Məhkəmə qərarları › İş №1(006)-206/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-206/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-206/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Kürdəmir rayonu, Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, 04 dekabr 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı Metropoliteni QSC-nin «Memar Əcəmi» stansiyasının platformasında metronun çıxışına tərəf olan pilləkənlərdə sərnişinlərin sıxlığından istifadə edərək onun qabağı ilə gedən sərnişin Zərərçəkmiş şəxs əynində olan paltosunun sağ cibindən sonuncuya məxsus 1 ədəd dəyəri 1450 manat olan 3515xx/xx/575112/8 və 3515xx/xx/575112/6 İMEİ kodlu «Samsung Note 10 plus» markalı mobil telefon aparatını, 1 ədəd dəyəri 7 manat olan mobil telefon koburasını və 1 ədəd dəyəri 5 manat olan həmin telefonun üzərində olan ***-***-**-** saylı GSM mobil nömrəsini çıxardıb gizli talayaraq Zərərçəkmiş şəxs cəmi 1462 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 dəfə məhkum olunmuşdur, lakin hal-hazırda məhkumluğu yoxdur. Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində kirayədə yaşamışdır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı Metropoliteni QSC-nin «Xətai» stansiyasından cəzaçəkmə müəssisəsindən tanıdığı tanışı X4 ilə birlikdə metroya daxil olmuşlar və onlar birlikdə metronun «Memar Əcəmi» stansiyasına gedirmişlər. Qatar metronun «Memar Əcəmi» stansiyasında platformada dayandıqdan sonra o, Səbuhi ilə birlikdə metronun «Memar Əcəmi» stansiyasında vaqondan düşmüşdülər. Həmin vaxt platformada və vaqonda çoxlu sayda sərnişin olmuşdur, metroda sıxlıq olmuşdur. Vaqonlardan düşən sərnişinlər platforma ilə metronun çıxışı istiqamətində hərəkət edirdilər. Həmin vaxt Səbuhi ondan qabaqda gedirmiş, onun və Səbuhinin aralarında digər sərnişinlər gedirmişlər. O, metronun platformasının qurtaracağında olan pilləkənlərə çatan zaman onun qarşısında gedən qızın əynindəki paltosunun sağ cibində mobil telefon görmüşdü. Həmin qız pilləkənlərlə qalxan zaman ayağı büdrəmiş və paltosunun cibindən mobil telefonu düşmüşdür. Bu zaman həmin qazın yanında olan bir nəfər şəxs telefonu yerdən götürmüş, o isə telefonu həmin şəxsin əlindən alıb sahibinə vermək istəmişdir. Bundan sonra Səbuhi ona yaxınlaşmış və onun əlində olan mobil telefonu görərək soruşmuşdur ki, həmin telefonu haradan almışdır. O, Səbuhiyə telefonu yerdən tapdığını və sahibinə qaytarmaq istədiyini demiş, lakin Səbuhi isə ona telefonu satmağı təklif etmişdir. Onlar birlikdə metrodan çıxmışlar və sonra sabahısı gün saat 18 radələrində «Park 20» adlanan Ticarət Mərkəzinin qarşısında görüşmüşlər və həmin telefonu 400 manata Səbuhinin şəxsiyyət vəsiqəsi ilə satmışlar. Satıcı həmin şəxsiyyət vəsiqəsinin surətinin üzərinə telefonun kodunu və tarixi yazmış, sonra isə telefon sahibi kimi pulu, yəni 400 manatı onun özünə vermişdir. Həmin pulun hamısı Səbuhiyə çatmış, o da şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək istədiyini və bunun üçün ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir yaxınlığı, qohumluğu və düşmənçiliyi yoxdur. O, ünvan 1 ünvanında qeydiyyatda olsa da, BDU-nun 2-ci kursunda təhsil aldığı üçün ünvan 2 ünvanında kirayədə yaşayır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında 2001-ci il təvəllüdlü bacısı Şahid1 və 2009-cu il təvəllüdlü qardaşı Hüseyn Mirzəzadə ilə birlikdə şəhərə gəzmək üçün getmişlər. Şəhərdə gəzdikdən sonra yaşadıqları ünvana getmək üçün təxminən saat 16 radələrincə metronun «Sahil» stansiyasına daxil olmuşlar. Buradan isə metronun “8 Noyabr” stansiyasına getdikləri üçün «H.Aslanov» istiqamətində hərəkət edən qatara minmişlər və «Gənclik» metro stansiyasında qatardan düşüb platformada gedəcəkləri istiqamətdə gələn qatarı gözləməyə başlamışlar. Təxminən 5 dəqiqə gözlədikdən sonra «Dərnəgül» metro stansiyası istiqamətində hərəkət edən qatar gəlmiş və onlar həmin qatarın 4-cü vaqonuna minmişlər. Qatarda sıxlıq olduğu üçün onlar ayaq üstə dayanmalı olmuşlar. Qatar «20 Yanvar» metro stansiyası istiqamətində hərəkət edən zaman əynində olan paltonun sağ yan cibindən özünə məxsus olan mobil telefonunu götürüb saatına baxaraq yenidən paltosunun sağ yan cibinə qoymuşdur. Qatar «20 Yanvar» stansiyasında saxladıqdan sonra sərnişinlər qatardan düşmüşdülər, oturacaqlar boşaldığı üçün onlar oturmuşlar. Daha sonra «8 Noyabr» metro stansiyası istiqamətində gedən qatara minmək üçün onlar metronun «M.Əcəmi» stansiyasında qatardan düşmüşlər. Qatardan düşdükdən sonra metronun «M.Əcəmi» stansiyasının platforması ilə gedib pilləkənləri qalxan zaman o, mobil telefonunu əynində olan paltosunun sağ yan cibindən götürmək istədikdə ***-***-**- ** CSM nömrəsi altında özünə məxsus və istifadə etdiyi «Samsung Note 10 plus» markalı mobil telefonunun cibində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə bacısı Səkinəxanıma bildirmiş və sonuncu mobil telefonu ilə onun mobil telefonuna zəng etmişdir. Onun mobil telefonuna zəng çatsa da, cavab verən olmamışdır, daha sonra isə onun mobil telefonu söndürülmüşdür. O hesab edir ki, mobil telefonunu metronun «M.Əcəmi» stansiyasında qatardan düşən zaman yaranmış sıxlıqda oğurlamışlar. Belə ki, qatardan düşən zaman onun arxasında üzündə tibbi maska olan, üz cizgilərini görmədiyi 25-30 yaşlarında, başında qara rəngli kepkası olan bir kişi olmuşdur. O, həmin şəxsdən şübhələnmişdir, cünki o, qatarda düşən zaman həmin şəxs arxadan onu sıxmışdır. Onun mobil telefonu cibindən oğurlanan zaman o, oğurluq edən şəxsi görməmişdir. Onun mobil telefonunun üzərində olan nömrənin dəyəri 5 manat, telefonun üzərində olan koburanın dəyəri 7 manat olmuş, mobil telefonu isə 2020-ci ilin oktyabr ayında 1450 manata almışdır. Ümumilikdə isə ona 1462 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirlən şəxs tərəfindən ödənilmədiyi üçün ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir yaxınlığı, qohumluğu və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs isə onun doğma bacısıdır. O, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ADPU-nun 4-cü kursunda təhsil aldığı üçün ünvan 3 ünvanında kirayədə yaşayır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında 2003-cü il təvəllüdlü bacısı Zərərçəkmiş şəxs və 2009-cu il təvəllüdlü qardaşı Hüseyn Mirzəzadə ilə birlikdə şəhərə gəzmək üçün getmişlər. Şəhərdə gəzdikdən sonra yaşadıqları ünvana getmək üçün təxminən saat 16:00 radələrində metronun «Sahil» stansiyasına daxil olmuşlar. Buradan isə metronun «8 Noyabr» stansiyasına getdikləri üçün «H.Aslanov» istiqamətində hərəkət edən qatara minmişlər və «Gənclik» metro stansiyasında qatardan düşüb platformada gedəcəkləri istiqamətdə gələn qatarı gözləməyə başlamışlar. Təxminən 5 dəqiqə gözlədikdən sonra «Dərnəgül» metro stansiyası istiqamətində hərəkət edən qatar gəlmiş və onlar həmin qatarın 4-cü vaqonuna minmişlər. Qatarda sıxlıq olduğu üçün onlar ayaq üstə dayanmalı olmuşlar. Qatar «20 Yanvar» metro stansiyası istiqamətində hərəkət edən zaman bacısı Pərzad əynində olan paltonun sağ yan cibindən özünə məxsus olan mobil telefonunu götürüb saatına baxaraq yenidən paltosunun sağ yan cibinə qoymuşdur. Qatar «20 Yanvar» stansiyasında saxladıqdan sonra oturacaqlar boşaldığı üçün onlar oturmuşlar. Daha sonra metronun «M.Əcəmi» stansiyasında qatardan düşmüşlər və platforma ilə gedib pilləkənləri qalxan zaman bacısı Pərzad ona bildirmişdir ki, «Samsung Note 10 plus» markalı mobil telefonu cibindən oğurlanmışdır. O, istifadəsində olan mobil telefonu ilə bacısı Pərzadın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, bacısının telefonuna zəng çatsa da, cavab verən olmamışdır. Daha sonra isə bacısının mobil telefonu söndürülmüşdür. Həmçinin onu da bildirmək istəyir ki, onlar metronun «M.Əcəmi» stansiyasında qatardan düşən zaman vaqonun qarşısında sıxlıq olmuşdur, həmin vaxt üzündə tibbi maska olan üz cizgilərini görmədiyi 25-30 yaşlarında, başında qara rəngli kepka olan bir kişi bacısı Pərzadın arxası ilə düşmüşdür və düşən zaman Pərzadı çiyni ilə sıxmışdır. Lakin bacısı Pərzadın mobil telefonu cibindən oğurlanan zaman oğurluq edən şəxsi görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir yaxınlığı, qohumluğu və düşmənçiliyi yoxdur. 2012-ci ildən o, Bakı şəhəri Nəsimi rayonu ərazisində fəaliyyət göstərən «Park 20» ticarət mərkəzində icarə əsasında telefon mağazası işlədir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində mağazada işdə olmuşdur. Həmin vaxt 2 nəfər əvvəllər tanımadığı şəxs mağazaya gəlmişdirlər. Həmin şəxslərdən biri sonradan adını Səbuhi kimi bildiyi şəxs «Samsung Note 10 plus» markalı mobil telefonu ona göstərmişdir. O da telefonu yoxladıqdan sonra onu almaq qərarına gəlmişdir. Səbuhi ona şəxsiyyət vəsiqəsini sıxardaraq ona təqdim edərək, telefonu onun sənədi əsasında almasını demişdir. O, da Səbuhi ilə razılaşıb telefonun alqı-satqısını rəsmiləşdirmiş və pulu Səbuhiyə vermişdir. Həmin gündən 5 gün sonra Nizami metro polisindən gələrək icazəsiz telefon satıldığını ona bildirmişlər. Onu polis bölməsinə dəvət etmişlər və orada izahatı alınmışdır. Telefon satıldığı üçün həmin şəxsi tapmaq mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən şahid X1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahid X1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 3-4 il olar ki, o, Təqsirləndirilən şəxs tanıyır. O, İlqarla 17 saylı cəzaçəkmə müəssisəində tanış olmuşdur. O, 1 ay bundan əvvəl Qobustan həbsxanasından azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra isə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb görüşmüşdür. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində o, İlqarla birlikdə Bakı Metropoliteni QSC-nin «Xətai» stansiyasına daxil olmuşlar. Onlar birlikdə metronun «20 yanvar» stansiyasına gedirmişlər. Dəqiq yadında olmayan stansiyada bir nəfər onun tanımadığı sərnişin onlar olduqları vaqona minmişdir. Həmin şəxs İlqarla görüşmüşdür. Həmin şəxsi İlqar onunla tanış edib və adın ona demişdir. Lakin həmin şəxsin adı onun yadında qalmamışdır. İlqar həmin şəxslə söhbət edirmiş, o İlqarla həmin şəxsin söhbətini eşitməmişdir, çünki İlqarla həmin şəxs bir-birinin qulağına söz deyirmiş. Onlar «20 yanvar» stansiyasına çatanda o, İlqara demişdir ki, vaqondan düşsünlər, İlqar düşməməklərini, birlikdə «Memar Əcəmi» stansiyasına gedəcəklərini demişdir. Onlar metronun «Memar Əcəmi» stansiyasında vaqondan düşmüş, İlqarın tanışı isə vaqonda qalaraq yolunu davam etmişdir. Həmin vaxt vaqonda və platformada çoxlu sayda sərnişin var idi, vaqon və platformada sıxlıq idi. Onlar vaqondan düşəndən sonra o, İlqardan qabaqda gedirdi. O, pilləkənlərlə yuxarı çıxışa tərəf gedirdi. O, pilləkənlərin yuxarısında olan zaman İlqar onu uca səslə geriyə çağırmışdır. O, İlqarın yanına getmişdir. İlqar ona demişdir ki, onlar səhv çıxışdadırlar, digər çıxışdan çıxmalıdırlar. Onlar birlikdə metronun digər çıxışından çıxmışlar. Onlar metrodan çıxan zaman o, İlqarın əlində mobil telefon görmüşdür. O, İlqardan, həmin telefonu haradan aldığını soruşmuşdur. İlqar ona həmin telefonu metroda oğurladığını demişdir. Onun İlqarın oğurluq etməsindən əvvəlcədən xəbəri olmamışdır. Onlar həmin gün Bakı şəhərinin müxtəlif ünvanlarına gedib gəzmişlər, sonra isə sbahısı günü görüşmələri barədə razılığa gəlmişlər. 05 dekabr 2021-ci il tarixdə saat 18 radələrində «Park 20» Ticarət Mərkəzinin qarşısında o, İlqarla görüşmüş və onlar birlikdə ticarət mərkəzində olan telefon satışı mağazasına gəlmişlər. Burada İlqar oğurladığı telefonu mağazanın satıcısına satmaq istədiyini satıcıya demişdir. Satıcı telefona baxıb bəyənmiş və neçəyə satmasını soruşmuşdur. İlqar telefonu 450 manata satmaq istədiyini bildirmişdir. Lakin, satıcı 400 manata alacağını bildirmişdir. Satıcı İlqardan şəxsiyyət vəsiqəsinin sürətini istəmiş, lakir İlqar satıcıya bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin surəti üstündə yoxdur. Belə olduqda o, satıcıya öz şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Satıcı həmin şəxsiyyət vəsiqəsinin surətinin üzərinə telefonun kodunu və tarixi yazmış, sonra isə telefon sahibi kimi pulu, yəni 400 manatı İlqarın özünə vermişdir. İlqar telefonu mağazaya satan zaman mağazada işləyən şəxsə telefonun oğurluq olmasını deməmişdir. İlqar pulu götürdükdən sonra onunla birlikdə ticarət mərkəzindən çıxıb getmişlər. İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, diskdə 01 ədəd videofayl vardır, videofayl 19 saniyə davam edir. Həmin videofaylda olan videogörüntü Bakı Metropoliteninin «M.Əcəmi» stansiyasının videomüşahidə kameralarının yaddaşından götürülmüşdür. Videogörüntüyə teqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Həmin videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs metronun «M.Əcəmi» stansiyasının platformasından pilləkənlərlə qalxan zaman onun arxası ilə hərəkət edən sifətində maska olan şəxs yaxından təqib edib platformada olan sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs əynində olan paltonun sağ yan cibindən mobil telefonu götürməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs diskə baxış zamanı bildirmişdir ki, zərərçəkmiş şəxs X3 paltosunun sağ cibinddən mobil telefonu oğurlayan şəxs onun özüdür. Baxış zamanı telefonun yerə düşməyi və Təqsirləndirilən şəxs onu yerdən götürməsi müşahidə olunmur (i/v 75). Məhkəmə baxışı zamanı oğurluq hadisəsini özündə əks etdirən videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 11 dekabr 2021-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi barədə” 01 mart 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı əldə olunmuş 1 ədəd vərəqədə çap olunmuş X1 şəxsiyyət vəsiqəsinin surəti maddi sübut əhəmiyyəti kəsb etdiyindən həmin şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i/v 116-124). İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli «Götürmə haqqında» protokoldan görünür ki, polis əməkdaşları tərəfindən həmin gün Bakı şəhər Metropoliteni QSC-nin “20 yanvar” stansiyasının yaxınlığında yerləşən və fəaliyyət göstərən «Park 20» adlanan Ticarət Mərkəzində olan telefon satışı mağazasında işləyən Şahid2 bir vərəqədən ibarət olan X1 adına olan şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Həmin şəxsiyyət vəsiqəsinin surətinin aşağı hissəsində «xx.xx.2021», «Samsung Note 10 plus», İMEİ **********51128/01 və **********51126/01» yazıları olmuşdur (i/v 59). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2021-ci il tarixli, 4(004)-742/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 35-36, 85-86). İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli «İfadənin yerində yoxlanılması barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, polis əməkdaşları ilə bir yerdə Bakı şəhər Metropoliteni QSC-nin 20 yanvar stansiyasının yaxınlığında yerləşən və fəaliyyət göstərən «Park 20» adlanan Ticarət Mərkəzinə gəlmiş və burada telefon satışı mağazasının qarşısına gələrək bildirmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı Metropoliteni QSCnin «M.Əcəmi» stansiyasında Zərərçəkmiş şəxs məxsus «Samsung Note 10 plus» markalı mobil telefonu oğurladıqdan sonra mobil telefonu həmin mağazada işləyən sonradan adı məlum olan Şahid2 satmış, telefonu satan zaman həmin telefonu öz telefonu kimi təqdim etmiş və oğurluq olduğunu deməmişdir. Şahid2 Təqsirləndirilən şəxs görən kimi bildirmişdir ki, həqiqətən 05 dekabr 2021-ci il tarixdə saat 18 radələrində onun yanına sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və X4 gəlmişlər. Təqsirləndirilən şəxs bir ədəd «Samsung Note 10 plus» markalı telefon təqdim etmiş və 450 manata satmaq istədiyni bildirmişdir. O, telefona baxıb telefonu bəyənmiş və 400 manata almaq istədiyini bildirmişdir. Onlar razılaşmışlar və sonra Şahid2 Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə sonuncu ona demişdir ki, şəxsiyyətini təsdiq edən sənəd evdə qalmışdır. Belə olduqda Səbuhi Mirzəyev öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və sonuncunun sənədi əsasında Şahid2 həmin telefonu 400 manata almışdır. Səbuhi Mirzəyevin şəxsiyyət vəsiqəsinin surətinin üzərinə tarix və telefonun İMEİ kodlarını yazmışdır. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman fotoşəkillər çəkilərək protokola əlavə olmuşdur (i/v 61). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməyə görə məhkum olunaraq sonuncu dəfə Kürdəmir rayon məhkəməsinin 09 dekabr 2014-cü il tarixli, 1(041)- 100/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (i/v 97-115). İş materiallarında olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-197/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 10 aprel 2022-ci il tarixə kimi və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(004)-264/2022 saylı qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır (i/v 134-137, 175-177). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 10 dekabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd vərəqədə çap olunmuş X1 şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-206/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd vərəqdə çap olunmuş X1 şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar