Məhkəmə qərarları › İş №1(006)-20/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-20/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-20/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Tahir qızı və onun nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədilə qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib şəxsi əlaqələri vasitəsilə sonuncunu daxili işlər orqanlarında xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə 10 sentyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs 10000 manat pulu, 19 oktyabr 2020-ci il tarixdə 09:44-də Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən 102 saylı poçt şöbəsindən onun adına göndərdiyi 499 manat 60 qəpik məbləğində pulu, 22 oktyabr 2020-ci il tarixdə 15:33-də Zərərçəkmiş şəxs həmin poçt şöbəsindən onun adına göndərdiyi 499 manat 60 qəpik məbləğində pulu, 05 noyabr 2020-ci il tarixdə saat 11:58-də Zərərçəkmiş şəxs həmin poçt şöbəsindən onun tanışı X2 adına göndərdiyi 102 manat 70 qəpik məbləğində pulu, 04 dekabr 2020-ci il tarixdə saat 12:47-də Zərərçəkmiş şəxs ünvan 5 ünvanında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun tanışı X1 hesabına göndərdiyi 70 manat pulu, 17 mart 2021-ci il tarixdə saat 14:37-də Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə X1 hesabına göndərdiyi 800 manat pulu, 18 mart 2021-ci il tarixdə saat 14:00-da Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə X1 hesabına göndərdiyi 202 manat pulu və 2021-ci ilin mart ayının sonlarına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs onun tələbi ilə istintaqa məlum olmayan kart hesablarına hissə-hissə olmaqla ümumilikdə göndərdiyi 4826 manat 10 qəpik məbləğində pulları istintaqa məlum olmayan vaxtda və yerdə nağdlaşdıraraq ələ keçirib verdiyi vədə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs 17000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədik qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib əlaqələri vasitəsilə sonuncunun övladı X4 C.Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 05 may 2021-ci il tarixdə sonuncudan ünvan 3 ünvanında 1000 manat və 12 may 2021-ci il tarixdə həmin ünvanda 2000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4 il əvvəl polis olaraq işlədiyi İsmayıllı rayonunda şikayətçi qismində tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı uşaqları ondan almaq istəmiş və o da xidməti vəzifəsinə uyğun olaraq həmin vaxt Zərərçəkmiş şəxs köməklik göstərməyə çalışmışdır. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs onu Bakıda yaşadıqları mənzilə çağırmış və orada anası Dilarə xanım və qardaşı da olmuşdur. Həmin gün o, həmin ünvanda qalmış və daha sonra Zərərçəkmiş şəxs ilə birlikdə İsmayıllı rayonuna gedərək təxminən 6-7 ay birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs qardaşı tüfeyli həyat tərzi keçirmiş, anasını isə ögey anası kimi təqdim etmiş və həmin şəxslər heç bir yerdə işləməmişlər. Bundan sonra onlar arasında olan münasibət korlanmış və ayrı yaşamağa başlamışlar. Bir neçə il keçdikdən sonra Zərərçəkmiş şəxs anasının telefonuna yazaraq mesajlaşmış və daha sonra Zərərçəkmiş şəxs özü onunla əlaqə saxlayaraq onunla münasibət saxlamaq istədiyini bildirmişdir. Bundan sonra, o, Bakı şəhərinə gələrək Zərərçəkmiş şəxs olduğu mənzildə sonuncu ilə görüşmüş və iki gün həmin mənzildə qalmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs böyük oğlu ümumiyyətlə mənzildə olmamış və onlar marketə gedib oradan içki və digər məhsullar alaraq mənzilə gəlmişlər və orada yeyib-içib əylənmişlər. Lakin onların arasında 20.000 manat pul hesabına hər hansı iş düzəldilməsi ilə bağlı dialoq olmamışdır. Sonradan Zərərçəkmiş şəxs hamamda kiminləsə danışmasından şübhələnmiş və buna görə münasibətləri soyumuşdur. Sonradan o, rayonda olarkən özünü “MTN” işçisi kimi təqdim edən şəxs zəng vuraraq ona hədə-qorxu gəlmişdir. Bundan əlavə, digər şəxslərdə ona zəng vurmuş və hədə-qorxu gəlmişlər. Lakin həmin zənglər zamanı o, Zərərçəkmiş şəxs təhqir etmiş və onun yanına qayıtmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs isə ondan qisas alacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs başqa şəxslə danışmasını irad tutaraq ondan uzaq olmasını tələb etmiş və daha sonra həmin danışdığı şəxsin Fövqəladə Hallar Nazirliyi əməkdaşı olmasını bilmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı müddətdə ailə niyyəti ilə münasibət qurmuş və bu səbəbdən, onlar arasında dini kəbin kəsilmişdir. Zərərçəkmiş şəxs ilə onun arasında qarşılıqlı olaraq yaşadıqları müddət ərzində kiçik məbləğlərdə borclar olsa da, həmin borclar onun tərəfindən ödənilmiş, həmçinin bəzən sonuncu onu Bakıda görmək məqsədilə müəyyən məbləğlərdə pul göndərmişdir. O, sıravi şəxs olduğundan kimisə polis orqanlarında işə düzəltmək səlahiyyəti və niyyəti olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən ona 20.000 manat pul verilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qız verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2017-ci ildə keçmiş həyat yoldaşı ilə boşandığı ərəfələrdə polis idarəsinə gedib-gəldiyi vaxtlarda tanış olmuş və sonuncunu polis işçisi kimi tanımışdır. Həmin vaxtdan başalayaraq Təqsirləndirilən şəxs ilə münasibətləri yaranmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs onunla ailə qurmaq istədiyini bildirmiş və onun anasının yanına elçi qismində gələrək ailə qurmaq istədiyini bildirmişdir. Onun anası Təqsirləndirilən şəxslə ailə qurmasına razılıq vermiş və aralarında dini nikah başlanmışdır. O daha sonra Təqsirləndirilən şəxslə birlikdə İsmayıllı rayonuna getmiş və 10 gün orada qalmış, lakin sonradan problemlər olduğuna görə anasının, ardınca isə Bakı şəhərinə gəlmişdir. Lakin 2020-ci ildə anasının telefonuna Təqsirləndirilən şəxs mesaj yazdığını bilmiş və sonuncunun nömrəsini əldə edərək yenidən əlaqə saxlamağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs mühafizə işində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu polisə işə düzəldə biləcəyini bildirmiş və bunun üçün 30.000 manat pul vəsaitinin lazım olduğunu qeyd etmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs 17.000 manat məbləğində pul məbləği hesabına onu polisə işə düzəldə biləcəyini bildirmişdir. O, ilkin olaraq Təqsirləndirilən şəxs 10.000 manat pulu yaşadığı ünvanda vermiş, sonradan isə hissə-hissə olaraq həmin işin həll olunması məqsədilə 7.000 manat əlavə pul məbləği verməklə, ümumilikdə 17.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs ona işin düzəlməsi məqsədilə müxtəlif sənədləri hazırlamasını istəmiş və bununla da, vaxt qazanaraq dələduzluğunu davam etdirmişdir. O, hər dəfə Təqsirləndirilən şəxs işin nə yerdə olduğunu soruşduqda sonuncu müxtəlif bəhanələr gətirmişdir. Hətta Təqsirləndirilən şəxs ona geyiminə diqqət etməsi barədə tövsiyə verərək Daxili İşlər Nazirliyinə getməsini və işinin həll olunacağını bildirmiş, daha sonra o, Daxili İşlər Nazirliyinin qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq nazirlikdən forma və vəsiqə götürəcəyini bildirmişdir. Lakin o müəyyən müddət gözlədikdən sonra Təqsirləndirilən şəxs ona tibbi sənədin lazım olduğunu bildirmiş, o da həmin sənədi götürmək üçün evə getmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs ona zəng vuraraq gecikdiyini və həmin sənədin sonradan verilməli olduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra hələ də, işin həll olub-olmadığı ilə maraqlandıqda Təqsirləndirilən şəxs gözləməli olduğunu demişdir. Bundan sonra o, oğlunu C.Naxçıvanski adına Ali Hərbi Məktəbə qəbul etdirmək istəmişdir. Bununla bağlı yenə Təqsirləndirilən şəxs ilə danışdıqda, o həmin sahə üzrə də tanışının olduğunu və ona kömək edə biləcəyini qeyd etmişdir. Bununla bağlı dialoq zamanı Təqsirləndirilən şəxs həmin işin tələb edilən 7.000 manat pul məbləği hesabına deyil, 3.000 manat pul məbləği hesabına həll edə biləcəyini bildirmişdir. Bundan sonra o, ilkin olaraq 1000 manatı, daha sonra isə 2000 manat pulu, cəmi 3.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında yeznəsi kimi təqdim etdiyi şəxs olmuş və həmin şəxsin işi həll edəcəyini bildirmişdir. Bundan sonra o, oğlunun işləri ilə bağlı soruşduqda Təqsirləndirilən şəxs işlərin düzələcəyini bildirmiş, lakin onu aldatmışdır. O, Təqsirləndirilən şəxs polisə düzəlməsi ilə bağlı işin yekunu ilə bağlı soruşduqda sonuncu ona polis işinin alınmaması halında vəzifəli şəxs olan atasının yanında işə düzəldəcəyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq işə düzəldiyini bildirmiş, lakin sonradan yenidən aldadıldığını başa düşmüş və müvafiq polis orqanına müraciət etmişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı qaytaramasa da, məhkəmə istintaqının yekununda sonuncu ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Bu səbəbdən, hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, bununla bağlı ərizəni təqdim edir və məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən valideynləri boşandıqdan sonra anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs həmin müddətdən anasının dostu kimi tanımışdır. Anası ona zəng edərək hərbi liseyə qəbul olması ilə əlaqədar rayondan Bakıya gəlməsini istəmiş və sənədlərin təcili hazırlanmalı olmasını qeyd etmişdir. O, Bakı şəhərinə gəldikdən sonra onun may ayında hərbi liseyə dzüəlməsi ilə bağlı 2.500 manat pulu anası onun yanında Təqsirləndirilən şəxs vermiş, bundan əlavə, 500 manat pulun əvvəlcədən sənədlərin hazırlanması məqsədilə Təqsirləndirilən şəxs verilməsini eşitmişdir. Bundan sonra, o, anası ilə birlikdə Heydər Əliyev adına Hərbi Liseyə getmişdir. O, hərbi liseyə qəbul olmaq üçün müəyyən sənədləri toplasa da, sonradan tibbi müayinədən keçərkən onun ürəyindəki problemə görə qəbul olunmasından imtina edilmişdir. Orada nə qədər gözləsələr də, Təqsirləndirilən şəxs gəlib çıxmamışdır. Təqsirləndirilən şəxs zəng edərək gələcəyini bildirmiş daha sonra isə onlara kiminsə yaxınlaşacağını qeyd etmişdir. Onlar nə qədər gözləsələr də, onlara yaxınlaşan olmamış, qapıya yaxınlaşıb soruşduqda isə anasına Anar adında şəxsin zəng etmədiyini, ümumiyyətlə, Anar adlı şəxsi tanımadıqlarını bildirmişlər. Bundan sonra onlar nə qədər gözləsələr də, onun Heydər Əliyev adına Hərbi Liseyə düzəlmək məsələsi baş tutmamışdır. Anası Zərərçəkmiş şəxs bundan əlavə polisə işə düzəlmək üçün Təqsirləndirilən şəxs kömək istəmiş, sonuncu həmin məsələni həll edəcəyini bildirmişdir. Bu məqsədlə, yaşadıqları ünvanda anası 10.000 manat pulu müxtəlif əskinazlarda olmaqla Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs özünün polisə düzəlməyi ilə bağlı Təqsirləndirilən şəxs dəfələrlə hissə-hissə pul vermişdir. Anasının polis və onun hərbi liseyə qəbul olmaq işləri düzəlmədikdən sonra onlara Təqsirləndirilən şəxs onları aldadaraq dələduzluq etdiyi məlum olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəis müavini Elsevər Mirzəyev tərəfindən Bakı şəhəri Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevə ünvanlanmış 25 avqust 2021-ci il tarixli, 022/8-10634-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışmış və xx.xx.2017-ci il tarixdə “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur (cild İ, i/v 113). İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarıvəlli tərəfindən HK-1/613 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild İ, i/v 156-158). İş materiallarında olan 27 noyabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərardan görünür ki, HK-1/613 nömrəli material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarıvəllinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 sentyabr 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir (cild İ, i/v 161-162). İş materiallarında olan 17 dekabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarıvəlli tərəfindən HK-1/613 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild İ, i/v 225-227). İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərardan görünür ki, 1128/21 nömrəli material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarıvəllinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 dekabr 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir (cild İİ, i/v 3-4). İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs “whatsapp” mobil tətbiqi ilə mesajlaşdığı mobil nömrə +**********61 mobil nömrəsidir. Cinayət işi materiallarından görünür ki, +**********61 mobil nömrəsi həqiqətən də Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs yazmış olduğu “ay insan atam pulu geri aldırır özü həll edəcək gedib yanında işləyəcəksən” sms mətnindən aydın olur ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs işə düzəltmək üçün pul alaraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs yazmış olduğu “sən işini istəyirsən pulunu? Mənə bir kəlmə de mən bilim, temiz danış mənlə, heçnə gözlə onda sənin pulunu qaytarım dala.” sms mətnlərindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul alaraq dələduzluq etməsi faktı bir daha öz əksini tapmışdır. Həmin sms mətnlərində Zərərçəkmiş şəxs “Anar noldu gəlmədin bəs deyirdin gəlirəm pulu qaytarıram mənim 17 minimi qaytarırsan 3 mində uşağın işinə verdim, bu nə iş idi gətirdin başıma, əgər düzələndisə yenə 2-3 min verim mənim işimi həll elə” mesajı yazmış cavab olaraq isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə pul almasına etirazını bildirməmiş və cavab olaraq “Salam qadası gözlə yığacam indi səni, neçə gündü mən pis gündəyəm ayağım gipsdədir, heç bir problem yoxdur" cavabı verərək gələcəkdə pulu geri qaytaracağına dair yalan vədlər verməyə davam etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 499,60 (dörd yüz doxsan doqquz manat altmış qəpik) manat, xx.xx.2020-ci il tarixdə 499,60 (dörd yüz doxsan doqquz manat altmış qəpik) manat, X7 xx.xx.2021-ci il tarixdə 800 (səkkiz yüz) manat, xx.xx.2021-ci il tarixdə 100 (yüz) manat, xx.xx.2021-ci il tarixdə 202 (iki yüz iki) manat, 2020-ci ilin dekabr ayında 70 (yetmiş) manat, X3 xx.xx.2020-ci il tarixdə 100 (yüz) manat göndərməsi ilə bağlı qaimələri təqdim edərək Təqsirləndirilən şəxs işə düzəlmə ilə bağlı pul verməsini və dələduzluğa məruz qalmasını bir daha sübut etmişdir. (cild İİ, i/v 20-21). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İİ, i/v 64-65). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və İsmayıllı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır (cild İİ, i/v 26-27, 29-34). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (cild İİ, i/v 118-119). İş materiallarında olan Nəsimi rayon məhkəməsinin 1(006)-20/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmiş və qərarın icrası Nəsimi RPİ-nə tapşırılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 24 may 2023-cü il tarixli, 3-16-17/38/2-3557/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 23 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 20000 manat pul ödənilmişdir. Ona dəymiş zərər tam olaraq ödənildiyi üçün hər-hansı bir tələbi və şikayəti yoxdur, gələcəkdədə olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinin özü tərəfindən inkar edilməsi özünü müdafiə xarakteri daşıyır, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 15 (on beş) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu Bağban kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Ucar rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 15 (on beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu Bağban kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Ucar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar