Məhkəmə qərarları › İş №1(006)-204/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-204/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-204/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1962-ci ildə Masallı şəhəri, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,463 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 25 dekabr 2024-cü il tarixdə saat 16:40-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,463 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. Əvvəllər məhkum olunmuşdur. Azadlıqda olduğu müddətdə isə fərdi qaydada duracaqda nəzarətçi kimi çalışmışdır. Təxminən 5 ildir ki, narkotik vasitə heroin istifadəçisidir. Həmin maddələrdən çox vaxt inyeksiya yolu ilə qəbul edir. Qeyd olunan maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə 25 dekabr 2024-cü il tarixdə səhər saatlarında həmin maddələrdən əldə edə bilmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan əraziyə getmişdir. Orada bir müddət vaxt keçirdikdən sonra tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Həmin şəxsdən bir ədəd bükümdə öz istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Həmin şəxs ona 10 manat qarşılığında bir ədəd şəffaf sellofan bükümdə heroin satmışdır. Qeyd olunan bükümü əynində olan şalvarının sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Lakin bir müddət sonra, daha dəqiq 25 dekabr 2024-cü il tarixdə saat 16:40 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra onu Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər və polis idarəsində olarkən ona müddafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Barəsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olubolmamasını soruşulmuşdur. Həmin zaman o, əynində olan qara rəngli vilvet şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi axtarış istintaq hərəkəti keçirilməmişdən bir qədər əvvəl əldə etdiyi narkotik vasitə heroindən ibarət bir bükümü və şalvarının sol yan cibindən ümumi məbləği 124 manat təşkil edən pul əskinaslarını, eləcə də əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd özünə məxsus içərisində ***-***-**-** saylı mobil nömrə olan Nokia markalı mobil telefonu, bir ədəd mənzil açarını, bir qutu Rotmans markalı siqareti, bir ədəd alışqanı, sürücülük vəsiqəsini və 01 ədəd “birbank” bank kartını polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində başqa əşya və predmet olub-olmaması yoxlanıldıqda əlavə nəsə olmadığı müəyyən edilmişdir. O, təqdim etdiyi həmin maddənin narkotik vasitə olduğunu etiraf edərək “Kubinka” adlanan ərazidən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqdim etdiyi bükümə təhqiqatçı tərəfindən baxıldıqdan sonra müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Qeyd olunan hərəkətlərin hər biri müvafiq qaydada sənədləşdirilmişdir. Üzərindən aşkar olunmuş digər özünə aid əşyalar, sənəd və pul əskinasları özünə geri qaytarılsa da mobil telefonu istintaq əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür. Sonradan üzərindən aşkar olunaraq götürülmüş həmin bükümün içərisindəki kütlənin 1,463 qram çəkidə narkotik vasitə heroin olduğu məhkəməkimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə heroini 25 dekabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə rastlaşdığı tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin maddələrdən kiməsə verməmişdir və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Qeyd olunan bükümdəki maddədən istifadə etməyə macal tapmamış polis əməkdaşları tərəfindən saxlanılmışdır. 25 dekabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə narkotik vasitə heroin əldə etdiyi şəxsin anket məlumatlarını, mobil telefon nömrəsini bilmir və haqqında hansısa məlumatı yoxdur. Ancaq həmin şəxsdən bir neçə dəfə narkotik vasitə heroin əldə etdiyi üçün həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilir. Polis əməkdaşlan tərəfindən saxlanılarkən və ya saxlanıldıqdan sonra ona hansısa təzyiq göstərilməmişdir və fiziki müdaxilə olunmamışdır. Onun üzərində yalnız polis şöbəsində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1962-ci ildə Masallı şəhəri, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlayaraq gəzdirməsi bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixdə özünün rəhbərliyi ilə və Bakı şəhəri Nəsimi Nəsimi Rayon Polis İdarəsinin İTS-nin YYC-la profilaktiki işin təşkili bölməsinin inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Şahid2 ilə birlikdə məlumat əsasında xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanın qarşısına getmiş və həmin günü saat 16:40 dəqiqədə xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirib saxlamış, özləri ilə Nəsimi RPİ-nin inzibati binasına gətirmişlər. Sonra Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəycvə təhvil vermişlər. Daha sonra təhqiqatçı tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilərək hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edildi və Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların və müdafiəçisinin iştirakı ilə video çəkiliş apanlmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da bu təklifdən sonra əynində olan qara rəngli vilvet şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə kütləni və və şalvarının sol yan cibindən ümumi məbləği 124 manat təşkil edən pul əskinaslarını, eləcə də əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd Nokia markalı mobil telefonu, bir ədəd mənzil açarını, bir qutu Rotmans markalı siqareti, bir ədəd alışqanı, özünə məxsus sürücülük vəsiqəsini və 01 ədəd “birbank” bank kartını çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində qəhvəyi rəngli maddə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar, sənəd və pul əskinasları özünə geri qaytarılsa da mobil telefon istintaq əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan həmin maddəni xx.xx.2024cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan və polis idarəsinə gətirilən zaman, eləcə də polis idarəsində üzərinə şəxsi axtarış keçirilərkən qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Nəsimi Rayon Polis İdarəsinin İTS-nin YYC-la profilaktiki işin təşkili bölməsinin inspektoru Şahid2 oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmaq və icraata qəbul etmək haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); “Şübhəli şəxsin tutulması haqqında” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:30-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24-25); “Şəxsi axtarış və götürmə haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 36-37); “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli vilvet şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə kütləni və və şalvarının sol yan cibindən ümumi məbləği 124 manat təşkil edən pul əskinaslarını, eləcə də əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd Nokia markalı mobil telefonu, bir ədəd mənzil açarını, bir qutu Rotmans markalı siqareti, bir ədəd alışqanı, özünə məxsus sürücülük vəsiqəsini və 01 ədəd ‘birbank” bank kartını təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellefona bükülmüş kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyini və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (i.v. 40-41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2024-cü il tarixli, 6/5576 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,463 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 50-53); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7980 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və opoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxan olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 56-57); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 69); “Telefona baxış keçirilməsii haqqında” 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin İŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman olunaraq götürülmüş Nokia markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Nokia markalı mobil telefon arxa səthi qara rənglidir. Ekran kiçik ölçülü olmaqla zədəsidir, telefonun arxa qapağı zədəli haldadır. Telefonun ön hissəsində düymələr mövcuddur. Qeyd olunan mobil telefonu yandırdıqda “Nokia” yazısı ekranda əks olunur. Telefon smartfon tipli olduğundan proqram və fotoqalareya mövcud deyildir. Telefona baxış keçirilən zaman mobil telefonun mesaj bölməsində iş üçün sübut əhəmiyyəti kəsb edən ismarıclar aşkar olunmadı. Baxış zamanı qeyd olunan mobil telefon tərtib olunmuş protokola əlavə olundu (i.v. 87); “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Nicat Həsənlinin 27 dekabr 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi və o, Nəsimi RPİ-nin X4 azad olunması qərara alınmışdır (i.v. 93-94); “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcllləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir(i.v. 109-110); “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,463 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd “DVD” disk maddi sübut kimi tanınması qərara alınmışdır (i.v. 112-119). Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli vilvet şalvarın sağ yan cibində 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə müvafiq olaraq narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,463 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1.413 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar