Məhkəmə qərarları › İş №1(006)-205/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-205/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-205/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-68/2025 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,250 qram çəkidə narkotik vasitə heroini və 0,249 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 22:45-də Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 213 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,219 qram və 0,031 qram olmaqla ümumi təmiz çəkisi 0,250 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 0,249 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən alıb, folqada yandırmaqla tüstüsünü qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16-17 radələrində “İnstagram" sosial şəbəkəsindən istifadə edən zaman xatırlamadığı profil istifadəçisi ona ismarıc yazaraq ondan narkotik vasitə istifadə edib-etmədiyini, ona narkotik vasitə lazım olub-olmadığını soruşmuşdur. O, əvvəlcə həmin şəxsə güvənməyərək həmin şəxsin təklifi ilə razılaşmamışdır. Həmin şəxs isə onunla qarşılaşmayacağını, pulu həmin şəxsin bank hesabına göndərdikdən sonra ona narkotik vasitənin olduğu yerin şəklini və konumunu atacağını bildirdikdən sonra həmin şəxs ilə razılaşmışdır. O, həmin şəxsə 45 manat pulu olduğunu 2 büküm narkotik vasitə heroin, 1 büküm də psixotrop maddə metamfetamin istədiyini demişdir. Həmin şəxs onunla razılaşaraq “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə bank hesab nömrəsi göndərmişdir. O, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən, “Araz” adı ilə fəaliyyət göstərən marketin daxilində olan “Milli ön” ödəmə terminalı vasitəsi ilə həmin şəxsin ona göndərdiyi bank hesabına 45 manat pul köçürtmüşdür. Təxminən 5-10 dəqiqə sonra həmin şəxs ona narkotik vasitə və psixotrop maddənin olduğu yerin şəklini və konumunu “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Daha sonra isə həmin şəxs, aralarında olan bütün yazışmaları silərək istifadə etdiyi profili bağlamışdır. Həmin gün təxminən saat 20 radələrində həmin şəxsin ona göndərdiyi konuma yəni, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qara Qarayev" metrostansiyasının yaxınlığına getmiş və şəkildə göstərilən binanın qarşısında yerləşən ağaca yaxınlaşmış, ağacın budağına ilişdirilmiş sellofan torbanın içərisində olan narkotik vasitə və psixotrop maddəni götürərək yaşadığı evə qayıtmışdır. Bükümlərdən birinin içərisində olan narkotik vasitə heroinin çox hissəsini istifadə edərək bir qismini də gecə istifadə etmək üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:45-də Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 213 ünvanının qarşısı ilə piyada getdiyi zaman tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmişlər və polis əməkdaşları olduqlarını demişlər. Ondan özü haqqında məlumat verməsini istəmişlər. O, anket məlumatları haqqında şifahi olaraq məlumat verdikdən sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-yə getmişdir. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis söbəsinin inzibati binasinda xidməti otaqlardan birinə dəvət edilmişdir. O, könüllü olaraq müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Polis əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə üzərində axtarış aparılmağa başlanılmışdır. İlk əvvəl üzərində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynindəki şalvarın cibindən 3 ədəd bükümü və özünə məxsus “Honor X5" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyub təqdim etmişdir. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra üzəri tam olaraq yoxlanılmış və heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Təqdim etdiyi 3 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur. Üzərindən aşkar olunaraq götürülən bükümlər 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Ona məxsus olan mobil telefon da qablaşdırılaraq iş üçün əhəmiyyətli olması ona izah edildikdən sonra götürülmüşdür. Şifahi sorğu sual zamanı narkotik vasitə və psixotrop maddəni “Nasir“ kimi internetdə tanış olduğu İran İslam Respublikası vətəndaşından "zakladka" kimi bildiyi üsulla “Q.Qarayev" metrostansiyası yaxınlığında öz istifadəsi üçün 45 manata aldığını bildirmişdir. Daha sonra törətdiyi əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-də xidmətdə olan zaman “Amin” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun və Nəsimi RPİ-nin 22-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Amin” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Ondan və Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs gördükdə həmin şəxsə saat 22:45-də yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bildirirək sonuncunu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etdikdə o, buna etiraz etməmişdir. Həmin şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirildikdən sonra Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə rəhbərliyə raportla məruzə etmişlər və həmin raportun icrası Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Azər Aslanlıya həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışdırlar. Təqsirləndirilən şəxs vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkilin və onun öz istəyi ilə şəxsi axtarışda vəkil iştirak etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, ilk öncə əynindəki şalvarının cibindən bir ədəd «Honor X5» markalı mobil telefonu, daha sonra üç ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən iki ədədinin içərisində el arasında “kakos” adlanan narkotik vasitə və bir ədəd bükümün içərisində el arasında “patı” adlanan psixotrop maddə olduğunu və həmin bükümləri bir gün əvvəl "Nasir” kimi sosial şəbəkədə tanış olduğu İran islam Respubliksı vətəndaşından 45 manata “zakladka” kimi bildiyi üsulla Q.Qarayev metrostansiyası yaxınlığından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd «Honor X5» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra iştirakçılara Təqsirləndirilən şəxs aşkar olunmuş üç ədəd bükümlərin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra üç ədəd büküm zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:05-də şübhəli şəxs qismində tutulmuşdur, azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdə saat 22:45-dən tutulmuş hesab edilir (i.v.21-22); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.65-66); - “Təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.88-89); - “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.90-91); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.128-131); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən iş üzrə dayandırılmış icraat təzələnmiş və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v.134-135); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 03 ədəd bükümün içərisində 02 bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (i.v.38-39); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd «Honor X5» markalı mobil telefona baxış zamanı mobil telefonun “yığılmış”, “qəbul edilmiş”, “zənglər” və “SMS” bölməsində heç bir məlumatın olmadığı müəyyən edilmişdir (i.v.116); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/4845 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi, “Şübhəli şəxs: (İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,219 qram və 0,031 qram, ümumi təmiz çəkisi 0,250 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (i.v.46-50); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6745 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.99-100); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 məhkəmə-psixatirik ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 5126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunana əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.113-114); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03(üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,250 qram olan narkotik vasitə heroin və 0,249 qram olan psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,180 qram narkotik vasitə heroin və 0,199 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.140-148); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v.102); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-68/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablanmışdır; - Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərinin qeydə alındığı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim edir, həmin bükümlərdən 01 ədəd şəffaf sellofana bükülmüş bükümün və 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində “kakos” adlı narkotik vasitənin və 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində isə “patı”, “daş” adlanan psixotrop maddənin olduğunu bildirir, həmin maddələri saxlanılmamışdan bir gün əvvəl internet üzərindən tanış olduğu “Nasir” adlı İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün 45 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 4(005)-68/2025 saylı qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 6745 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,180 qram narkotik vasitə heroin və 0,199 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat olmaqla, ümumi 32 saata görə cəmi 232 (iki yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-68/2025 saylı qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,180 qram narkotik vasitə heroin və 0,199 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 232 (iki yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar