Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-206/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Həsən oğlunun iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Həsən oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Həsən oğlu özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Həsən oğlu özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılmış “Mitsubishi Pajero” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyi şəraitdə avtomobilin qabaq sol qapısını açıb oturacağın üzərindəki çantanın içərisindən Zərərçəkmiş şəxs məxsus 10.000 (on min) manat nağd pulu gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Həsən oğlu ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddət dövlət işlərində çalışsa da hal-hazırda təqaüddədir. Gündəlik olaraq vaxtını parkda gəzmək və kitab oxumaqla keçirir. 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Uzun müddətdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkir. O, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Bolmart” mağazasının qarşısı ilə piyada hərəkət edən zaman həmin mağazanın qarşısında olan avtomobillərin dayanacağı üçün nəzərdə tutulmuş ərazidə ağ rəngli, **- PF-*** dövlət qeydiyyat nişanlı “Mitsubushi Pajero” markalı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin ətrafına gələrək içərisinə nəzər salmışdır. Avtomobilin arxa qapısının açıq olduğunu görmüşdür. Bir qədər ətrafa baxıb heç kimin onu görməyəcəyinə əmin olmuşdur. Avtomobilin içərisinə nəzər saldıqda orada qabaq sağ oturacaqda dəri materialdan olan qara rəngli əl çantasının olduğunu görmüşdür. O, ilk olaraq avtomobilin arxa sol qapısını açaraq avtomobilin qapılarının açıq olmasını yoxlamışdır. Bundan sonra əli ilə avtomobilin qabaq qapısını açıb avtomobilə daxil olmuşdur. Sağ oturacaqda olan qara rəngli dəri materialdan olan çantanın içərisinə baxdıqda oradan bir ədəd rezinlə bağlanmış 100 manatlıq əskinaslardan ibarət olan pulların olduğunu görmüşdür. O, həmin pulları götürərək cibinə qoymuş, bundan sonra isə avtomobili tərk edib qapısını bağlamışdır. Bir qədər orada gözlədikdən sonra üzü yola doğru hərəkət edib yaşadığı evə gəlmişdir. Oğurluq etməyi barədə heç kimə məlumat verməmişdir. Pulları evdə olan zaman təklikdə sayaraq görmüşdür ki, 100 ədəd 100 manatlıq əskinaslardır. Həmin puldan 5.000 manat Gəncədə yaşayan Hüseyn adlı tanışına vermişdir. Həmin şəxslə arasında uzun müddətdir ki, münasibət var. Belə ki, onun Hüseynə 12.500 manat borcu olmuşdur. Həmin borcu bağlamaq istədiyi üçün bu oğurluğu etmişdir. Oğurluq etdiyi günün səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə Hüseynlə Badamdar qəsəbəsində görüşərək 5000 manat nağd pulu ona vermişdir. Qalan 7500 manat pulu isə yaxın müddətdə qaytaracağına söz vermişdir. Oğurluq zamanı ələ keçirdiyi qalan 5000 manat puldan da digər şəxslərə olan borclarını qaytarmışdır. Həmin puldan qalan pulu isə ABŞ dollarına çevirmişdir. Fikirləşmişdir ki, xarici ölkəyə gedərək pulunu orada xərcləyər. Daha sonra törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Həsən oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan avtomobili satmış və avtomobilin pulunun qalıq hissəsini, yəni 10.000 manat pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yerləşən iş yerində xidməti otaqda seyfdə saxlayırmış. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində həmin pul vəsaitini ona məxsus çantanın içərisinə qoymuş, çantanı isə iş yoldaşı Şahid onun avtomobilinə qoyması üçün vermişdir. Şahid çantanı ondan götürüb idarədən çıxmışdır. Sonradan bildiyinə görə rəhbərliyin tapşırığı ilə qida məhsulu almaq üçün yaxınlıqda yerləşən marketə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Şahid ona məxsus çantanı onun avtomobilinə qoymuş və bu barədə mobil telefon əlaqəsi saxlayaraq ona məlumat vermişdir. O, axşam saatlarında yaşadığı ünvana gedib, avtomobilindən düşərkən çantanı özü ilə evə aparmışdır. Lakin çantanın içərisində pul vəsaitini çıxarıb evə qoymağı unutmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında iş yerinə gəlmişdir. Saat 17:00 radələrində pul vəsaitini evə qoymadığını xatırlamış, həmin çantaya baxış keçirmiş və içərisində 10.000 manat pul vəsaitinin olmadığını aşkar etmişdir. Bu barədə Şahid məlumat vermişdir. O, ona bir gün əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60 ünvanında yerləşən "Bolmart” mağazasında alış-veriş edib qayıdarkən çantanı qoyduğu kimi olmadığını aşkar etdiyini bildirmişdir. O, ona avtomobillə hərəkət zamanı manevr edərkən çantanın yerini dəyişdiyini zənn edib buna əhəmiyyət vermədiyini demişdir. Bu səbəbdən Şahidla birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə yaxınlaşıb məlumat vermişdir. Hadisə ilə bağlı şübhəli bildiyi şəxs və ya şəxslər yoxdur. Hadisə nəticəsində ona dəymiş maddi ziyan 10.000 (on min) manatdır. Oğurlanmış pul vəsaiti 100 ədəd 100 manat pul əskinazından ibarət olmuşdur və həmin pul vəsaiti rezin vasitəsilə bağlanmışdır. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında yerləşən iş yerində olarkən iş yoldaşı Zərərçəkmiş şəxs özünə məxsus çantanı onun avtomobilinə qoymağı üçün ona vermişdir. Bu zaman rəhbərlik ona yaxınlıqda yerləşən marketlərin birində ərzaq məhsulları almaq üçün göstəriş vermişdir. Buna görə də tələsdiyi üçün Zərərçəkmiş şəxs ona verdiyi çantanı onun avtomobilinə qoya bilməmiş və idarə etdiyi **- PF-*** dövlət qeydiyyat nişanlı, "Mitsubushi Pajero" markalı avtomobilin qabaq sərnişin oturacağına qoymuşdur. Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60 ünvanında yerləşən "Bolmart" mağazasına alış-veriş etmək üçün yollanmışdır. Orada avtomobillərin saxlanılması üçün ayrılmış duracaqda avtomobili saxlayıb marketə getmişdir. Təxminən 7- 8 dəqiqə sonra avtomobilə qayıtmışdır. Avtomobilə əyləşərkən çantanın onun qoyduğu vəziyyətdə dayanmadığını görmüşdür. Lakin avtomobillə hərəkət zamanı manevr edərkən yerini dəyişdiyini düşünüb əhəmiyyət verməmişdir. Saat 19:00 radələrində iş yerinə qayıdarkən Zərərçəkmiş şəxs avtomobilini açıb çantasını baqaj hissəsinə qoymuş və bu barədə özünə mobil telefon vasitəsilə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində iş yerində olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq çantasında 10.000 manat pul vəsaitinin yoxa çıxdığını bildirmişdir. O vaxta qədər o, həmin çantada pul vəsaitinin olduğunu bilməmişdir. Dərhal Zərərçəkmiş şəxs çantadan pulun oğurlana biləcəyi yeri ehtimal etdiyini bildirmişdir. Ona pul vəsaitinin Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60 ünvanında yerləşən "Bolmart" mağazasının qarşısındakı dayanacaqda oğurlandığını güman etdiyini söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla birlikdə ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin 21-ci PB-nə yaxınlaşıb məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Həsən oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.49-50); - “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Həsən oğlu Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.73); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Həsən oğlu barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstənitiqin vəsatətinin müdafiə olunmasından imtina edilmiş və Quluzadə X4 RPİ-nin MSY-dən azad edilmişdir (i.v.89-90); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Həsən oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.91-92); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanında yerləşən “Bolmart” mağazasının qarşısıdır. Zərərçəkmiş şəxs məxsus 10.000 manat nağd pul həmin ünvanın qarşısında saxlanılmış "Mitsubushi Pajero" markalı **-PF-*** dövlət qeydiyyat nömrəli avtomobildən oğurlanmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.12-17); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Həsən oğlunun ifadəsi cinayət hadisəsinin baş verdiyi yerdə, yəni ünvan 5 ünvanında yerləşən “Bolmart” marketin qarşısında yoxlanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.104-106); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin başlanılmasına səbəb olan hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin xx.xx.2024-cü il tarixdə saat 18:42-də qeydə alınmışdır. Orada bir nəfər başında qara papaq, əynində qara gödəkçə və qara şalvar olan yaşlı kişinin mağazanın qarşısında dayanmış ağ rəngli “Mitsubishi” markalı avtomobilin əvvəlcə arxa sol qapısını açaraq, sonra isə qabaq sol qapısını açaraq avtomobilə oturması müəyyən edilir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində qara gödəkçə, qara şalvar və başında qara papaq olan yaşlı kişinin özü olduğunu və videogörüntünün ünvan 2 ünvanında yerləşən “Bolmart” marketin qarşısında dayanmış avtomobildən 10.000 manat pulu oğurlayarkən qeydə alındığını bildirmişdir (i.v.86); - “Könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Həsən oğlu ifadəsində göstəridiyi oğurluq zamanı ələ keçirdiyi 10.000 manat puldan ABŞ dollarına pul mübadiləsi etdiyi 10 ədəd 100 ABŞ dolları pul əskinaslarını könüllü olaraq araşdırmaya təqdim etmişdir. Qeyd olunan istintaq hərəkəti ilə bağlı fotoşəkillər çəkilmiş və tərtib olunan protokola əlavə edilmişdir (i.v.35-36); - “Təqdim etmə və götürülmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş X3 tərəfindən cinayət işi üzrə 10.000 manat maddi ziyanın ödənilməsi üçün istintaqa ümumilikdə 1500 (min beş yüz) manat pul təqdim edilmiş və təqdim edilən 1500 (min beş yüz) manat pul zərərçəkmiş şəxsə ödənilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür (i.v.94); - “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Həsən oğlunun təqdim etdiyi 10 ədəd 100 ABŞ dolları olan pul əskinasları maddi sübut kimi tanınmışdır (i.v. 95); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Həsən oğlu Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmişdir (i.v.99-100, 108-112); - xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs Həsən oğlu xx.xx.2019-cü il tarixdə ona tətbiq edilmiş 2000 manat cərimə cəzasını ödəmişdir (i.v.113); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Həsən oğlundan götürülmüş 10 ədəd 100 ABŞ dolları əskinaslarından ibarət pul vəsaitlərinin maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk öz xüsusiyyətinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır (i.v.114-121); - Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə iki ədəd videofayl vardır. Birinci videofaylda 02 dəqiqə 19 saniyəlik videogörüntü vardır və həmin videogörüntüdə bir nəfər başında qara papaq, əynində qara gödəkçə və qara şalvar olan yaşlı kişinin mağazanın qarşısında dayanmış ağ rəngli “Mitsubishi” markalı avtomobilin əvvəlcə arxa sol qapısını açıb bağlaması, sonra isə qabaq sol qapısını açaraq avtomobilə oturması, bir neçə saniyə ərzində avtomobildə qalaraq sonra avtomobildən düşməsi və avtomobilin sol tərəfində dayanması müşahidə olunur. İkinci videofaylda 27 saniyəlik videogörüntü vardır və həmin videogörüntüdə görünür ki, həmin kişi avtomobilə yenidən daxil olur, bir neçə saniyədən sonra avtomobildən düşərək avtomobil yoluna doğru hərəkət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Həsən oğlu tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Həsən oğluna cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Həsən oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Həsən oğluna cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Həsən oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Həsən oğlunun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Həsən oğlunun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Həsən oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 10 ədəd 100 ABŞ dolları olan pul əskinaslarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Həsən oğlunun məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, «Universal» Vəkil Bürosunun vəkili X1 iştirak etdiyi məhkəmə hazırlıq iclası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı qəbul edilməmişdən əvvəl keçirildiyindən onun sərf etdiyi hər saata görə 6 manat əmək haqqı verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Həsən oğlunun məhkəmə hazırlıq iclasında hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat pul ödənilməlidir. Təqsirləndirilən şəxs Həsən oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Həsən oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Həsən oğlunun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Həsən oğlunun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Həsən oğlu cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Həsən oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 10 ədəd 100 ABŞ dolları olan pul əskinaslarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, maddi sübut kimi tanınmış hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Həsən oğluna göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili X2 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-206/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-206/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver