Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-203/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Əliabad ərazi dairəsi, Əliabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Görədil qəsəbəsi, Ələsgər küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin əmlakını açıq talamaqla soyğunçuluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Tap.az” elan saytında “Redmi 13C" markalı mobil telefonun satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs zəng vurub guya mobil telefonu almaq üçün sonuncu ilə ünvan 1 ünvanın qarşısında görüşmək barədə razılaşdıqdan sonra 09 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə görüşüb sonuncudan içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 18 manat dəyərində ***-***-**-** və 6 manat dəyərində ***-***-**- ** saylı nömrələr olan 285 manat dəyərində “Redmi 13C” markalı mobil telefonu götürərək guya arvadına göstərməsi adı ilə həmin ünvanın yaxınlığında yerləşən “Ailə market” mağazasına daxil olmuş və Zərərçəkmiş şəxs onun arxası ilə gəldiyini görüb əmlaka əlçatanlığı təmin etmək məqsədilə mağazanın digər qapısından çıxıb qaçarkən DİN-in X5 Alayının 9-cu Patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib özgənin əmlakını açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 309 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluğa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi sıxıntıları olduğundan xx.xx.2024cü il tarixdə “Tap.az” internet saytında bir telefon tapıb telefonu ələ keçirmək qərarına gəlmişdir. Həmin zaman o, qeyd etdiyi saytda Zərərçəkmiş şəxs “Redmi 13C" markalı telefonunu satdığını görmüş və “whatsapp" mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlamışdır. Həmin şəxs xx.xx.2024-cü il tarixdə məşğul olduğunu və uyğun vaxtda görüşərək telefona baxış keçirə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Şəhram onunla əlaqə saxlamış və onlar Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “20 Yanvar" metrostansiyasının çıxışında saat 21:30-da görüş təyin etmişlər. Qeyd olunan ünvanda və saatda o, Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Şəhram ona telefonu təqdim etmiş və 200 (iki yüz) manata satdığını bildirmişdir. O, telefona baxış keçirərək Şəhrama müəyyən suallar verib onun diqqətini yayındırmağa çalışmışdır. Bir qədər sonra o, telefonu yaxınlıqda yerləşən ətir mağazasında olan həyat yoldaşına göstərmək istədiyini bildirmiş və həmin ünvanın yaxınlığında yerləşən ətir mağazalarından birinə daxil olmuşdur. Mağazada olarkən mağazanın arxa tərəfdə də qapısının olduğunu görmüş və telefonu ələ keçirərək həmin qapıdan çıxıb getmək qərarına gəlmişdir. O, Şəhramın onu mağazanın çöl tərəfində gözlədiyini düşünmüş, lakin Şəhram onun ardınca mağazaya girmişdir. O, arxa qapıdan çıxdıqda Şəhram onun arxasınca qaçmağa və qışqırmağa başlamışdır. O da metro stansiyası istiqamətində qaçmağa başlamış və qarşıdan iki nəfər polis əməkdaşının ona tərəf gəldiyini görmüşdür. Polis əməkdaşlarını görən kimi ələ keçirdiyi telefonu yerə atmış və polislərin yanından keçərək qaçmağa davam etmişdir. Lakin o, oradan çox uzaqlaşa bilməmiş, polis əməkdaşları onu saxlamış və Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə aparmışlar. O, bu hadisəni törədən zaman spirtli içkinin təsirində olmuşdur. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. O, hadisə zamanı qaçarkən özünəməxsus telefonu cibindən düşürərək itirmişdir. Yəni saxlanılarkən onun üzərində artıq heç bir telefon olmamışdır. O, hadisə nəticəsində xəsarət almamış, sadəcə olaraq qaçarkən yıxılmış, heç bir ciddi xəsarət almamışdır. Həmin zaman ətrafda bir neçə nəfər şəxs olsa da o, həmin şəxslərin heç birini tanımamışdır. O, iz itirmək üçün özünü fərqli adla təqdim etmişdir. Həmçinin zərərçəkmiş şəxsin ona inanması üçün telefonu guya həyat yoldaşına alacağını bildirmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, maddi sıxıntıları olduğundan 04 oktyabr 2024-cü il tarixdə özünə məxsus olan “Redmi 13C" markalı, **********06665 və **********06673 İMEİ kodlu mobil telefonu 200 (iki yüz) manata satmaq məqsədilə “Tap.az” internet saytında elan yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə hazırda xatırlamadığı nömrədən ona zəng gəlmiş və özünü əslən Lənkəran rayonundan olan Babək adı ilə təqdim edən şəxs telefonunu almaq istədiyini bildirmişdir. O, həmin tarixdə Biləsuvar rayonuna getməli olduğundan həmin şəxslə görüşə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə qayıtdıqda həmin şəxslə əlaqə saxlamış və həmin şəxs ona “Həzi Aslanov” metrostansiyası yaxınlığında görüşmək və telefona baxış keçirmək istədiyini bildirmişdir. Həmin şəxs telefonu həyat yoldaşı üçün almaq istədiyini ona bildirmişdir. Həmin şəxs bir qədər sonra onunla yenidən əlaqə saxlayaraq “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmək istədiyini bildirmiş və o, həmin şəxslə razılaşmışdır. Lakin o, həmin şəxsin danışıq tərzindən şübhələnmiş və görüşə getməmişdən əvvəl telefonun “location”, yəni “məkan” tətbiqini açıq vəziyyətə gətirmişdir ki, həmin şəxs telefonunu oğurlasa daha sonra telefonun olduğu yeri tapa bilsin. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, həmin şəxslə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “20 Yanvar” metrostansiyasının çıxışında görüşmüşdür. Həmin şəxs telefona baxış keçirməyə və ona telefonla əlaqəli bir neçə suallar verməyə başlamışdır. Daha sonra həmin şəxs yaxınlıqda yerləşən ətir mağazasında telefonu həyat yoldaşına göstərib gələcəyini bildirmişdir. Lakin o, həmin şəxsdən şübhələnmiş və ardınca həmin mağazaya getmişdir. Oraya getdikdə həmin şəxsin mağazanın arxa qapısından çıxaraq qaçmağa başladığını görmüş və ardınca o da qaçmağa başlamışdır. Həmin şəxs binaların arasından görüşdükləri “20 Yanvar” metrostansiyasının çıxışı istiqamətinə qaçmışdır. Həmin istiqamətdə polis əməkdaşları da olduğundan həmin şəxsi dərhal yaxalamış və onları Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə getdiyi zaman özünü ona Babək adı ilə təqdim etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs polisləri görən zaman ona məxsus olan mobil telefonu yerə atmış, nəticədə onun telefonunun ekranı tam yararsız vəziyyətə düşmüşdür. Ona 285 (iki yüz səksən beş) dəyərində olan, üzərində 18 (on səkkiz) manat dəyərində ***-***-**-** və 6 (altı) manat dəyərində ***-***-**-** GSM nömrələri olan “Redmi 13C” markalı mobil telefon olmaqla ümumilikdə təxminən 309 (üç yüz doqquz) manat maddi ziyan dəymişdir. Polis əməkdaşları tərəfindən onun mobil telefonu ekranı sınmış vəziyyətdə Təqsirləndirilən şəxs ona qaytarılması üçün geri alınmışdır. Daha sonra ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X5 Alayının 9-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 09 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində polis baş serjantı Şahid1 və polis serjantı Şahid3 ilə birlikdə inzibati ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində xidmət apardıqları zaman iki nəfər şəxsin qaçaraq üzərilərinə gəldiyini görmüşlər. Həmin şəxslərdən irəlidə olanı onları gördükdə istiqamətini dəyişərək yanlarından keçib əks istiqamətə qaçmağa başlamışdır Dərhal hadisəyə reaksiya verərək həmin şəxsin ardınca qaçaraq onu saxlamışlar. Həmin şəxs onları görən kimi üzərində olan mobil telefonu yerə atmışdır. Onlar həmin şəxsi saxladıqdan sonra həmin telefonu yerdən götürmüş və ekranının sınmış vəziyyətdə olduğunu görmüşlər. Bu zaman geridən gələn şəxs onlara yaxınlaşaraq saxladıqları şəxsin mobil telefonunu götürərək qaçdığını bildirmişdir. Onlar həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Saxladıqları şəxs Təqsirləndirilən şəxs, digər şəxs isə Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hadisə barədə məlumat verməsini tələb etdikdə həmin şəxs onlara yerə atdığı “Redmi” markalı mobil telefonu göstərərək törətdiyi əməli etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yerə atmış olduğu mobil telefonla birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə təhvil vermişlər. Bu zaman Zərərçəkmiş şəxs də onlarla polis şöbəsinə gəlmişdir. Daha sonra onlar "Redmi" markalı mobil telefonu şöbənin təhqiqatçısı Səbuhi Hüseynova təhvil verərək öz xidməti ərazilərinə geri qayıtmışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman, Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gətirilən zaman və Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında olduğu zaman Təqsirləndirilən şəxs hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahidlər X5 Alayının 9-cu Patrul bölüyünün polis nəfərləri, polis baş serjantı Şahid1 və polis serjantı Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.28); - “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.54); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 oktyabr 2024-cü il tarixdən, saat 23:00-dan hesablanmışdır (i.v.83- 86); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nəsimi rayonu, Moskva prospekti 50 ünvanında yerləşən “20 Yanvar” metrostansiyasının çıxışıdır. Hadisə yerinin fotoşəkli çəkilərək materiala əlavə edilmişdir (i.v.8-9); - “Əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd göy rəngli “Redmi 13C” markalı mobil telefona Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs özünə məxsus olan 01 ədəd göy rəngli “Redmi 13C" markalı mobil telefonu xüsusi əlamətlərindən tanımışdır (i.v.48-49); - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir (i.v 74-77); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1412 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət - sol alt göz qapağı və gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna edilmir (i.v.109-111); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 dekabr 2024-cü il tarixli 9/9236 nömrəli rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş 01 ədəd göy rəngli “Redmi 13C" markalı mobil telefonun istifadədə olması nəzərə alınmaqla, hazırki ekranı zədəli vəziyyətdə 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ümumi nəzəri hesablama yolu ilə təxminən 150 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v.112-115); - “Maddi sübut kimi tanınmaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “Redmi 13C” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və istintaq zamanı saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v.118); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 29,180.1-ci maddəsinə tövsif edilmişdir (i.v.122-128); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (i.v.130); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Həsənov X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3, 67.1 və 68.2-ci maddələri ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 900 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2021-ci ildə Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 02 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə əvəz edilmişdir (i.v.99-101). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.(3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,180.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 09 oktyabr 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “Redmi 13C” markalı mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, 24 saata görə cəmi 164 (yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “Redmi 13C” markalı mobil telefonun Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 164 (yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-203/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-203/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver