Məhkəmə qərarları › İş №1(006)-202/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-202/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-202/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1988-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi ev 16, mənzil 27-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs ona olan etibarlı münasibətindən istifadə edib sonuncuya xəstəliyi ilə əlaqədar dayandırılmış təqaüd ödənişinin 4000 manat pul müqabilində bərpa edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verərək etibarından sui-istifadə edib aldatmaqla 09 mart 2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında 3900 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Şahid Malik oğlunu uzun müddətdir ki, atasının qohumu kimi tanımışdır. Şahid oğlu X2 qulağında problem olduğu üçün bera müayinəsindən keçmək üçün tanış həkimin olub-olmadığını ondan soruşmuşdur. Bu zaman o, Respublika Diaqnostika Mərkəzində yaxşı həkimlərin olduğunu bildirmişdir. 2022-ci ilin fevral ayında X5 onunla birlikdə Respublika Diaqnostika Mərkəzinə getmiş həkimin qəbulunda olduqdan sonra bera müayinəsindən keçmişdir. Müayinə nəticəsində X2 qulağında karlıq olduğu müayinə edilmiş və bunu təsdiq edən sənədlər həmin şəxsin özünə təqdim edilmişdir. Bundan sonra Quliyevlər ailəsi şəxsi təşəbbüs göstərərək X2 qulağında karlıq olduğundan lazımi sənədləri düzəltdirib həmin şəxsə əlillik dərəcəsi almışdırlar. Bundan sonra Şahid oğlu Ruhlan Quliyevin işi düzəldiyi üçün onu qonaqlığa çağırmışdır. O həmin qonaqlığa getmiş və bu zaman orada Hüseyn adlı şəxs də iştirak etmişdir. Qonaqlıqda olan zaman Hüseyn bildirmişdir ki, həmin şəxsin pensiyası dayanmışdır. Həmin şəxsə tibbi sənədlərin verilməsi ilə bağlı köməklik edib edə bilməməsi barədə ondan soruşmuş və o da öz növbəsində köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxsla görüşüb ünvan 1 ünvanında 3900 manat pulu həmin şəxsdən əlbəəl təhvil almışdır. Bundan sonra, Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəxsi dövlət idarələrində təmsil etməklə bağlı ona etibarnamə verməlidir. Bundan sonra o, həmin şəxsin tibbi sənədlərini düzəltmək üçün təxminən 2000-2500 manat pul xərcləmiş və geridə qalan pulu şəxsi ehtiyacları üçün ödəmişdir. Zərərçəkmiş şəxsov ona zəng etdikdə o, həmin şəxsə işinin həll olacağını bildirmiş, lakin həmin şəxsin işini həll edə bilməmişdir. Çünki həmin şəxsin tibbi sənədlərinin nəticələri müsbət gəlməmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkimş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, uzun illər məhkəmə orqanlarında hakim vəzifəsində çalışmışdır. 2011-ci ildən isə İİ qrup əlil kimi təqaüdə çıxmışdır. Belə ki, o həmin müddətdən bəri təqaüdünü vaxtında almışdır. İlk olaraq onun əlilliyi hər il uzadılmış, lakin 2016-cı ildən isə onun əlilliyi 5 il müddətinə uzadılmışdır. Onun əlilliyi 2021-ci il tarixdə yenidən uzadılmalı olduğu halda, həmin zaman bütün dünyanı bürümüş “Covid-19” virusu ilə bağlı və o, həmin xəstəlik ilə iki dəfə stasionar vəziyyətdə müalicə aldığından əlilliyini uzada bilməmişdir. Şahid 2007-ci ilin sentyabr ayından Gədəbəy rayon məhkəməsində hakim vəzifəsində çalışdığı zaman Gədəbəy rayon prokurorluğunun işçisi kimi tanımışdır. Sonradan ona məlum olmuşdur ki, Salman onun kəndlisidir və Goranboy rayonundandır. Beləliklə, onların münasibətləri yaxınlaşmış və aralarında ailəvi gediş-gəliş olmuşdur. Onun pensiya məsələsində problem yaranan zaman Şahid bildirmişdir ki, bu sahədə işləyən qohumu var və ona köməklik göstərə bilər. Bundan sonra 2022-ci ilin mart ayının 2-si onlar birlikdə görüşmüşdürlər. Şahid Təqsirləndirilən şəxs adlı şəxsi ona təqdim edərək həmin şəxsin Şahid dayısının nəvəsi olduğunu bildirmişdir. Bundan sonra o, özünə məxsus pensiya ilə bağlı sənədlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxdıqdan sonra onun sənədlərinin qaydasında olduğunu və işinin daha rahat həll olacağını bildirmişdir. Bundan sonra ona bildirmişdir ki, yerli poliklinikadan göndəriş verilməlidir. Bundan sonra işlərə başlanacaq və əlavə olaraq həmin şəxs qeyd etmişdir ki, ona etibarnamə verilməlidir ki, sosial müdafiə məsələləri ilə bağlı bütün problemləri özü həll etsin. O, xx.xx.2022-ci il tarixdə poliklinika məsələsini özü həll etmiş və Respublika Xəstəxanasına göndəriş verilməsini təmin etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən notariat ofisində onun adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində eləcə də, Səhiyyə Nazirliyində sənədləşdirmə işləri aparması üçün Təqsirləndirilən şəxs 6 ay müddətinə etibarnamə vermişdir. Bundan sonra mart ayının 4-ü ilə mart ayının 7-si arası onlar görüşdükdə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bütün bu işlərin görülməsi ilə əlaqədar 4000 manat pul verməli olacaqdır və pulu verdikdən sonra heç bir yerə getməyəcəkdir. O, pulun verilməsi üçün iki üç gün vaxt istəmişdir. xx.xx.2022-ci il tarixdə 3900 manat pulu o həmin şəxsə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ünvanında yerləşən Hərbi Hospitalın qarşısında özünə məxsus avtomobildə əlbəəl vermişdir. Təqsirləndirilən şəxs 100 manat borclu qalmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, narahat olmasın özü həll edəcək o sonra həmin şəxsə geri qaytarar. Pulu verdikdən sonra həmin şəxs ona bir ədəd ərizə blankı gətirmiş və ona məzmununu özü diktə edərək ərizə yazdırmışdır. Ərizəni yazdıqdan sonra bildirmişdir ki, onun işi ilə bağlı aprel ayının 5-nə qədər ona sms gələcəkdir. Mart ayının 30-dan sonra o həmin şəxsə məxsus mobil nömrələrə dəfələrlə zəng etməyə çalışsa da, həmin şəxslə əlaqə yarada bilməmişdir. Aprel ayının 5-nə kimi ona heç bir sms mətni daxil olmamışdır. O, aldadıldığını düşünərək bunun barəsində əvvəlcə Şahid müraciət etmiş və Şahid ona bildirmişdir ki, narahat olmasın həll edəcəyik əgər həmin şəxs pulu verməsə Salman özü onun pulunu qaytaracaqdır. Şahid bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs nə məbləğdə pul verdiyini ondan soruşmuş, lakin o Şahid cavab verməmişdir. Daha sonra Şahid də onun işinin həl olunmasında ona köməklik göstərməmişdir. Bundan sonra o, Goranboy rayonuna getmiş və həmin Təqsirləndirilən şəxs qaynatası Feyruz adlı şəxslə söhbət etmiş və işin bu yerə gəlib çatdığını, pulunun geri qaytarılmasını istədiyini bildirmişdir. Lakin bütün bünlara baxmayaraq Təqsirləndirilən şəxs ondan almış olduğu 3900 manat pulu ona geri qaytarmamışdır. Bununla bağlı o hüquq mühafizə orqanlarına müraciət etməli olduğunu dərk etmiş və nəticədə DİN-in 102 Xidmətinə müraciət etmişdir. Cinayət işi məhkəməyə göndərilənə qədər Təqsirləndirilən şəxs həmin məbləğdən 400 manatını ona qaytarmış qalan məbləği isə verməmişdir. Hal-hazırda isə Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı barəsində heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda mülki iddiadan imtina edir. Məhkəmədən göstərilən halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan “Axtarışda olan şəxsin yaxalanması haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsində saxlanılarq Nəsimi RPİ-nin İŞ-nə təhvil verilmişdir. (i/v 70). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i/v 99). İş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən Nəsimi rayon prokuroru tərəfindən imtina edilmişdir. (i/v 122-124). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 125-126). İş materiallarında olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncunun tutularaq, Nəsimi RPİ-nin İŞ-nin 401-ci otağına təhvil verilməsi qərara alınmışdır. (i/v 131). İş materiallarında olan “Cinayət işinin təzələnməsi haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə könüllü olaraq Nəsimi RPİ-nin İstintaq Şöbəsinə gəlmişdir. (i/v 139). İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha onun dələduzluq etdiyini təsdiq etmişdir. (i/v 113-116). İş materiallarında olan “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. (i/v 142-143). İş materiallarında olan mülki iddiaçı qismində tanınma haqqında 12 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. (i/v 145). İş materiallarında olan “mülki cavabdeh qismində tanınma haqqında 12 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavadeh qismində tanınmışdır. (i/v 150). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 136-137). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarından və “Axtarışda olan şəxsin yaxalanması barədə” 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 may 2023-cü il tarixdə axtarış elan edilmiş və iş üzrə icraat onun olduğu yer müəyyən edlənə və məhkəməyə gətirilənə qədər dayandırılmışdır. Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 09:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində saxlanılaraq Nəsimi rayon məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-202/2023 saylı qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 1(006)-202/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanasından xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin CAŞnin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-202/2023 saylı qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 07 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, sonuncuya qarşı heç şikayət və tələbi yoxdur. Eyni zamanda mülki iddiadan imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törtəməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materilları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı irəli verilmiş mülki iddiaya xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs baş vermiş dələduzluq hadisəsi zamanı 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə müşavirə otağına gedənə kimi zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncuya qarşı heç şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda mülki iddiadan imtina etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-202/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 10 aprel 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında həbsdən azad edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı irəli verilmiş mülki iddiaya xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar