Məhkəmə qərarları › İş №1(006)-203/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-203/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-203/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Yeni Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış Kompleksi, ev 9, mənzil 28 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə hesab edilən metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 40 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,189 qram təşkil edən psixotrop maddə metamfetamini və ümumi çəkisi 0,289 qram təşkil edən narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 12:15-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Nəsimi rayonu, A.Mustafayev küçəsi, 2 saylı ünvanda yerləşən “Park20 Shoping2” ticarət mərkəzinin qarşısında saxlanılaraq Nəsimi RPİ 20-ci PB-nə gətirilmiş və polis bölməsində xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 2 bükümdə həmin narkotik vasitə heroin və 4 bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 72, mənzil 377-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Yeni Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış Kompleksi, ev 9, mənzil 28 ünvanında anasıyla birlikdə yaşayır. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə edir, həmin narkotik vasitələri tanımadığı şəxslərdən, şəhərin müxtəlif yerlərindən alır, sonuncu dəfə xx xxxxxx 2020-ci il tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 30 manata heroin, 10 manata şüşə kimi tanınan psixotrop maddə və 15 manata psixotrop həb aldığını, həmin həbləri şəxsi istifadəsi üçün hissələrə ayıraraq üzərində daşımağa başladığını, keçən bir həftə ərzində aldığı heroinin bir hissəsini tək istifadə etdiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə taksi (manatlıq taksi kimi tanınan) ilə gəldiyini və “Park 20 Shopping2” Ticarət Mərkəzinin qarşısında həmin taksidən düşdüyünü, şəhərə gəlməkdə məqsədinin xəstəliyi ilə bağlı müvafiq ağrıkəsici dərmanları aptekdən almaq olmasını, həmçinin şəhərdə gəzişmək istədiyini, taksidən düşərək bir neçə metr piyada yol getdikdən sonra 3 nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq xidməti vəsiqələrini və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirdiklərini, narkotik vasitə istifadəsində şübhəli olmağını bildirdiklərini və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını xəbər aldıqlarını, həmin şəxslərə üzərində narkotik maddələr olmasını etiraf etdiyini, daha sonra həmin polis əməkdaşları onu Nəsimi RPİ- nin 20-ci PB-nə dəvət etdiklərini, PB-də olduğu zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik maddənin olmasından şübhələndikləri üçün üzərinə baxış keçirəcəklərini, həmçinin baxış zamanı onun müdafiəçisinin olmasının zəruriliyini bildirdiklərində, maddi imkanının olmadığını dediyini, bundan sonra ona dövlət hesabına müdafiəçi, həmçinin üzərinə baxış keçirilən zaman video çəkiliş etmək üçün mütəxəsis dəvət etdiklərini, sonradan keçirilən baxış zamanı ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyinin təklif edildiyini bildirmişdir. Bundan sonra boz rəngli cins şalvarının sol cibindən içərisində “01” ədəd siqaret qutusunda “07” ədəd üzərində “ALYSE 150 mq.” yazıları olan həbləri və həmin siqaret qutusunun içərisində olan kibrit qutusunda “06” ədəd siqaret kağızı kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddələri, həmin şalvarının sağ cibində “05” ədəd 10 manatlıq və “03” ədəd 01 manatlıq Azərbaycan manatı pul əskinazlarını və “01” ədəd 05 qəpiklik, “02” ədəd 10 qəpiklik, “02” ədəd 20 qəpiklik pulları, həmçinin əynində olan gödəkçənin sağ cibindən qara rəngli dəriəvəzedici materialdan ibarət əl çantasını çıxardaraq təqdim etdiyini, həmin əl çantasında özünə aid şəxsiyyət və sürücülük vəsiqələri və **********40539/01 və **********40537/01 İMEİ kodlu, “Samsung Galaxy J7” markalı mobil telefonunu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, üzərində hər hansı bır əşyanın olmadığını bildirmiş, sonra üzərinə axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi gödəkçəsinə və köynəyinin ətrafına, həmçinin əynində olan boz rəngli cins şalvarının sağ-sol yan, həmçinin arxa ciblərinə baxılmış, lakin üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın aşkar olunmamışdır. Daha sonra isə ayağında olan ayaqqabısını çıxarmağı tələb olunduğunu və ayaqqabısını çıxarıb silkələdiyini, lakin heç bir əşyanın aşkar edilmədiyini, bundan sonra ondan üst-başını səliqəyə salmağının tələb edildiyini, üzərindən aşkar edilmiş bükümlərin və kapsulaların nə olduğunu deməklə təqdim etməyinin təklif olunduğunu, “07” ədəd kapsulanın güclü təsir edici həb olduğunu, digər 2 bükümdə heroin olmasını, digər 4 bükümdə isə şüşə kimi adlandırdığı metamfetamin olmasını bildirdiyini, ondan həmin narkotik vasitəni, psixotrop maddəni və güclü təsir edici həbləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitə, psixotrop maddəni və güclü təsir edici həbləri xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 55 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, az hissəsini istifadə etdiyini, qalan hissəsini isə üzərində şəxsi istifadəsi üçün saxlayaraq gəzdirdiyini bildirdiyini, mobil telefonları ilə ev və tanışları ilə əlaqə saxladığını dediyini, bundan sonra onun və polislərin iştirakı ilə ondan aşkar edilmiş maddələrin tərkibinin müəyyən olunması üçün həmin bükümlər və həblər qablaşdırılaraq möhürlənib ekspertizaya göndərildiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, ondan başqa anasının qayğısına qalacaq heç kimin olmamasını, ailəsini dolandıran yeganə şəxs olmasını, üçüncü qrup əlil olmasını, onun sağ gözünün görmədiyini və şüşədən olmasını, həmçinin əvvəllər məhkum olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin XMİÜ kiçik əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə «Xəyal» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən DİN-in BNMİ-nə və Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin 20-ci PB-nin rəhbərliyi adına raportla müraciət olunmuş, daha sonra isə, ondan, Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və “Xəyal” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Xəyal” adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni xx xxxxxx 2020-ci il tarixdə ünvan 5 saylı ünvanda yerləşən “Park 20 Shopping2” Ticarət Mərkəzinin qarşısına Nəsimi RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid1 və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə yollanmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 15 dəqiqə sonra, yəni saat 12:15-də “Xəyal” adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini ona təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmiş, şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olan, subay, əvvəllər məhkum olunmayan, işsiz, ünvan 6 mənzil 377 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, ev 9, mənzil 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs Nəsimi RPİ- nin 20-ci PB-nin inzibati binasının xidməti otaqların birində baş təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, özünün, Nəsimi RPİ 20-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nazim Qədirovun, Nəsimi RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı İ.Şahid2 və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmış, bundan sonra sonuncuya üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol cibindən “01” ədəd siqaret qutusunda olan “07” ədəd üzərində “ALYSE 150 mq.” yazıları olan həblər və həmin siqaret qutusunun içərisində olan kibrit qutusunda “06” ədəd siqaret kağızı kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddələri, həmin şalvarın sağ cibində “05” ədəd 10 manatlıq və “03” ədəd 01 manatlıq Azərbaycan manatı pul əskinazlarını və “01” ədəd 05 qəpiklik, “02” ədəd 10 qəpiklik, “02” ədəd 20 qəpiklik pulları, həmçinin əynində olan gödəkçənin sağ cibindən qara rəngli dəriəvəzedici materialdan ibarət əl çantasını çıxardaraq masanın üzərinə qoymuş, həmin əl çantasında üzərində Təqsirləndirilən şəxs aid şəxsiyyət və sürücülük vəsiqələri və **********40539/01 və **********40537/01 İMEİ kodlu Samsung Galaxy J7 markalı mobil telefon aşkar olunmuş, bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxsin üzərində hər hansı bir əşya olmadığını bildirmiş, sonra isə onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi boz rəngli cins şalvarının sağ və sol yan ciblərinə, həmçinin şalvarın ətəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, onun əynində olan gödəkçənin boynuna baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs ayağında olan ayaqqabılarını çıxarması tələb olunmuş və onun ayaqqabıları çıxarılıb yoxlanılmış və heç bir əşya aşkar edilməmiş, bundan sonra ondan ayaqqabılarını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmiş, sonra isə sonuncunun üzərindən aşkar edilmiş maddə və həblərin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə “06” büküm maddələrin “04” bükümünün narkotik maddə kimi tanıdığı “şüşə”, “02” bükümünün isə “heroin” olmasını, “07” ədəd kapsulada olan həblərin isə güclü təsir cdici maddə olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin maddə və həbləri xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 55 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirməsini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 07 ədəd üzərində “ALYSE 150 mq.” yazıları olan həblər və ümumi sayı 06 bükümdən ibarət olan maddələr baş təhqiqatçı Nazim Qədirov tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid3 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan boz rəngli cins şalvarının sol cibindən “01” ədəd siqaret qutusunda olan “07” ədəd üzərində “ALYSE 150 mq.” yazıları olan həblər və həmin siqaret qutusunun içərisində olan kibrit qutusunda “06” ədəd siqaret kağızı kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddələr aşkar edilmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olundu və müəyyən edildi ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan boz rəngli cins şalvarının sol cibindən “01” ədəd siqaret qutusunda olan “07” ədəd üzərində “ALYSE 150 mq.” yazıları olan həblər və həmin siqaret qutusunun içərisində olan kibrit qutusunda “06” ədəd siqaret kağızı kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddələr aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, özü heç bir yerdə işləmir, oğlunun isə xəstəliyi ilə əlaqədar yalnız yüngül işlərlə məşğul olmasını, onun anadangəlmə bir gözünün görmədiyini, Xəyalın üçüncü qrup əlil olmasını, onun sağ gözünün görmədiyini, sağ gözünün şüşə olmasını, Xəyalın atası isə hələ Xəyalın 6 yaşı olarkən, yəni 1997-ci il tarixdə vəfat etməsini, Xəyalın bir neçə müddətdir ki narkotik vasitə qəbul etmədiyini, ona həftədə bir dəfə Narkoloji Mərkəzdən həkim tərəfindən güclü təsir edici dərmanlar verilməsini, Xəyala bir neçə dəfə bu xəstəliyinə qalib gəlməsi üçün kömək etmək istəsə də, bunu bacarmadığını, özünün də ürək xəstəsi olmasını, Xəyalın qeyri qanuni hər hansı narkotik vasitə qəbul etməsi barədə heç bir məlumatının olmadığını, onun yalnız güclü təsir edici maddələr qəbul etməsini bildiyini, Xəyalın xəstəliyinə aid sənədlərin surətlərini, həmçinin atasının da 1997-ci ildən vəfat etməsi barədə olan sənədin surətini istintaqa təqdim edə biləcəyini, oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və ya narkotik vasitələri üzərində daşıması barədə qanunazidd davranışları barədə tıcç bir məlumatının olmadığını, onun yalnız həftədə bir dəfə həkim tərəfindən verilən güclü təsir edici dərmanları qəbul etməsini bildiyini qeyd etmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 127-133-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 65-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2587 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 1 ədəd kibrit qutuda 6 ədəd kağız bükümlərdə, onlardan 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,050 qram, 0,052 qram, 0,036 qram, 0,051 qram, ümumi təmiz çəkisi 0,189 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,146 qram və 0,143 qram, ümumi çəkisi 0,289 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin- “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri'-in İ siyahısına daxildirlər. Heroinin təmiz çəkisi – 0,289 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq 0,189 qram, metamfetaminin ümümi çəkisi 0,189, tədqiqata sərf edildi – 0,1 qram, qalıq 0,189 qram tədqiqata sərf edildi – 0,08 qram, qalıq 0,109 qramdır. Cinayət işinin 66 və 74-cü vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın hər birinin dəyəri 114 (bir yüz on dörd) manat olmaqla cəmi 228 (iki yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli, 188 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 169-177-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 0,189 qram heroin və 0,109 qram metamfetamin Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 137-ci vərəqələsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 56-cı vərəqəsində olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00-dan başlıyaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı X5 özünü təqdim edir, bundan sonra DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat Şahid2, Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid3 və Nəsimi RPİ-nin NMB-nın kiçik əməliyyat müvəkkili Şahid1, mütəxəssis qismində dəvət edilmiş X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol cibindən “01” ədəd siqaret qutusunda olan “07” ədəd üzərində “ALYSE 150 mq.” yazıları olan həblər və həmin siqaret qutusunun içərisində olan kibrit qutusunda “06” ədəd siqaret kağızı kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddələri, həmin şalvarın sağ cibində “05” ədəd 10 manatlıq və “03” ədəd 01 manatlıq Azərbaycan manatı pul əskinazlarını və “01” ədəd 05 qəpiklik, “02” ədəd 10 qəpiklik, “02” ədəd 20 qəpiklik pulları, həmçinin əynində olan gödəkçənin sağ cibindən qara rəngli dəriəvəzedici materialdan ibarət əl çantasını çıxardaraq masanın üzərinə qoymuş, həmin əl çantasında üzərində Təqsirləndirilən şəxs aid şəxsiyyət və sürücülük vəsiqələri və **********40539/01 və **********40537/01 İMEİ kodlu Samsung Galaxy J7 markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni digər hər hansı əşyanın olub-olmaması soruşulduqda, sonuncu heç bir əşyanın olmadığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun əynində olan boz rəngli cins şalvarın cibləri, kəməri, ayaqqabıları, corabları yoxlanılır, lakin heç nə aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması barədə soruşduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin və metamfetamin olduğunu, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 55 manata öz istifadəsi üçün aldığını aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə hesab edilən metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ondan başqa anasının qayğısına qalacaq heç kimin olmamasını, ailəsini dolandıran yeganə şəxs olmasını, üçüncü qrup əlil olmasını, onun sağ gözünün görmədiyini və şüşədən olmasını, həmçinin əvvəllər məhkum olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, ondan başqa anasının qayğısına qalacaq heç kimin olmamasını, ailəsini dolandıran yeganə şəxs olmasını, üçüncü qrup əlil olmasını, onun sağ gözünün görmədiyini və şüşədən olmasını, həmçinin əvvəllər məhkum olmamasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək, yəni 03 (üç) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 07 (yeddi) ay 14 (on dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli, 188 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,189 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və və 0,109 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 228 (iki yüz iyirmi səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək, yəni 03 (üç) ay 22 (iyirmi iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,189 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertiza tədqiqatından sonra qalmış 0,109 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 istintaq orqanında iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar