Məhkəmə qərarları › İş №1(006)-202/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-202/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-202/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Ucar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olan, Ucar rayonu, 28 May küçəsi, 22 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 23:17 radələrində “Xəzər” firmasının Nəsimi rayonu, Azadlıq prospekti 79 B saylı ünvanda yerləşən filialının pəncərəsinin şüşəsini və həmin pəncərə şüşəsi üzərində olan dəmir barmaqlığı özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq binaya qanunsuz daxil olaraq oradan “Xəzər” firmasına məxsus 1 ədəd ümumi 300 manat dəyərində olan “HP” markalı, “ProbBook 4540s” modelli, Core İ5 notebooku gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,o, xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı yerin yaxınlığında olan “xxxxxxxxxxxx” MMC-nin Azadlıq filialının arxa tərəfdə olan zaman dəmir barmaqlıqlığın şüşə pəncərəsinin olduğunu görmüş, bir neçə dəfə filialın qarşısından keçdiyi üçün ofisdə noutbukların olduğunu bilmiş, oğurluq etmək üçün havanın qaralmasını gözləmiş, həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə, saat təxminən 23:15 radələrində həmin ofisin arxa hissəsi tərəfə keçmiş, zibilliyin yaxınlığından dəmir parçası götürmüş və ofisin dəmir barmaqlığı arasına salaraq dəmir barmaqlığın divara bərkidilmiş hissəsini qopartdaraq pəncərənin şüşəsinə zərbə ilə həmin dəmir parçasından vurmuş və şüşə ofisin içərisinə tökülmüş və barmaqlıqların köməkliyi ilə ofisin arxa hissəsindən salona daxil olmuş, ofisə daxil olan zaman ofisin daxilində olan mühafizə siqnalizasiya sisteminin işə düşdüyünü anlamış və orada olan masalardan birinin üzərindən 1 ədəd “HP” markalı noutbuk götürəndən sonra daxil olduğu şüşəsini sındırdığı pəncərədən yaşayış binasının həyətində düşmüş, oradan da ofisin yaxınlığında yerləşən zibilliyin yanında olan yaşadığı yerə gedərək oğurladığı noutbuku da sellofana bükərək yaxınlığına qoymuş, hadisəni törətdikdən bir neçə saatdan sonra, xx.xx.2020-ci il tarixdə, saat 02:30 radələrində polis əməkdaşları ona yaxınlaşaraq yanında olan noutbuku görüb onu sorğu-sual edərkən o “xxxxxxxxxxxx” MMC törətdiyi oğurluq cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin vaxt ona yaxınlaşmış şəxslər mühafizə polisinin əməkdaşları olduğunu bilmiş, bundan sonra oğurladığı noutbukla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 79 B saylı ünvanda yerləşən “xxxxxxxxxxxx” MMC-nin Azadlıq filialına apranda filialın müdiri həmin noutbuku tanımış, daha sonra polislər onu Nəsimi RPİ-nin 21-ci polis bölməsinə aparmış və bölmənin işçiləri onun sərxoş olduğunu görüb sərxoşluq müayinəsindən keçirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir təzyiq və yaxud da qanuna zidd hərəkətlərə yol verilməmiş, həmçinin cinayət əməlini törədərkən pəncərənin dəmir barmaqlıqlığını və şüşəsini qırdığı dəmir parçasını hara atdığını bilmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin gün həqiqətəndə içkili vəziyyətdə olmuş, tüfeyli həyat sürür, əvvəllər məhkum olunub, daimi yaşayış yeri olmadığından binaların zirzəmilərində yaşayır. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci ildən “Xəzər” firmasının baş direktoru vəzifəsində işləyir. Xəzər firmasının hüquqi ünvanı nizamnamədə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 36 ünvanı qeyd edilsə də, sonradan həmin ünvanda 28 May metrostansiyasının yeni çıxışı inşa edildiyi üçün, firma həmin ünvanla üzbəüz yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 79 B ünvanına köçmüş və faktiki həmin ünvanda fəaliyyət göstərir. “Xəzər” firması turizm xidmətlərinin göstərməsi ilə məşğuldur. Həmin firmada bir neçə ədəd firmaya məxsus notebooklar vardır. xx.xx.2020ci il tarixdə gecə saatlarında o yaşadığı evdə olduğu zaman ona polis əməkdaşları zəng edərək firmanın pəncərə şüşəsinin sındırıldığını, lakin firmaya girə bilmədiklərini onun firmaya gəlməsini xahiş etmiş, o, firmanın qarşısına gəldikdə 3 nəfər mühafizə polisinin əməkdaşının onu gözlədiyini görmüş, firmanın qapısını açıb firmaya daxil olanda 1 ədəd “HP” markalı notebookun oğurlanmasını aşkar etmiş, sonra isə mühafizənin işçiləri firmaya daxil olan şəxsi axtarmaq məqsəd ilə getmiş, təxminən 15-20 dəqiqədən sonra həmin polis işçiləri sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ilə birlikdə gəlib, ona notebooku təqdim etmiş, o, da həmin notebooku tanıyıb firmaya məxsus olmasını bildirmiş, Təqsirləndirilən şəxs həmin vaxt sərxoş olmuş və “mən tək Xəzər firmasının ofisinə daxil olub həmin notebooku pula ehtiyacım olduğu üçün oğurlayıb yanımda saxlayırdım kı, sabah satıb pul əldə edərəm” bildirmiş, o, daha sonra birlikdə 21 PB-nə gedərək Xəzər firmasının ofisindən oğurluq olması barədə ərizə ilə müraciət edərək oğurlanmış notebookun Xəzər firmasına məxsus olduğunu bildirmiş, həmin notebook qara rəngli, HP markalı olmaqla, “ProBook 4540s” modelidir, həmçinin notebook bir neçə il əvvəl 700 manat alınıb, lakin qaiməsi hazırda qalmamışdır. Notebook çox işləndiyi üçün hazırda dəyərinin 300 manat olması ilə razıdır. Xəzər firmasının pəncərə şüşəsinin və dəmir barmaqlığın qırılması nəticəsində firmaya 10 manat maddi ziyan dəymişdir. Bundan başqa zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin hadisə baş verən günü onun yanına polis əməkdaşları tərəfindən gətirildikdə cinayətin onun tərəfindən törətdiyini etiraf etmiş, nootbuku gec olduğundan səhər satacağını bildirmiş, gözlərinin altı göymüş və üstü-başı çirkab içindəymiş. Həmçinin Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə idarəsi polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki,xidmətinin əsas istiqaməti mühafizə siqnalizasiya sisteminə qoşulmuş mağaza və iaşə obyektələrinin mühafizəsinin təşkilindən ibarətdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə, təqribən saat 23:17-di radələrində Nəsimi rayonu, Azadlıq prospekti 53 ünvanında siqnalizasiya sisteminin işə düşməsi ilə bağlı idarəyə məlumat daxil olmuş, həmin məlumat əsasında tutucu qrupun üzvləri, yəni o, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 hadisə yerinə yollanmış, hadisə yerinə gedəndə ofisin sahibi Kamil hadisə barədə məlumat vermiş, hadisə yerini və yaxın ətraf ərazini axtardıqda ofisin yaşayış binasına tərəf olan dəmir barmaqlığını və şüşə pəncərənin sındırıldığını müəyyən etmiş, sonra Kamil hadisə yerinə gəldikdən sonra sonuncu ilə birlikdə ofisə daxil olduqda ofisdən bir ədəd noutbukun oğurlanmasını müəyyən etmişlər. Daha sonra isə yaxın ətraf ərazilərdə oğurluq etmiş şəxsin yaxalanması istiqamətində zəruri tədbirlər görmüş, xx.xx.2020-ci il tarixdə, saat 02:40 radələrində Nəsimi rayonu, Azadlıq prospekti 79 B ünvanında yerləşən “xxxxxxxxxxxx” MMC-nin Azadlıq filialının arxa hissəsi tərəfdə zibillik tərəfdə uzanmış vəziyyətdə olan bir nəfər şəxsin olduğunu gördükdə həmin şəxsə yaxınlaşaraq yaxınlıqda oğurluq hadisəsi baş verdiyini bildirmiş, həmin şəxsin yanında noutbuk olduğunu görmüş, sorğu-sual zamanı isə həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu, sonuncu yaxınlıqdakı zibil qutularının yaxınlığında gecələdiyini, zibil qutusunun yaxınlığından dəmir parçası götürərək həmin dəmir parçası ilə Xəzər firmasının ofisinin barmaqlığı və şüşə pəncərəsini sındıraraq ofisə daxil olaraq oradan 1 ədəd “HP” markalı noutbuku satmaq məqsədi ilə oğurladığını bildirmiş, onlar Elvinla birlikdə Xəzər firmasına gələndə Nümayəndə Təqsirləndirilən şəxs götürdüyü 1 ədəd “HP” markalı noutbuku tanımış, sonra ofisə oğurluq etməkdə şübhəli şəxs Təqsirləndirilən şəxsla daxil olanda ofisdən həqiqətən bir ədəd 1 ədəd “HP” markalı noutbukun oğurlandığı aydın olmuş, daha sonra onlar özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi xidməti avtomaşına əyləşdirib, əlində olan 1 ədəd HP markalı noutbukla birlikdə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparmış, raportla həmin şəxsi və 1 ədəd “HP” markalı noutbuku bölməyə təhvil vermişlər. O həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tək zibillikdə yaşadığını həmin oğurluq hadisəsini tək törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsi polis nəfərləri Şahid3 vəŞahid1 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cild 48-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 94-95-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 197-200-cü vərəqlərində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 12-13-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Nümayəndə zərərçəkmiş hüquqi şəxs “Xəzər” firmasının nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxx 2020-ci il tarixli 2/1333 saylı aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. Cinayət işinin 1-ci cild 114-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/113 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “HP” markalı, “ProBook 4540s” modelli, “Core i5” xüsusiyyətli istifadədə olmuş notebook-un 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 300,0 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 115-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 117-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli maddi sübutun tanınması və həlli barədə qərardan görünür ki, iş üzrə bir ədəd “HP” markalı, “ProBook 4540s” modelli, Core i5 xüsusiyyətli istifadədə olmuş notebook maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsinə qəbzlə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Hərbi Məhkəməsinin xx xxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 334.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 04 (dörd) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2017-ci il tarixli 558 saylı “Əfv” fərmanına əsasən azad edilmiş; 2) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.2-ci maddəsi ilə 04 (dörd) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2012-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 01 ay 15 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş; 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə 07 (yeddi) il 01 (bir) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 2019cu ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cild 104-109-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67-ci maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə, sonuncuya qəti olaraq 07 (yeddi) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin 1-ci cild 119-cu vərəqəsində olan qəbzdən görünür ki, Nümayəndə xx xxxxxx 2020-ci il tarixdə “Xəzər” firmasından oğurlanmış “HP” markalı, “Probook 4540s” modelli notebooku saz vəziyyətdə xx xxx 2020-ci il tarixdə təhvil almışdır. Cinayət işinin 2-ci cild 25-ci vərəqəsində olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsn, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun binaya qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxscəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxscəza təyin edərkən özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə 07 (yeddi) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədənxx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsəməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış01 ədəd “HP” markalı, “Probook 4540s” modelli, “Core i5” xüsusiyyətli istifadədə olmuş notebook Nümayəndə təhvil verildiyindən sonuncuya qaytarılmış hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki,Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili S.D.Səfərovun məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HP” markalı, “Probook 4540s” modelli, “Core i5” xüsusiyyətli istifadədə olmuş notebook Nümayəndə təhvil verildiyindən sonuncuya qaytarılmış hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görəBakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar