Məhkəmə qərarları › İş №1(006)-207/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-207/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-207/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(006)-17/2021 saylı hökmü ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zəngilan rayonu, Rəbənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 oktyabr 2020-ci il tarixdə saat 15:10-da Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə fəaliyyət göstərən "Moskva'' ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı hissəsində satış məqsədi ilə piştaxtanın üstünə qoyulmuş maketin üzərindən 01 ədəd 823 manat 50 qəpik dəyərində 750 əyarlı, 9.15 qram çəkidə qızıl üzüyü gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3003-cü məhəllədə yerləşən "Moskva'' ticarət mərkəzinə getmişdir. Ticarət mərkəzinin ikinci mərtəbəsində qızıl-zinət əşyalarının satışı olan piştaxtaların birinə yaxınlaşmışdır. Həmin vaxt satıcının başı qarışıq olmuş, piştaxtanın önündə 3 nəfər qadın müştəri olmuşdur. Satıcının başının qarışıq olmasından istifadə edib, piştaxtanın üzərində dayanmış üstündə boyunbağı və üzük olan maketin üzərindən bir ədəd qızıl üzüyü götürüb barmağına taxmış və oradan çıxıb getmişdir. Üzüyü götürərkən hər hansı şəxs onu görməmişdir. Həmin gün tanışı olan qızıl alıb satan və Qubada yaşayan Zülfiyyə adlı qadının hazırda xatırlamadığı nömrəsinə zəng edərək sonuncuya girov olaraq qızıl qoyub pul götürmək istədiyini bildirmiş, Zülfiyyə cavabında Qubada olduğunu, ertəsi gün gəlib qızıl üzüyü ondan girov götürəcəyini bildirmişdir. Ertəsi gün 29 oktyabr 2020-ci il tarixdə o, Zülfiyyə ilə Nərimanov rayonunda, Gənclik metrosu yaxınlığında görüşmüşdür. Orada Zülfiyyə ondan üzüyü götürüb əvəzində 350 manat pul vermişdir. Həmin vaxtdan etibarən 350 manatın əvəzində hər ay 35 manat pul ödəməli idi. Üzüyü Zülfiyyəyə verərkən ona hər hansı sənəd təqdim etməmişdir. Çünki daha öncə də özünə məxsus qızılları qoyub ondan pul götürmüşdür. Zülfiyyə adlı qadına üzüyün oğurluq olduğu barədə məlumat verməmişdir. Daha sonra özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən "Moskva'' ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən qızıl-zinət əşyalarının satışı şöbəsini işlədir. 28 oktyabr 2020-ci il tarixdə saat təxminən 15:10 radələrində işdə olduğu zaman müştəri qismində bir nəfər tanımadığı qadın yaxınlaşmış, həmin qadın piştaxtanın üzərindən bir ədəd 750 əyarlı, 9.15 qram çəkidə olan qızıl üzüyü almaq məqsədi ilə barmağına taxmışdır. Bundan sonra digər müştərilərin yaxınlaşmasından və başının qarışıq olmasından istifadə edərək həmin qadın oradan uzaqlaşmışdır. Həmin vaxt onun bu hadisələrdən xəbəri olmamış, axşam saatlarında piştaxtanın üzərində bir ədəd qızıl üzüyün əskik olduğunu görmüşdür. Ertəsi günü şöbədə quraşdırılmış kameralara baxmış və anlamışdır ki, həmin qadın piştaxtanın üzərindən üzüyü oğurlamışdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və sonuncunun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, onun ekspertiza üzrə 24 illik iş təcrübəsi var və hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iqtisad ekspertizaları şöbəsinin böyük eksperti vəzifəsində çalışır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi haqqında 26 yanvar 2021-ci il tarixli qərarda bir ədəd qızıl qadın üzüyünün nəzəri hesablama yolu ilə orta bazar qiymətinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Həmin qərarda konkret olaraq hansı tarix üçün qiymətin hesablanması barədə sual qoyulmadığı üçün qeyd olunan rəydə qiymət qərarın çıxarıldığı tarixə əsasən, yəni 2021-ci ilin yanvar ayı üçün müəyyən edilmişdir. Lakin ekspertiza qarşısında qoyulmuş suala əsasən bir ədəd 750 əyarlı qızıl üzüyün qiyməti 2020-ci ilin oktyabr ayından 2021-ci ilin yanvar ayınadək dəyişməmiş və hər iki tarixdə 823 manat 50 qəpik təşkil etmişdir. İş materiallarında olan: - “Qətimkan tədbiri seçmə barədə” 26.01.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.75-77); - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(006)-207/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş, onun axtarışı elan edilmiş və iş üzrə icraat dayandırılmışdır; - Məhkəməyə 26 aprel 2021-ci il tarixdə daxil olmuş Bakı İstintaq Təcridxanasının 14 aprel 2021-ci il tarixli, 17/38-2377 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq 12.04.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(006)- 207/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.02.2021-ci il tarixli, 9/426 saylı rəyinə əsasən tədqiq edilən bir ədəd qadın qızıl üzüyün 2021-ci ilin yanvar ayına respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 823,50 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.97-100); - “Sübutların qiymətləndirilməsi haqqında” 04 fevral 2021-ci il tarixli qərara əsasən baş vermiş oğurluq hadisəsinin video görüntüsü olan 1 ədəd DVD disk sübut növü kimi tanınmışdır (İ cild, i.v.104-109); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Qarayeva X2 Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 1(001)-537/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.86-88); - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 1(006)-17/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həmin hökmlə üzərində saxlanılmış 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 1(001)-537/2019 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Bakı Şəhər Probasiya İdarəsinin 03.06.2021-ci il tarixli, 21-1/113668-15 saylı məktubundan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(006)-17/2021 saylı hökmünün surəti və onun icrası barədə göstəriş 15.03.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatına götürülmüş, Təqsirləndirilən şəxs cazasının icrası ilə əlaqədar Bakı Şəhər Probasiya İdarəsinə gələrək qeydiyyatdan keçmədiyi üçün 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında baş vermiş oğurluq hadisəsinin video görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilərkən “Moskva” ticarət mərkəzində qeydə alınmış video görüntüdə bir nəfər qadının digər üç nəfər şəxsin qarşısında dayandığı, üzərində qızılzinət əşyaları olan piştaxtaya yaxınlaşdığı və piştaxtanın üstünə qoyulmuş maketin üzərindən bir ədəd üzüyü götürüb barmağına taxaraq uzaqlaşması müəyyən olundu. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, həmçinin zərər çəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 1(006)-17/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökmlə üzərində saxlanılmış 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 1(001)-537/2019 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və o, həmin cəzanı çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 1(006)-17/2021 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(006)-17/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 09 aprel 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(006)-17/2021 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin edilən 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilsin, onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB**********1100204111 bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar