasında olan mübahisə 1-2 dəqiqə davam etmişdir. Həmin mübahisə zamanı onun əlində heç bir əşya və ya küt alət olmamışdır. İfadəsinin sonunda onun tərəfindən heç bir cinayət əməlinin törədilmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 00:15 radələrində dostları ilə əylənmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən Baku City restoranına getmişdir. Həmin restoranda dostları Rəvan və Kərimlə birlikdə masalardan birində əyləşərək, meyvə və içki sifarişi vermişdir. Təxminən yarım saat ərzində dostları ilə birlikdə restoranda musiqiyə qulaq asıb əylənərək, spirtli içki qəbul etdikdən sonra digər masada əyləşən tanımadığı şəxs dostu Rəvan adlı şəxsi çağıran zaman Rəvan haqqında nalayiq ifadələr işlətmişdir. Yəni, həmin şəxs Rəvana «deyəsən şişmisən, salam vermirsən» deyə səslənmişdir. Həmin zaman o, sərxoş olduğu üçün tanımadığı şəxsin dostu Rəvan haqqında dediyi söz ona pis təsir etdiyindən aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxt özünü restoranın mühafizəçisi kimi təqdim edən şəxs onlara yaxınlaşaraq restorandan bayıra çıxartmışdır. Onlar yəni o, və onunla sözlə mübahisə edən şəxs restoranın qarşısında bir neçə dəqiqə aralarında olan söhbətə aydınlıq gətirərək barışmışlar. Bundan sonra onlar yenidən restoranın içərisinə daxil olmaq istəyəndə özünü restoranın mühafizəçisi kimi təqdim edən şəxs onlara yaxınlaşaraq restorana daxil olmağa icazə verməmişdir. Həmin vaxt o, sərxoş olduğundan mühafizəçi ilə aralarında sözlə mübahisə baş vermişdir. Polislər gələrkən mühafizəçi Təqsirləndirilən şəxs cibindən nəsə çıxarıb onu başından vurmuşdur. Vahid onu vurarkən dostu Rəvan yanında olmuşdur. Bundan sonra orada olan şəxslər onları ayırmışlar. Daha sonra o, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. O, Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir etməmiş və kəllə ilə baş nahiyəsindən vurmamışdır. Təqsirləndirilən şəxs onu yumruqla baş və çənə nahiyəsindən vuraraq ona bədən xəsarəti yetirmişdir. Həmin vaxt onun alnından qan axmışdır. Həmin hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir və bu səbəbdən də onun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mühafizəsini təşkil etdiyi restoranın işçisi kimi tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2018-ci ilin sentyabr ayından etibarən o, Nəsimi rayon Mühafizə İdarəsində polis nəfəri kimi xidmət aparır. Sözü gedən Mühafizə İdarəsinin göstərişi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən «Baku City» restoranında gecə naryadında xidmət edir. Belə ki, o, gündəlik olaraq, axşam saat 21:00 radələrində xidmətə gələrək, saat 05:00 radələrində işdən çıxıb evə qayıdır. xx.xx.2019-cu il tarixdə saat 21:00 radələrində o, xidmətdə olduğu Baku City restoranına gələrək, xidmətə başlamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 00:45 radələrində Baku City restoranının qarşısında xidmət aparan zaman restoranın içərisində müştəri qismində olan iki nəfər şəxsin mübahisə etdiyini ona bildirmişlər. O, restoranın içərisinə daxil olmaq istəyərkən həmin şəxslərin bayıra çıxdığını və restoranın qarşısında sözlə mübahisə etdiklərini görmüşdür. Bundan sonra həmin şəxslər restorandan bir neçə metr kənara çəkilərək, mübahisələrini maşınların arxasında davam etdirmişlər. Təxminən bir neçə dəqiqə sonra o, həmin şəxsin Baku City restoranında mülki mühafizəçi işləyən Təqsirləndirilən şəxsla mübahisə etdiyini, Vahidi başı ilə vurduğunu görüb onlara yaxınlaşarkən, sonradan adını Elmar olaraq öyrəndiyi şəxsin alın nahiyəsindən qan axdığının şahidi olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs restorandan çıxarkən əlində boşqabla çıxmış və onları da söyərək təhqir etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində də Elmarın Vahidi başı ilə vurmasını bildirmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan mübahisə cəmi 1-2 dəqiqə davam etmiş, gecə vaxtı olduğundan ətrafa çox adam toplaşmamış, yalnız onunla xidmətdə olan polis nəfəri Şahid3 və Zərərçəkmiş şəxs yanında olan şəxslər orada olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid8 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2015-ci ilin sentyabr ayından etibarən Nəsimi rayon X4 polis nəfəri kimi xidmət aparır. xx.xx.2019-cu il tarixdə saat təxminən 00:45 radələrində o və post yoldaşı polis nəfəri Şahid9 ilə birlikdə Nəsimi rayonu ərazisində xidmət apararkən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən «Baku City» restoranından həyəcan siqnalı daxil olmuş, onlar həyəcan siqnalını qəbul edərək dərhal həmin ünvana yaxınlaşmışlar. Onlar həmin ünvana yaxınlaşanda bir neçə şəxsin yığışmasını və iki nəfər şəxsin mübahisə etdiklərinin şahidi olub onlara yaxınlaşarkən, orada tanımadıqları bir nəfər bədəncə kök olan oğlanın, yəni adını sonradan Elmar olaraq öyrəndiyi şəxsin üzündə qan olmasını və digər şəxslə biribirinə əl qol atdıqlarını görüb onları ayıraraq, Elmarı tutub gətirərək xidməti avtomobilə əyləşdirmişlər və oradan Nəsimi RPl-nin 20-ci PB-nə aparmışlar. Bundan sonra onlar yenidən hadisə yerinə qayıdaraq digər şəxsi də xidməti avtomobilə əyşləşdirib Nəsimi RPİ-nin 20-ci PB-nə aparıb təhvil vermişlər. Onlar hadisə yerinə gedərkən Elmar Vahidə söyüş söymüş və qarşılıqlı olaraq bir birinə əl qol atmışlar. Elmarın qoluna girib onu bölməyə apararkən Vahid onu, yəni Elmarı vurmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Sahid oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi yerdən tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2019-cu ilin yanvar ayının əvvəlindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 32, 1058-ci məhəllədə yerləşən «Baku City» restoranın da prodüser kimi işləmişdir. Həmin restoranı Kamal adı ilə tanıdığı, əsl adı Şahid1 icarə müqaviləsi əsasında işlətmiş və o, Kamalı həmin vaxtdan tanımışdır. Restoran axşam saat 21 radələrində açılmış və səhər saat 06 radələrinə kimi işləmişdir. Restoranda yemək və spirtli içkilər verilmişdir. Onun işi restoranda şou proqram qurmaq və müğənniləri dəvət etməkdən ibarət olmuşdur. Restoranda müqavilə əsasında 2 nəfər mühafizə polis nəfəri Şahid2 və Şahid3 restoranı mühafizə etmişlər. Onlardan başqa restoranda mülki mühafizəçi Təqsirləndirilən şəxs restoranın giriş qapısında dayanaraq müştəriləri qarşılamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 00:30 radələrində restoranın içərisində demək olar ki, müştəri çox olmuş, hamı oturub sifariş verir, yeyib-içir, müsiqiyə qulaq asır və istirahət etmişlər. Bir qədər sonra o, restoranın içərisində olan zaman restoranın qarşısında mübahisə olduğunu eşidib bayıra çıxanda, müştəri qismində olan, sonradan adını Elmar olaraq öyrəndiyi şəxsin Baku City restoranında mülki mühafizə işləyən Təqsirləndirilən şəxs ilə mübahisə etdiklərini və biri birinə əl qol atdıqlarını görərək ayırmaq məqsədi ilə onlara yaxınlaşarkən, müştəri qismində olan şəxsin alın nahiyəsindən qan axdığının şahidi olmuşdur. Bu zaman mühafizə polisinin əməkdaşları gələrək mübahisə edən şəxsləri polis maşınına mindirərək PB-nə aparmışlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, 1/6574 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə parılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il tarxdə, saat 02:05-də müayinə edilən Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdır (i/v 11). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, 1/6575 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə parılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il tarxdə, saat 03:10-da müayinə edilən Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdır (i/v 19). İşdə olan Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis baş leytenantı X6 tərəfindən tərtib olunan və Zərərçəkmiş şəxs tərəfindən imzalanan cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, VİD_1 yazılı videofayl açıldıqda videogörüntünün sağ yuxarı küncündə 14-10- 2019 00:41:51 yazısı vardır. Videofayl ümumilikdə 1 dəqiqə 37 saniyə davam edən müddətdətdir. Videogörüntünün ilk saniyələrində bir nəfər bədəncə kök olan şəxsin digər bədəncə arıq olan şəxslə restoranın qarşısına çıxaraq sözlə mübahisə etmələri, daha sonra restoranın qarşısında insanların toplaşması və ağ köynək, qara şalvar və boğazında qalstuk geyimli şəxslə həmin bədəncə kök olan şəxsin mübahisə etməsi, həmin ağ köynək, qara şalvar və boğazında qalstuk geyinmiş şəxsin insanların arasından çıxaraq bədəncə kök olan şəxsin üzərinə gəlməsi, elə bu zaman mühafizə polisi əməkdaşlarının həmin bədəncə kök olan şəxsi saxlayaraq kənara çəkməsi, həmin zaman ağ köynək, qara şalvar və boğazında qalstuk olan şəxsin yenidən bədəncə kök olan şəxsin üzərinə gəlməsi və sonuncuya qarşı əl qol atması görünür. Baxış zamanı Zərərçəkmiş şəxs özünü tanıyaraq bildirir ki, həmin bədəncə kök olan şəxs onun özüdür. Onunla mübahisə edən şəxs isə istintaqda adı ona məlum olan Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs baxış zamanı bildirir ki, o,xx.xx.2019-cu il tarixdə saat təxminən 00:15 radələrində dostları ilə əylənmək, məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən Baku City restoranına getmişdir. Bundan sonra o, sözü gedən restoranda dostları Rəvan və Kərim ilə birlikdə masalardan birində əyləşərək, meyvə və içki sifarişi vermişdir. Təxminən yarım saat ərzində o, dostları ilə birlikdə restoranda musiqiyə qulaq asıb əylənərək, spirtli içki qəbul etdikdən sonra digər masada əyləşən tanımadığı şəxs dostu Rəvan adlı şəxsi çağıran zaman Rəvan haqqında nalayiq ifadələr işlətmişdir. Yəni, həmin şəxs Rəvana «deyəsən şişmisən, salam vermirsən» deyə səslənmişdir. Həmin zaman o, sərxoş olduğu üçün tanımadığı şəxsin dostu Rəvan haqqında dediyi söz ona pis təsir etdiyindən aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxt özünü restoranın mühafizəçisi kimi təqdim edən şəxs adı ona istintaq zamanı məlum olan Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq restorandan bayıra çıxartmışdır. Onlar yəni o, və onunla sözlə mübahisə edən şəxs restoranın qarşısında bir neçə dəqiqə aralarında olan söhbətə aydınlıq gətirərək barışmışlar. Bundan sonra onlar yenidən restoranın içərisinə daxil olmaq istəyəndə restoranın mühafizəçisi Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq restorana daxil olmağa icazə verməmişdir. Həmin vaxt o, sərxoş olduğu üçün mühafizəçi ilə aralarında sözlə mübahisə baş vermişdir. Bu zaman orada olan mühafizə polisinin iki nəfər əməkdaşı ona yaxınlaşaraq, hər iki qolundan tutan zaman onunla mübahisə edən restoranın mühafizəçisi Təqsirləndirilən şəxs baş və sifət nahiyəsindən yumruqla onu vurmuşdur. Bundan sonra orada olan şəxslər onları ayırmışlar. Daha sonra o, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir (i/v 46-47). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin xx.xx.2019-cu il tarixli, 1202 saylı məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Bakı Baş Sİ-nin X7 müraciət edərkən ona “alın nahiyəsinin tüklü hissəsinin sıyrılmış yarası, sağ saidin, çənənin yumşaq toxumalarının əzilmələri” diaqnozunun qoyulması göstərilmişdir. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (i/v 76-77). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 116). İş materiallarında olan sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və cinayət işinin hissəvi xitam olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD formatlı disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmişdir (i/v 128-140). İş olan Xətai rayon MKTB-nin 66 saylı MKİS-in rəisi F.Ələsgərov tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 24 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 66 saylı MKİS-ə şikayət daxil olmamışdır (i/v 171). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx xxxxxxx 2019-cu il tarixdə saat 00:45 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2019-cu il tarixdə, 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 32, 1058-ci məhəllədə yerləşən «Baku City» restoranda Şahid4 adlı şəxslə sözlə mübahisə etmiş, mübahisəni restoranın qarşısında davam etmiş və həmin zamanı sərxoş olmuşdur. Daha sonra qayıdıb yenidən restorana girmək istəyərkən, sərxoş olduğuna və bir qədər əvvəl restoranın daxilində başqa bir şəxslə sözlə mübahisə etdiyinə görə onu içəri buraxmaq istəməyən mülki mühafizəçi Təqsirləndirilən şəxsla mübahisəsi olmuş və bu zaman onlar qarşılıqlı olaraq bir-birinə əl-qol atmışlar və Elmar sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Həm cinayət əməli törətmiş şəxsin ifadəsi, həm də, şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, 20 il ərzində Mühafizə polisində xidmət etmiş, əllidən artıq yaşı olan Təqsirləndirilən şəxs xuliqanlıq edəcəyi halda həmin əməlin hüquqi nəticələrini dərk edərək o cümlədən işçisi olduğu restoranın mövqeyini, müştəri məmnuniyyətini və işini itirmə ehtimalını nəzərə alaraq xuliqanlıq niyyəti ilə mübahisə etməsi inandırıcı deyil. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə çox qısa zaman kəsiyində olmuşdur. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis baş leytenantı X6 tərəfindən tərtib olunan və Zərərçəkmiş şəxs tərəfindən imzalanan cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, VİD_1 yazılı videofayl açıldıqda videogörüntünün sağ yuxarı küncündə xx-xx-2019 00:41:51 yazısı vardır. Videofayl ümumilikdə 1 dəqiqə 37 saniyə davam edən müddətdətdir. Hətta bu müddətə Elmarın Şahid4 adlı şəxslə etdiyi söhbət də daxildir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, xx xxxxxxx 2019-cu ilə tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. (CPM- 126.6.). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu ibtidai istintaq orqanı tərəfindən müəyyənləşdirilməmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışmadığından onun cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamaq maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-150/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə töfsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar