Məhkəmə qərarları › İş №1(006)-200/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-200/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-200/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, “xxxx” MMC-də motokuryer işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, mənzil 131-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38, mənzil 26-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarının tələblərini pozaraq koronavirus (Covid-19) infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində alış-veriş etmək üçün yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38, mənzil 26-nı tərk edərək ünvan 1 ünvanda yerləşən “Rahat market” adlı mağazaya gedib qayıtmış, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvandan çıxıb binanın ətrafında piyada gəzməklə epidemiya əleyhinə rejimin, sanitariyagigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində iş yeri olan “xxxx” MMC-dən “Referans” kilinikasına koronavirus (Covid-19) infeksiyası ilə bağlı analiz verməyə göndərilmişdir. Analizin cavabları öyrənmək üçün həmin günü saat 18-də yenidən klinikaya gəldikdə nəticənin pozitiv çıxdığını öyrənmişdir. Dərhal iş yerinə zəng edib məsələ barədə məlumat vermiş və onu 5 saylı şəhər poliklinikasına yönləndirmişlər. Telefonla həkimlə əlaqə saxlayıb testin cavabının şəklini “WhatsApp” proqramı vasitəsilə ona göndərmişdir. Həkim tərəfindən onun adına xx.xx.2020-ci il tarixdən etibarən işdən müvəqqəti azad edilməsinə dair xəstəlik vərəqəsi açılmış və ev şəraitində müalicə olunmaqla yaşadığı yeri tərk etməməsi bildirilmişdir. Arvadı Nərgizin halı pisləşdiyindən həkim ona da sağalanadək ev şəraitində karantinə alınmasını tapşırmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Şahid1 və Şahid2 adlı iki nəfər polis əməkdaşı onun yaşadığı ünvan 2 ünvanı tərk etməmələri ilə bağlı onları məlumatlandırmışlar. Buna baxmayaraq o, evdə karantin nəzarətində çox qala bilmədiyindən xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində mənzildən çıxaraq ünvan 1 ünvanda yerləşən “Rahat market” adlı mağazaya gedib alver edib evə qayıtmış, bu zaman maskadan istifadə etmiş, heç kimlə təmasda olmamışdır. Həmin günü yenidən həmin polis əməkdaşları onun evinə gələrək yaşadığı ünvanı tərk etdiyi üçün barəsində cinayət işi açılacağına dair onu xəbərdar etmişlər. Lakin növbəti günü azyaşlı oğlu evdə davamlı ağladığı üçün onu sakitləşdirmək məqsədi ilə o, saat 16 radələrində oğlu ilə birlikdə zibil atmaq üçün həyətə düşmüşdür. Bu zaman polis əməkdaşları onu saxlayıb videoçəkiliş etmişlər. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı övladı var. Başqa ölkəyə işləmək üçün getməli olduğundan ona cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, o, oğlu Təqsirləndirilən şəxslə birgə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə oğlunda koronavirus infeksiyasının analizi pozitiv çıxdığından həkim ona arvadı ilə bərabər evdə müalicə almasını və yaşadığı yeri tərk etməməyi bildirmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları da evə gəlib Rüstəmi bir daha yaşadığı evdən çıxmamağına dair ciddi xəbərdar etmişlər. Lakin dekabr ayının 16-da Rüstəm karantin nəzarətində qalmaqdan bezdiyini deyib saat 16 radələrində evdən çıxaraq yaxınlıqda yerləşən “Rahat” marketə getmişdir. Rüstəm ərzaq alıb geri qayıtdıqdan sonra yenə polis əməkdaşları evə gəlib ondan nə səbəbə görə yaşadığı mənzili tərk etdiyini soruşmuş və bir daha məsələ ilə bağlı xəbərdar edib yazılı iltizam almışlar. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində Rüstəm iki yaşındakı oğlunu götürüb evdən çıxdığı üçün polislər onu saxlayıb geri qaytarmışdır. İş materiallarında olan:  “X2 Mərkəzi”i tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 03/2021 saylı məktub və analiz nəticəsindən aydın olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə klinikada “Covid-19” testi üçün analiz vermiş, müayinənin nəticəsi (pozitiv) çıxmış və bu barədə o, məlumatlandırılmışdır (İ cild, i.v.29-30);  16.12.2020-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir (İ cild, i.v.10);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2021-ci il tarixli, 52/KEŞ saylı rəyinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” ilə bağlı müayinə aparılmış və müayinənin nəticəsi pozitiv (+) olmuşdur. Rüstəm Ədalət oğlunun sanitariyagigiyena qaydalarını pozmaqla bədənində, paltarında və sair formada koronavirusun (Covid-19) bir yerdən başqa yerə daşımasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (İ cild, i.v.43- 45);  “Video görüntüyə baxılması haqqında” xx.xx.2021-ci il tarixli protokol və diskdən aydın olur ki, xx.xx.2020-ci il tarixdə, saat 17:07-də polis əməkdaşı Təqsirləndirilən şəxs azyaşlı uşağı ilə əlində sellofan torba tutaraq gedərkən onu saxlayır. Həmin vaxt Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra polis ondan evini nə səbəbdən tərk etdiyini soruşduqda o, zibil atmaq və uşağı gəzdirmək üçün çölə çıxdığını, habelə analizlərinin cavabının pozitiv çıxmasına baxmayaraq, özündə əlamətlərini hiss etmədiyini deyir. Polis əməkdaşı ondan evinə qayıtmasını tələb edir (İ cild, i.v.70);  Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun xx.xx.2018-ci il və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı övladı var (İ cild, i.v.50);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.31). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarına əsasən:  Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd);  karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd);  karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd);  Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər (3.1-ci bənd);  Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd);  Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd);  Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd);  Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4-1.2-ci bənd);  yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd);  karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs koronavirus (Covid- 19) infeksiyasına xx xxxxxx 2020-ci il tarixdə yoluxduğunu bilib ona həkim rəyinə əsasən yaşadığı yerdə təcrid olunaraq müalicə olunması, habelə bu yeri tərk etməmək və məsuliyyət barədə xəbərdar olunmaqla iltizam verməsinə baxmayaraq, karantin nəzarətinə götürülmüş şəxs kimi karantin nəzarəti müddəti ərzində 16 və xx xxxxxx 2020ci il tarixlərdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38, mənzil 26-nı tərk etmiş, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını yüngülləşdirən halın mövcud olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar