Məhkəmə qərarları › İş №1(006)-204/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-204/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-204/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,268 və 0,174 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 01 saylı ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibində olan pul kisəsinin içərisindən həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 01 saylı ünvanda tanışı X6 ilə birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 19-cu polis şöbəsinə gətirilmişlər. Orada onun və Nəcəfin üzərində axtarış aparılmış və guya onlarda olan pul kisəsinin içərisindən heroin və “şüşə” deyilən psixotrop maddə, şpris və boş şüşə ampulalar çıxmışdır. Bildirir ki, Nəcəfin üzərindən aşkar olunan pul kisəsini və içərisində olan əşyaları polis əməkdaşları daha sonra onun cibinə qoyaraq üzərində guya axtarış aparmışlar. Onun bu əməldə heç bir təqsiri yoxdur. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işləyən Şahid1 şahid qismində ifadəsində göstərdi ki, cibgirlik cinayətlərinə qarşı mübarizə tədbirləri çərçivəsində xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində iş yoldaşları Haqverdi Vəliyev, Şahid2 və Seymur Əsgərovla birlikdə inzibati ərazidə olarkən ünvan 3 ünvanda iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüşlər. Buna görə də onlara yaxınlaşıb şəxsiyyətlərini müəyyən etmək istəmiş, lakin onların üzərində sənədlər olmamışdır. Eyni zamanda bu şəxslərin hərəkətləri narkotik vasitənin təsiri altında olmasına dəlalət edirdi. Bununla əlaqədar onları 19-cu polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də buna etiraz etməmişlər. Şöbədə bu şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə X6 olduğu müəyyən edilmişdir. Orada hər iki şəxsin üzərində axtarış aparıldı. O və iş yoldaşı X11 Ağayevin üzərində videoçəkilişlə aparılan axtarışda iştirak etmişdir. Öncə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Sonuncu da əynindəki qara rəngli cins şalvarın sol cibindən bir ədəd qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisindən iki ədəd siqaretin gümüşü rəngli kağızına, bir ədəd şəffaf sellofan kağıza bükülmüş narkotik vasitəyə bənzər maddələr, iki ədəd “voda” sözləri yazılmış 5 ml olan sındırılmış şüşə ampul, bir ədəd qara rəngli alışqan, bir ədəd “valerian ekstrakt” yazılmış ampul, bir ədəd içərisi boş olan 100 ml şpris və dörd ədəd qırmızı rəngli “trupka” aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs iki ədəd siqaretin gümüşü rəngli kağızında heroin və bir ədəd sellofan kağızda isə metafemtamin olduğunu, həmin maddələri öz istifadəsi üçün iki gün əvvəl Yasamal rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan:  “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli protokola və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun geyindiyi cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul kisəsinə bənzər qab aşkar edildi. Həmin qabın içərisində 04 ədəd qırmızı rəngli “trupka”, 01 ədəd “valerian ekstrakt” yazılı ampul, 02 ədəd “voda“ sözləri yazılmış 5 ml olan sındırılmış boş şüşə ampul, 01 ədəd şpris, 01 ədəd qara rəngli alışqan və 03 ədəd ağ şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər maddələr var idi. Təqsirləndirilən şəxs bildirir ki, ağrıları olduğu üçün həmin maddələri 2 gün əvvəl öz istifadəsi üçün alıb. Protokol bütün iştirakçılar tərəfindən imzalanıb (cild İ, i.v.41-47, disk);  Məhkəmənin sorğusu əsasında əldə olunmuş X4 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair 1(006)- 202/2021 saylı cinayət işində olan şəxsin üzərində axtarış aparılması istintaq hərəkətini əks etdirən videogörüntüyə görə X6 əynindəki cins şalvarın arxa cibində olan qara rəngli pul kisəsinin içərisindən ancaq ağ şəffaf bükümdə 03 ədəd kağıza tozşəkilli maddələr aşkar edilir. N.İsazadə üzərindən aşkar olunmuş pul kisəsi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul kisəsinə bənzər qabların tam fərqli olması açıq görünür (İİ cild); “ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2605 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “....Təqsirləndirilən şəxs (imza)....” sözlər və imzalar olan bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,268 və 0,174 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi - 0,059 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir. Tədqiqatdan sonra metafetaminin ümumi qalıq çəkisi 0,029 qram, heroinin ümumi qalıq çəkisi 0,382 qram, aparılmış tədqiqatın dəyəri 91,76 manat təşkil edir (İ cild, i.v.57-60);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)- 680/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.101-103);  “Maddi sübut kimi tanınmaq haqqında” xx xxxxxx 2020-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,382 qram heroin və 0,029 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin miqdarı şəxsi istehlak miqdarı həddini aşmadığı üçün ona bu hissədə ittihamın verilməməsi nəzərə alınmışdır (İ cild, i.v.105, 129-137);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X1 haqqında xx.xx.2021-ci il tarixli, 54 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.122-123);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını tam çəkmişdir (İ cild, i.v.113, 119-121). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda“əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməldə özünü təqsirli bilməsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillərlə onun bu əməli tam sübuta yetirilir. Buna görə də məhkəmə bu halı Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdlər kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, bununla da bir şəxs kimi yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olmasını, məhkum edildikdən və cəzasının çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,382 qram narkotik vasitə olan heroin və 0,029 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 91,76 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü“maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə“(vəkilə)“ödənilən haqq hər iş saatı üçün“6“manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,382 qram narkotik vasitə heroin və 0,029 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar