Məhkəmə qərarları › İş №1(006)-207/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-207/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-207/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 127-də (inzibati bina) qeydiyyatda olan, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 136-da yaşayan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 128-ci maddələri üzrə təqsirli bilinərək qəti olaraq 06 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının keçidində sol tərəfdə fəaliyyət göstərən ticarət köşklərinin sırasında olan, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi 78 nömrəli “Kişi geyimləri” satışı mağazasının piştaxtasından sonuncuya məxsus, üzərində üzərində dəyəri 05 manat olan 077 ***-**-** saylı GSM nömrə və dəyəri 15 manat olan telefon qabı olan 580 manat qiymətində bir ədəd “Samsung A32” markalı, **********11562/01 və **********11564/01 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə metronun “20 Yanvar” stansiyasının keçidinə gələrək orada paltar satışı ilə məşğul olan mağazaları gəzib özünə qış gödəkcəsi axtarmağa başlamışdır. Həmin vaxt keçiddə fəaliyyət göstərən bir mağazada olan qış gödəkcəsi və satılan digər paltarlar diqqətini cəlb etmişdir. O, bu mağazaya daxil olub gödəkcəni əyninə geyinib yoxlamış, bu zaman özünün “Samsung A40” markalı mobil telefonu mağazada üzərində paltarlar olan masaya qoymuş, həmin vaxtı da orada bir ədəd “Samsung A32” markalı mobil telefonu görmüşdür. Sonra həm öz telefonunu, həm də digər telefonu əlində olan sellofan paketə qoyub mağazadan çıxmış, satıcıya da gödəkçənin pulunu ödəyib çıxıb getmişdir. Bundan sonra oğurladığı telefonun üzərində olan qabı və nömrəni çıxardıb zibil yeşiyinə atmış, telefonu isə metronun “Neftçilər” stansiyasının yaxınlığınd fəaliyyət göstərən mağazaya öz şəxsiyyət vəsiqəsini təqdim etməklə 215 manata satmışdır. Zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəmişdir. Qeyd edir ki, narkotik istifadəsişi olduğu üçün bə əməli törətmişdir. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsinə əsasən o, Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının piyada keçidində kişi geyimləri satışı mağazasında işləyir. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində mağazada olan zaman təxminən 25-30 yaşlarında bir kişi oraya daxil olub gödəkcələrə baxmış və qiyməti 50 manata olan gödəkcəni bəyənib əyninə olan ölçünü istəmişdir. O, həmin vaxt özünə məxsus “Samsung A32” markalı mobil telefonu əynində olan şalvarın cibindən çıxarıb mağazanın içərisində olan piştaxtanın üzərinə qoymuş və bu şəxsin əyninə olan ölçülü gödəkcəni ona vermişdir. Mağazanın içərisi geniş olmadığından o, həmin şəxsin gödəkcəni əyninə geyinib ölçüsünü yoxlamaq üçün mağazadan çölə çıxmışdır. Bu şəxs gödəkcəni bəyənib paketə qoymağını xahiş etmiş, o da onu ondan alıb mağazaya daxil olmadan mağazanın qarşısında sellofan paketə qoymuşdur. Daha sonra həmin şəxs özünə məxsus olan köhnə gödəkcəni əyninə geyinib mağazadan çölə çıxaraq gödəkcənin pulunu verib getmişdir. Bundan təxminən 4-5 dəqiqə sonra o, mağazaya daxil olub mobil telefonu piştaxtanın üzərindən götürmək istədikdə, 077 ***-**-** saylı mobil nömrə altında istifadə etdiyi “Samsung A32” markalı mobil telefonun yerində olmadığını aşkar etmiş və dərhal başa düşmüşdür ki, həmin müştəri mobil telefonu mağazada olan zaman oğurlamışdır. O, ətrafa göz gədirsə də, mobil telefonu oğurlayan şəxsi tapa bilməmişdir. Keçiddə tanımadığı bir nəfər şəxsdən xahiş edib öz mobil telefonuna zəng etmiş, lakin telefonuna zəng çatmamışdır. Bundan sonra o, “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Telefonun dəyəri 580 manat, onun üzərində olan qab 15 manat, GSM nömrə isə 5 manat təşkil edir, ümumilikdə ona 600 manat maddi ziyan dəymişdir (cild İ, i.v.41-43). İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin gün tutulmuş, müstəntiqin xx.xx.2022-ci il tarixli qərarına əsasən müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.33-34,56-58); - “Götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokola görə üzərində “Samsung A32”, İMEİ kod **********11562/01 və **********11564/01, imza, ***-***-**-**, əlaqə, *** *** ** **, Mehman” sözləri yazılmış Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti Şahid götürülmüşdür (İ cild, i.v.65-66); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.92-97); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizəyə əsasən ona dəymiş maddi ziyan tam ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (İ cild, i.v.101); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022ci il tarixli, 082-25749-1222 saylı məktubuna görə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi üçün axtarış işinə xitam verilmişdir (İİ cild); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2022-ci il tarixli, 4(011)-373/2022 saylı qərarı ilə Cinayət Məcəlləsinin 234.1-1-cimaddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyul 2022-ci ildən hesablanmışdır (İİ cild); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 128-ci maddələri üzrə təqsirli bilinərək qəti olaraq 06 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı sərəncamı ilə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, i.v.72-88); - “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs barəsində hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında Cinayət Məcəlləsinin 177.1, Suraxanı Rayon Məhkəməsində isə həmin Məcəllənin 234.1-ci maddəsi ilə cinayət işi vardır. Eyni zamanda onun xx.xx.2015-ci il və xx.xx.2018-ci il təvəllüdlü iki övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin tamamilə ödənilməsini və himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, hazırkı törətdiyi əməl böyük ictimai təhlükəli törətməyən cinayətə aid olduğu Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən də onun cəzasını ağırlaşdıran hal müəyyən olunmur. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onu xarakterizə edən halları, o cümlədən kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalı (çünki, bu iş üzrə onun haqqında həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunmamışdır), barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda onun hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60, X3 isə 05 saat üçün nəzərdə tutulan 30 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Onun hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış), X3 isə 05 saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar