Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-201/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-ci ildə Biləsuvar rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən “Hayal Et” restoranının ikinci mərtəbəsindəki plastik pəncərənin ciftini özündə olan vintaçanla aralayıb sındırmaqla oraya qanunsuz daxil olmuş, ümumi zala qoyulmuş masanın üzərindən 220 manat dəyərində bir ədəd “HP 650” markalı, həmin mərtəbədə yerləşən 3 nömrəli otaqdan adapteri ilə birlikdə 180 manat dəyərində bir ədəd “HP Pavilion G6” markalı, birinci mərtəbədəki kassa aparatının olduğu masanın üzərindən adapteri ilə birlikdə 140 manat dəyərində bir ədəd “HP 620” markalı, üçüncü mərtəbədə yerləşən 2 nömrəli otaqdan 140 manat dəyərində bir ədəd “Packard Bell” markalı və həmin mərtəbədə yerləşən 1 nömrəli otaqdan 300 manat dəyərində “HP” markalı noutbuk tipli kompüterləri oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 980 manat maddi ziyan vurmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində oğurluq etmək üçün obyekt axtararkən Rəşid Behbudov küçəsi, 62 saylı ünvanda yerləşən “Hayal et” restoranının qarşısından keçdikdə oranın əlverişli yerdə olduğunu müşahidə etmişdir. Gecə vaxtı oğurluq etmək üçün həmin restorana girmək qərarına gəlmişdir. Buna görə də gecəyə qədər yaxınlıqda gəzmiş, saat 01 radələrində qeyd olunan yerə gəlib restoranın ikinci mərtəbəsinə arxa tərəfdəki hasardan tutaraq qalxmış, lakin pəncərələrin bağlı olduğunu görmüşdür. Bu zaman üzərindəki vintaçan alətlə pəncərəni açıb içəriyə daxil olmuşdur. Restoranda bir az gəzib dörd ədəd “HP” markalı, biri ədəd də “Packard Bell” markalı noutbuk götürüb çıxmışdır. Onlardan üçünü qardaşı Hüseynə məxsus şəxsiyyət vəsiqəsi ilə metronun “28 May” stansiyasının yaxınlığında yerləşən mağazaya, bir ədədini isə Xırdalanda satmışdır. Qardaşına isə onları guya ustadan satmaq üçün götürdüyünü demiş, bir noutbuku da özündə saxlamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Rusiya Federasiyasına getdiyi üçün təyin edilmiş məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq edir, ona vurulmuş zərər qismən ödənilmiş, bir ədəd “HP” markalı noutbuku qaytarılmamış, təqsirləndirilən şəxsdən şikayətçidir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs ifadələrindən aydın olur ki, o, 2016-cı ildən ünvan 2 ünvanda yerləşən “Hayal et” restoranında administrator vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 08 radələrində restorana gəldikdə naməlum şəxsin ikinci mərtəbədəki plastik pəncərənin sındıraraq içəriyə daxil olduğunu və həmin mərtəbənin ümumi zala qoyulmuş masanın üzərindən adapteri ilə birlikdə bir ədəd “HP 650” markalı, ikinci mərtəbədə yerləşən 3 nömrəli otaqdan bir ədəd “HP Pavilion G6” markalı, birinci mərtəbədə yerləşən kassa aparatının qoyulduğu masanın üzərindən adapteri ilə birlikdə bir ədəd “HP 620” markalı, üçüncü mərtəbədə yerləşən 2 nömrəli otaqdan bir ədəd “Packard Bell” markalı və həmin mərtəbədə yerləşən 1 nömrəli otaqdan markasını tam xatırlamadığı “HP” markalı noutbuk tipli kompüterlərin oğurladığını aşkar etmişdir. Tapılan noutbuklara ekspert tərəfindən qoyulmuş qiymətlə razıdır, tapılmayan bir ədəd “HP” markalı noutbukun isə 300 manat dəyərində qiymətləndirilməsini xahiş edir (İ cild, i.v.41-43, 150-152). Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, böyük qardaşı Niyaməddin əvvəllər də oğurluğa görə məhkum olunub. xx xxxxxx 2020-ci il tarixdə Niyaməddin evdə olarkən ona demişdir ki, öz şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün tanış ustanın verdiyi noutbukları ona məxsus şəxsiyyət vəsiqəsi ilə satmaq istəyir. O da buna etiraz etməmiş və Niyaməddinlə birlikdə əvvəlcə Xırdalan şəhərində köhnə bazar adlanan əraziyə gələrək orada yerləşən mobil telefon mağazasına onun şəxsiyyət vəsiqəsini təqdim etməklə “HP” markalı noutbuku 30 manata, daha sonra 3 ədəd noutbuku metronun “28 May” stansiyası yaxınlığındakı mağazaya satmışlar. Bir noutbuk isə Niyaməddində qalmışdır. Oğurluqdan xəbəri olmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/5479 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş 04 ədəd noutbukların və 02 ədəd adapterlərin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 680,00 manat müəyyən olunur. O cümlədən: 01 ədəd Çində istehsal olunmuş “HP 650” markalı, İntel CORE İ3 xüsusiyyətli noutbuk - 220,00 manat; 01 ədəd “HP Pavilion G6” markalı noutbuk bir ədəd adapter ilə birlikdə - 180,00 manat; 01 ədəd Çində istehsal olunmuş “Packard Bell” markalı noutbuk - 140,00 manat; 01 ədəd “HP 620” markalı, İntel CORE Duo xüsusiyyətli noutbuk bir ədəd adapter ilə birlikdə – 140,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.146-149); “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2021-ci il tarixli qərarla 01 ədəd “HP 650” markalı, “İntel CORE i3” xüsusiyyətli, 01 ədəd “HP Pavilion G6” markalı, 01 ədəd “Packard Bell” markalı, 01 ədəd “HP 620” markalı, “İntel CORE Duo” xüsusiyyətli noutbuklar və 01 ədəd adapter iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmişdir (İ cild, i.v.153); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)- 679/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.129-132); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayış və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.134-135, 155-166). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən “Hayal Et” restoranının ikinci mərtəbəsindəki plastik pəncərənin ciftini özündə olan vintaçanla aralayıb sındırmaqla oraya qanunsuz daxil olmuş, ümumi zala qoyulmuş masanın üzərindən 220 manat dəyərində bir ədəd “HP 650” markalı, həmin mərtəbədə yerləşən 3 nömrəli otaqdan adapteri ilə birlikdə 180 manat dəyərində bir ədəd “HP Pavilion G6” markalı, birinci mərtəbədəki kassa aparatının olduğu masanın üzərindən adapteri ilə birlikdə 140 manat dəyərində bir ədəd “HP 620” markalı, üçüncü mərtəbədə yerləşən 2 nömrəli otaqdan 140 manat dəyərində bir ədəd “Packard Bell” markalı və həmin mərtəbədə yerləşən 1 nömrəli otaqdan 300 manat dəyərində “HP” markalı noutbuk tipli kompüterləri oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 980 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, bununla da yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olmasını, cinayətin törədilməsi vərdişinindayanıqlılığı, məhkum edildikdən və cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HP 650” markalı, “İntel CORE i3” xüsusiyyətli, 01 ədəd “HP Pavilion G6” markalı, 01 ədəd “Packard Bell” markalı, 01 ədəd “HP 620” markalı, “İntel CORE Duo” xüsusiyyətli noutbuklar və 01 ədəd adapter sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HP 650” markalı, “İntel CORE i3” xüsusiyyətli, 01 ədəd “HP Pavilion G6” markalı, 01 ədəd “Packard Bell” markalı, 01 ədəd “HP 620” markalı, “İntel CORE Duo” xüsusiyyətli noutbuklar və 01 ədəd adapter sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-201/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-201/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver